Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2009/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin oğlunun cavabdeh AR İN yanında DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.11.218-ci il tarixli **********33593 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin oğlunun cavabdeh AR İN yanında DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rüfət Mehdiyev 12.11.2018-ci il tarixdən "xxxx" MMC-də direktor vəzifəsinə keçirilmişdir. Səhhəti ilə əlaqədar olaraq (xəstəliknən əlaqədar çıxarış təqdim edilmişdir) 23.11.2018-ci il tarixli **********33593 saylı qərarın ləğv edilməsi ilə əlaqədar vaxtında iddiaçı tərəfindən müraciət edilməmişdir. Məhkəməyə müraciət etməyi ilə əlaqədar hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Eyni zamanda bildirilmişdir ki, dünya üzrə baş vermiş Covid-19 epidemiyasının yayılması bizim ölkədən də yan keçməmişdir. Bunun nəticəsində məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür. Hesab edirlər ki, istər səhhətində olan problem, istərsə də Covid-19 epidemiyasının yayılması halları qarşısı alınmaz hadisə kimi qiymətləndirilməli məhkəmədə hüquqi müdafiləri bərpa edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarındaolan: -Vergillər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırda Bakı şəhəri LGBİ) tərəfindən vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərə nəzarət məsələsi üzrə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfibəyli 29 ünvanda yerləşən MTK-da X1 iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş və 009370 №-li 18.10.2018-ci il tarixli akt tərtib olunmuşdur. -Vergillər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə cəlb edilməsi haqqında” **********3593 № li 23.11.2018-ci il tarixli qərar qəbul edilmişdir. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən mübahisələndirilən 23.11.2018-ci il tarixli qərar 26.11.2018-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 26.11.2018-ci il tarixdə oxunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 1 (bir il) 06 (altı) ay il keçdikdən sonra, yəni 06.08.2020-ci il tarixdə yuxarı inzibati orqana, 2 (iki) il 1 (bir) aydan çox vaxt keçdikdən sonra, yəni 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materialarına əsasən müəyyən olunur ki, mübahisələndirilən qərar 26.11.2018-ci ildə iddiaçıya göndərilmiş və həmin gün iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı tərəfindən 06.08.2020-ci il tarixdə, yəni, mübahisələndirilən qərarın ona təqdim olunduğu gündən 1 (bir il) 06 (altı) ay il keçdikdən sonra, yuxarı inzibati orqana, 11.01.2021-ci il tarixdə, yəni, mübahisələndirilən qərarın ona təqdim olunduğu gündən 2 (iki) il 1 (bir) aydan çox vaxt keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Beləliklə, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı MMC-nin ötürülmüş prosessual müddətin bərpası üçün göstərdiyi dəlillər (MMC-nin rəhbərinin xəstə olması və Covid-19 epidemiyasının yayılması) ötürülmənin üzrlü səbəbdən baş verməsi üçün sübut kimi kimi qiymətləndirilə bidlməz. Belə ki, MMC-nin təqdim etdiyi tibbi sənəddən məlum olur ki, MMC-nin direktoru R.Mehtiyev mübahisələndirilən qərarın oxunma tarixindən, yəni 26.11.2018-ci il tarixdən dərhal sonra deyil, 23.05.2019-08.06.2019-cu il tarixlər arası, yəni xeyli sonra stasionar müalicə almışdır. Həmçinin Covid-19 epidemiyasının yayılması ilə əlaqədar məhkəmələr nə 2018-ci ildə, nə dəki 2019-cu ildə öz fəaliyyətini dayandırmamışlar. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3498/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2009/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2009/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver