Məhkəmə qərarları › İş №2-1(103)-1921/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1921/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1921/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıdan 794.57 manat məbləğində borcun tutulması barədə cavabdehin xx.xx.2024-cü il tarixli, 94 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-1(112)-9707/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2024-cü il tarixli, 94 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 94 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 794.57 manat borc məbləğinin ondan tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, Xətai Rayonu Əhmədli Bələdiyyəsinin bu qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Yaşadığı ərazi üzrə Xətai Rayonu Əhmədli Bələdiyyəsi olaraq cavabdeh qurum da öz vəzifə və öhdəliklərini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğun formada həyata keçirməlidir. Həmçinin, cavabdeh qurum öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə düşən öhdəlik və vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməli, sakinlərin haqlı narazılıqlarının, onları narahat edən problemlərinin həllində yardımçı olmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün məhz həmin Qanundan irəli gələn sosialmüdafiə və sosial inkişaf proqramlarını vaxtlı-vaxtında həyata keçirməlidir. O cümlədən bələdiyyə büdcəsinə ödəniləcək borcla əlaqədar, həmin borcun yaranma mənbəyi barədə sakinləri öncədən məlumatlandırmalıdır. Xətai Rayonu Əhmədli Bələdiyyəsi 94 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edərkən “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərin də pozmuşdur. Belə ki “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələbinə görə bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli və bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Xətai Rayonu Əhmədli Bələdiyyəsi qərar qəbul etməmişdən əvvəl bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında nəinki mütəmadi, ümumiyyətlə bir dəfə də olsun hesabat verməmiş, hər hansı bülleten buraxmamış və bu günədək illik hesabatlarına dair bələdiyyə binası qarşısında xüsusi lövhələr asaraq sakinləri məlumatlandırmamışdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan əmlaka dair xx.xx.2017-ci il tarixli Çıxarışı əsasında vergi ödəyicisi kimi BAMS (X1 Sistemi) proqramında qeydiyyatı aparılmış və Vergi Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun olaraq vergi borcu hesablanmışdır. İddiaçı ərizəsində “hər bir fiziki şəxsin Konstitusiya və Qanunlara hörmət etmək vəzifəsi” nin olduğunu xüsusilə vurğulamasına, həmçinin vergi ödənişlərini vaxtlı-vaxtında ödədiyini bildirməsinə baxmayaraq BAMS proqramında qeydiyyatı aparılmış vətəndaşın yerli (bələdiyyə) vergiləri üzrə fiziki şəxsin X2 də (qoşmaya əlavə olunur.) göründüyü kimi heç vaxt əmlak və torpaq vergisini ödəməmişdir. İddiaçı əmlak və torpaq vergisi ödəmə öhdəliyinin Bələdiyyələrin mövcudluğundan və fəaliyyətindən irəli gəldiyini bildirsə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsində Vergiyə anlayış verilmiş və göstərilmişdir ki, “Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətininmaliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir”. İddia ərizəsinin mahiyyətinin və iddia tələbinin “qərarın ləğv edilməsi” tələbi üzrə olduğunu nəzərə alaraq iddiaçı tərəfindən Bələdiyyənin sosial müdafiə, sosial iqtisad inkişaf proqramları çərçivəsində fəaliyyəti və ya fəaliyyətsizliyinin mübahisələndirilməsini əsassız hesab edir və bu barədə təklif və ya iradlarını Bələdiyyəyə yaxınlaşaraq bildirməsini tövsiyə etmişdir. Yerli (bələdiyyə) büdcəsinin əsasını fiziki və hüquqi şəxslərdən alınan əmlak (torpaq) vergisi təşkil edir. Buna uyğun olaraq formalaşmış büdcə əsasında Bələdiyyələr tərəfindən hər il müəyyən tədbirlər planı hazırlanır. İddiaçı ona hesablanmış vergi borcu ilə bağlı heç bir təsdiqedici sənədin ona təqdim olunmadığını və buna görə də öz etirazını bildirə bilməməsini, həmçinin bələdiyyə tərəfindən hüquqlarının pozulduğunu iddia etsə də, iddia ərizəsində qeyd olunanlar əsassızdır. Belə ki, iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, vergi borcunun ödənilməsi bildirilsə də, o borcu ödəməkdən yayınmışdır. Bundan əlavə iddiaçıya hesablanmış vergi borcu ilə bağlı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq, Akt və tədiyə bildirişi rəsmi qaydada poçt vasitəsilə ünvanına göndərilməsi və xx.xx.2024-cü il tarixdə Bələdiyyəyə dəvət olunduğu bildirilmişdir. İddiaçı tərtib edilmiş sənədlər barəsində məlumatı olmasına və rəsmi qaydada göndərilmiş sənədləri qəbul etməsinə baxmayaraq Bələdiyyəyə gəlməmiş və vergi borcu öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9707/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 94 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 794.57 manat borc məbləğinin tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İddiaçı mütəmadi olaraq vergi ödənişlərini ödəməyə çalışmış və ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına hörmət etmək hər bir fiziki və hüquqişəxslərin müqəddəs vəzifəsidir. Odur ki, yaşadığı ərazi üzrə Xətai Rayonu Əhmədli Bələdiyyəsi öz vəzifə və öhdəliklərini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğun formada həyata keçirməlidir. Həmçinin, həmin qurum öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə düşən öhdəlik və vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməli, sakinlərin haqlı narazılıqlarının, onları narahat edən problemlərinin həllində yardımçı olmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün məhz həmin Qanundan irəli gələn sosial müdafiə və sosial inkişaf proqramlarını vaxtlı-vaxtında həyata keçirməlidir. O cümlədən, bələdiyyə büdcəsinə ödəniləcək borcla əlaqədar, həmin borcun yaranma mənbəyi barədə sakinləri öncədən məlumatlandırmalıdır. İddiaçının əmlakının yerləşdiyi ərazidə son 20 il ərzində bələdiyyə tərəfindən heç bir iş görülməmişdir. Bələdiyyələr ərazidə yaşayan sakinlərdən vergi tələb etdiyi kimi, sakinlərin də bələdiyyələrdən bu pulların hara xərcləmələri barəsində məlumat almaq hüququ vardır. Xətai Rayonu Əhmədli Bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 94 nömrəli qərar qəbul edərkən “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələbinə görə bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli və bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Cavabdeh qərar qəbul etməmişdən əvvəl bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında bir dəfə də olsun hesabat verməmiş, hər hansı bülleten buraxmamış və bu günədək illik hesabatlarına dair bələdiyyə binası qarşısında xüsusi lövhələr asaraq sakinləri məlumatlandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının təqdim etdiyi iddia ərizəsində bələdiyyə tərəfindən qanunsuz və əsasız olaraq qərar qəbul edildiyi bildirilir, lakin qərarın hansı əsaslarla əsasız olduğu iddiaçı tərəfindən göstərilmir. İddiaçı yaranmış olan problemlə bağlı olaraq Cavabdehnə müraciət etməli idi. İddiaçı vergi borcunun əsassız olaraq hesablandığını bildirsə də, bununla bağlı hər hansı arqument göstərə bilmir. İddiaçı 19 dekabr 2017-ci ildə fərdi yaşayış evinə çıxarış almışdır. Əmlakın ümumi sahəsi 468,7 kv.metrdir. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əmlak və torpaq vergisi hesablanmışdır. Bu kimi hallarda bələdiyyə tərəfindən telefon xidməti vasitəsilə şəxslərlə əlaqə saxlanılıb şifahi şəkildə məlumat verilir və inzibati orqana dəvət edilir. Gəlmədikləri halda isə bildiriş onların evlərinə göndərilir. Məktub vasitəsilə xəbərdarlıq, akt və bildiriş iddiaçının ünvanına göndərilmişdir. İddiaçı 04 mart 2024-cü il tarixdə xəbərnaməni qəbul etmişdir. Xəbərnamədə də iddiaçıya inzibati orqana gələrək vergi borcu ilə tanış olması bildirilir. Lakin buna baxamayaraq iddiaçı məsələ ilə bağlı inzibati orqana gəlməmişdir. Bu səbəbdən də inzibati orqan tərəfindən akt tərtib olunaraq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241,5 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi iddaçının xüsusi mülkiyyətindədir. - Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/242 №-li xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda aşağıdakılar göstərilmişdir: “… Mülkiyyətinizdə olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin 241.5 kv.m əmlak sahəsinin 2024-cü ilin 15 avqust tarixinə qədər 1 (bir) illik əmlak vergisi 75.78 AZN (yetmiş səkkiz manat, yetmiş beş qəpik), torpaq vergisi 2.4 AZN (iki manat, qırx qəpik) təşkil edir. 2020-ci ildən qalan əmlak və torpaq vergisi borcu 530.46 AZN (beş yüz otuz manat, qırx altı qəpik), Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gecikdirilmiş hər bir gün üçün 0.1% (sıfır tam onda bir) faiz məbləği 180.62 AZN (yüz səksən manat, altmış iki qəpik) təşkil edir. Ümumilikdə 862.64 AZN (səkkiz yüz altmış iki manat, altmış dörd qəpik) borcu vardır. Əmlak vergisini vaxtında ödəmədi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bələdiyyə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri, maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. “Bələdiyyənin Vergi Xidməti Orqanı” haqqında Əsasnamənin 5-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən xəbərdarlıq və tədiyə bildirişi Sizə təqdim olunan gündən 10 (on) gün sonra (könüllü ödəniş istisna olmaqla) yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Bu halda əlavə olaraq 70.00 AZN (yetmiş manat, sıfır qəpik) maliyyə sanksiyası və ümumi məbləğin 7% (yeddi) məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir. Bələdiyyənin Vergi Xidməti Orqanı xəbərdarlığı nəzərə almağınızı, əmlak vergisinin ödənilməsini Sizə tövsiyyə edir”. - Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 94 nömrəli qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi və hesablanmış 724.57 manat və maliyyə sanksiyası üzrə 70 manat, ümumilikdə isə 794.57 manat borc məbləğinin yuxanda göstərilən fiziki şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. - Əhmədi Bələdiyyəsi tərəfindən Xətai Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2024cü il tarixli, 01/406 nömrəli məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1,6.1.8-ci maddələrinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82, 87-ci maddələrinə əsasən fiziki şəxs İddiaçı (Qərar № 94, FİN xxxxxxx) ötən dövr üçün hesablanmış vergi borcunun, o cümlədən dayanaqsız olaraq hesablanmış bu günə olan faizlərin Əhmədli Bələdiyyəsinin yerli büdcəsinin hesabına məcburi ödənilməsi haqqında qərar icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. - Məhkəmənin müvafiq sorğusuna əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01/1564 nömrəli məktubu ilə Bələdiyyə İddiaçı əmlak və torpaq vergisinə görə hesablanmış borc əsasında tərtib olunmuş tədiyyə bildirişinin çatdırılmasını təsdiq edən müvafiq sənədlərin təsdiq edilmiş formaları birinci instansiyası məhkəməsinə təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həm torpaq vergisi, həmçinin də əmlak vergisinin məbləği düzgün hesablanmışdır. İlk növbədə torpaq vergisinə münasibətdə qeyd olunmalıdır ki, tədiyyə bildirişinə görə iddiaçı tərəfindən əmlak və torpaq vergisinə görə ödənilməli pul məbləği 151 manat təşkil etmiş, ötən dövr üzrə vergi borcu 530,46 manat olmuş, faiz məbləği isə 180,62 manat təşkil etmiş, ümumilikdə ödənilməli olan vergi borcu 862,64 manat təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlakın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallara görə 8-ci zonada yerləşdiyini nəzərə almış, yaşayış sahəsinin ölçüsündən 30 kv.m çıxaraq hesablamanı aparmış, bununla da bir il üçün əmlak və torpaq vergisini müəyyən etmişdir. Göründüyü kimi əmlak və torpaq vergiləri ilə bağlı məbləğ cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Həmçinin cavabdeh inzibati orqan haqlı olaraq ödənilməmiş vergi borclarına görə faiz məbləği hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin normasına görə, dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göründüyü kimi cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanaraq vergilərin ödənilməməsini əsas götürmüş və əsaslı olaraq əlavə faiz məbləği hesablamışdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 8-1 bəndinə əsasən, yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2-ci maddəsinə görə, yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq, qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1-ci maddəsinə əsasən, bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - 3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə görə, bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Vergi Məcəlləsinin 5.0.3-cü maddəsinə görə, bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Vergi Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, 4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15- dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə görə, torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinin 208-ci maddəsinə əsasən, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-1(112)-9707/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2-1(112)-9707/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar