Məhkəmə qərarları › İş №2-1(103)-1958/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1958/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1958/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı vəkillər kollegiyasının üzvlüyünə qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-4264/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlığının müəyyən edilməsinə dair 19 oktyabr 2021-ci il tarixli 27 saylı şifahi müsahibə iclasında ona verilmiş şifahi müsahibə suallarına verdiyi cavablarının məqbul qiymətləndirilməsi öhdəliyi və ona peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması; onun müvafiq icra hakimiyyəti orqanının tədriselm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması; onun aşağıdakı tələblərə cavab verməyi şərtilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməyi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması: onun müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməyi; Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq onun işində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin İİ hissəsi ilə ziddiyyət təşkil edən halların olmaması; tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair 19 oktyabr 2021ci il tarixli 27 saylı protokolunun ona aid olan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ixtisasca hüquqşünasdır. 2015-ci ildə Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən Rusiya Yeni Universitetinin hüquq fakültəsini bitirmişdir. 2015-ci ilin mart ayından başlayaraq fərdi vergi qeydiyyatına düşməklə (VÖEN əsasında) praktik hüquqşünaslıqla məşğuldur. Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə növbəlilik qaydasında ixtisas imtahanı keçirilir. Cavabdehin növbəlilik qaydasında elan etdiyi ixtisas imtahanında iştirak etmək məqsədilə o, müvafiq sənədləri təqdim etməklə vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirak üçün vəkilliyə namizəd kimi qeydiyyatdan keçmişdir. 05 mart 2021-ci il tarixdə keçirilmiş vəkilliyə ixtisas imtahanının İ mərhələsində, yəni yazılı test imtahanında iştirak etmişdir. Həmin imtahanın nəticələrinə əsasən 76 (yetmiş altı) bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. 19 oktyabr 2021-ci il tarixdə Vəkillərin İxtisas Komissiyasının (bundan sonra - Komissiya) 27 saylı iclasında vəkilliyə ixtisas imtahanının İİ mərhələsində, yəni şifahi müsahibə mərhələsində iştirak etmişdir. Ona verilmiş suallar aşağıdakılardan ibarət olub: Mülki hüquqda mirasın qəbulu institutu; Ailə hüququnda övladlığa götürmə institutu; Cinayət hüququnda şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə məsələsi; Mülki hüquqda və ailə hüququnda ər-arvadın birgə mülkiyyətində olan əmlak institutu; Vəkillik hüququnda vəkilliyə xitam verilməsi məsələsi. Yuxarıda qeyd etdiyi kimi bu suallara mahiyyət üzrə doğru və dolğun cavab vermişdir. Komissiya qəbul etdiyi eyni tarixli protokolunda onun şifahi müsahibədə verdiyi cavabları qeyri-məqbul qiymətləndirib. Bununla da ixtisas imtahanının İİ mərhələsindən, yəni şifahi müsahibədən kəsilmişdir. 25 oktyabr 2021-ci il tarixdə Komissiyanın onun şifahi müsahibədə cavabının qeyri-məqbul qiymətləndirilməsinə dair qərarından cavabdehin Rəyasət Heyətinə şikayət vermişdir. 04 noyabr 2021-ci il tarixdə RH onun şikayətini rədd edib. 15 noyabr 2021-ci il tarixdə o, həmin qərar barədə rəsmi qaydada məlumatlandırılmışdır, yəni RH-nın 11 noyabr 2021-ci il tarixli cavab məktubu ona rəsmi qaydada təqdim edilib. RH-nın 11 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, RH onun şikayətini ixtisas imtahanlarının nəticələrinin dəyişdirilməsinə dair “əsas olmadığından” rədd edib. Nəticə etibarilə, yuxarıda qeyd edilmiş icraat əsasında cavabdeh onu vəkilliyə qəbul etməkdən imtina edib. Hesab edir ki, cavabdehin onun vəkilliyə qəbulundan imtina edilməsinə dair imtinaedici qərarı qanunsuz və əsassızdır. Buna görə cavabdehin üzərinə onun vəkilliyə qəbuluna dair icraatla əlaqədar bir sıra öhdəliklər qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, hazırkı məcburetmə iddiası çərçivəsində iddiaçının iddiasının qiymətləndirilməsi üçün məzmunu əhəmiyyətli olan 01 aprel 2021-ci il tarixli ərizəsində sonuncu Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanlarına buraxılması üçün sənədlərinin qəbul edilməsini xahiş etmiş, sənədlər ondan qəbul edilmiş və imtahanlara buraxılmışdır. Bu ərizə özü-özlüyündə Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmə üçün xahişi nəzərdə tutan ərizə deyil və bu ərizəyə baxılmasının nəticəsi özüözlüyündə üzvlüyə qəbul və ya imtina ilə nəticələnə bilməz. Üzvlüyə qəbul məsələsi ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün baxış predmetini ümumiyyətlə təşkil etməmişdir. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər, iddia tələblərinin mahiyyətinə dair iddiaçının mövqeyini ifadə edən mülahizələrdən görünür ki, iddiaçı bunu “başlıca mövzu” və “əsas problem” hesab edir. İddiaçının “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyi müəyyən etdikdə onun üzərinə arzu edilən inzibatı aktı qəbul etmək öhdəliyi qoymamalıdır. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması" tələbi mümkün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi" tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi, inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulubqoyulmaması məsələsini həll edə bilər. İddiaçının “Azərbaycan Respublikası Vəkillər X2 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi” tələbi də əsassızdır. Qeyd edilməlidir ki, iddiaçının şikayətinə Azərbaycan Respublikası Vəkillər X3 baxılmış, 11 noyabr 2021-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir. Göründüyü kimi barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. Belə olan halda “Azərbaycan Respublikası Vəkillər X2 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi" tələbi də mümkün sayılmamalıdır. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavabların “qeyri-məqbul” qiymətləndirilməsi işdə olan sübutlarla tam təsdiq edilir və iddiaçı bunun əksini sübut edən hər hansı sübut və ya əsaslı dəlil irəli sürməmişdir. İddiaçının onun cavablarının məqbul kimi qiymətləndirilməli olması barədə dəlili heç bir faktiki əsasa söykənmir, yalnız onun şəxsi istək və mülahizələrindən ibarətdir. İddiaçının suallara qeyri-məqbul cavab verməsi iş materiallarına əlavə edilmiş protokol və vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın X1 çıxarış ilə təsdiq edilir. Belə ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın X1 çıxarışdan görünür ki, iddaçıya xx.xx.2021 tarixdə vəkilin fəaliyyətinə xitam verilməsi, mirasın qəbul edilməsi, ər-arvadın ümumi birgə mülkiyyəti, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə, mülki prosesdə uşağın övladlığa götürülməsi məzmununda suallar verilmiş, Vəkillərin İxtisas Komissiyasının iclasda iştirak edən 8 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrı-ayrılıqda yazılı qiymətləndirilməldə iddiaçıya ümumilikdə 16 məqbul və 24 qeyri-məqbul qiyməti verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən 19 oktyabr 2021-ci ıl tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. Göründüyü kimi iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bır sübutu təqdim etməmişdir. Vəkillər X2 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtlən həmin Qaydaların 4.1-4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-cı bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdırlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə, İnzibati İcraat haqqında Qanunun 1.1.-ci maddəsi və Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 1-ci maddəsinin İİ hissəsi pozulmuş hesab edilə bilməz. İxtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsi barədə iddiaçının mövqeyi də tamamilə əsassızdır. Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdınlərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibinin 01 mart 2018-ci. il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı, qaydada keçməsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı, üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi. Hesab edirlər ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtlən barədə iddialası əsassızdır. Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bır müddəasını pozmamışdır. İddiaçının onun peşə hüququnun pozulması barədə iddiası əsassızdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8.1-ci maddəsinə istinad edərək peşə hüququnun, pozulmasını iddia edir. İlk növbədə qeyd edilməlidir ki, Konstitusiyanın 35-ci maddəsinin 11 hissəsi vəkil statusu əldə etmək üçün müvafiq imtahanlar vəsitəsi ilə peşə hazırlığı, və peşə yararlılığının müəyyən edilməsini istisna etmir. Belə ki, Konstitusiyanın 35ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İddiaçının vəkil statusu əldə etməməsi onun fəaliyyət növü, peşə, məşğuliyyət və iş yen seçmək hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müəyyən edilmiş müddətlər bitdikdən sonra növbəti imtahanlarda sənəd vermək hüququna malikdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-4264/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun iddia tələbi aşağıdakı kimidir: a) onun şifahi müsahibədə verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinə və buna görə də müvafiq hüquqi rəy verilməsindən imtina edilməsinə dair inzibati akt ləğv edilməklə onun cavablarının məqbul qiymətləndirilməsi və müvafiq hüquqi rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; b) onun Ədliyyə Akademiyasında icbari təlimə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması; c) müəyyən şərtlərə cavab vermək şərtilə Kollegiyaya qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Qeyd edilməlidir ki, bu məzmunlu iddia tələbi məcburetmə haqqında iddiadır (İPM, maddə 33 və 73). Ona görə də onun tələbinin təmin edilməsi üçün onun arqumentləri məcburetmə haqqında iddianın əsaslılıq şərtlərinə cavab verməlidir. İnzibati orqana inzibati aktın qəbul edilməsi ilə bağlı ərizə daxil olduqda, onun dörd formada hərəkət etmək imkanı olur: 1) O, ərizəni təmin edir və inzibati aktı qəbul edir. Bu halda, icraat bitir, yəni şikayət instansiyasında icraata və ya iddia icraatına ehtiyac qalmır; 2) O, qərarın qəbul edilməsini qismən və ya tamamilə rədd edir. Bu zaman imtinaedici inzibati akt qəbul olunur. Ərizəçi bu qərardan ya şikayət instansiyasına şikayət verə, ya da iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 3) O, hərəkətsizlik nümayiş etdirir və heç bir qərar qəbul etmir. Belə olan halda iddiaçı, barəsində yuxarıda söhbət gedən hərəkətsizlyə dair iddia imkanından istifadə edə bilər; 4) Eyni mübahisə predmeti barəsində inzibati orqanın qərarı və ya məhkəmə qərarı mövcud olduğu halda, inzibati orqan İİQ-nin 34.2-ci maddəsinə müvafiq olaraq, ərizənin baxılmamış saxlanılınası haqqında qərar qəbul edə bilər. Həmin qərara qarşı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək olar. Qeyd edir ki, hazırkı iş üzrə iddiaçı inzibati orqan funksiyası daşıyan cavabdehə ərizə ilə müraciət edərək Kollegiyaya üzv qəbul edilmək istədiyini bildirib. Cavabdeh isə onun ərizəsini tamamilə rədd edib. Ona görə də o, bu iddia ərizəsi vasitəsilə cavabdehin üzərinə onun üçün əlverişli olan inzibati aktın qəbulunu tələb edir. İddiaçı inzibati orqandan arzuladığı inzibati aktın qəbulunu və ya inzibati orqanın diskresion səlahiyyətini qüsursuz həyata keçirilməsini tələb etmək hüququna malik olduqda, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi qanunsuz sayılır. Bu vəziyyət, mülki hüquqda tərəflərin tələb irəli sürərkən hər hansı qanuni əsasa istinad etməli olduqları vəziyyətlə oxşardır. Başqa sözlə, iddiaçının belə bir tələblə çıxış edə bilməsi üçün həmin tələbi nəzərdə tutan bir qanun mövcud olmalıdır. Vətəndaşların nəyisə tələb edə bilməsi hüququ heç də istənilən publik hüquq normasının tənzimetmə predmetini təşkil etmir. Müvafiq qaydanın yalnız ictimaiyyətin maraqları üçün deyil, həm də iddiaçının maraqları üçün nəzərdə tutulması zəruridir. Əgər tələb hüququ normanın mətnindən irəli gəlirsə, bu halda heç bir problem yaranmır. Məsələn: «...... şərtlər mövcud olduqda, ərizəçiyə taksi idarə etmək üçün lisenziya verilməlidir.» Lakin əksər hallarda normanın mətnindən ərizəçi üçün tələb hüququnun yaranması birmənalı olaraq görünmür. Məsələn, iddiaçının qonşuya məxsus torpaq sahəsindən gələn və onu narahat edən tüstüyə görə polisin həmin qonşu barəsində tədbir görməsini tələb etdiyi halda, iddia tələbinin əsası kimi belə narahatedici şəxslərə qarşı polisin tədbir görmək səlahiyyətini nəzərdə tutan qanun norması çıxış edəcəkdir. Səlahiyyətverici norma inzibati orqanın müvafiq fəaliyyətinə əsas verən normadır. Belə normanın iddiaçının tələbinin əsası qismində istifadəsinin mümkünlüyü onun eyni zamanda iddiaçının qorunmasına xidmət edib-etməməsindən asılıdır. İddia tələbinin qanuni əsasındakı maddi şərtlərin mövcudluğu normanın bütün dispozisiya şərtlərinin yerinə yetirilməsini şərtləndirir. Yuxarıda qeyd edilən mülahizələri hazırkı işin hallarında tətbiq etdikdə görünür ki, iddiaçının işi üzrə iddia tələbinin əsası kimi çıxış edən qanuni əsas "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ və İİ hissələridir. İddiaçı ixtisas imtahanı verməmişdən əvvəl qəbul ərizəsinə bir sıra sənədləri əlavə edib və bu sənədləri qəbul edərək iddiaçını imtahana buraxmaqla cavabdehin iddiaçının həmin şərtləri ödədiyini qəbul edib. Bunlara aşağıdakılar aiddir: iddiaçının ali hüquq təhsilli olması; iddiaçının hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajının olması; iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada alman tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olması. Qeyd edilən məsələlər artıq mübahisə mövzusu deyil. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddiaçı ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçib. Ona görə də bu məsələ də artıq mübahisə mövzusu deyil və bu məsələlərə hazırkı iş çərçivəsində gələcəkdə qayıdılmamalıdır. Bildiyimiz kimi hazırkı mübahisənin başlıca mövzusu iddiaçının “peşə yararlılığının müəyyən edilməsi məqsədilə şifahi müsahibə mərhələsini” müvəffəqiyyətlə keçib-keçməməsi problemidir. Tərəflər arasında mübahisəli məsələ budur. Bu mövzuya keçməmişdən əvvəl qısaca o məsələyə toxunmaq istərdi ki, iddiaçının müvafiq icra hakimiyyəti orqanının tədriselm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməsi tələbi (şərti) formal tələbdir. Çünki ixtisas imtahanından fərqli olaraq həmin icbari təlim imtahan deyil, iştirakçıİıq tələb edir. Ona görə də həmin təlim üçün əsas şərt iddiaçının iştirakçılığı olacaq. Eləcə də qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən Qanunun 8-ci maddəsinin İİ hissəsində göstərilən tələblərə də cavab verir (bunlar ümumi vətəndaşlıq və hüquqazidd statusun olmaması şərtləridir). Bu baxımdan iddiaçının işi üzrə əsas problem şifahi müsahibənin taleyidir. Bununla əlaqədar qeyd edir ki, iddiaçı şifahi müsahibədə ona verilmiş 5 suala cavab verdiyini qeyd edir. İddiaçı göstərir ki, həmin 5 suala lazımi və məqbul səviyyədə cavab verib. Ona görə də iddiaçı hesab edir ki, hətta suallara cavab verməsi onun şifahi müsahibədən keçməsi üçün yetərli əsas təşkil edir. Qeyd edir ki, cavabdeh iddiaçının iki suala məqbul cavab verdiyini (3-cü sual və 5-ci sual) qəbul edir. Lakin 3 sualla bağlı tərəflər arasında mübahisə var. Qeyd edilməlidir ki, iddiaçı həmin suallara verdiyi cavabları obyektiv səbəblərdən sənədləşdirə bilməyib. Belə ki, şifahi müsahibədə iştirak etmək üçün namizədlər cavabdehin inzibati binasına daxil olduqdan sonra formalaşmış qaydalara əsasən müvafiq təhlükəsiz yoxlamasından keçiblər və üstlərində olan audio və video yazan vasitələri təhvil veriblər və onlar müsahibə keçirilən zala daxil olduqda hər hansı əlyazma və qeydlər aparmaq üçün qələm və digər vasitələrlə təmin edilməyiblər. Eyni prosedur iddiaçıya münasibətdə də tətbiq edilib. Buna görə də şifahi müsahibə ərzində iddiaçı verdiyi sualların verdiyi cavabların qeydiyyatını və sənədləşdirməsini apara bilməyib. Bu nöqteyi-nəzərdən iddiaçı hazırda öz bəyanatlarını (izahatlarını) təsdiq etməyə dair sübutetmə imkanlarından məhrum edilib və bu səbəbdən də o, obyektiv və ağlabatan səbəblərə görə məhkəməyə öz cavablarına dair sübutlar təqdim etməkdən aciz qalır. İddiaçıdan fərqli olaraq cavabdeh şifahi müsahibə iclasını sənədləşdirmək öhdəliyi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vəkillər X2 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının 2.4 və 5.4-cü bəndləri İxtisas Komissiyasının protokollaşdırılması öhdəliyini cavabdehin üzərinə qoyur (“İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır”). İş materiallarından aydın olur ki, cavabdeh belə bir protokollaşdırma aparıb. Lakin eyni zamanda protokolun mətnindən görünür ki, həmin protokollaşdırma iddiaçının verdiyi cavabları ehtiva etmir. Beləliklə, cavabdeh müvafiq qanuni öhdəlikləri olduğu və lazımi imkan və vasitələrə malik olduğu halda şifahi müsahibənin protokolunu lazımi qaydada rəsmiləşdirməyib və iddiaçının suallara verdiyi cavabları protokolda əks etdirməyib. Eləcə də bu protokola əlavə edilən X1 Çıxarışdan göründüyü kimi Komissiya üzvləri iddiaçının cavablarını nəyə görə qeyri-məqbul qiymətləndirdiklərini qeyd etməyiblər. Yalnız şablon məqbul və qeyri-məqbul qiymətləri əks edilib. Lakin məqbul və qeyri-məqbul qiymətləndirməsinin əsaslandırması mövcud deyil. Digər sənədlərdə də iddiaçının cavabları və cavabların qiymətləndirilməsinin məzmunu və əsaslandırılması əks etdirilməyib. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, cavabdeh müvafiq qanuni öhdəliyinə və lazımi imkanlara baxmayaraq iddiaçının suallara verdiyi cavabları və həmin cavabların nəyə görə qeyri-məqbul qiymətləndirilməsini əks etdirməyib. Yuxarıda qeyd edilən mülahizələrə görə şifahi müsahibədə mübahisə qalan suallarla bağlı məsələnin aydınlaşdırılması üçün cavabdehin tərtib etdiyi şifahi müsahibə iclasına dair protokol və Qiymətləndirmə cədvəlləri sübutetmə vasitəsi qismində çıxış etmir. Çünki həmin protokol və cədvəli obyektiv olaraq yoxlamaq mümkün deyil. Həmin protokol və cədvəli o halda yoxlamaq mümkün olardı ki, cavabdeh onun məzmununda iddiaçının cavablarını və bu cavabların nəyə görə qeyri-məqbul hesab edilməsini əks etdirmiş olsun. Amma təhlildən göründü ki, cavabdeh bunu etməyib. Ona görə də cavabdehin müvafiq sənədləri (protokol və cədvəllər) nəticələrin əks edildiyi “şablon kağız parçasından” başqa bir şey deyil və iş üzrə araşdırma üçün hər hansı məna kəsb edəcək sübut vasitəsi deyil. O halda məhkəmə nə bilavasitə, nə də müvafiq ekspert yaxud mütəxəssis təyin etməklə iddiaçının verdiyi cavabları yoxlaya bilməyəcək. İddiaçı məsələnin araşdırılması üçün Komissiya üzvlərinin şahid qismində dindirilməsinə dair vəsatət versə də, həmin vəsatət məhkəmə tərəfindən rədd edilib. Məhkəmə hesab edib ki, şahidlərin dindirilməsi qeyd edilən problemi aradan qaldırmaq üçün effektiv vasitə deyil. Buna görə də iddiaçının bəyanatları nə dərəcədə təsdiq edilmirsə, cavabdehin sənədləri də o dərəcədə təsdiq edilmir. Çünki hər ikisini əlavə təsdiqedici vasitələrdən məhrumdur. Göründüyü kimi cavabdehin vəzifə öhdəliklərini yerinə yetirməməsi ucbatından mübahisəli 3 suala verilmiş cavabların məqbul yaxud qeyri-məqbul hesab edilməsini məhkəmə araşdırması çərçivəsində dəqiqliklə aydınlaşdırmaq mümkün olmayacaq. Belə olduqda məhkəmə mübahisənin həlli üçün digər hüquqi vasitələrdən istifadə etməlidir. Bu halda məhkəmə sübutetmə vəzifəsinə dair hüquqi qaydaları tətbiq etməlidir. Belə ki, sübutetmə vəzifəsi ilə bağlı xüsusi qayda nəzərdə tutulmuşdur. Həmin müddəada sadalanan hallarda söhbət, əgər belə demək mümkünsə, daim maddi sübutetmə vəzifəsindən, yəni məhkəmənin işin faktiki hallarını araşdırmasından və sübutları qiymətləndirməsindən sonra hər-hansı bir nəticəyə gələ bilmədiyi hallarda mübahisə üzrə işi necə həll etməli olmasından gedir. Qeyd edilən qaydadan göründüyü kimi qanunvericilik məcburetmə haqqında iddiaya dair iki norma müəyyən edir. Birincisi, ümumi normadır (lex generali) və sübutetmə vəzifəsini iddiaçının üzərinə qoyur. Bu normanın tələbi odur ki, əlverişli inzibati aktın faktiki şərtlərinin mövcudluğunu iddiaçı sübut etmək vəzifəsi daşıyır. Buna nümunə kimi lisenziyaların alınmasını göstərmək olar. Lisenziya üçün müraciət edən şəxslər lisenziya qaydalarında göstərilmiş şərtlərin onlar tərəfindən ödənildiyini göstərməlidirlər və buna dair bütün lazımi sənədləri təqdim etməlidirlər. İkincisi isə, xüsusi normadır (lex specialis) və sübutetmə vəzifəsini cavabdehin üzərinə qoyur. Həmin qaydanın tələbi isə budur ki, inzibati orqan əlverişli aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdikdə, sübutetmə yükü ona keçir. Buna nümunə kimi inzibati orqan tərəfindən ərizəçilərin təqdim etdikləri sənədlərin və dəlillərin mübahisələndirildiyi bütün halları göstərmək olar. Əgər inzibati orqan mübahisələndirici mövqe alırsa, onda sübutetmə yükü ona keçir. Hazırkı işin hallarına baxdıqda görünür ki, cavabdeh şifahi müsahibənin nəticələrinə (iddiaçının cavablarının qeyri-məqbul hesab edilməsi) istinad edərək iddiaçının Kollegiyaya qəbulu üzrə proseduru davam etdirməkdən imtina edib. Başqa sözlə, cavabdeh iddiaçının arzuladığı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edib. Cavabdehin istinad etdiyi faktiki şərtlər şifahi müsahibənin nəticələridir. Buna müvafiq olaraq o nəticəni hasil edə bilərik ki, hazırki iş üzrə xüsusi normanın tətbiqini şərtləndirən amillər mövcuddur. Buna müvafıq olaraq hazırkı iş üzrə lex specialis derogat legi generalı, yəni xüsusi qayda ümumi qaydanı istisna edir əsası mövcuddur. Ona görə də bu iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə keçir. Buna müvafiq olaraq cavabdeh sübut etməlidir ki. iddiaçı həmin üç suala məqbul cavab verməyib. Lakin yuxarıda da qeyd edildiyi kimi müvafiq iş materialları (protokol və qiymətləndirmə cədvəlləri) nümayiş etdirir ki, cavabdeh bu sübutetmə yükünü icra edə bilmir. Ona görə də sübutetmə vəzifəsinin tətbiqinə dair İPM-in 14.3-cü maddəsini nəzərə alsaq, şifahi müsahibə ilə əlaqədar cavabdeh iddiaçının 3 suala qeyri-məqbul cavab verməsini sübut edə bilmir. Belə olduqda məsələnin taleyi dəqiqləşdirilməlidir. İnzibati icraatda mötəbərlik prezumpsiyası maraqlı şəxslər tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin mötəbərliyini qayda kimi müəyyən edir. Onların həqiqətə uyğun olmadığım sübut etmək vəzifəsini inzibati orqanın üzərinə qoyur. Qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının İxtisas Komissiyasında suallara verdiyi cavablar mahiyyətinə görə izahatdır (belə ki, izahat işin faktiki hallarına dair tərəfin verdiyi şifahi aydınlaşdırma, münasibət, məlumatdır; bu baxımdan izahat analoji olaraq şifahi müsahibədə suallara verilən cavabla eyni yaxud oxşar xarakterlidir; şifahi müsahibədə suallar işin faktiki hallarını kəsb edir). “İnzibati icraat haqqında" Qanun tərəfin izahatlarını sübut növü - sübutetmə vasitəsi (yəni dəlil) kimi təsnifləşdirir (maddə 45.2.2). Bu nöqteyi-nəzərdən iddiaçının şifahi müsahibədə suallara verdiyi cavablar mahiyyətcə izahatdır və məntiqi nəticə olaraq dəlildir. Ona görə də həmin cavabların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi təqdirdə onlar mötəbər, yəni bu halda məqbul cavab hesab edilməlidirlər. Hazırda iş materiallarından və yuxarıda göstərilən arqumentlərdən aydın olur ki. cavabdeh iddiaçının mübahisəli üç suala verdiyi cavabların qeyri-məqbul olmasını, yəni mötəbər olmasını sübut edə bilmir. Belə olduğu təqdirdə iddiaçının həmin suallara verdiyi cavablar məqbul hesab edilməlidir. Nəticə olaraq, yuxarıda qeyd edilənlərə görə cavabdeh tərəfindən iddiaçının şifahi müsahibədə verdiyi cavabların qeyri-məqbul hesab edilməsinə dair mövqeyi əsassızdır. Belə olduqda isə iddiaçının həmin üç suala verdiyi cavablar məqbul hesab edilməlidir. Bu məqamda bir məsələni qeyd etmək zəruridir ki, cavabdeh şifahi müsahibənin xüsusi bilik tələb edən məsələ olmasına və buna görə də məhkəmənin deyil, İxtisas Komissiyasının bu məsələdə daha münasib mövqedə olmasına əsaslanaraq diskresion səlahiyyət qaydasına istinad edə bilər. Hesab edir ki, məhz bu şifahi müsahibə ilə bağlı İxtisas Komissiyası diskresion səlahiyyət həyata keçirməyib. Belə ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaların 5.3-cü maddəsi şifahi müsahibə üzrə aşağıdakı meyarları müəyyən edir: “Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi İxtisas Komissiyası namizədlərə veriləcək sualları üç yerə bölür; İ) hüquq sahəsinə aid suallar; 2) məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar; 3) hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar. Əgər İxtisas Komissiyası 2 və 3cü növ sualları vermiş olsaydı, onda diskresion səlahiyyət yanaşması ilə hardasa razılaşmaq olardı. Lakin iş materialları əsasında bəlli olur ki, İxtisas Komissiyası yalnız hüquq sahəsinə aid suallar verib. Hətta şifahi müsahibə protokolundan aydın olur ki, Komissiya yalnız qanunvericilik sualları verib. Yuxarıda sadalananlardan göründüyü kimi İxtisas Komissiyası sualları hüquq sahəsinə aid qanunvericilik sualları ilə məhdudlaşdırıb. Qanunvericilik suallarına isə cavab verilib-verilməməsini yoxlmaq isə məhkəmə üçün adi bir işdir. Çünki "lura novit curia, hakim hüququ bilir”. Qanunvericilik suallarına cavab verilməsinin aydınlaşdırılması məhkəmənin edə biləcəyi bir fəaliyyətdir. Bundan əlavə, əgər yazılı protokollaşdırma yaxud audio-video çəkiliş yaxud həmin audio-video çəkilişin yazılı protokollaşdırması əsasında iddiaçının verdiyi cavablar əks etdirilsəydi, onda məhkəmə özü bilavasitə yaxud da ekspert və ya mütəxəssis cəlb etməklə verilmiş cavabların müvafiq qanunvericilik materialları ilə tutuşdurulması əsasında iddiaçının suallara cavab verib-verməməsi məsələsini aydınlaşdıra biləcəkdi. Lakin yuxarıda qeyd edildiyi kimi belə bir sənədləşdirmə aparılmadığı üçün hazırda bunu etmək mümkün də deyil. Göstərilənlərə əsasən cavabdehin diskresion səlahiyyətə istinad etməsi əsassız olacaq. Çünki diskresion səlahiyyət mövzusu, digərləri ilə yanaşı, o halda meydana çıxır ki, müstəsna olaraq həmin fəaliyyəti ancaq müvafiq inzibati orqan görə bilər. Hazırkı işin hallarında isə vəziyyət fərqlidir və bu halda cavabdehin diskresion deyil, məcburi (imperativ) səlahiyyətlərindən söhbət getməlidir. Ona görə də iddiaçının suallara məqbul cavab vermiş sayılması cavabdehin İPM-in 73.1-ci maddəsində müəyyən edilmiş məcburi səlahiyyətini yaradacaq. İş materialları əsasında bəlli olur ki, iddiaçı artıq hüquq sahəsinə aid olan suallara yazılı test mərhələsində cavab vermişdi və bununla da hüquq sahəsinə dair biliyini nümayiş etdirmişdi. Şifahi müsahibədə verilmiş hüquq sahəsinə aid olan suallar mənasına görə yazılı test mərhələsində verilmiş sualların həcminə daxil olan bilən hərəkətlərdir. Ona görə də şifahi müsahibə mərhələsində cavabdeh iddiaçıdan qanunvericilik məsələlərinə dair sualları təkrar soruşmaqla Çoxun azı ehtiva etməsi prinsipinə zidd hərəkət edib. Çünki mahiyyətcə, yazılı test imtahanında verilmiş suallar şifahi müsahibədəki suallardan daha çox (böyük) olub və şifahi müsahibədəki suallar məhz yazılı test mərhələsində ehtiva edilib. İxtisas Komissiyası mahiyyətcə eyni məsələni iddiaçıdan tələb etməsi və buna istinad edərək iddiaçını Kollegiyaya qəbul etmə prosesudurdan imtina etməsi "İnzibati icraat haqqında" Qanunun 18-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə də cavabdehin şifahi müsahibədə davranışı qanuni nöqteyi-nəzərdən qüsurludur və məntiqi nəticə etibarilə qanunaziddir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən təşkil edilmiş şifahi müsahibə iddiaçının hüquqi statusuna təsir edən müdaxilədir. Belə ki. iddiaçı Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil olaraq fəaliyyət göstərmək istəyir. Kollegiyaya qəbul edilməməklə faktiki olaraq o, bu imkandan - hüquqi statusdan məhrum edilmiş olur. Bu halda hüquqi statusa müdaxilə təşkil edir. Şifahi müsahibə təşkil etməklə cavabdehin güddüyü legitim məqsəd iddiaçının vəkilliyə namizəd kimi peşə yararlılığını müəyyən etməkdən ibarət olmalıdır. Cavabdeh bundan başqa heç bir legitim məqsəd güdə bilməz və belə bir məqsədin güdülməsi qeyri-legitimdir. Cavabdehin şifahi müsahibənin təşkilinə dair tədbirlər məzmunu baxımından zəruri və yararlı olmayıb. Belə ki, şifahi müsahibənin təşkili ilə bağlı ən təməl şərtlərdən biri Komissiya üzvlərinin qərəzsizliyi məsələsidir. Buna görə də qərəzsizliyinin təminatı kimi iddiaçıya namizəd kimi Komissiya üzvlərinə etiraz etmək hüququ tanınmalı idi. Lakin iş materialları ilə aşkar olur ki, belə bir hüquq təmin edilməyib və ona bu hüququ izah edilməyib. Bununla da İnzibati icraat haqqında Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslərə etiraz etmək hüququ təmin edilməyib. Bundan əlavə, şifahi müsahibə üzrə veriləcək suallara dair proqram (müsahibə proqramı), qiymətləndirmə meyarları və müsahibənin ədalətli keçirilməsinə dair təminatlar (protokollaşdırmaya dair tələblər) yerinə yetirilməyib. Həmçinin cavabdehin daxili şikayət instansiyasına (Rəyasət Heyəti) şikayət mexanizmi tamamilə ədalətsiz olub. Belə ki, iş materialları ilə müəyyən edilir ki, şikayətin araşdırılmasına iddiaçı maraqlı şəxs kimi cəlb edilməyib. Bununla da onun dinlənilmə hüququ pozulub (İnzibati icraat haqqında Qanun, maddə 21). Vurğulanmalıdır ki, peşəyə qəbula dair qaydalar yalnız cavabdeh tərəfindən aparılmır. Analoji qəbul qaydaları digər inzibati orqanlar tərəfindən də aparılır. Belə ki, “Dövlət qulluğu haqqında" Qanunun müvafiq normalarına əsasən dövlət qulluğuna qəbul həyata keçirilir. Analoji olaraq həmin Qanunda da yazılı test və şifahi müsahibə mərhələlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası" qəbul edilib. Həmin Qaydalarda müsahibə proqramının tətbiqi, proqramdan kənar sualların verilməsinin qadağan edilməsi, videoçəkilişdən istifadə məsələləri, qiymətləndirmə meyarları və digər analoji məsələlər müəyyən edilib. Bu hallar göstərir ki, analoji qaydada həmin Qaydalarla müqayisə etdikdə vəkilliyə qəbulla bağlı şifahi müsahibə qaydaları qeyri-mütənasib və ədalətsizdir. Qeyd edilənlərə əsasən bu nəticəyə gəlmək mümkündür ki, iddiaçının şifahi müsahibədə verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsi hüquqaziddir. Eləcə də vurğulanmalıdır ki, bu cür nəticə əsasında iddiaçının Kollegiyaya üzv qəbul edilməməsi onun Avropa İnsan Hüquqları Konvensiyasının 8 maddəsi və 1 saylı Əlavə Protokolun 1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının pozuntusuna səbəb olub. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 01 aprel 2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə verdiyini nəzərə alaraq şifahi müsabiqədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmiş və göstərmişdir ki, vəkilliyə namizədlərə irəli sürülən tələblərə cavab verir, həmçinin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək üçün müraciət formasında məlumatlarda ötən müddətdə dəyişiklik baş verməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 01 aprel 2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə verdiyini nəzərə alaraq şifahi müsabiqədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmiş və göstərmişdir ki, vəkilliyə namizədlərə irəli sürülən tələblərə cavab verir, həmçinin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək üçün müraciət formasında məlumatlarda ötən müddətdə dəyişiklik baş verməmişdir. İş materiallarında olan Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın X1 xx.xx.2021ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, namizəd İddiaçı verilmiş sualların məzmunu 1. Vəkilin fəaliyyətinə xitam verilməsi; 2. Mirasın qəbul edilməsi; 3. Ər-arvadın birgə mülkiyyəti; 4. Şəraitin dəyişilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə; 5. Mülki prosesdə uşağın övladlığa götürülməsi. Cavabların qiymətləndirilməsi Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən 1-ci sual q/məqbul, 2-ci sual q/məqbul, 3-cü sual məqbul, 4-cü sual q/məqbul, 5-ci sual məqbul hesab edilmişdir. Nəticə məqbul 16, qeyriməqbul 24. İş materiallarında olan İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Vəkillər X4 tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 1271 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, qəbul edilmiş qərara əsasən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində İxtisas Komissiyası tərəfindən peşəyə yararlığının müəyyən olunması üçün aparılmış qiymətləndirmədən narazılığı ilə bağlı ərizənin təmin olunması üçün əsas yoxdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır (İ hissə). Maddə 11. Vəkillər X4: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır (İİİ hissə) Maddə 13. Vəkillərin İxtisas Komissiyası Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır (İ hissə). İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir (İİ hissə). İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir (İV hissə). İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X4nə müvafiq rəy təqdim edir (V hissə). Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər (Vİİ hissə). İxtisas imtahanının qaydaları Vəkillər X4 tərəfindən müəyyən edilir (İX hissə). Azərbaycan Respublikası Vəkillər X2 Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na əsasən: 2.1. İxtisas imtahanları Vəkillər X4 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Birinci instansiya məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilibedilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının tələbi onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədrıs-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” məzmunda tələblərə gəldikdə, həmin tələblər digər tələblərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələblərin təmin olunması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na daxil edilməsə də, hüquqşünas namizədlərin vəkilliyə qəbulunu həyata keçirən yeganə qurum olduğundan və fəaliyyətinin hüquqi əsasını müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən özünün və yaratdığı qurumun qəbul etdiyi qərarlar hüquqi nəticə yaratdığından, hazırki iş üzrə inzibati orqan funksiyası daşıyır. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı mübahisələndirilən protokolun ləğvi əsaslarından biri kimi ona istinad etmişdir ki, xx.xx.2021-ci il tarixdə vəkilliyə ixtisas imtahanlarının 2-ci mərhələsində şifahi müsahibədə ona verilən 5 sualı məqbul cavablandırdığı halda Vəkillərin İxtisas Komissiyasının üzvləri onun cavablarının üçünü əsassız olaraq qeyri-məqbul qiymətləndirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli şifahi imtahan iclas protokolundan çıxarışa görə Vəkillərin İxtisas Komissiyasının sədrinin və ya hər hansı üzvünün iddiaçıya qarşı qərəzli olduqlarına dair qənaət formalaşdırmağa imkan verən sübutlar mövcud deyildir, iddiaçının cavabdehin aktiv üzvlərindən biri kimi həyata keçirdiyi fəaliyyətlə bağlı Vəkillər Kollegiyasının rəhbər vəzifəli şəxslərinin və Kollegiya üzvü olan vəkillərin ona qarşı qərəzli olduğu sübut edilmiş olsa belə, Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan üzvlərinin sayı vəkil olan üzvlərin sayından çox olduğundan bu hal iddiaçının şifahi müsahibədə verdiyi cavabların qiymətləndirilməsi ilə bağlı yekun nəticəyə təsir edə bilməzdi. Belə ki, “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın 2.1-ci bəndinə əsasən ixtisas imtahanları Vəkillər X4 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Vəkillərin İxtisas Komissiyası” haqqında Əsasnamənin 3.3-cü maddəsinə əsasən, ixtisas komissiyasında qərarlar komissiyanın iclasında iştirak edən üzvlərin 50 %dən çoxu lehinə səs verdikdə qəbul edilmiş hesab olunur. Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan hakim və hüquqşünas alimlərdən ibarət olan 6 üzvü Vəkillər Kollegiyasından və onun sədrindən hər hansı formada asılılığı olmadığından, həmin üzvlərin iddiaçının verdiyi cavabları qiymətləndirərkən, iddiaçı hər hansı komissiya üzvünə etiraz etmək hüququna malik olmuş, lakin bu hüquqdan istifadə etməmiş, həmçinin iddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli şifahi müsahibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillər öz təsdiqini tapmamış, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində suallar hüquqa aid suallar olmaqla həmin sualların verilməsi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olmuşdur. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizədlərin onunla tanış olmaq imkanı təmin olunmuş, həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər, bundan başqa imtahan proqramı barədə rəsmi saytdan çıxarışa görə Vəkillərin İxtisas Komissiyasının vəkilliyə qəbula dair imtahan proqramı https://barassociation.az/recruitment səhifəsində dərc edilmiş, eləcə də namizədlərin suallara cavabının “Məqbul” və ya “qeyriməqbul” qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfindən iddiaçının şifahi imtahan mərhələsində verdiyi cavabların qiymətləndirilməsi həyata keçirilə bilməz, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanlar zamanı yazılı qiymətləndirmələr əsasında aparılmış hesablamalar nəticəsində qərarlar rəsmiləşdirilərkən çoxlu sayda analoji qərarların rəsmiləşdirilməsi zəruri olduğu üçün hər bir qərarın detallı və ətraflı əsaslandırılmasının həyata keçirilməməsi “İnzibati icraat haqqında” Qanunun 61.5-ci maddəsinə əsasən mümkündür. Məhkəmə kollegiyası həmçinin, iddiaçının ixtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni qaydada keçirilməsi, ixtisas imtahanının şifahi mərhələsində yazılı (test) mərhələsində olduğu kimi iddiaçıdan qanunvericilik məsələlərinə dair sualları təkrar soruşmaqla çoxun azı ehtiva etməsi prinsipinin (İnzibati icraat haqqında Qanunun 18ci maddəsi) pozulması barədə dəlilini də əsassız hesab edir. Test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. İlkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılması məqsədini güdən test (yazılı) mərhələsi ilə şifahi mərhələnin eyniləşdirilməsi əsassızdır. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”n 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 61.5-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Bundan başqa, namizədlərin suallara verdikləri cavabların “Məqbul” və ya “qeyriməqbul” qiymətləndirilməsi qanunvericilikdə Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunverici bu zaman inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Bununla belə, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə məhkəmə kollegiyası iddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli şifahi müsahibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halının müəyyən edilmədiyini, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillərin öz təsdiqini tapmadığını, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində sualların verilməsinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğunu, eləcə də namizədlərin suallara verdikləri cavablarının “Məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfindən isə iddiaçının şifahi imtahan mərhələsində verdiyi cavabların qiymətləndirilməsinin həyata keçirilə bilmədiyini nəzərə alaraq apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-4264/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar