Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2079/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə iddiaçılar “Gənc Qazilər” İctimai Birliyinin təsisçiləri İddiaçı, X4 və X3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar “Gənc Qazilər” İctimai Birliyinin təsisçiləri İddiaçı, X4 və X3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə “Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər (dəqiqləşdirilmiş iddia. İş vərəqi 44) . İddianın əsaslarına görə xx.xx.2021-ci ildə “Qarabağ Qaziləri” İctimai Birliyi nəzdində “Gənc Qazilər” filialını dövlət reyesterində qeydiyyatdan keçirmişdir. Filialın fəaliyyət dairəsi genişləndiyindən və rayonlarda 20-dən çox nümayəndəlikləri yarandığından xx.xx.2021-ci il tarixdə “Gənc Qazilər” İB-nin təsis edilməsi üçün müvafiq sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə göndərilmiş. Lakin həmin müraciətlərinə Ədliyyə Nazirliyi tərəfindən heç bir cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Təşkilatın əsas məqsədi 44 günlük döyüşlərdə yaralanmış, əlil olmuş gənc qazilərin hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir. Sonuncu dəfə qurumun sənədləri xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qeyd olunmaqla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə Gənc Qazilər İB-ni təsis edib qeydiydiyyata alınması üçün cavabdeh müraciət etmiş, cavab verilməmiş, bundan sonra iddiaçılar məhkəməyə müraciət etmişlər. İddia üzrə cavabdeh məhkəməyə təsis sənədlərində bir neçə çatışmazlıq olduğunu bildirərək qürumu dövlət qeydiyyatına almaqdan imtina etmiş, sonra bu çatışmazlıqlar aradan qaldırılıb 04.xx.xx.2022-ci il tarixdə Birliyin təsis sənədləri yenidən dövlət qeydiyyatı üçün cavabdehə təqdim olunmuş, cavab verilməmişdir. Yalnız məhkəmənin sorğusu əsasında xx.xx.2022-ci il tarixli məktubla təsis sənədləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlərin geri qaytarılıb. Qeydiyyatdan imtina olunarkən imtinaya əsas olan əsaslar deyil, imtinaya səbəb olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıqlar göstərilib. Qeyd olunan Qanunun 8.3-cü maddəsinə zidd olaraq hər dəfə müxtəlif çatışmazlıq göstərilib. İmtina qanunsuz olub. Qərarda imtinaya əsas olan səbəblərdən biri kimi Birlik tərəfindən dövlət qeydiyyatı üçün dövlət rüsumunun ödənilməməsi göstərilib. Bu aradan qaldırılması mümkün olan çatışmazlıq olsa da, həmin rüsumun ödənilməsi barədə qəbz, cavabdehin gəlmədiyi əsası ilə məhkəmə qəbul etməmişdir. Məhkəmə qərarını Birliyin nizamnaməsində gənclər təşkilatılarında üzvlərin yaşına dair tələblərin nəzərdə tutulmaması və dövlət rüsumunun ödənilməməsi barədə sənədin təqdim olunmaması ilə əsaslandırılması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatı olan digər iddiaçılar məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 30.4-cü maddəsinə əsasən prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Quliyev iddiaçılara Birliyin nizamnaməsində üzvlərin yaşına dair tələblərin nəzərdə tutulmadığını və irad tutulan çatışmazlıqların iddiaçılar tərəfindən aradan qaldırılmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə, cavabdehin üzərinə “Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmamışdır. İddiaçılar tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayətinin qeyd olunan dəlillərdən göründüyü kimi, onlar birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq hesab edirlər ki, İctimai Birliyin nizamnaməsində gənclər təşkilatılarında üzvlərin yaşına dair tələblərin nəzərdə tutulmaması və dövlət rüsumunun ödənilməməsi barədə sənədin təqdim olunmaması əsası ilə Birliyin dövlət qeydiyyatına alınmasından imtina olunmasını qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçıların qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin işə əlavə edilmiş, iddiaçıların İctimai Birliyin qeydiyyata alınması ilə bağlı müraciətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu öyrənilərkən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinin tələbinin pozulması aşkar olunaraq bildirilmişdir ki, qurumun nizamnaməsində gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblərin nəzərdə tutulmadığı, həmçinin, qeyd olunmuşdur ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.2-ci maddəsinin tələbinə zidd olaraq dövlət rüsumunun ödənilməsi barədə sənəd də təqdim olunmadığı nəzərə alınmaqla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegyiası hesab edir ki, qeyd olunan əsaslarla Birliyin qeydiyyatından imtina olunması əsaslıdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1-ci maddəsinə əsasən təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd...; Birincisi, iş materiallarına əsasən Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət edilərkən iddiaçılar tərəfindən Qanunun qeyd olunan 5.4.2-ci maddəsində nəzərdə tutulan sənədin ərizəyə əlavə edildiyi müəyyən olunmur. İkincisi, sözügedən Qanunun 11.3-cü maddəsi nəzərdə tutur ki, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqannıa təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. İş materiallarına əsasən iddiaçılar tərəfindən Qanunun qeyd edilən 11.3.4-cü maddəsinin tələbinə də riayət olunduğu müəyyən olunmur. Belə ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” 13.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyrihökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası” Qanunun “ 9-1-ci (Gənclər təşkilatları) maddəsi aşağıdakıları nəzərədə tutur: “ 9-1.1. Gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu Qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır. 9-1.2. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir. 9-1.3. Gənclər təşkilatlarına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi, o cümlədən bu Qanunun 9-1.2-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatma ilə əlaqədar onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.” İddiaçıların təsis etdiyi, “Gənc Qazilər” İctimai Birliyinin işə əlavə olunmuş nizamnaməsində isə qeyd olunan qanunvericiliyin tələbinə zidd olaraq Birliyin üzvlərinin yaş həddinə müəyyən olunan tələblər nəzərdə tutulmamışdır. Başqa sözlə, cavabdehin iddiaçılara ünvanlanmış imtina məktublarında təsbit olunan eyni çatışmazlıqlar (başqa iradlar mövcud olmamışdır) iddiaçılar tərəfindən aradan qaldırılmamış, hazırkı tələblərini məhkəmədə müdafiə etməkdə iddialı olmuşlar. Beləliklə də iddiaçıların təsis etdiyi “Gənc Qazilər” İctimai Birliyinin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki bu halda, İPM-in 14.3-cü maddəsinin tələbinə görə sübutetmə yükü iddiaçıların üzərinə düşür. Bu baxımdan, cavabdehin hərəkətləri qanunsuz hesab edilə və iddiçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçıların apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2079/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2079/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver