Məhkəmə qərarları › İş №2-1(103)-200/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-200/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-200/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6, S.A” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (3- cü şəxs X10 işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və qeydiyyatın etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X3 Şurasının 13 yanvar 2022-ci il tarixli A196-7/21 nömrəli qərarına əsasən X9 məxsus 2021 1454 qeydiyyat nömrəli “Sakura” əmtəə nişanının 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə1 verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən PHŞ/2-2- 2022-276 nömrəli 11 may 2022-ci il tarixli məktubla Agentliyin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şurasının 2022-ci il 13 yanvar tarixli A1967/21 nömrəli qərarı ilə bağlı icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən PHŞ/2-2- 2022-379 nömrəli 22 iyun 2022-ci il tarixli məktubla iddiaçı “X5, S.A” Şirkətinin nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilmiş 2022-ci il 31 may tarixli vəsatətlə əlaqədar, N 2021 1454 qeydiyyat nömrəli əmtəə nişanına dair 2019 01947 nömrəli iddia sənədi üzrə aparılmış ekspertiza materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

4. Məhkəmənin 2-1(112)-7459/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə linqvistik və əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə əlaqədar olaraq məhkəmə linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 mart 2023-cü il tarixli 5/272-4/345 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspertizanın tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “Sacoor KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyat aalınmış “Sacoor brothers” əmtə nişanları ilə səsli (fonetik) məna ifadəli (semantik) əlamətlərinə görə fərqlidirlər.

5. Məhkəmənin 2-1(112)-943/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmişdir. Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizasının icrası patent müvəkkilinin tədqiqatda iştirak etməməsi səbəbindən mümkün olmamışdır.

6. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 11-4/2- 514/2023 24 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, Agentliyin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şursaının 2022-ci il 13 yanvar tarixli A-196-7/21 nömrəli qərarı ilə bağlı icraat materialları və N 2021 1454 qeydiyyat nömrəli əmtəə nişanına dair 2019 01947 nömrəli iddia sənədi üzrə aparılmış ekspertiza materiallarının təsdiq olunmuş surətləri Agentliyin 2022-ci il 11 may tarixli PHŞ/2-2-2022-276 və 2022-ci il 22 iyun tarixli PHŞ/2-2-2022-379 nömrəli məktubları ilə məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “X6, S.A” Şirkəti cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və X10 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına (“Sakura + təsvir) əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6, S.A.” adına Azərbaycan Respublikası ərazisində 25-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan 923621 (ilkinlik PT, xx.xx.2006) saylı “Sacoor brothers + təsvir” və ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015) saylı “Sacoor KİDS” beynəlxalq əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olan, üçüncü şəxs X10 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına “Sakura+təsvir” əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər “əmtəələri və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə verilmiş əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A196-7/2021, 13 yanvar 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. “Cavabdeh” qərar verərkən, 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin “b” bəndindən irəli gələn əsasların pozulması ilə qeydiyyata alındığı üçün həmin Qanunun 29-cu maddəsinə uyğun “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar “Qaydalar”) 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4-cü bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığının qarışdırılacaq dərəcədə oxşar olmadığı, istehlakılar arasında yanıltma, qarışdırma yaratmadığını, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığı barədə sübutları əsassız və qanunsuz olaraq nəzərə almadığını nəzərə alaraq № A 196-7/21, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbləri təmin edilməlidir. İş materiallarına əlaə edilmiş sənədlərdən görünür ki, “X5, S.A” adına “Sacoor brothers+ təsvir” əmtəə nişanı 923621 (ilkinlik PT, xx.xx.2006), beynəlxalq qeydiyyatla 03-cü, 09-cu, 18-ci, 25-ci və 43-cü siniflər üzrə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası ərazisində mühafizə olunur. “X5, S.A” adına “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı ******* (ilkinlik 2015/38 Gaz, xx.xx.2015), beynəlxalq qeydiyyatla 25-ci sinif əmtəələri üzrə xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazisində eləcə də, dünyanın 67 ölkəsində AG, AL, AM, AU, AZ, BA, BH, BQ, BT, BW, BY CH, CN, CO, CU, CW, DZ, EG, EM, GE, GH, İL, İN, İR, İS, JP, KE, KG, KR, KZ, Lİ, LR, LS, MA, MC, MD, ME, MG, MK, MN, MX, MZ, NA, NO, NZ, OM, PH, RS, RU, RW, SD, SG, SL, SM, ST, SX, SY, SZ, TJ, TM, TR, UA, US, UZ, VN, ZM mühafizə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzi xx.xx.2020-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında” bildiriş”-lə 2019 01947 nömrəli iddia ərizəsinə 25-ci sinif - əmtəələri üzrə “Sakura + təsvir” əmtəə nişanına ekspertiza nəticəsində aşkar edilmiş, qeydiyyatdan keçmiş oxşar “Sacoor KİDS” sözdən ibarət əmtəə nişanı (ilkinlik tarixi xx.xx.2015, bildirmə tarixi xx.xx.2015) “X5, S.A” adına 25-ci sinif əmtəələri üzrə ******* nömrəli beynəlxalq qeydiyyata qarşı qoyularaq imtina edilmişdir. Apellyasiya Şurası 29.6.5-ci maddənin əsaslarını “Qaydaların 29.6.1-29.6.4-cü bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də, müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərdə alına bilər” normaları tətbiq etməklə hüquqi qiymət verməli olduğu halda, qanunsuz olaraq təsviri hissədə xırda fərqləri qabartmaqla səhv qərar vermişdir. Apellyasiya Şurası bu nişanlarda Qaydaların 29.9.1 və 29.9.2-ci bəndlərini ümumiyyətlə nəzərə almamışdır. 29.9.1-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2-ci bəndə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “X5, S.A” Portuqaliya şirkəti "SACOOR KİDS" və "SACOOR brothers + təsvir" əmtəə nişanları 25-ci sinifdə mühafizə edilən əmtəələrin bütövlükdə "Sakura +təsvir" əmtəə nişanın 25-ci sinif: "geyim, ayaqqabı, baş geyimləri" əmtəələrini əhatə etməsi və istehlakçılarda eyni təsəvvür yaratması və istehlakçıları yanılması ilə bazarda yanaşı mövcud ola biləməyəcəyini, çaşmaya səbəb olduğunu nəzərə alaraq özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir. Nişan sahibi "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 25-ci maddəsindən irəli gələn hüquqları əsaslanaraq: "Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir" müraciət etmişdir. Apellyasiya Şurası bu əsaslarla verilən müraciətə qiymət verərkən -"Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir" göstərsə də, nişan sahibinin qanunla qorunan hüquqlarının müdafiəsi üçün müraciət etməsi mövqeyinə əks qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası bazarında – “Sacoor KİDS” və “Sacoor brothers + təsvir” əmtəə nişanları ilə sahibkar fəaliyyəti göstərən “X5, S.A” Portuqaliya şirkəti özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir.

9. Məhkəmənin 2-1(112)-7459/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı ilə X10 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25-ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X8 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyata alınmışdır. Nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor brothers” (923621) əmtəə nişanı “X6, S.A.” Şirkəti tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “Sacoor KİDS” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015-ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. “Sacoor KİDS” (1266947) “X6, S.A.” Şirkəti tərəfindən 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmş və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır. İddiaçı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29- cu maddəsinə və 6-cı maddəsinin a) bəndinə əsasən 2021 1454 nömrəli “Sakura” əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 şurası (bundan sonra- Apellyasiya şurası) aparılmış araşdırılmaya əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.2-ci, 29.6.3-ci, 29.6.4-cü bəndlərini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (a) bəndini, 29-cu maddəsini rəhbər tutaraq, verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən, əmtəə nişanı dedikdə “sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası)" başa düşülür. Normanında məzmunundan göründüyü kimi, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Bildiririk ki, qeyd edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, fonetik və vizual cəhətlərdən qarışdırılacaq dərəcədə oxşar olmaması, istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının (bundan sonra - Qaydalar) 29.6-cı bəndinə əsasən, sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması zamanı sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir, səs üzrə (fonetik) oxşarlıq, qrafiki (görünüşlü) oxşarlıq və məna etibarı ilə (semantik) oxşarlıq Qaydaların qeyd olunmuş bəndlərində nəzərdə tutulmuş əlamətlər üzrə müəyyən edilir. Qaydaların 29.9.1-2-ci bəndlərinə əsasən, “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.” Yuxarıda qeyd olunanlar nəzərə alınaraq müqayisə aparıldığı təqdirdə müqayisə edilən nişanların bazarda eyni zamanda mövcud ola biləcəyi və bu, istehlakçılar arasında çaşqınlıq yaratmayacaq qənaətinə gəlmək olar. Hesab edirik ki, hazırki iş üzrə təqdim edilmiş dəlillər 2021 1454 nömrəli “Sakura” əmtəə nişanının qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz. Buna görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Apellyasiya şurasının 2022-ci il 13 yanvar tarixli A196-7/21 nömrəli qərarı qanuni və əsaslıdır, hazırki inzibati iş üzrə Agentliyə qarşı qaldırılmış iddia tələbi və iddia ərizəsində irəli sürülmüş dəlillər isə əsassızdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, “Sakura” (2021 1454) əmtəə nişanı ƏXBT-ni 25-ci sinif (“geyim, ayaqqabı, baş geyimləri”) və 35-ci sinif (“Geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər”) əmtəələri və xidmətləri üzrə 2021-ci il 28 iyul tarixində X8 adına Azərbaycan Respublikasında 2021 1454 nömrə ilə qeydiyata alınmışdır. Nişan düzbucaqlı həndəsi fiqur içərisində verilmiş, qara fon üzərində çəhrayı rəngdə, qrafik formada “Sakura” sözü yazılmış, “S” hərfi xüsusilə vurğulanaraq uc hissəsində gül təsviri verilmiş, yuxarı hissədə isə kiçik ulduz təsvirləri verilmişdir. “Sacoor brothers” (923621) əmtəə nişanı “SacentroX13, S.A.” Şirkəti tərəfindən ******* beynəlxalq qeydiyyat nömrəli “Sacoor KİDS” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2015-ci il 23 iyun tarixində beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 2015-ci il 01 oktyabr tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Nişan Mərkəzi hissədə qrafik formada yazılmış “sacoor” sözündən, ondan aşağıda yazılmış “brothers” sözündən və yuxarı hissədə verilmiş təsvirdən ibarət nişandır. “Sacoor KİDS” (1266947) “X6, S.A.” Şirkəti tərəfindən 923621 beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 03, 09, 18, 25 və 433-cü sinif əmtəələri üzrə 2007-ci il 07 mart tarixdə beynəlxalq qeydiyyata alınmş və onun qeydiyyatı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Sacoor KİDS” nişanı qara rəngdə, standart şriftlə yazılmış “sacoor və kids” sözlərindən ibarət nişandır. Göründüyü kimi, qeyd edilən əmtəə nişanları qrafik fərqlərə malik olmaqla, eyni zamanda fonetik və vizual cəhətlərdən, eləcə də, semantik cəhətdən qarşıdırılacaq dərəcədə oxşar deyildirlər. Onlar istehlakçılarda eyni təsəvvür yaratmırlar və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilərlər.

13. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, apellyasiya şikayətinin və iddianın təmin edilərək X10 (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 2, mənzil 7) adına (“Sakura + təsvir) əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif – “geyim, ayaqqabı, baş geyimləri” və 35-ci sinif “geyim, ayaqqabı, baş geyimlərinin satışı və reklamı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

14. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək X10, (Ünvan: Azərbaycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına “Sakura +təsvir) əmtəə nişanının 2021 1454 (ilkinlik xx.xx.2019 ərizə № 2019 01947) 25-ci sinif- “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X8 (Ünvan: Azər-baycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatını etibarsız hesab etməklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022- ci il tarixli qərarının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir.

