Məhkəmə qərarları › İş №2-1(103)-1926/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1926/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1926/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m olan qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 19 mart 2015- ci il tarixdə "xxxx" MTK-ya ərizə ünvanlayaraq ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsini və pay haqqını könüllü olaraq iddiaçıya İddiaçı verilməsini xahiş etmişdir. Kooperativin 19 mart 2015-ci il tarixli “68” saylı protokoluna əsasən kooperativin üzvü X3 ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsini və pay haqqının könüllü olaraq İddiaçı verərək kooperativ üzvlüyündən çıxmış və iddiaçı kooperativ üzvlüyünə qəbul edilmişdir. Həmçinin, qeyri yaşayış sahəsinin pay haqqı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Lakin iddiaçının sözügedən əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və texniki pasportu olmadığı üçün əmlak üzərində öz hüquqlarını tam şəkildə həyata keçirə bilmir. Bununla bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçı tərəfindən müraciət olunsa da onun müraciət məktubuna heç bir cavab verilməmişdir. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8831/2022 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı icraatının iştirakçıları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 328 nömrəli istismara icazə sənədinə istinad edilmişdir, həmin çoxmənzilli yaşayış binasının istismarına icazə sənədində tikinti obyektinin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və Sarabski küçələrinin kəsişməsi, 657-ci məhəllə; 1 girişli, zirzəmili, 18(+texniki) mərtəbəli yaşayış binası olaraq qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən iddia edilən və göstərilən qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin 68 saylı xx.xx.2015-ci il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, X3 MTK-ya ünvanladığı müraciət ərizəsi ilə əlaqədar MTK üzvlüyündən azad edilmiş və “QLOBALİNŞAAT" MTK-nın ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci (birinci) mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin və payın İddiaçı adına keçirilməklə 1 (bir) nəfər (özü) kooperativə üzv qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontoru xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, BŞİH başçısının 251 saylı xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Bakı şəhər, Nəsimi rayonu, Azadlıq pr, ev.64 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m. olan qeyri yaşayış sahəsini və pay haqqının X4 tərəfindən könüllü olaraq vətəndaş İddiaçı verərək üzvlükdən azad olunmuşdur. İş materiallarında olan Maliyyə Arayışından görünür ki, iddiaçı X2 tərəfindən ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m. olan qeyri yaşayış sahəsinin dəyəri tam olaraq müəssisəyə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qeyri yaşayış sahəsinin” Alqı-Satqı Müqaviləsindən görünür ki, vətəndaş X2 ilə "xxxx" MTK arasında ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, X3 19 mart 2015- ci il tarixdə "xxxx" MTK-ya ərizə ünvanlayaraq ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsini və pay haqqını könüllü olaraq İddiaçı verilməsini xahiş etmiş, Kooperativin 19 mart 2015-ci il tarixli “68” saylı protokoluna əsasən kooperativin üzvü X3 ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsini və pay haqqının könüllü olaraq İddiaçı verərək kooperativ üzvlüyündən çıxmış və iddiaçı kooperativ üzvlüyünə qəbul edilmişdir. Qeyri yaşayış sahəsinin pay haqqı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı cavabdehə müraciət edərək ünvan 1li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m olan qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etsədə, müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “...göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixli 328 nömrəli (istismara icazə sənədi) icazə verilməsi və həmin binanın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı mövcud olduğundan, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildiyindən, həmçinin qeyri-yaşayış binasının yerləşdiyi binanın istismara qəbul aktı mövcud olduğundan iddiaçının mülkiyyət hüqununun qeydə alınmasında imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir” Birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin dəlili "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına icazə sənədinin olmaması” ilə bağlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. ... Göründüyü kimi, qanunverici mənzil-tikinti kooperativinin pay haqqını tam ödəməklə şəxsin mənzilə mülkiyyət hüququnun yaranmasını müəyyən etsə də, həmin hüququn dövlət qeydiyyatına alınması üçün kooperativin inşa etdiyi binanın istismarına icazə aktının verilmiş olması şərtini müəyyən etmişdir. AR Şəhərsalma və və Tikinti Məcəlləsinin 3.0.29-cu maddəsinə əsasən, tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.2-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalan”nın 2.1-ci bəndinə əsasən, mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göründüyü kimi, sadalanan qanun normalarında çoxmənzilli binaların tikintisi başa çatdıqdan sonra dövlət nəzarəti qaydasında qüvvədə olan qanunvericiliyə uyğun nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanından binanın istismarına icazə sənədi alınması məcburi göstəriş olaraq müəyyən edilmişdir. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşin obyektiv araşdırılması məqsədi ilə, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilərək bildirilmişdir ki, “tərəfinizdən verilmiş xx.xx.2022-ci il il tarixli, MİHO/2.1.1-2-2022-4631 nömrəli məktubunuz ilə ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 328 nömrəli istismara icazə sənədi məhkəməyə göndərilmişdir. Həmin xx.xx.2020-ci il tarixli 328 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surətində isə tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı (adı olduqda) Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və Sarabski küçələrinin kəsişməsi, 657-ci məhəllə; 1 girişli, zirzəmili, 18 (+texniki) mərtəbəli yaşayış binası göstərilmişdir. ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının yerləşdiyi ünvanın müqayisəli təhlilini apararaq çoxmərtəbəli yaşayış binasının istismara qəbul edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunur”. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-35/2- 6715/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-4631 nömrəli məktubu ilə Bakı İnzibati Məhkəməsinə təqdim edilən istismara icazə sənədi Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və Sarabski küçələrinin kəsişməsi, 657-ci məhəllə ünvanında yerləşən torpaq sahəsində "xxxx" MTK-a tərəfindən inşa edilən 1 girişli, 18 mərtəbəli yaşayış binasına aiddir. Eyni zamanda “Qlobal-İnşaat" MTK-ya yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 291 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Azadlıq prospekti İlə İ.Həmidov küçəsinin kəsişməsindəki 753cü məhəllədə 0,22 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhəri Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən həmin torpaq sahəsinin üzərində 1 girişli 19-21 mərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya xx.xx.2006-cı il tarixli 3570 nömrəli “Tikinti Qeydiyyatı” sənədi verilmişdir. Hal-hazırda həmin tikinti obyektinə istismara icazə sənədi verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-a məxsus çoxmərtəbəli yaşayış binasına istinad etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 328 nömrəli istismara icazə sənədi həmin çoxmərtəbəli yaşayış binasına verilməmişdir. Həmin istismara icazə sənədi "xxxx" MTK-ya məxsus digər 1 girişli, 18 mərtəbəli yaşayış binasına aid olmuşdur. Məhkəmə kollegiyası sadalananlara məcmu halda qiymət verərək, bu nəticəyə gəlir ki, qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzilin daxil olduğu çoxmənzilli binanın istismara icazə aktı olmadığından cavabdeh orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8831/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar