Məhkəmə qərarları › İş №2-1(103)-1979/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1979/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1979/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)-1538/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı, eyni zamanda, sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Ona prokuror kimi pensiya təyin edilmişdir. Lakin, pensiya hesablanan zaman bəzi əlavələr nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2019-cu il tarixli 2-1(81)- 1538/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiyanın hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Səbail rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığartolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun müddəasından da göründüyü kimi, “aldıqları əmək haqqı” dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil (və ya əmək haqqına daxil edilən əlavələr) aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda, pensiya təyinatı zamanı orta aylıq əmək haqqına məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb edilmiş digər gəlirlər də daxil edilir. Bundan başqa, “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta həmin qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verilməlidir. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi hesab olunur. Qeyd olunanlardan aydın olur ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı “Prokurorluqda qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. Bakı Apellyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2-1(103)-1438/2019 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1538/2019 saylı, 14.03.2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2020 saylı 03.03.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2-1(103)- 1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1297/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)- 1538/2019 saylı qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-979/2021 saylı 25.05.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1297/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı mübahisələndirilən hissədə yəni, sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından göründüyü kimi Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmamış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Eyni zamanda işə təkrar baxan apellyasiya instansiya məhkəməsi öz mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya əmək pensiyası təyin edilərkən ( 13 iyul 2010-cu il tarixində) qüvvədə olan 20.8ci maddəsi ilə əsaslandırsa da cavabdehin apellyasiya şikayətində qeyd olunan və “Prokurorluqda qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığına görə pensiyanın hesablanması zamanı həmin əlavələrin nəzərə alınmamasına dair dəlillərinə hər hansı bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-979/2021 saylı 25.05.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1297/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı ləğv edildiyindən və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən apelyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qərarının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur, 04.09.1975-ci ildən 04.06.2010-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 24.05.1993-cü ildən 23.11.1994-cü ilə qədər Lənkəran rayon prokurorunun köməkçisi, 23.11.1994-cü ildən 13.06.2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi, 13.06.2001-ci ildən 17.08.2005-ci ilə qədər Yevlax rayon prokurorunun böyük köməkçisi, 17.08.2005-ci ildən 16.04.2010-cu ilə qədər İsmayıllı rayon prokurorunun köməkçisi, 16.04.2010-cu ildən 04.06.2010-cu ilə qədər Goranboy rayon prokurorunun müavini vəzifələrində işləmişdir. İş materiallarında digər arayışlarla yanaşı iddiaçının 1996-cı ildən 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı alması barədə rəsmi arayış mövcuddur. İddiaçı 13.07.2010-cu il tarixdən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir, 13.07.2010-cu il tarixdən ona əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qərarın - iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunması hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçıya 13.07.2010-cu il tarixdən əmək pensiyası təyin edildiyindən “Əmək pensiyaları haqqında” qanunun həmin vaxt qüvvədə olan 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 26.07.2018-ci il tarixli 17/532 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı iyun 1996-cı ildən may 2001-ci il tarixə kimi Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200 % əmək haqqı (vəzifə maaşı, xidmət illərinə görə əlavə) almış, rütbəsi ədliyyə müşaviri, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardım almışdır: 1996 – dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1997 – mart ayı 100%, aprel ayı 100%, noyabr ayı 100%, dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1998 – mart ayı 200%, may ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 300% vəzifə maaşı həcmində mükafat; 1999 – mart ayı 100%, may ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 300% vəzifə maaşı həcmində mükafat; 2000 – mart ayı 200%, sebtyabr ayı 200% vəzifə maaşı həcmində mükafat, noyabr ayı 200%, dekabr ayı 400% vəzifə maaşı həcmində yardım; 2001 – mart ayı 200%, may ayı 200% vəzifə maaşı həcmində mükafat. “Əmək pensiyaları haqqında” AR Qanunun 20.8-ci maddəsində qeyd edilən müddəanın əhəmiyyəti də məhz ondan ibarətdir ki, pensiya hüququ yaranan şəxsə pensiya təyin edilərkən daha yüksək məbləğ təyin edilməsinə şərait yaradan müddətlərdən birinin nəzərə alınması imkanı mövcud olsun. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı verilmiş, 22.09.2021 tarixli, 20/993 saylı arayışdan görünür ki, iddiaçıya Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən Qazax rayonunun sərhədyanı və cəbhə bölgəsi olması ilə əlaqədar 2 qat əmək haqqı ödənilmişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının ona pensiya təyin edilən zaman daha yüksək məbləğdə pensiya alması üçün əsas olan Qazax rayon prokurorunun köməkçisi vəzifəsində çalışdığı müddətin əsas götürülərək ona pensiya təyin edilməsi hüququ olduğu halda cavabdeh inzibati orqan bunu etməmiş, əsassız olaraq iddiaçının bu hüququnu həyata keçirməkdən imtina etmişdir. İşin hallarından göründüyü kimi iddiaçının əlilliyə görə pensiya hüququ 13 iyul 2010cu ildə yaranmışdır. Həmin dövrə münasibətdə qüvvədə olmuş Əmək pensiyaları haqqında AR Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.5-1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri; - 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 45 faizi miqdarında; prokurorluq orqanlarında 5 ildən-10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə- orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinəorta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.19-cu maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidə hesablanır. Həmin qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin hallarından göründüyü kimi, iddiaçı prokurorluq işiçisi kimi əlilliyə görə pensiya hüququ ilə təmin edilmiş və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələbini yuxarıda əks olunmuş maddələrə uyğun olaraq əsaslı hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanması zamanı nəzərə alınmamasına dair dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 sentyabr 2021-ci il tarixli 20/993 saylı məktubundan və həmin orqanın 26 iyul 2018-ci il tarixli 17/532 saylı arayışında müəyyən olunmuşdur ki, İddiaçı 1996-cı ilin iyul ayından 2001-ci ilin may ayına kimi Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən həmin rayonun sərhədyanı və cəbhə bölgəsi olması ilə əlaqədar ikiqat məbləğdə əmək haqqı almışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş AR Prokurorluğunun 12 yanvar 1993-cü il tarixli, 40 saylı əmrdən də göründüyü kimi müharibə gedən zonalarda iqtisadi vəziyyətin gərginliyini nəzərə alaraq respublikanın bir sıra rayonlarında prokurorluq əməkdaşlarının əmək haqqı (o cümlədən Qazax rayonu üzrə) 2,0 əmsalla ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)-1538/2019 saylı qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)- 1538/2019 saylı qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar