Məhkəmə qərarları › İş №2-1(103)-1932/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1932/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1932/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsini daşkəsəkdən, müxtəlif növ tullantılardan təmizləyib abadlaşdıraraq normal vəziyyətə gətirmişdir və təmiz, abad vəziyyətdə saxlanılmasını təmin etmək üçün daş hasara almışdır. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Uzun illərdir abadlaşdırıb daş hasara aldığı, istifadəsində olan həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün 2005-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə müsbət cavab verilərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı əsasında Torpaqların alqı-satqısına dair Akt tərtib edilmiş və tərəfindən Səbail Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə 200 manat, xx.xx.2007-ci il tarixdə 2296 manat pul ödənilmişdir. 1991-ci il tarixdən faktiki olaraq, xx.xx.2005-ci il tarixdən isə həm faktiki, həm də ilkin hüquq müəyyənedici sənədlərlə qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinin planının və ölçüsünün və hüquqlarını qeydiyyatdan keçirməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. İdarədən müraciətinə cavab olaraq ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlardır. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir.” Cavab məktubunda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən, rayon torpaq şöbəsi torpaq sahəsinin normativ qiyməti barədə sənədi bələdiyyəyə göndərir. Torpaq sahəsinin qiyməti onun tərəfindən ödənilmişdir. “Torpaqların alqı-satqısı” Qaydalarının torpaq sahəsinin normativ qiyməti ilə bağlı tələbi təmin edilmişdir. Cavabdehin mövqeyi formal xarakter daşıdığından əsaslı sayıla bilməz. Eyni zamanda üzərində hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi 31 ildir ki, fasiləsiz olaraq onun istifadəsində, faktiki mülkiyyətindədir, torpaq sahəsində mütəmadi olaraq abadlaşdırma işləri aparır. Bu müddət ərzində həmin torpaq sahəsi ilə bağlı nə hər hansı bir vətəndaş, nə də hər hansı bir dövlət, yerli özünüidarə orqanı tərəfindən etiraz irəli sürülməmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı nəinki ləğv edilməmiş, hətta ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda həmçinin bildirilir ki, “qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur.” Uzun illərdir ki, torpaq sahəsi onun istifadəsindədir və bu müddətdə hər hansı bir iddia, yaxud etirazla qarşılaşmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-3844/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X12 oglu üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuzdur, buna görə də ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. İddiaçı 1991-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsini daşkəsəkdən, müxtəlif növ tullantılardan təmizləyib abadlaşdıraraq normal vəziyyətə gətirmiş və təmiz, abad vəziyyətdə saxlanılmasını təmin etmək üçün daş hasara almışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün 2005-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Bələdiyyəsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı ilə sözügedən torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı əsasında Torpaqların alqı-satqısına dair Akt tərtib edilmiş və tərəfindən Səbail Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə 200 manat, xx.xx.2007-ci il tarixdə 2296 manat pul ödənilmişdir. 1991-ci il tarixdən faktiki olaraq, xx.xx.2005-ci il tarixdən isə həm faktiki, həm də ilkin hüquq müəyyənedici sənədlərlə qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinin planının və ölçüsünün və hüquqlarının qeydiyyatdan keçirməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə cavabdehə müraciət etmişdir. İdarədən ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmiş və imtinanın əsasları kimi qeyd edilir ki, “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlardır. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur.” Eyni əsaslandırma cavabdehin etirazında da öz əksini tapmışdır. Bundan başqa, etirazda əlavə olaraq bildirilir ki, idarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə qəbirstanlıq ərazisi qeyd edilmişdir. Cavabdehin imtinasını, etirazını, o cümlədən verilmiş ekspert rəyini və bu sənədlərə uyğun qəbul edilmiş məhkəmə qərarını aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. Məhkəmə qərarının əsaslandırıcı hissəsində əsas kimi sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması göstərilir. Belə bir qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyinə də istinad etmişdir. Ekspert rəyi məhkəmə icraatının aparıldığı dövrdə keçirilsə də, ona məxsus torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair cavabdehin qanunsuz mövqeyi ona məhkəməyə qədər imtina məktubundan məlum idi. Bələdiyyə qərarı ilə torpaq sahəsi iddiaçıya satılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, başqa sözlə sözügedən torpaq dövlət mülkiyyətində olan torpaq deyil, bələdiyyə torpağıdır. Evlərin yerləşdiyi torpaq sahələri məhz bələdiyyə qərarları ilə satılmış və sözügedən torpaq sahələrinə onların sahiblərinin mülkiyyət hüquqları reyestr xidmətində qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən cavabdehə göndərilmiş Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı sorğuya cavab olaraq 2 nəfərin torpaq sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərin birindən görünür ki, Səbail Rayonu Badamdar Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X9 mülkiyyətinə verilməsi barədə” 14 sentyabr 2006-ci il tarixli, 233 nömrəli Qərarı ilə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600,0 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X9 adına sənədləşdirilmişdir. Digər sənədlə müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 9 mart 1995-ci il tarixli, 758 saylı Sərəncamı ilə X7 fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, qərarının əsaslandırıcı hissəsində ekspert rəyinə istinad edildikdən sonra qeyd edilir: “Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş sənədlər cavabdehdən tələb edilərək araşdırılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahələrindən biri Səbail Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli 233 saylı qərarına əsasən qeydiyyata alınsa da, digəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir”. Birinci instansiya məhkəməsi torpaqların mülkiyyətini müəyyən edərkən hələ bələdiyyələrin mövcud olmadığı 1995-ci ildə icra hakimiyyəti tərəfindən ayrılmış torpaqla 2005-ci il tarixdə Bələdiyyə qərarı ilə satılmış torpağı müqayisə edərək “Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir” kimi yanlış və əsassız bir nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu il tarixdə keçirilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Qanununun 2.1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının tərkibi müəyyən edilmişdir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Yəni, məhkəmənin müqayisə edərək yanlış nəticəyə gəldiyi dövlət torpağının ayrıldığı vaxt nəinki bələdiyyə torpaqları, heç bələdiyyələrin özü yox idi. Həmin vaxt (1995ci ildə) ayrılan torpaq təbii ki, dövlət torpağı olacaqdı, bələdiyyə torpağı yox. Buradan o nəticəyə gəlmək olar ki, bələdiyyə qərarı ilə ona satılmış torpağın qonşuluğunda və həmsərhəd olan torpaqların həmin vaxt (2001-ci ildən sonra) dövlət mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş iki sənəddən biri 2006-cı ilə aiddir və bələdiyyiə mülkiyyətində olmuş, bələdiyyə qərarı ilə X1. Digər torpaq sahəsi isə bələdiyyələr yaranmamışdan xeyli əvvəl, 1995-ci il tarixdə dövlət mülkiyyəti kimi icra hakimiyyətinin sərəncamı əsasında X7 ayrılmışdır. Cavabdeh qonşuluqdakı torpaq sahələri üzərində qeydiyyat üçün əsas olmuş digər nümunələri məhkəməyə məhz ona görə təqdim etməmişdir ki, həmin ərazidə bütün torpaqlar bələdiyyə mülkiyyətində olmuş və hüquqların qeydiyyatı üçün məhz bələdiyyə qərarları əsas olmuşdur. Məhkəmə qərarında ekspert rəyinə istinad edilərək göstərilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Daha sonra qeyd edilir ki, “Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur”. Cavabdehin məhkəməyə təqdim etdiyi, ona məxsus torpaq sahəsinin qonşuluğundakı torpaq sahələri üzərində hüquqların qeydiyyatına əsas olmuş sənədlər xx.xx.2023-cü il tarixli ekspert rəyinin əsassızlığını göstərir. Çünki əgər cavabdeh məhkəməyə bələdiyyə tərəfindən ona torpaq satılan dövrə aid dövlət mülkiyyətində olmuş torpaq sahəsinin ayrılması ilə bağlı sənəd nümunəsi təqdim etsəydi, o zaman müqayisəli araşdırma imkanı yaranardı və təqdim edilmiş ekspert rəyi də heç olmasa yarımmötəbər rəy kimi görünərdi. Lakin fakt ondan ibarətdir ki, ona məxsus torpaq sahəsinin qonşuluğunda, ona həmsərhəd olan və həmin dövrdə dövlət mülkiyyəti kimi ayrılmış torpaq sahəsinə dair bir nümunə belə yoxdur, bələdiyyə torpağına dair nümunə isə var. Bu isə o deməkdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 316 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi ekspert rəyində göstərilənin əksinə, dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olan torpaqdır və ona tam qanuni əsaslarla satılmışdır. Məhkəmənin əsaslı hesab etdiyi ekspert rəyində tədqiqatın nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin qəbiristanlıq ərazisi olub-olmamasının müəyyən edilməsi ilə bağlı qeyd edilir: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0,12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X3 adına 1429A saylı bağ kimi qeydiyyata alınmışdır. Qərardadda qoyulmuş sualın cavabı ekspert rəyindən daha çox cavabdehin məhkəməyə təqdim etdiyi ayrı-ayrı şəxslərə məxsus torpaq sənədlərindən görünür, yəni ərazinin qəbiristanlıq ərazisi olması təsdiq olunmur. Ekspert rəyində əks olunmuş cavab yalnız qeyri-müəyyənliyi ilə diqqəti cəlb etmir, eyni zamanda cavabdakı məlumatlar da sonradan öz təsdiqini tapmır və cavabdeh tərəfindən başqa bir şəxsin, X4 adı hallanır. Birinci instansiya məhkəməsi 30 ildən artıq faktiki, təxminən 20 ilə yaxın müddətdir fasiləsiz və etirazsız şəkildə onun faktiki mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsinə hər hansı başqa şəxsin, o cümlədən X4 hüquqlarının olmasına dair cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs kimi icraata cəlb etmişdir. Alqı-satqı Aktı ilə bağlı bildirir ki, bu prosesin onun tərəfindən icra olunmalı tələbləri tam şəkildə icra olunmuş və ödənişlər edilmişdir. Digər tərəfdən, cavab məktubunda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən, rayon torpaq şöbəsi torpaq sahəsinin normativ qiyməti barədə sənədi bələdiyyəyə göndərir. Torpaq sahəsinin qiyməti tərəfindən ödənilmişdir. “Torpaqların alqı-satqısı” Qaydalarının torpaq sahəsinin normativ qiyməti ilə bağlı tələbi təmin edilmişdir. Cavabdehin mövqeyi formal xarakter daşıdığından əsaslı sayıla bilməz. Eyni zamanda iddiaçıya satılmış torpaq sahəsinin alqı-satqı Aktı cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş X10 məxsus alqı-satqı Aktı ilə forma, məzmun və imzalanma baxımından tamamilə eynilik təşkil edir. X9 hüquqları məhz həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı işin faktiki halları baxımından əsassız, hüquqi əsaslandırma nöqteyi nəzərdən əsassız qərardır, buna görə də ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmışdır. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlardır. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 316 saylı 26 dekabr 2005-ci il tarixli “Səbail rayonu ərazisində olan 600 kv.m. torpaq sahəsinin vət. S.K. Kərimovun adına sənədləşdirilməsi barədə” Qərarının surətindən görünür ki, Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla uqodiyası “Qəbiristanlıqlar” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Hikmət Sadıqovun tərtib etdiyi 06 iyul 2023-cü il tarixli, 3-21-3-30/2-24854/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0.12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X3 adına 1429A saylı bağ kimi qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 316 saylı 26 dekabr 2005-ci il tarixli qərarına əsasən Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyətidir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla uqodiyası “Qəbiristanlıqlar” kimi qeyd edilmişdir. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyəti olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. Həmçinin həmin sahənin “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla uqodiyasının “Qəbiristanlıqlar” kimi qeyd edilməsi müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarından isə görünür ki, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar