Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1936/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14875/2023 saylı, 19 dekabr 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 9 yer «Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik PLS PET KİLİ (HASKLİ PLASTİK İTH.THR.SAN.TİC.LTD nişanlı)» yükünün rəsmiləşdirilməsi zamanı xx.xx.2023-cü il tarixli, **********1466 sorğu nömrəli bəyannamə üzrə artıq ödənilmiş 2933,90 (iki min doqquz yüz otuz üç manat, doxsan qəpik) manat əlavə dəyər vergisinin geri qaytarılması, artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından 9 yer «Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik PLS PET KİLİ (HASKLİ PLASTİK İTH.THR.SAN.TİC.LTD nişanlı)» yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük xx.xx.2023-cü il tarixdə **********1466 sorğu nömrəli bəyannamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı xx.xx.2023-cü il tarixdə bildiriş verərək, heç bir əsaslandırma aparmadan, qanunsuz və əsassız olaraq gömrük bəyannaməsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olmadığını, malın gömrük dəyərində 16299,48 manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. Bakı Baş Gömrük İdarəsinin verdiyi bildiriş qanunsuz və əsassızdır. İlk növbədə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanuna görə, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Gömrük orqanı tərəfindən bu müddətə riayət edilməmişdir. Bundan əlavə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununu Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. - 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. - 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə görə, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük orqanının təklif etdiyi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsi, yəni ehtiyat üsul idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Halbuki, "xxxx" MMC-nin idxal etdiyi malların bütün müşayiətedici sənədləri qaydasında olmuşdur və gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinə mane olan heç bir hal mövcud deyildir. "xxxx" MMC-nin ölkəyə idxal etdiyi malların müşayiət sənədlərinin qanuni və düzgün olması gömrük orqanı tərəfindən mübahisələndirilməmişdir və işin mübahisəsiz halıdır. Eyni zamanda, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən, gömrük orqanı tərəfindən verilmiş bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Gömrük orqanı verdiyi bildirişdə qanunvericilikdən formal çıxarışlar etməklə kifayətlənmiş, malların gömrük dəyərinin nə üçün malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinin mümkün olmadığını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Halbuki, cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borclu olmuşdur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir. Göründüyü kimi, gömrük orqanı tərəfindən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozulmuş, idxal olunmuş malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməli olduğu halda, heç bir əsaslandırılma aparılmadan, sübutlar gətirilmədən "xxxx" MMC-dən artıq ödənişlərin ödənilməsi tələb olunmuşdur. Bakı Baş Gömrük İdarəsində və Dövlət Gömrük Komitəsində məsul şəxslərə müraciət etsə də, heç kəs onlara qarşı edilmiş qanunsuzluqların qarşısını almamışdır. Malların uzun müddət gömrük rəsmiləşdirilməsi aparılmadan saxlanılması böyük miqdarda pul itkisinə səbəb olduğu üçün mübahisənin məhkəmə tərəfindən həll edilməsinə qədər Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsində nəzərdə tutulmuş “ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi” təminat üsulunun tətbiq edilməsi ilə idxal etdiyi malların sərbəst dövriyyəyə buraxılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət edilsə də, Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunazidd olaraq həmin müraciətə cavab verilməmişdir. O, Bakı Baş Gömrük İdarəsinin tələbləri tamamilə qanunazidd olmasına baxmayaraq, yalnız böyük maliyyə itkisinin qarşısını almaqdan ötrü, malları gömrüyün tələb etdiyi qanunsuz qiymətlərlə rəsmiləşdirməli oldu və gömrük rəsmiləşdirməsini aparmazdan əvvəl qəti olaraq bu barədə məhkəməyə müraciət etmək və artıq ödənişləri geri tələb etmək niyyətində olmağı ilə bağlı Bakı Baş Gömrük idarəsinə məktub ünvanladı. Gömrük əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində artıq olaraq, 2933,90 (iki min doqquz yüz otuz üç manat, doxsan qəpik) manat əlavə dəyər vergisi ödəməli oldu. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. İddiaçının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində aşkar olunan risklərin minimallaşdırılması üçün **********8342 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair GDD********** saylı Bildiriş iddiaçıya xx.xx.2023-cü il tarixdə göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. 23 sentyabr 2023-cü il tarixdə iddiaçı ondan tələb olunan düzəlişləri etdiyi, gömrük ödənişlərini ödədiyi üçün idxal olunan mallar həmin gün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi başa çatmışdır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Göründüyü kimi iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə etməyərək yuxarı gömrük orqanına yaxud məhkəməyə müraciət etməmiş, cavabdehin təqdim etdiyi bildirişlə razılaşaraq orada göstərilən gömrük dəyərini bəyannamədə düzəliş aparmaqla bəyan etmiş və gömrük ödənişlərini ödəmişdir. Həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçının dövlət büdcəsinə ödədiyi gömrük ödənişlərinin səhvən hesablandığını iddia etməsi üçün heç bir əsası yoxdur. Eyni zamanda, qeyd edilən gömrük bəyannaməsi üzrə araşdırma aparılan zaman tərəflərindən heç bir artıq ödənilmiş məbləğ müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14875/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 9 yer «Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik PLS PET KİLİ (HASKLİ PLASTİK İTH.THR.SAN.TİC.LTD nişanlı)» yükünün rəsmiləşdirilməsi zamanı xx.xx.2023cü il tarixli, **********1466 sorğu nömrəli bəyannamə üzrə artıq ödənilmiş 2933,90 (iki min doqquz yüz otuz üç manat, doxsan qəpik) manat əlavə dəyər vergisinin geri qaytarılması, artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 14875/2023 saylı, 19 dekabr 2023-cü il qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının nəticə hissəsində göstərilmiş “qaytarılmanın gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə müvafiq qərarın və rəyin verilməsi” AR Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli, 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə ziddiyyət təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı Baş Gömrük İdarəsi xx.xx.2023-cü il tarixli Gömrük dəyərinə düzəliş edilməsi üçün iddiaçıya bildiriş ünvanlayaraq qeyd etmişdir ki, gömrük bəyannaməsində dəyərləndirmənin "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olmadığı, malın gömrük dəyərində 16.299,48 manat məbləğində uyğunsuzluq aşkar edilmiş, uyğunsuzluğun aradan qaldırılması məqsədilə 5 (beş) iş günu ərzində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və ya bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il, xx.xx.2023-cü tarixli müraciətlərində qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından 9 yer «Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik PLS PET KİLİ (HASKLİ PLASTİK İTH.THR.SAN.TİC.LTD nişanli)» yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük xx.xx.2023-cü il tarixdə **********1466 sorğu nömrəli bəyannamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı xx.xx.2023-cü il tarixdə bildiriş verərək, gömrük bəyannaməsində dəyərləndirmənin "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olmadığı, malın gömrük dəyərində 16.299,48 manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. Bakı Baş Gömrük İdarəsinin verdiyi bildiriş qanunsuz və əsassızdır. İlk növbədə bildirilməlidir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanuna görə, buraxılışı həyala keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Gömrük orqanı tərəfindən bu müddətə riayət edilməmişdir. Bundan əlavə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə görə, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük orqanının təklif etdiyi "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-cü maddəsi, yəni ehtiyat üsul idxal olunan malların gömrük dəyərini bu Qanunun 13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Halbuki, "xxxx" MMC-nin idxal etdiyi malların bütün müşayiətedici sənədləri qaydasında olmuşdur və gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinə mane olan heç bir hal mövcud deyildir. Eyni zamanda, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən, gömrük orqanı tərəfindən verilmiş bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Gömrük orqanı verdiyi bildirişdə qanunvericilikdən formal çıxarışlar etməklə kifayətlənmiş, malların gömrük dəyərinin nə üçün malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinin mümkün olmadığını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, gömrük orqanı tərəfindən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozulmuş, idxal olunmuş malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməli olduğu halda, heç bir əsaslandırılma aparılmadan, sübutlar gətirilmədən "xxxx" MMC-dən artıq ödənişlərin ödənilməsi tələb olunmuşdur. Bakı Baş Gömrük İdarəsində və Dövlət Gömrük Komitəsində məsul şəxslərə müraciət etsələr də, heç kəs onlara qarşı edilmiş qanunsuzluqların qarşısını almamışdır. Gömrük orqanının tələbləri tamamilə qanunaziddir və bu barədə məhkəməyə müraciət etmək, məhkəmədən gömrük orqanının üzərinə malların real gömrük dəyəri əsasında gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyinin qoyulmasını tələb etmək niyyətindədirlər. Lakin malların uzun müddət gömrük rəsmiləşdirilməsi aparılmadan saxlanılması böyük miqdarda pul itkisinə səbəb olur və onlar şirkət olaraq altından çıxa bilməyəcəkləri duruma düşəcəklər. Ona görə də, mübahisənin məhkəmə tərəfindən həll edilməsinə qədər Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsində nəzərdə tutulmuş “ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi” təminat üsulunun tətbiq edilməsi ilə idxal etdikləri malların sərbəst dövriyyəyə buraxılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli eyni məzmunlu pretenziya məktubunu Bakı Baş Gömrük İdarəsinə ünvanlayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından idxal edilmiş yükün rəsmiləşdirilməsi zamanı xx.xx.2023-cü il tarixli, **********1466 sorğu nömrəli bəyənnamə üzrə artıq ödənilmiş 2933,90 (iki min doqquz yüz otuz üç manat, doxsan qəpik) manat əlavə dəyər vergisinin qaytarılmasını təmin edilməsini, əks halda, göstərilən məbləğin, boşdayanmaya görə daşıma şirkətinə ödədiyi pulların, eləcə də hüquqi yardımla bağlı vəkilə ödədiyi ödənişlərin və əldən çıxmış faydanın alınması üçün məhkəməyə müraciət olunmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Yeni məzmunda 12.4-cü maddə 27 dekabr 2022-ci il tarixli 775-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Beləliklə, hazırda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsindədir. Odur ki, malların gömrük dəyərinin müəyyən edilməsi zamanı qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır. Hazirki işin hallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından idxal edilmiş yükün rəsmiləşdirilməsi zamanı xx.xx.2023-cü il tarixli, **********1466 sorğu nömrəli bəyannamə üzrə artıq ödənilmiş 2933,90 manat əlavə dəyər vergisinin geri qaytarılmasını, artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə müvafiq qərarın və rəyin verilməsi tələb edir. Hazırkı iş üzrə cavabdehin əsas dəlili gömrük ödənişlərinin hesablanması zamanı səhvə yol verilməməsi ilə bağlıdır. Belə ki, gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair bildiriş iddiaçıya göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmış, iddiaçı ondan tələb olunan düzəlişləri etdiyi, gömrük ödənişlərini ödədiyi üçün idxal olunan mallar həmin gün sərbəst dövriyyə üçün buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mallara dair daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). Məhkəmə kollegiyası qeyd edir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Odur ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Gömrük Məcəlləsinin: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı malları (“Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik PLS PET KİLİ (HASKLİ PLASTİK İTH.THR.SAN.TİC.LTD nişanlı» yükü) xx.xx.2023-cü il tarixdə gömrük orqanına bəyan etmişdir. Qeyd edilən 1 (bir) illik müddət ödəyicinin pozulmuş hüquqlarının bəyanı üçün qanunvericiliklə müəyyən edilmişdir. İşin hallarından görünür ki, həmin münasibətlər davam edən xarakter daşımış və iddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Beləliklə, qeyd edilən 1 illik müddəti ötürməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli pretenziya məktubu Bakı Baş Gömrük İdarəsinə ünvanlayaraq artıq ödənilmiş 2933.90 manat əlavə dəyər vergisinin qaytarılmasını xahiş etmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsini tələb etməklə haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14875/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev