Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1891/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC) “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2077/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qanunsuz əldə edilmiş mənfəətin ödənilməsi haqqında 28 iyun 2024-cü il tarixli göstərişin inzibati akt kimi təqdim edilməsinin qanunsuz hesab olunması və antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri üzrə işin qaldırılması qərara alınmışdır. Daha sonra cavabdeh tərəfindən müvafiq araşdırmalar aparılaraq antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli Qərar qəbul olunmuş, həmçinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında 28 iyun 2024-cü il tarixli göstərişlə iddiaçıya qarşı bir sıra tələblər irəli sürülmüşdür. Qeyd edilən Qərarın və Göstərişin qəbul edilərək müəyyən işlərin görülməsinin təmin edilməsi tapşırığının verilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən cavabdehin antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında 28 iyun 2024-cü il tarixli Göstərişinin inzibati akt kimi təqdim edilməsi qanunsuz hesab edilməli və 24 iyun 2024-cü il tarixli Qərarı ləğv edilməlidir. Birinci - İddiaçı tərəfindən “mesplan”ların razılaşdırılmasından imtina edilməsi ilə əlaqədar: Cavabdehin gəldiyi nəticəyə əsasən “mesplan”ların razılaşdırılmasından imtina olunması mexanizmi istifadə edildikdən sonra iddiaçının törəmə müəssisələrinin müvafiq bazarda daşıma həcmi 37,6%-dən 72,1%-ə artmış, "xxxx" MMC-nin daşıma həcmi 58,3%-dən 27,1%-dək azalmış, həmçinin həmin dövrdə qüvvədə olan müqavilədə debitor borca görə “mesplan”ın razılaşdırılmasından imtina edilməsi öz əksini tapmamışdır. Məhz buna əsasən Xidmət o qərara gəlmişdir ki, iddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələblərini pozmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh məsələni tam və hərtərəfli araşdırmamış, verilmiş məlumatları düzgün təhlil etməmiş, həmçinin sözügedən rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, X4, Gürcüstan və Baltikyanı dövlətlərin dəmiryol nəqliyyatlarında daşınan yüklərin planlaşdırılma qaydaları Birliyinin iştirakçı dövlətlərinin X9 Şurasının 19 oktyabr 2001-ci il tarixli 30 №-li Protokolu və sonrakı illərdə həmin protokola edilən dəyişikliklərlə tənzimlənir. DNŞ-nın təşəbbüsü ilə məlumatların mübadiləsi üçün elektron sistem fəaliyyət göstərir. Dövlətlərin dəmiryol administrasiyaları tərəfindən daşımaların düzgün təşkili üçün əvvəlcədən daşınacaq yük haqqında bütün məlumatlar razılaşma sənədi olan “mesplan” vasitəsi ilə verilir. “Mesplan” razılaşması olmadan yüklərin dəmiryol nəqliyyatı vasitəsi ilə daşınmaya qəbul edilməsinə icazə verilmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında “Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında” 484 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında "xxxx" MMC-yə yüklərin yerli və beynəlxalq ekspedisiyası zamanı xidmətləri təqdim etməyi, "xxxx" MMC isə xidmətlərdən istifadə müqabilində müqavilənin şərtlərinə uyğun olaraq ödənişləri etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən xidmətlərin iddiaçı tərəfindən təqdim edilməsindən öncə xidmətlərin alt-kodlara uyğun olaraq hesablanmış ilkin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ilkin dəyər "xxxx" MMC tərəfindən əvvəlcədən tam şəkildə ödənildikdən sonra xidmətlər ADY tərəfindən təqdim edilir. Müqavilənin 3.11-ci maddəsinə əsasən iddiaçı və "xxxx" MMC üzləşmə apardıqları müddət üçün qarşılıqlı borcların olduğunu müəyyən və təsdiq edərlərsə, Tərəflər belə borcların ödənilməsi üçün 5 bank günü ərzində zəruri tədbirlər görürlər. Müqavilənin 5.1-ci maddəsində əsasən müqavilə üzrə müəyyən edilmiş ödənişlərin həyata keçirilməsini "xxxx" MMC-dən tələb etmək ADY-nin hüququdur. Müqavilənin 5.4.1-ci maddəsinə əsasən xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada vaxtında ADY-yə ödəmək "xxxx" MMC-nin öhdəliyidir. Cavabdeh müqavilənin 3.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı heç bir halda xidmətlərin təqdim edilməsini dayandırmamalıdır. Lakin cavabdeh müqavilənin 3.4-cü maddəsini düzgün tövsif edə bilməmişdir. Müqavilənin 3.4-cü maddəsinə əsasən iddiaçı xidmətləri təqdim etməzdən əvvəl alt-kodlara uyğun olaraq hesablanmış ilkin dəyəri "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilə müqayisə edir. Müqayisə nəticəsində "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilkin dəyərdən az olması müəyyən edilərsə, bu halda iddiaçı dərhal "xxxx" MMC-yə məlumat verir. "xxxx" MMC bu məlumatı aldıqdan sonra ən geci növbəti iş günü ərzində bu halı aradan qaldırmalıdır. İddiaçı heç bir halda xidmətlərin təqdim edilməsini dayandırmamalıdır. Bu maddə o hala şamil olunur ki, artıq "xxxx" MMCnin ödənişi təsdiq olunub, lakin ilkin dəyərindən az olması müəyyən edilir, belə olan halda iddiaçı "xxxx" MMC-yə məlumat verir, lakin xidməti dayandırmır. Qeyd olunan cümlə o məna ifadə etmir ki, "xxxx" MMC heç bir ödəniş etmədən, borclu olduğu halda ADY xidmətini dayandıra bilməz. "xxxx" MMC-nin il ərzində debitor borcu 15.134,810 manatdan aşağı olmamış, ADY uzunmüddətli əməkdaşlığı rəhbər tutaraq, "xxxx" MMC-yə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsini fasiləsiz olaraq həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin iddiaçıya debitor borcu 18.538,584 manat təşkil etmişdir. Bu səbəbdən ADY-nin "xxxx" MMC ilə əməkdaşlığı dayandırmasına tam hüququ çatdığı halda, bunu etməmişdir. Cavabdeh qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ilin oktyabr-noyabr aylarında "xxxx" MMC-yə aid sifarişlə “X6” SC-dən daxil olan 43 ədəd “mesplan”ın razılaşdırılmasından ADY tərəfindən heç bir səbəb göstərilmədən imtina olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh ədalətli araşdırma aparsa idi diqqət yetirərdi ki, Qərarda göstərilən Cədvəl 1-də qeyd olunan 43 ədəd “mesplan”lar "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aiddir. Qeyd olunur ki, 43 ədəd planlanan daşınmadan 25 ədəd üzrə daşınma baş tutmamış, 18 ədədi isə "xxxx" MMC ilə daşınmışdır. Cavabdeh qeyd etmişdir ki, “mesplan”ların razılaşdırılması üzrə imtina sayında iyun ayından etibarən artım baş vermişdir, 2023-cü ilin ilk beş ayı ərzində imtina sayı cəmi 31 ədəd olmuş, digər 432 ədəd imtina isə ilin 7 ayında (iyun-dekabr) verilmişdir. Lakin Xidmət nədənsə "xxxx" MMC-nin il ərzində təsdiqlənmiş “mesplan”ların sayını qeyd etməmişdir. 2023-cü ilin ilk beş ayı ərzində "xxxx" MMC-nin 5.335 ədəd “mesplan”ı təsdiq olunduğu halda, 2023-cü ilin 7 ayında (iyun-dekabr) 6.997 ədəd “mesplar”ı təsdiq olunmuşdur. Beləliklə, "xxxx" MMC-nin yüklərin daşınmasında azalma olmamış, əksinə artım baş vermişdir. Xidmətin gəldiyi nəticəyə əsasən “mesplan”ların razılaşdırılmasından imtina olunması mexanizmi istifadə edildikdən sonra iddiaçının törəmə müəssisələrinin müvafiq bazarda daşıma həcmi 37,6%dən 72,1%-ə artmış, "xxxx" MMC-nin daşıma həcmi 58,3%-dən 27,1%-dək azalmışdır. Lakin Xidmət bu nəticəyə gəldikdə hesablamanı nəyə əsasən apardığını qeyd etməmişdir. Cədvəl 5-dən görünür ki, 2023-cü ildə fraxt-agentlərin sırasında "xxxx" MMC-nin 12.332 ədəd “mesplan”ı təsdiq edilmiş, 463 ədədi imtina olunmuşdur. "xxxx" MMC-nin 7.075 ədəd “mesplan”ı təsdiq edilmiş, 462 ədədi imtina olunmuş, "xxxx" MMC-nin 2.117 ədəd “mesplan”ı təsdiq edilmiş, 1 ədədi imtina olunmuşdur. Beləliklə, ölkə üzrə 2023-cü ildə daşımaların sayına görə "xxxx" MMC birinci yerdə olmuşdur. ADY-yə qarşı bu cür məqsədli şəkildə olunmuş əsassız və haqsız ittihamlar və şikayətlər əksinə "xxxx" MMCnin haqsız rəqabətin apardığını və bazarda monopolist şirkət kimi qalmaq niyyətində olduğunu təsdiq edir. İkinci - Uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar: Xidmət qeyd edir ki, "xxxx" MMC tərəfindən “Kazatoprom” SC-yə aid uran konsentratı yükünün daşınması ilə əlaqədar baza tarifinin 4.412 ABŞ dolları müəyyən edildiyi dövrdə (xx.xx.2023-xx.xx.2023-cü il) daha aşağı 2,940 ABŞ dolları tarifi ilə tərəflər arasında müqavilə bağlanılmışdır (xx.xx.2023-cü il). Cavabdeh qeyd edir ki, "xxxx" MMC təhlükəli yüklərin daşınması ilə bağlı tarifə tətbiq olunmuş 2 əmsalın “Kazatoprom” SC-nin müracəti əsasında iddiaçı tərəfindən aidiyyəti prosedurlar həyata keçirilərək ləğv ediləcəyi barədə əvvəlcədən məlumatlı olmuş və daşımanı aşağı qiymət əsasında həyata keçirmişdir. Buna əsasən cavabdeh qərara gəldi ki, iddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmuşdur. Qeyd olunanlar bir daha cavabdehin qərəzli mövqeyini nümayiş etdirir. Belə ki, ADY tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9506/2023 nömrəli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. Bu məktubu və Tarif Siyasətinin “Ümumi Müddəalar” adlı 1-ci bəndin 2-ci yarımbəndinin tələblərini nəzərə alaraq, MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt il üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 417623 nömrəli təleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi tərəfindən Tarif Siyasətində xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla “Kazatomprom” SC ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerlərin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 13-1/2- 10051/2023 nömrəli məktubla ADY “KTJ” SC-nin X7 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərin ləğv edilməsini və xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt-agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2023cü il tarixdə "xxxx" MMC ilə “Q-log” MMO arasında “Nəqliyyat ekspedisiya xidmətinə dair” 2023/M-115 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən Ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında Sifarişçinin və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri göstərir. "xxxx" MMC öz fəaliyyətinə uyğun müqavilə bağlamışdır. Müqavilədə nə uranın daşıması, nə də xx.xx.2023-cü il tarixdən köhnə tarifin tətbiqi qeyd olunmamışdır. X10 Daşımaları üzrə Sazişin 30-cu maddəsinin 3-cü hissəsinə əsasən yük ödənişləri daşınma müqaviləsi bağlandığı gün qüvvədə olan tariflərə əsasən hesablanır. X10 Daşımaları üzrə Sazişə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Qaimə üzrə hesablaşmalar ştempel (tarix göstərən möhür) vurulduğu gün üçün qüvvədə olan tariflərə əsasən aparılır. “Kazatoprom” SC-nin uran konsentratı ilə bağlı yük qaimələrinin hamısında ştempel (tarix göstərən möhür) vurulduğu gün xx.xx.2023-cü il tarixi qeyd olunub, bu isə bir daha sübuta yetirir ki, iddiaçı tərəfindən "xxxx" MMC üçün heç bir sərfəli şərtlər yaradılmamışdır və yük noyabr ayı üçün nəzərdə tutulmuş tariflə göndərilmişdir. Onu da qeyd etmək lazımdır ki, "xxxx" MMC-nin əməkdaşının “Q-log” MMO-nun səlahiyyətli nümayəndəsi ilə yazışması mövcüddur. Həmin yazışma cavabdehə də təqdim olunmuşdur, lakin qərəzli olaraq nəzərə alınmamışdır. Belə ki, yazışmaya əsasən, “Q-log” MMO-nun səlahiyyətli nümayəndəsi xx.xx.2023-cü ildə "xxxx" MMC-nin əməkdaşına müraciət edib, Uran konsentratın daşınması ilə əlaqədar tariflərin təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin əməkdaşı xx.xx.2023-cü ildə mövcüd tarifləri qarşı tərəfə təqdim etmiş və bildirmişdir ki, yüklərin göndərilməsi noyabr ayında baş tutsa o zaman köhnə tarif tətbiq olunacaq, göndəriş dekabr ayında təsadüf etsə, dekabrın 1-dən əlavə olaraq 2 əmsal tətbiq ediləcək. Bundan məlumatsız olan qarşı tərəf bildirir ki, tarifin dəyişilməsi barədə qərar almayıb. Bu isə onu sübuta yetirir ki, xx.xx.2023-cü ildə “Q-log” MMO öz azad seçiminə əsasən "xxxx" MMC-yə müraciət edib. Tariflərin dəyişməsindən məlumatsız olan “Q-log” MMO "xxxx" MMC-nin endirilmiş tariflərə görə məcbur olub müracət etməyib. “Q-log” MMO xx.xx.2023-cü ildə "xxxx" MMC ilə ona görə müqaviləni bağlayıb ki, yük təcili olaraq noyabr ayında çıxsın və yükə qaldırılmamış tariflər tətbiq edilsin. Uran yükü ilə bağlı daşınma müqaviləsi (qaimə) xx.xx.2023-cü ildə bağlanılıb. Yük noyabr ayında göndərilib, noyabr ayına isə köhnə tariflər tətbiq olunur, bunu bilən “Q-log” MMO öz seçiminə əsasən "xxxx" MMC və ya digər fraxt-agenti ilə müqaviləni bağlaya bilərdi və ödənişdə heç bir fərq olmazdı. "xxxx" MMC digər fraxt-agentlər kimi ADY-nin xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramı aldıqdan sonra tarifin qaldırılmamasından məlumatlı olublar. Üçüncü - "xxxx" MMC-yə güzəştlərin tətbiq edilməsi və Hövsan stansiyası tərəfindən aparılmış hesablamalar ilə əlaqədar: Xidmət qeyd edir ki, ADY-nin xx.xx.2023-cü il tarixli Əmri ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinədək tranzit konteyner daşımaları zamanı Ələt və Hövsan stansiyalarından aidiyyəti liman ərazisinə verilib-götürülməsində güzəştlər verilmiş, həmçinin xx.xx.2023-cü il tarixinədək Gürcüstan dəmiryollarının inventar parkına məxsus vaqonlarından istifadəyə görə 4 vaqon/gün müddətində MDB vaqonlarından istifadə haqqının ödənilməsindən azad edilmişdir. Buna əsasən cavabdeh qərara gəldi ki, ADY “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmuşdur. Güzəştlər ADY-nin Tarif Komissiyası tərəfindən marşrut istiqaməti, yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla müəyyən olunur. Qeyd olunmalıdır ki, Xidmət nəzərə almamışdır ki, ADY-nin xx.xx.2023-cü il tarixli Əmri ilə nəzərdə tutulan güzəştlər yalnız "xxxx" MMC-yə təyin edilməyib. Əmrin 1.2.3-cü, 1.2.4-cü, 1.2.12-ci bəndlərində "xxxx" MMC və "xxxx" FZCO üçün də xüsusi güzəştlər nəzərdə tutulub və göründüyü kimi, həmin hissələrdə güzəştlər "xxxx" MMC üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən təsdiq edilmiş yuxarı hədd tarifləri çərçivəsində dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri, marşrut istiqaməti, tranzit yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla, güzəştlərin tətbiqində sərbəstdirlər. Onu da qeyd etmək lazımdır ki, "xxxx" MMC ADY-yə ünvanladığı xx.xx.2023cü il tarixli məktubda ona 44/S nömrəli Əmrlə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları” kitabında nəzərdə tutulan bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. Bu cür güzəştlər nə "xxxx" MMC-yə, nə də digər fraxt-agentlərə tətbiq olunmamışdır, bu səbəbdən "xxxx" MMC-nin müraciəti müsbət nəticələnməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ADY ilə X6 arasında xx.xx.2023-cü ildə bağlanmış Protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023-cü ilədək davam edib. Bu isə o anlama gətirir ki, "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcud olmamışdır. Göründüyü kimi bu hissədə də cavabdeh tərəfindən irəli sürülən tələb əsassızdır. Qeyd olunan əmrdən əlavə, "xxxx" MMC-yə illər ərzində fərqli daşınmalarda daim güzəştlər verilib. Cavabdeh Qərar qəbul edərkən bu məsələnin də mahiyyətinə getməmiş, hər hansı müqayisə aparmamışdır. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati icraat son nəticədə yekunda vahid inzibati aktın qəbulu məqsədlərinə xidmət edir və bu mənada icraatın yekununa dair fəqli adda, lakin eyni məzmunda 2 qərarın qəbulu istisna olunmalıdır. xx.xx.2024-cü il tarixli Göstəriş xx.xx.2024-cü il tarixli əsas inzibati akta Qərara bağlıdır və həmin inzibati aktdan irəli gəlir. İnzibatı aktın - Qərarın ləğv olunduğu təqdirdə, xx.xx.2024-cü il tarixli Göstərişin əsası aradan qalxdığı üçün həmin Göstəriş də hər hansı hüquqi əhəmiyyətə malik olmayacaq. Lakin cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarında Məhkəmənin mövqeyini nəzərə almamış, yenidən Göstərişi inzibati akt kimi rəsmilləşdirib iddiaçının şikayət etmə hüququnu qeyd etmişdir. Bu səbəbdən Göstərişin ikinci inzibati akt kimi təqdim edilməsi qanunsuzdur. Qeyd edilən bu və digər tələb və göstərişlər isə “Təbii inhisarlar haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” qanunlardan irəli gəlmir və cavabdehin səlahiyyətlərini aşır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC və "xxxx" MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) e-2-1(112)-2077/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 24 iyun 2024cü il tarixli Qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarında qeyd edir ki, xx.xx.2024-cü il tarixli Qərarda göstərilən cədvəl 1-də qeyd olunan 43 ədəd “mesplan’ların "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olduğu müəyyən edilmişdir. 43 ədəd planlanan daşınmadan 25 ədədi üzrə daşınma baş tutmamış, 18 ədədi üzrə isə daşınmanın "xxxx" MMC tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. "xxxx" şirkəti Gürcüstan şirkətidir və öz seçiminə əsasən 18 ədəd daşımanı "xxxx" MMC vasitəsilə həyata keçirmişdir. Məhkəmə araşdırması ilə həmin müqavilə üzrə daşımaların məhz "xxxx" MMC vasitəsilə həyata keçirilməsinə sövq edən hər hansı sənədin mövcud olmasına dair məlumat aşkar edilməmiş, cavabdeh tərəfindən bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Müvafiq mesplanların təsdiqinə imtina verildikdən sonra daşımanın həyata keçirilməsi məqsədilə "xxxx" şirkəti tərəfindən onların bir qisminə münasibətdə "xxxx" MMC ilə daşımanın həyata keçirilməsinə dair sənədləşmə aparılması sözügedən halda yalnız fərziyyələr və məntiqi nəticələr əsasında iddiaçı tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməsini təsdiq edən sübut qismində çıxış edə bilməz. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" şirkəti tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması və ya müqavilədən irəli gələn öhdəliklərə zidd davranış nümayiş etdirilməsi barədə şikayət və ya müraciət daxil olmamışdır. İş materiallarına, iddia ərizəsinə, cavabdehin mübahisəli qərarına və cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, həqiqətən də 2023-cü ildə fraxt-agentlərin sırasında "xxxx" MMC-nin 12.332 ədəd “mesplan”ı təsdiq edilmiş, 463 ədədi imtina olunmuşdur. Bu isə sonuncunun bazardakı mövqeyində ciddi dəyişikliyin olmadığını ifadə etməkdədir. Uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt il üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmiryolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023-xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ dolları müəyyən edilmişdir. “Kazatomprom” SC xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məktubla ADY “KTJ” SC-nin X7 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərinin ləğv edilməsini və xx.xx.2023xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 nömrəli dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt-agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. "xxxx" MMC iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda ona bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ADY ilə X6 arasında xx.xx.2023-cü ildə bağlanmış protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023-cü ilədək davam edib. "xxxx" MMC tərəfindən ADY-yə xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcud olmamışdır. Beləliklə, "xxxx" MMC-nin müraciət tarixinə mövcud olmayan güzəştlərin tətbiq edilməməsinə görə iddiaçının məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin iddiaçıya debitor borcunun olmasına baxmayaraq, sonuncuya münasibətdə fəaliyyətinə mane olacaq şəkildə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsi dayandırılmamışdır, iddiaçı tərəfindən imtina verilən 43 ədəd mesplan isə "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olmuş, planlanan daşımalardan 25-i üzrə daşınma baş tutmamış, 18-i üzrə isə daşınma "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" şirkəti Gürcüstan şirkətidir və şirkət tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması barədə şikayət və ya müraciət daxil olmamışdır. İddiaçının tabeliyində olan təsərrüfat subyektinin digər təsərrüfat subyektləri ilə eyni növlü fəaliyyətlə məşğul olması hüququ qanunvericiliklə məhdudlaşdırılmadığından, həmin təsərrüfat subyektinin bu və ya digər fəaliyyətinə görə, cavabdeh tərəfindən ehtimallar əsasında iddiaçının digər təsərrüfat subyektlərinə münasibətdə rəqabəti məhdudlaşdırmaqla sahə inhisarçılığına yol verdiyinin iddia edilməsi əsassızdır. Uran konsentratı yükünün daşınması ilə əlaqədar qanunvericiliyə müvafiq şəkildə yazışmalara dair məlumatlandırma iddiaçı tərəfindən aidiyyəti üzrə həyata keçirilmiş, iş üzrə yazışmalar və digər sənədlərlə bu fakt öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən iddiaçıya əlavə güzəştlərin tətbiq edilməsi barədə müraciət edilərkən MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcud olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cari fəaliyyətinin həyata keçirilməsi zamanı hazırkı işə münasibətdə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü (təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması) və 11-ci (rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması) bəndlərinin, 8-ci maddəsinin 7-ci (digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi) və 8-ci (kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi) bəndlərinin, 10-cu maddəsinin 2-ci (bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər) bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozuntusuna yol verilməmişdir. 2023-cü ilin oktyabr-noyabr aylarında "xxxx" MMC-yə aid sifarişlə “X6” SC-dən daxil olan Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli Qərarının 13-cü səhifəsində göstərilən 43 ədəd “mesplan”ın razılaşdırılmasından "xxxx" QSC tərəfindən heç bir səbəb göstərilmədən imtina edilmişdir. Nəticədə, qeyd edilən 43 ədəd planlanan daşınmadan 25 ədədi üzrə daşınma baş tutmamış, 18 ədədi "xxxx" MMC-yə aid sifarişlə “X6” SC-dən təqdim edilmiş və "xxxx" QSC tərəfindən təsdiqlənərək daşınmaya icazə verilmişdir. “Mesplan”ların razılaşdırılmasından imtina edilməsi səbəblərinin aydınlaşdırılması ilə bağlı "xxxx" MMC tərəfindən “X6” SC-yə xx.xx.2024-cü il tarixli sorğu məktubu göndərilmişdir. “X6” SC-nin xx.xx.2024-cü il tarixli 89 nömrəli cavab məktubunda "xxxx" MMC-yə aid “mesplan”ların razılaşdırılmasından imtina edildiyi, əksər “mesplan”lar üçün imtina səbəbinin qeyd edilmədiyi, bəziləri üzrə isə “ərizə təsdiqlənməyib 57” qeydlərinin olduğu bildirilmişdir. Araşdırma zamanı "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumata əsasən “mesplan”ların razılaşdırılmasından imtina olunmuş sifarişlər yalnız GR Logistics&Terminal şirkəti üzrə deyil, o cümlədən MS Agency, RM Logistics, Gianti, Centrum, İnterweg Logistics, Kricon xarici şirkətləri üzrə verildiyi müəyyən edilmişdir. 2023-cü ilin yanvar-may ayları üzrə "xxxx" QSC-nin törəmə müəssisələrinin orta daşıma həcmləri 64.8% təşkil etmiş, "xxxx" MMC-nin isə həmin dövrdə orta daşıma həcmləri 33.2% olmuşdur. 2023-cü ilin iyun ayından etibarən müvafiq bazarda tendensiya dəyişikliyi baş vermiş, "xxxx" QSCnin törəmə müəssisələrinin daşıma həcmləri 45.6%-ə düşmüş, bunun müqabilində "xxxx" MMC-nin daşıma həcmi 51.9% təşkil etmişdir. Bu tendensiya “mesplan”ların razılaşdırılmasından imtina olunması dövrünədək davam etmiş, belə ki, 2023-cü ilin iyulnoyabr ayları üzrə "xxxx" QSC-nin törəmə müəssisələrinin və "xxxx" MMC-nin orta daşıma həcmləri müvafiq olaraq 28.0% və 65.1% olmuşdur. “Mesplan’ların razılaşdırılmasından imtina olunmasından sonra 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayınadək "xxxx" QSC-nin törəmə müəssisələrinin daşıma həcmləri 37.6%-dən 72.1%-ə artmış, bunun əksi olaraq "xxxx" MMC-nin daşıma həcmi 58.3%-dən 27.1%-dək geriləmişdir. Araşdırma zamanı toplanılan məlumatların təhlilindən aydın olmuşdur ki, "xxxx" MMC tərəfindən sifariş verilmiş yüklərə dair “mesplan’ların "xxxx" QSC tərəfindən razılaşdırılmasından imtinası nəticəsində "xxxx" MMC həmin yüklər üzrə daşınmanı həyata keçirə bilməmiş və bu yüklərin daşınmasının təsadüf etdiyi aylarda "xxxx" MMC-nin bazar payının artımı baş vermişdir. İşə baxılarkən "xxxx" QSC-nin nümayəndələri tərəfindən “mesplan”ların imtina edilməsinin əsas səbəbi olaraq "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar illərlə yığılmış debitor borclar qeyd olunmuş və eyni yanaşmanın digər fraxt-agentlərə münasibətdə də tətbiq olunduğu bildirilmişdir. Bu halda Komissiya "xxxx" QSC-nin "xxxx" MMC-nin debitor borcunun olması səbəbindən “mesplan”ların razılaşdırılmasından imtina verilməsinin hüquqi olub- olmamasının araşdırılmasını zəruri hesab etmişdir. Belə ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixində “Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında Müqavilə” bağlanılmış və 2023-cü il ərzində həmin müqavilə qüvvədə olmuşdur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən “ADY Xidmətləri təqdim etməzdən əvvəl alt-kodlara uyğun olaraq hesablanmış İlkin dəyəri Ekspeditor tərəfindən ödənilmiş məbləğ ilə müqayisə edir, müqayisə nəticəsində Ekspeditor tərəfindən ödənilmiş məbləğ İlkin dəyərdən az olması müəyyən edilərsə, bu halda iddiaçı dərhal Ekspeditora məlumat verir, Ekspeditor bu məlumatı aldıqdan sonra ən geci növbəti iş günü ərzində bu halı aradan qaldırmalıdır. ADY heç bir halda Xidmətlərin göstərilməsini dayandırmamalıdır”. Göründüyü kimi, müqavilə üzrə "xxxx" QSC tərəfindən müvafiq xidmətlərin əvvəlcədən ilkin dəyərin tam ödənilməsi yolu ilə göstərilməsi nəzərdə tutulmuşdur. “Dəmiryolu ilə Beynəlxalq yükdaşıma barədə Saziş”in “Yük haqqının və cərimələrin ödənilməsi” adlı 31-ci maddəsinin 6-cı hissəsinə əsasən “Daşıyıcı daşıma başlamazdan əvvəl yük haqqının ödənilməsini tələb etmək hüququna malikdir”. Digər tərəfdən "xxxx" QSC ilə "xxxx" MMC arasında həmin dövrdə qüvvədə olan müqavilədə “mesplan’ların razılaşdırılması ilə bağlı müddəalar, xüsusən də debitor borcların olması səbəbindən “mesplan”ların imtina edilməsi mexanizmi nəzərdə tutulmamışdır. Eləcə də nəzərə almaq lazımdır ki, müqavilənin 3.4-cü bəndinə uyğun olaraq "xxxx" QSC xidmətlərin göstərilməsini heç bir halda dayandırmamalı idi. Buna baxmayaraq, təqdim olunmuş məlumatlara əsasən bütövlükdə 2023-cü il ərzində fəaliyyət göstərmiş 7 fraxtagentdən ("xxxx" MMC, "xxxx" MMC, Alliance Logistics FZCO, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) yalnız biri (Alliance Logistics FZCO) tam olaraq avans (öncədən) ödənişlər etməklə iddiaçı ilə qarşılıqlı fəaliyyətini həyata keçirmişdir. Beləliklə araşdırma zamanı, təcrübədə yüklərin daşınmasından əvvəl müvafiq məbləğin avans şəklində ödənilməsi tələbinə əsasən riayət edilmədiyi, iddiaçı tərəfindən də bununla bağlı əvvəllər hər hansı maneə yaradılmadığı müəyyən olunmuşdur. Eyni zamanda, iddiaçının nümayəndələri tərəfindən həmin “mesplan”ların razılaşdırılmasından imtina edilməsinin əsas səbəbi olaraq debitor borcların olması göstərilsə də, təqdim olunmuş məlumatlardan da göründüyü kimi, 2023-cü ilin dekabr ayında, yəni adıçəkilən 43 ədəd “mesplan”nın razılaşdırılmasından imtinası dövründən sonra "xxxx" MMC-nin borclarının olmasına baxmayaraq, həmin şirkətin sifarişi ilə daxil olmuş 798 ədəd “mesplan”dan 775 ədədi, yəni 97,1%-i təsdiqlənmişdir. Eyni yanaşma bütün borcla daşınma həyata keçirən ekspeditorlara (o cümlədən "xxxx" QSC-nin törəmə müəssisələrinə) münasibətdə də tətbiq edilmiş və heç bir borclu şirkətin “mesplan”larının razılaşdırılmasına heç bir dövrdə tam şəkildə imtinalar verilməmişdir. Hətta, işin əsas maraqlı tərəfi ondan ibarətdir ki, hansı səbəblə "xxxx" MMC-nin sifarişçisi olduğu "xxxx" şirkətinin adı keçən “mesplanlar”ın razılaşdırılmasından iddiaçı tərəfindən imtina olunmuş, lakin eyni daşınmalar üzrə "xxxx" MMC sifarişçi olduqda “mesplanlar” təsdiq edilmişdir. İşəbaxılma iclasları zamanı Komissiya tərəfindən sözügedən məsələ ilə əlaqədar sual ünvanlansa da, iddiaçı və onun nümayəndələri həmin suala nə yazılı, nə də şifahi formada əsaslı cavab təqdim edə bilməmişdir. Halbuki müvafiq sahədəki işgüzar ənənələrə görə yükün daşınması üçün razılaşmadan imtina edildiyi təqdirdə imtinanın səbəbləri göstərilməlidir. Bununla əlaqədar məhkəmə iclasları zamanı, "xxxx" QSC-yə də dəfələrlə Dövlət Xidmətinin səlahiyyətli nümayəndələri tərəfindən sual ünvanlansa da, sual adiyyəti üzrə cavablandırılmamış, həmçinin məhkəmə də sözügedən mövzu ilə əlaqədar iddiaçı tərəfindən törədilən pozuntunun mahiyyətini nəzərə almamışdır. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMC-nin 2023-cü ildə müvafiq bazarda əldə etdiyi həcmlərin yenidən iddiaçının törəmə müəssisələrinə keçməsi iddiaçı tərəfindən “mesplan”ların razılaşdırılmasından imtina edilməsində subyektiv əsas oynamışdır. Bununla da, həmin dövr qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. Bakı İnzibati Məhkəməsi isə yuxarıda göstərilmiş təfərrüatları nəzərə almamış və xx.xx.2025-ci il tarixli Qərarı ilə qeyd edilən məsələyə düzgün yanaşmayaraq “mesplan”ların "xxxx" MMC-yə aid olmaması səbəbindən imtina edilməsinin ona hər hansı təsirinin olmamasını göstərmiş, habelə “mesplan”ların məxsus olduğu şirkət tərəfindən də iddiaçı barəsində hər hansı şikayətinin olmaması səbəbindən qanunvericiliyin tələblərinin pozulmadığını qeyd etmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumata əsasən 2023-cü ilin sentyabr ayında uran konsentratı yüklü 56 ədəd 20 futluq konteynerlərin Azərbaycan Respublikası üzərindən dəmiryolu nəqliyyatı ilə daşınması "xxxx" MMC-nin sifarişi və "xxxx" MMC-nin kodu əsasında yerinə yetirilmişdir. Həmin daşınma X1 Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrup tərəfindən təsdiq olunmuş tariflər (133 ABŞ dolları/konteyner) əsasında həyata keçirilmişdir. "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi və X1 Marşrutu məlumatlandırılmışdır ki, xx.xx.2023-cü il tarixdən Azərbaycan ərazisində təhlükəli yüklərə X1 Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrup tərəfindən 2023-cü il üçün konteyner daşımaları üzrə təsdiq olunmuş tariflər şamil olunmayacaq. Beləliklə xx.xx.2023-cü il tarixindən etibarən Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması (daşıyıca məxsus vaqonlarla - MPS) üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 2,206 ABŞ dolları müəyyən olunmuşdur. "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə (bundan sonra - Tarif Siyasəti) Azərbaycan ərazisində təhlükəli yüklərin (1. “Partlayıcı maddələr və məmulatlar”, 5.2. “Üzvi peroksidlər” (BMT nömrələri 3101-3110), 6.2. “İnfeksion maddələr”,
7. “Radioaktiv maddələr”) daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. Bu məktubu və Tarif Siyasətinin “Ümumi Müddəalar” adlı 1-ci bəndin 2-ci yarımbəndinin tələblərini nəzərə alaraq, MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını (Tarif Siyasətinə üzv ölkələrin dəmiryolu administrasiyalarını, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyini və “X11” ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzini) bu barədə məlumatlandırmışdır. Beləliklə, xx.xx.2023-xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması (daşıyıca məxsus vaqonlarla - MPS) üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4,412 ABŞ dolları (2,206 ABŞ dolları x 2) müəyyən olunmuşdur. "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi tərəfindən Tarif Siyasətində xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. "xxxx" MMC uran konsentratı yükünün daşınması ilə bağlı sifarişçini xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində müvafiq olaraq dekabr və noyabr aylarında daşınmanın həyata keçirilməsi halında tətbiq olunacaq yığımlar və xidmət haqqı barədə e-poçt vasitəsilə məlumatlandırmışdır. Bununla paralel olaraq “Kazatomprom” SC şirkəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerlərin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, bu məqsədlə müvafiq müqavilələrin bağlanıldığı, Azərbaycan Respublikası ərazisində daşınma üzrə ekspeditorun "xxxx" MMC olduğu, ekspedisiya xidmətləri ilə bağlı imzalanmış müqavilələrin mövcudluğu, Azərbaycan ərazisində tranzit daşımaların qiymətinin dəyişdirilməsinin mümkünsüzlüyü nəzərə alınaraq, 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılması xahiş edilmişdir. “Kazatomprom” SC-dən daxil olmuş müraciətə əsaslanaraq daşınmanın "xxxx" MMC tərəfindən həyata keçirilməsi ilə əlaqədar "xxxx" QSC tərəfindən endirimə razılıq verilərək "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması tariflərinə "xxxx" QSC-nin xahişi ilə tətbiq olunmuş 2 əmsalın ləğvi istənilmişdir. Bu məktubu və Tarif Siyasətinin “Ümumi Müddəalar” adlı 1-ci bəndin 2-ci yarımbəndinin tələblərini nəzərə alaraq, MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını (Tarif Siyasətinə üzv ölkələrin dəmiryolu administrasiyalarını, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyini və “X11” ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzini) bu barədə məlumatlandırmışdır. Beləliklə, xx.xx.2023-xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması (daşıyıca məxsus vaqonlarla - MPS) üzrə hər 20 futluq 1 konteyner üçün tarif yenidən 2,206 ABŞ dolları müəyyən olunmuşdur. "xxxx" QSC xx.xx.2023-cü il tarixdən müvafiq tarifin yenidən 2,206 ABŞ dolları müəyyən olunması barədə xəbərdar olmasına baxmayaraq, bu barədə məlumatı dərhal deyil, xx.xx.2023-cü il tarixində 428958 nömrəli teleqramla aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) göndərmiş və xx.xx.2023cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, uran konsentratı yükünün daşınması "xxxx" MMC ilə “Q-log” MMO arasında bağlanılmış “Nəqliyyat-ekspedisiya xidmətinə dair” xx.xx.2023-cü il tarixli 2023/M-115 nömrəli müqavilə əsasında həyata keçirilmişdir. "xxxx" QSC “Kazatomprom” SC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciət barədə məlumatlı olmasına, bunun nəticəsində uran konsentratı yükü üzrə tətbiq edilmiş 2 əmsalın ləğvi ilə bağlı aidiyyəti üzrə xx.xx.2023-cü il tarixində müraciət etməsinə, habelə MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi tərəfindən Tarif Siyasətinin rəsmi mətninə edilmiş 77 nömrəli dəyişiklik barədə xx.xx.2023-cü il tarixli məktubla məlumatlandırılmasına baxmayaraq, fraxt-agentləri (o cümlədən "xxxx" MMC-ni) qeyd olunanlarla ilə əlaqədar məlumatlandırmamış və ya xx.xx.2023-cü il tarixli teleqramla gec məlumatlandırmışdır. Beləliklə, fraxt-agentlər arasında bərabərlik hüququnu pozmuş və öz törəmə müəssisəsi ("xxxx" MMC) tərəfindən sifarişçi üçün daha sərfəli şərtlərlə yükün daşınmasına şərait yaratmışdır. Belə ki, "xxxx" MMC təhlükəli yüklərin daşınması tarifinə tətbiq olunmuş 2 əmsalın “Kazatomprom” SC-nin müraciəti əsasında "xxxx" QSC tərəfindən aidiyyəti prosedurlar həyata keçirilərək ləğv ediləcəyi barədə əvvəlcədən məlumatlı olmuş və daşınmanı aşağı qiymət əsasında həyata keçirmişdir. Bununla da, həmin dövr qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulmuşdur. Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən təfərrüatları nəzərə almamış, xx.xx.2025-ci il tarixli qərarı ilə qeyd edilən məsələyə düzgün yanaşmayaraq uran konsentratı yükünün daşınması ilə əlaqədar məlumatlandırmanın "xxxx" QSC tərəfindən aidiyyəti üzrə həyata keçirildiyini, iş üzrə yazışmalar və digər sənədlərlə bu faktın öz təsdiqini tapdığını qeyd etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli Əmri ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinədək tranzit konteyner daşımaları zamanı Ələt və Hövsan stansiyalarından aidiyyəti liman ərazisinə verilib-götürülmə yığımının 1 ədəd 20 futluq konteyner üçün 15 ABŞ dolları, 1 ədəd 40 futluq konteyner üçün 20 ABŞ dolları kimi hesablanması, eyni zamanda həmin stansiyalarda tətbiq edilən bütün növ əlavə yığımlardan azad edilmə güzəşti verilmişdir. Sözügedən əmrlə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinədək Gürcüstan Dəmiryollarının inventar parkına məxsus vaqonlardan istifadəyə görə 4 vaqon/gün müddətində MDB vaqonlarından istifadə haqqının ödənilməsindən azad edilmişdir. "xxxx" MMC-nin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla analoji konteyner daşımaları zamanı Hövsan stansiyası tərəfindən güzəşt tətbiq olunmamış ekspeditorlara 44/S kitabında nəzərdə tutulan bütün növ əlavə yığımların tətbiq edildiyi, beləliklə fərdi güzəştlərin tətbiq olunmasının konteyner yükdaşımaları sahəsində qeyri-bərabər şəraitin yaradılması ilə nəticələndiyi bildirilmiş və güzəştlərin bütün ekspeditorlara eyni şəkildə tətbiq edilməsi xahiş edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubunda “şirkətinizə güzəşt olunması iddiaçıda büdcə kəsirlərinin yaranmasına, iqtisadi fəallığın pozulmasına şərait yaradacağından qaldırdığınız məsələlərin müsbət həlli imkan xaricindədir” deyə qeyd olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli əmri ilə eksklüziv olaraq öz törəmə müəssisəsi "xxxx" MMC-yə güzəştlər tətbiq etmiş, bu güzəştləri digər ekspeditorlara (o cümlədən "xxxx" MMC-yə) müraciət olunduğu təqdirdə belə tətbiq etməkdən imtina etmiş, bununla da müvafiq bazarda sağlam rəqabətin aparılmasına mənfi təsir göstərmişdir. Belə ki, "xxxx" MMC tərəfindən də Gürcüstan Dəmiryollarının inventar parkına məxsus vaqonlardan istifadə edilməsinə baxmayaraq, şirkət 4 vaqon/gün müddətində MDB vaqonlarından istifadə haqqının ödənilməsindən azad edilməmişdir. Eyni zamanda, verilibgötürülmə əməliyyatına görə yığım "xxxx" MMC-yə (o cümlədən bütün digər ekspeditorlara) 44/S kitabına əsasən, yəni "xxxx" MMC-yə münasibətdə tətbiq edilmiş güzəştli yığımdan daha artıq olan tariflər əsasında hesablanmış, habelə şirkət "xxxx" MMC-nin əksinə həmin stansiyalarda tətbiq edilən bütün növ əlavə yığımlardan azad edilməmişdir. Əlavə olaraq nəzərə almaq lazımdır ki, məsələ üzrə sözügedən əmrlə "xxxx" MMC-nin balansına verilmiş 200 fitinqli vaqon platformaların iddiaçının inventar parkına məxsus vaqonlar kimi qəbul edilərək stansiyalarda əlavə xidmətlərə görə tətbiq edilən bütün növ yığımlardan azad edilmişdir, yəni iddiaçı törəmə müəssisəsinə nəinki öz balansından vaqonlar ötürmüş, həmçinin bu vaqonları xüsusi statusda görmüşdür. Beləliklə, "xxxx" MMC digər ekspeditor şirkətlərlə rəqabətdə imtiyazlar əldə etmişdir. Gürcüstan Dəmiryollarının inventar parkına məxsus vaqonlardan istifadə edilməsinə görə yalnız "xxxx" MMC müvafiq rüsumdan azad edilmişdir, halbuki "xxxx" MMC tərəfindən də həmin vaqonlardan istifadə olunmuşdur; (İİ) "xxxx" MMC-yə verilib-götürülmə yığımının hesablanması 44/S kitabı ilə tətbiq olunan tariflərdən fərqli olaraq güzəştli tariflər əsasında aparılmışdır, (İİİ) iddiaçı tərəfindən "xxxx" MMC-nin balansına verilmiş 200 fitinqli vaqon platformalar iddiaçının inventar parkına məxsus vaqonlar kimi qəbul edilmiş və stansiyalarda əlavə xidmətlərə görə tətbiq edilən bütün növ yığımlardan azad edilmişdir. Bununla da, iddiaçı tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulmuşdur. Dövlət Xidməti olaraq, sözügedən pozuntu üzrə iddiaçı tərəfindən təkcə "xxxx" MMC-nin hüquqlarının pozulmadığını, həm də müvafiq bazarda fəaliyyət göstərən bütün iştirakçıların hüquqlarının məhdudlaşdırıldığını müəyyən etmiş və bunu Dövlət Xidmətinin xx.xx.2024cü il tarixli Qərarında açıq şəkildə ifadə edilmişdir. Bakı İnzibati Məhkəməsi isə göstərilmiş təfərrüatları nəzərə almamış və xx.xx.2025-ci il tarixli qərarı ilə qeyd edilən məsələyə düzgün yanaşmayaraq digər güzəştlərin tətbiqi ilə əlaqədar hissələrə toxunmadan "xxxx" MMC-nin müraciət tarixində MDB haqqının hesablanması ilə bağlı güzəştin artıq mövcud olmadığını əsas götürərək "xxxx" QSC-nin məsuliyyətə cəlb edilməsinin əsassız olduğunu qeyd etmişdir. Təbii inhisar subyekti olan "xxxx" QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə Orta Dəhliz üzrə daşımaların artırılmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, "xxxx" QSC tərəfindən özəl sahibkarlıq subyektlərinin fəaliyyətinə müxtəlif maneələr yaradılır, iddiaçı tərəfindən "xxxx" MMC-yə güzəştli və xüsusi tariflər tətbiq olunur. Nəticədə, iddiaçının törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır. Ölkədə dəmir yol infrastrukturu dövlət mülkiyyətindədir (özəl mülkiyyətə aid dalan yolları və lokal xarakterli şəbəkə xətləri istisna olmaqla) və iddiaçı tərəfindən idarə olunur. Bu mənada, "xxxx" QSC-nin idarə etdiyi infrastrukturdan istifadə edilməsi ekspeditorlar üçün mühüm əhəmiyyətli resurs xüsusiyyəti daşıması səbəbindən bu resursa əlçatanlıq onlara həyati vacib hesab olunur. Beləliklə, "xxxx" QSC-nin həm sahə idarəedicisi, həm də müvafiq bazar iştirakçısı (törəmə müəssisələri vasitəsilə) olmaqla yaratdığı risklər inzibati neytrallığın pozulması və sağlam rəqabət mühitinin təmin olunması üçün manelər yaradır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs"xxxx" MMC-nin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 24 iyun 2024cü il tarixli qərarı ilə aşaıdakılar qərara alınmışdır:
1. Hüquqi ünvanı AZ 1010, ünvan 1r Yolları" Qapalı Səhmdar Cəmiyyəti barəsində “Antiinhisar fəaliyyəti haqqında" Azerbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-cı hissəsihin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulmas əlamətləri üzrə qaldırılmış 12 yanvar 2024-cü il tarixli 3- 21-1/3-1-F-2/2024 nömrəli işə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması hissələrində xitam verilsin.
2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına (2023-cü ilin noyabr ayında "xxxx" MMC-nin sifarişi ilə verilmiş “mesplan”ların razılaşdırılmasından imtina edilməsi ilə rəqabətin məhdudlaşdırılması) və bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 14.943,37 manat gəlir "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.
3. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına (2023-cü ilin noyabr-dekabr aylarında uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınmasında rəqabətin məhdudlaşdırılması) və bununla da "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 194.479,92 manat gəlir “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.
4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına ("xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-23/3-5-10275/2023 nömrəli Əmri ilə "xxxx" MMC-yə xüsusi güzəştlərin tətbiq edilməsi nəticəsində Hövsan stansiyasında göstərilən xidmətlərin qiymətləri ilə bağlı rəqabətin məhdudlaşdırılması) və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 36.818,64 manat gəlir (ƏDV-siz) “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.
5. Hüquqi ünvanı Azərbaycan Respublikası, AZ 1010, ünvan 2an Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) işə baxılmasının nəticələri üzrə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması üçün aşağıdakılar haqqında göstəriş verilsin: 5.1. 14.943,37 manat gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorların sifarişləri ilə “mesplan”ların razılaşdırılması zamanı subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, “mesplan”ların razılaşdınlmasından imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi; 5.2. 194.479,92 manat gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman onların müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, habelə bununla bağlı bütün ekspeditorların vaxtında məlumatlandırılması; 5.3. 36.818,64 manat gəlirin (ƏDV-siz) qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsi, habelə "xxxx" QSC-nin ekspeditor fəaliyyəti göstərən törəmə müəssisələri ilə özəl ekspeditorlar arasında ayrı-seçkiliyə yol verilməməsi. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar ləğv edilir: 2.1. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli 526 nömrəli Qanunu; 2.2. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli 1049 nömrəli Qanunu; 2.3. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli 590-İQ nömrəli Qanunu.
3. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
4. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: rəqabət—bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri: uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını. əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır; inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdİrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti; təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. 6-cı maddəsinə əsasən sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 4) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 11) rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması. 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi. 10-cu maddəsinə əsasən icra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir: 2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər. 11-ci maddəsinin birinci hissəsinə əsasən bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır; haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri. 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. 5-ci maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir: digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması; rəqibin elmitexniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması. 6-cı maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması; rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi. 7-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; əmtəələrin məcburi əlavə çeşidlə satışı; müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını tə min etməyə yönəldilmişdir. 2-ci maddəsinə əsasən bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi məhsul, iş, xidmət (bundan sonra əmtəə) bazarlarında yaranan münasibətləri tənzimləyir. Bu Qanunun müəyyən etdiyi hallar istisna olmaqla, onun müddəaları təbii inhisar subyektlərinin təbii inhisara aid olmayan fəaliyyət sahələrinə şamil edilmir. 4-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mə naları ifadə edir: təbii inhisar — istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti; təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti; istehlakçı — təbii inhisar subyektinin istehsal etdiyi (satdığı) əmtəəni əldə edən fiziki və ya hüquqi şəxs. 5-ci maddəsinin 1-ci hissəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən təbii inhisarları tənzimləyən orqanlar bu Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirlər. Təbii inhisarları tənzimləyən orqanlar istehlakçıların mənafeyinə mənfi tə sir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş tədbirlər görürlər. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən təbii inhisarları tənzimləyən orqan təbii inhisar subyektləri tərəfindən həyata keçirilən aşağıdakı hərəkətlər üzərində nəzarət edir: 2.1. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəələrin istehsalına cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri bu subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa); 2.2. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəənin istehsalına (satışına) cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri həmin subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa); 2.3. Əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi; 2.4. Təbii inhisar subyektləri tərəfindən bu Qanunla tənzimlənməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin 2023cü il üzrə ADY-yə olan debitor borcu ümumilikdə 18.538.584 (on səkkiz milyon beş yüz otuz səkkiz min beş yüz səksən dörd) manat olmuşdur. Cavabdeh tərəfindən mesplanların təsdiqindən imtina edildiyi bildirilməklə tərəflər arasında olan müqavilə münasibətlərinin pozulduğu iddia edilsə də, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə münasibətlərinin cavabdeh tərəfindən müvafiq icraatın başlanmasına əsas olmuş şikayətin verildiyi dövrdə və ondan sonra da davam etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" şirkəti ilə "xxxx" QSC arasında sözügedən müqavilə münasibətlərinin pozulmasına əsaslanan və onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş hər hansı məhkəmə mübahisəsinin olması aşkar edilməmişdir. Mübahisələndirilən 43 ədəd “mesplan”ların "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olduğu müəyyən edilmişdir. 43 ədəd planlanan daşınmadan 25 ədədi üzrə daşınma baş tutmamış, 18 ədədi isə "xxxx" MMC ilə daşınmışdır. Müvafiq mesplanların təsdiqinə imtina verildikdən sonra daşımanın həyata keçirilməsi məqsədilə "xxxx" şirkəti tərəfindən onların bir qisminə münasibətdə "xxxx" MMC ilə daşımanın həyata keçirilməsinə dair sənədləşmə aparılması iddiaçı tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməsini təsdiq edən sübut qismində çıxış edə bilməz. "xxxx" şirkəti Gürcüstan şirkətidir və öz seçiminə əsasən 18 ədəd daşımanı "xxxx" MMC vasitəsilə həyata keçirmişdir. Həmin müqavilə üzrə daşımaların məhz "xxxx" MMC vasitəsilə həyata keçirilməsinə sövq edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir və məhkəmə tərəfindən də bununla bağlı hər hansı hal və ya hər hansı sənədin mövcud olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" şirkəti tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması və ya müqavilədən irəli gələn öhdəliklərə zidd davarnanış nümayiş etdirilməsi barədə şikayət və ya müraciət daxil olmamışdır. Bundan başqa, 2023-cü ildə fraxt-agentlərin sırasında "xxxx" MMC-nin 12.332 ədəd “mesplan”ı təsdiq edilmiş, 463 ədədi imtina olunmuşdur, "xxxx" MMC-nin 7.075 ədəd “mesplan”ı təsdiq edilmiş, 462 ədədi imtina olunmuş, "xxxx" MMCnin 2.117 ədəd “mesplan”ı təsdiq edilmiş, 1 ədədi imtina olunmuşdur. "xxxx" MMC-nin yüklərin daşınmasında artım baş vermişdir. Ümumiyyətlə, ölkə üzrə 2023-cü ildə daşımaların sayına görə "xxxx" MMC birinci yerdə olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar ADY tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9506/2023 nömrəli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt il üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli QP/1803-İ nömrəli məktubla aidiyyəti milli dəmiryolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023-xx.xx.2023cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 417623 nömrəli təleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla “Kazatomprom” SC ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 13-1/2- 10051/2023 nömrəli məktubla ADY “KTJ” SC-nin X7 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərin ləğv edilməsini və xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli QPPT-T-16-01/QP/18149 nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. ADY xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt-agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. "xxxx" MMC ADY-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda ona bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ADY ilə X6 arasında xx.xx.2023-cü ildə bağlanmış Protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023-cü ilədək davam edib. "xxxx" MMC tərəfindən ADY-yə xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcüd olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən "xxxx" MMC-nin ADY-yə debitor borcunun olmasına baxmayaraq, sonuncuya münasibətdə fəaliyyətinə mane olacaq şəkildə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsi dayandırılmamışdır, iddiaçı tərəfindən imtina verilən 43 ədəd mesplan isə "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olmuş, planlanan daşımalardan 25-i üzrə daşınma baş tutmamış, 18-i üzrə isə daşınma "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" şirkəti Gürcüstan şirkətidir və şirkət tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması barədə şikayət və ya müraciət daxil olmamışdır. İddiaçının tabeliyində olan təsərrüfat subyektinin digər təsərrüfat subyektləri ilə eyni növlü fəaliyyətlə məşğul olması hüququ qanunvericiliklə məhdudlaşdırılmadığından, həmin təsərrüfat subyektinin bu və ya digər fəaliyyətinə görə, cavabdeh tərəfindən ehtimallar əsasında iddiaçının digər təsərrüfat subyektlərinə münasibətdə rəqabəti məhdudlaşdırmaqla sahə inhisarçılığına yol verdiyinin iddia edilməsi əsassızdır. Uran konsentaratı yükünün daşınması ilə əlaqədar qanunvericiliyə müvafiq şəkildə yazışmalara dair məlumatlandırma iddiaçı tərəfindən aidiyyəti üzrə həyata keçirilmiş, iş üzrə yazışmalar və digər sənədlərlə bu fakt öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən ADY-yə əlavə güzəştlərin tətbiq edilməsi barədə müraciət edilərkən MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcud olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2077/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.