Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1988/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbitibbi müəssisələrdə güzəşt və imtiyazlardan istifadə hüququnun təmin olunması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2181/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Silahlı Qüvvələr veteranı” kimi hərbi-tibb müəssisələrdə güzəşt və imtiyazlardan (tibbi müayinə, müalicə, istirahət və s.) istifadə edilməsinin təmin edilməsi ilə bağlı lazımi hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini etmişdir (İPMm.34.1) İddianın əsaslarına görə iddiaçı 30 ilə yaxın Müdafiə Nazirliyi sistemində xidmət etmiş, 08 aprel 2013-cü ildə ona ’'Silahlı Qüvvələr veteranı” vəsiqəsi təqdim olunmuşdur. Həmin vəsiqədə vəsiqə sahibinin sahibinin güzəşt və imtiyazlardan istifadə etmək hüququ nəzərdə tutulur. O, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicə olunmaq üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli cavab məktubları ilə «öz arzusu» ilə ehtiyata buraxıldığı əsas gətirilərək, ona münasibətdə həmin güzətlərin tətbiq edilməsinin qanunamüvafiq olmadığını bildirilərək ona imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi əsassızdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə dair yazılı münasibətində iddianı qəbul etməmiş, iddiaçıya ünvanlanmış imtina məktublarında göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2181/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırılmışdır ki, baş zabit kimi təqvimili ilə 20 ildən də çox (29 təqvim ili) xidmətdə olmuşdur. Hərbi qulluqçuların statusu haqqında, qərar qanunsuz və əsassızdır. Belə ki, heç kəsin ixtiyarı yoxdur ki, «Hərbi qulluqsuların statusu haqqında» 2-ci maddəsində yazılır ki, hərbi qulluqçular və onların ailə üzvüləri Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquq və aazadlıqlarından məhrum etsin. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndinə və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməə əsasən pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Bundan əlavə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı hesab olunur və qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan tam həcmdə ,ocümlədən tibbi təminat hüququ da daxil olmaqla, istifadə etmək hüququna malikdir. Həmçinin müharibə veteranı da hesab olunur. Bu sarıdan o, müharibə veteranları üçün imtiyazlardan tam həcmdə istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş və onun veteran vəsiqələrində vəsiqə sahibinin güzəşt və imtiyazlardan istifadə etmək hüququnun yazıldığını bildirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçısı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən və onun məhkəməyə verdiyi izahatından göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən ona verilmiş «Silahlı Qüvvələrin vetiranı və «Müharivə veteranı» vəsiqələrində vəsiqə sahibinin güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olması» yazıldığını əsas tuturaq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası, iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının istinad etdiyi, işə əlavə olunmuş Müdafiə Nazirliyi tərəfindən ona 08 aprel 2013-cü il tarixdə verilmiş 002150 №-li «Silahlı Qüvvələr» veteranı vəsiqəsinə, habelə xx.xx.1999-cu il tarixdə verilmiş 002882 №-li «Müharibə veteranı» vəsiqəsində təsbit olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir ( Qeyd olunmalıdır ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsindən də ( 2-ci cümlə) görünür ki, veteranlar pensiyaya çıxdıqdan sonra, əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər). Qeyd olunanlardan göründüyü kimi, o halda veteranlar tibbi güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər ki, bu imtiyaz və güzəştlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş olsun. Hərbi xidmətdən ehtiyata buraxılmış, sabiq hərbi qulluqçu İddiaçı tələb etdiyi güzəşt və imtiyazların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydalara görə ona şamil olunması mümkün deyil. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur: …;
6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. …; Eyni zamanda,“Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinin 2-ci cümləsi nəzərdə tutur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriyakurort müalicəsi almaq hüququ saxlanılır…» Qanununvericiliyin qeyd olunan imperativ normaları göründüyü kimi, iddiaçı yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı hallarda yalnız onun hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriyakurort müalicəsi almaq hüququ yaranmış olurdu. Lakin iddiaçının işə əlavə olunmuş xx.xx.2017-ci il tarixdə verilmiş ******* №-li hərbi biletinin 5-ci səhifəsindən, habelə, cavabdeh orqanın ona və məhkəməyə ünvanlanmış məktublarından görünür ki, iddiaçı 20 ildən çox hərbi xidmət keçsə də o, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə olan təqdirdə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 6-cı hissəsinin, habelə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinin qeyd olunan müddəasının iddiaçıya şamil olunması istisna edilir. Birinci instansiya məhkəməsi də məhz, hesab etmişdir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından o, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində göstərilən şəxslərin əhatə dairəsinə düşmür. Bu səbəbdən də Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçının müvafiq müraciətinə imtina cavabı verilməsi onun qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun müraciətinin iddiaçı tərəfindən təmin edilməsindən imtina edilməsinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarı ilə onun tələbinin rədd olunmasını qanunsuz hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2181/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2181/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.