18. Həmçinin apellyasiya şikayətinin dəqiqləşdirilmiş iddia tələbinə uyğun təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. 6-cı maddəsinin (a) bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.

21. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: 29.1. Mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman, onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir. İddia olunan nişan (işarə) yalnız bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olarsa, onun əmtəə nişanı kimi qeydə alınmasına yol verilə bilməz. 29.2. İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndində göstərilən və təkcə mühafizə olunmayan nişandan (işarədən) yox, heç olmasa aşağıda göstərilənlərdən birini özünə daxil etdiyi halda, aşağıdakılar müəyyənləşdirilir: İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən nişandan (işarədən) ibarət olduğu halda, müvafiq səlahiyyətli orqanın razılığı. iddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «a», «b», «e» yarımbəndlərində göstərilən nişandan (işarədən) ibarət olduğu halda, əmtəə nişanında bu nişanın (işarənin) əsas (üstün) yer tutması. İddia olunan nişandan yuxarıda qeyd edilən nişanın (işarənin) mühafizə olunmayan element kimi əsas yer tutması müəyyənləşdirilərkən onun mənası və ya fəza vəziyyəti nəzərə alınır. 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X8 (Ünvan: Azər-baycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatını etibarsız hesab etməklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022- ci il tarixli qərarının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir.

24. Həmçinin apellyasiya şikayətinin dəqiqləşdirilmiş iddia tələbinə uyğun təmin olunmasını xahiş etmişdir.

25. Odur ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir.(“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən)

29. İddia mümkün iddiadır.

30. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

31. İddianın predmeti daha əvvəl ilkinlikli (ilkinlik tarixi xx.xx.2015, bildirmə tarixi xx.xx.2015) ******* №-li beynəlxalq qeydiyyatı adi standart şriftlərlə işlənmiş sözdən ibarət “SACOOR KİDS” tanınmış əmtəə nişanına nüfuz və hüquq əsasında həmin nişanın ayrılmaz hissəsi, mühafizə qabiliyyətli “SAKOOR [sakuur]” söz işarəsi ilə sonradan qanun pozuntusu ilə qeydiyyata alınmış “Sakura+təsvir” əmtəə nişanında “Sakura–[sakura]” sözü ilə səslənmə (fonetika, tələffüz) və hər iki sözün eyni latın qrafikasında verilməsi ilə qrafiki (görünüşcə) qarışdırılacaq dərəcədə oxşar olmasıdır. “[sakuur] –[sakura]”.

32. İş Materiallarından göründüyü kimi, cavabdehin Ekspertiza Mərkəzi hazırkı mübahisədən öncə xx.xx.2019 tarixli 2019 01947 25-ci sinif əmtəələri üzrə ərizəyə ilkin olaraq xx.xx.2020-ci il tarixli (38579617,səh.12) “Əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında BİLDİRİŞ”-lə də məhz “[sakuur] –[sakura]” sözdən ibarət nişanların qarışdırılacaq dərəcədə oxşar saymış, ******* nömrəli beynəlxalq qeydiyyatlı sözdən ibarət “SACOOR KİDS” əmtəə nişanı qoymaqla, 2019 01947 nömrəli “Sakura +təsvir” nişanına rədd bildirişi verilmişdir.

33. İş materiallarından göründüyü kimi üçüncü şəxsin nümayəndəsi patent müvəkkili Əfəndiyev Vaqif tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında BİLDİRİŞ”-ə xx.xx.2020-ci il tarixli cavabda göstərilir:

34. a) İddia edilən “SAKURA” və qarşı qoyulmuş “SACOOR KİDS” nişanları fonetik cəhətdən hər hansı bir oxşarlığa malik deyil, belə ki, SAKURA sözü Azərbaycan dilində [SAKURA] kimi səslənir, lakin qarşı qoyulmuş SACOOR KİDS sözü Azərbaycan dilində [SAKOR KİD] kimi səslənir. Yəni, “SACOOR” sözünün düzgün səslənməsi (fonetika, tələffüz) [sakuur] olduğu halda, [SAKOR] kimi səslənməsi, arqumenti əsasında Ekspertiza Mərkəzinin ilkin rədd bildirişi mübahisələndlrilmiş, nəticə etibarı ilə səhv qərar verilmişdir.

35. Həmçinin, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi 2-1(112)- 7459/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadla Ekspertiza tədqiqatının həyata keçirilməsi üçün ekspertiza təyin edərək əmtəə nişanlarında mənaca oxşarlıq barədə sual qoyulmuşdur.

36. Qərardad üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin heç bir “Beynəlxalq razılaşma, “Əqli mülkiyyət dərs vəsaitləri” “Qanun”, “Qanunvericilik aktlar”ı və digər hər hansı mənbə ilə əsaslandırmadan “SACOOR KİDS” ******* və “Sakura +təsvir” 2019 01947 əmtəə nişanlarının oxşar olmadığı barədə – xx.xx.2022-ci il tarixli Qərardad üzrə 28 mart 2023-cü il tarixli № 5/272-4/345 Ekspert rəyi təqdim edilmişdir.

37. Ekspert rəyində göstərilmişdir: “Sakura” adlı əmtəə nişanı 6 hərf, 6 səsdən ibarətdir. [s]-kar samitdir (cingiltili qarşılığı [z] samitidir). [a]-qalın, açıq, dodaqlanmayan saitdir. [k`]- xüsusi işarəsi yoxdur, [q] samitinin kar qarşılığı olan -[k`]-samiti alınma sözlərdə işlənir. Əlifbamızda bu səsin adı “ke, ka” kimi göstərilir. [u]-qalın, qapalı, dodaqlanan saitdir. [r]-cingiltili (sonor) samitdir, kar qarşılığı yoxdur. [a]-qalın, açıq, dodaqlanmayan saitdir. “Sakura” sözündə qalın saitlər bir-birini izlədiyindən ahəng qanununa tabedir, vurğusu birinci hecaya düşür. Heca bölgüsü: Sa-ku-ra.

38. Yuxarıda göstəriləndən məlum olur ki: Sakura sözü “Sakura” kimi tələffüz olunur, səslənir.

39. “SACOOR” – [s]-kar samitdir (cingiltili qarşılığı [z] samitidir). [a]-qalın, açıqdodaqlanmayan saitdir. [c] ingilis dilinin qrammatikasına görə [c] hərfi –A,U və O sait səslərdən əvvəl gəldikdə- [k`]- kimi oxunur.(məsələn;. cat [kæt], cut [kʌt], car [kɑː], actor ['æktə], doctor ['dɔktə]. Azərbaycan dilində xüsusi işarəsi yoxdur [q] samitinin kar qarşılığı olan-[k`]-samiti alınma sözlərdə işlənir. Əlifbamızda bu səsin adı “ke, ka” kimi göstərilir. [o]-qalın, qapalı, dodaqlanan saitdir. [r]-cingiltili (sonor) samitdir, kar qarşılığı yoxdur. Qeyd edək ki, ingilis dilində iki o səsi yanaşı işlənərsə (oo) /u/ kimi tələffüz olunur: Adətən Uzun /u/ kimi ([u:], bəzi hallarda isə qısa /u/ kimi: [] və ya [u]

40. Yuxarıda göstəriləndən məlum olur ki: SACOOR sözü “Sakuur” kimi tələffüz olunur, səslənir. Yəni ekspertiza rəyindən “SACOOR” və “Sakura” əmtəə nişanları eyni tələffüz olunan, səslənən ortaq “sakur” (sakur-a) kimi tələffüz olunan, səslərdən ibarətdir.

41. Beləliklə, 5/272-4/345 nömrəli Ekspert rəyində göründüyü kimi, “SACOOR” [Sakur], “Sakura” isə [sakura] kimi səslənir, “sakur” və “sakura” səslənməsi, tələffüzü eynidir, bu nişanlar səslənmə (fonetik)əlamətlər üzrə qarışdırılacaq dərəcədə oxşar olduğu sübut olunur.

42. Lakin, ekspertiza “Sakura” adlı əmtəə nişanı ilə “SACOOR KİDS” (1266947) və “SɅCOOR brothers” (923621) əmtəə nişanlarının fonetik əlamətlərinin eyniliyinin olubolmaması barədə düzgün müqayisə aparmış, qarışdırılacaq dərəcədə oxşar “sakura” və “sakuur” kimi tələffüz olunan kimi göstərilsədə, düzgün hüquqi qiymət verilməmişdir

43. Ekspert rəyində “sakura” və “sakuur” eyniliyə qiymət verilməmiş, bu nişanlar altında əmtəələrin eyni sahibkara məxsus olması barədə istehlakçıda çaşma yarada biləcək təsəvvürlərə hüquqi qiymət verməmiş, əvəzində “SACOOR KİDS” (1266947) əmtəə nişanında fərqlənmə qabiliyyəti olmayan, ayrılıqda mühafizə olunmayan “KİDS” və “SɅCOOR brothers” (923621) əmtəə nişanında isə “Brothers” sözlərinin fonetik təhlilini vermişdir.Ekspertiza tədqiqatın nəticəsi olaraq təqdim edilmiş 2021 1454 nömrə ilə qeydiyyata alınmış “Sakura” əmtəə nişanı ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SACOOR KİDS” və 923621 nömrə ilə beynəlxalq qeydiyyata alınmış “SɅCOOR brothers” əmtəə nişanları ilə səsli (fonetik) və məna ifadəli (semantik) əlamətlərinə görə fərqli olmasına rəy verilmişdir.

44. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (Sonralar “Qaydalar”) 29.6. “Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması”, 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə tətbiq etməklə müqayisə etməli olduğu halda, bu normaları tətbiq etməmişdir.

45. Yəni, məhkəmə sözdən ibarət əmtəə nişanların ekspertizası zamanı qarşı qoyulan kombinə edilmiş əmtəə nişanının sözdən ibarət hissəsinin eynilik vəa oxşarlığını araşdırarkən əsas və birinci kriteriya rolunu oyanayan səs üzrə (fonetik) oxşarlışına “Qaydalar”in 29.6.2. bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

46. Məhkəmə “SACOOR KİDS” (1266947) nişanında mühafizə elementi olan “SACOOR” sözünün “Qaydalar”in 2-ci maddəsinə əsasən-“Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər”, eləcədə hər iki nişanın latın qrafikası ilə verildiyi səbəbindən görünüşcə (qrafik) oxşarlışına “Qaydalar”in 29.6.3 bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

47. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlarla yanaşı nəzərə alır ki, apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X8 (Ünvan: Azər-baycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatını etibarsız hesab etməklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022- ci il tarixli qərarının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir.Həmçinin apellyasiya şikayətinin dəqiqləşdirilmiş iddia tələbinə uyğun təmin olunmasını xahiş etmişdir.

48. Odur ki, məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul olunaraq iddia təmin olunmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. X8 (Ünvan: Azər-baycan Respublikası, Bakı şəh., Yasamal rayonu, Zahid Xəlilov küç., ev 2, mən. 7) adına olan “Sakura +təsvir” əmtəə nişanının (N 2021 1454, ilkinlik tarixi: xx.xx.2019, ərizə №: 2019 01947) yalnız 25-ci sinif - “geyim, ayaqqabı, baş geyimləri” əmtəələri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A196-7/21, 13 yanvar 2022- ci il tarixli qərarı qismən- qeydiyyatın etibarsız hesab edildiyi hissədə ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar