Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2097/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1212/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Qusar rayonunda doğulmuşdur. O, 1980-1983-cü illərdə Bakı Dənizçilik məktəbində təhsil almış, xx.xx.1984xx.xx.1995-ci illərdə X6 matros, kapitanın 3-cü dərəcəli köməkçisi və kapitanın 2-ci dərəcəli köməkçisi, xx.xx.1996-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində X1 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi, xx.xx.2010-xx.xx.2014-cü illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Gəmilərin ötürülməsi üzrə bələdçi, xx.xx.2015-xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 bələdçi vəzifəsində işləmiş, xx.xx.2021-ci ildən hazırki vaxtadək isə həmin Agentlikdə bələdçi vəzifəsində işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı, iş yerindən verilmiş arayışla da öz təsdiqini tapır. Qeyd edilən arayışa görə işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 21.2 yarımbölməsinə uyğun oldugundan iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun ümumi iş stajı 27 il 3 ay 0 gün, güzəştli şərtlərlə əmək stajı 23 il 11 ay 4 gün təşkil edir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi güzəştli iş stajının 12 il 06 aydan az olması göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İnzibati orqan “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq daxil olmuş müraciəti tam şəkildə araşdırıb və hərtərəfli əsaslandırılmış imtina verməli idi. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız zərərli iş stajını mübahisələndirmişdir. Yəni cavabdeh inzibati orqan iddiaçının minimum 27 il ümumi iş stajı faktını qəbul etmişdir. Zərərli iş stajı ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dəniz nəqliyyatı sahəsində üzən gəmi heyətində matros, kapitan köməkçisi və gəmi bələdçisi vəzifələrində işləmişdir. Cavabdeh orqan iddiaçının matros və kapitan köməkçisi işlədiyi dövrləri zərərli iş stajı kimi nəzərə alsa da, onun gəmi bələdçisi vəzifəsində işlədiyi dövrü zərərli peşə kimi götürməmişdir. Cavabdeh orqanın bu mövqeyi əsassızdır. Belə ki, həmin yarımbölməyə diqqət yetirdikdə əsas olaraq peşələrin adları deyil, şəxslərin işlədiyi gəmilər əsas olmalıdır. İddiaçının gəmi bələdçisi işlədiyi dövrün zərərli iş stajı, dolayısı ilə üzən heyət gəmisində işləməsi işəgötürən tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Bu əsasdan hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-1212/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iş üzrə qərar qəbul edərkən hesab etmişdir ki, iddiaçının zərərli iş stajı 12 il 06 aydan azdır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının gəmi bələdçisi vəzifəsində işlədiyi peşənin Nazirlət Kabinetinin 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olmaması ilə izah etmişdir. Bunun üçün məhkəmə Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 41, 42, 66, 67, 75, 78-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 83 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsinin 19, 20, 21, 22, 23-cü bəndlərinə, X3 Kollegiyasının xx.xx.2013-cü il tarixli, Q/06 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Əlavə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması” Qaydalarının 2. 3, 4, 5, 10, 12, 17-ci bəndlərinə istinad etmişdir. Məhkəmə həmin normativ sənədlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının işlədiyi bələdçi vəzifəsi üzrə peşə funksiyasını yerinə yetirərkən xidmət etdiyi gəmilər üzən heyət gəmilərinə aid olsa da, onun özünün dəniz və çay donanmasının üzən heyətinə aid sənədlərə malik olmamasına görə bu vəzifə üzən heyətə aid edilə bilməz. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, inzibati məhkəmə icraatı zamanı tərəfindən iddiaçının gəmi bələdçisi vəzifəsində işləmiş olduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinə sorğular verilmişdir. QSC tərəfindən cavab olaraq birmənalı şəkildə bildirilmişdir ki, iddiaçı peşə funksiyasını yerinə yetirərkən xidmət etdiyi gəmilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 № li qərarı ilə təsdiq edilmiş Siyahının 21.2-ci yarımbölməsinin üzən heyət gəmilərinə aid olmuşdur. Agentlik isə Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsində göstərilən gəmi heyətinin tərkibinə daxil olmadığını bildirsə də, dəniz bələdçisinin gəminin göyərtəsində olarkən yerinə yetirdiyi funksiyaların gəmi heyəti üzvlərinin funksiyaları ilə eyni xarakterə malik olduğunu nəzərə alaraq iddiaçıya 12 №-li Qərar ilə təsdiq edilmiş Siyahının 21.2-ci yarımbəndinin tətbiq edilməli olduğu bildirilmişdir. Məhkəmə tərəfindən həmin peşə üzrə vəzifə təlimatı sorğu ilə istənilmiş və həmin təlimatdan da görünür ki, iddiaçı peşəsi üzrə əmək funksiyasını üzən heyət gəmilərində həyata keçirmişdir. Lakin məhkəmə sırf həmin peşə funksiyasının həyata keçirildiyi zaman müddətinin üzən heyətə aid olmasını əsas gətirərək iddianı təmin etməkdən imtina etmişdir. Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-cı fəsli Dəniz Bələdçiləri adlanır. Həmin fəslin 66-81-ci maddələrinə nəzər yetirdikdə Dəniz bələdçilərinin gəmilərin idarə edilməsində xüsusi rolunun olması müəyyən edilir və həmin şəxslərin yerinə yetirdiyi funksiyalar adətən çay və dəniz donanmasının üzən heyətinə aid funksiyalarla üst-üstə düşür. Buna misal olaraq, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 83 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsinin 80, 81, 82 və 83-cü bəndlərinə nəzər yetirdikdə müəyyən olunur ki, gəmi kapitanı nəzərdə tutulmuş ərazilərdə idarəetməni həyata keçirərkən dəniz bələdçisinin xidmətindən mütləq şəkildə istifadə etməlidir. Bu zaman həmin dəniz bələdçisinin yerinə yetirdiyi funksiyalara baxdıqda onun gəmi heyətinin üzvlərinin funksiyaları ilə eynilik təşkil etməsi müəyyən olunur. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı 18 aprel 2023-cü il tarixdə cavabdehə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən müraciətinin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); bütün adlarda maşinistlər; bütün adlarda motorçular; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin ona dair arayışında xx.xx.2015-xx.xx.2021ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində, xx.xx.2021-ci il tarixdən bugünədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyində bələdçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçının İşlədiyi müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Qərarla təsdiq olunmuş Siyahının nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyəti sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 15 gün (xx.xx.1984xx.xx.1995-ci il. xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə, yəni iddiaçının həmin tarixdə 60 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların. peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İşdə olan iddiaçıya aid sənədlərdən görünür ki, iddiaçının xx.xx.2015xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində 6 il 3 ay 18 gün, xx.xx.2021-xx.xx.2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyində 1 il 1 ay 4 gün, ümümilikdə 7 il 4 ay 22 gün gəmi bələdçisi işlədiyi dövr onun güzəştli iş stajına hesablanmamışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bələdçi vəzifəsinin təlimatından görünür ki, vəzifənin funksiyası Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanlan arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasının təmin edilməsi məqsədilə xarici bayraq altında üzən gəmilərə və bələdçi xidmətindən istifadə tələb edən Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsidir. İş materiallarında iddiaçının dəniz və çay donanmasının üzən heyətinə aid sənədlərinə malik olması barədə hər hansı sənəd əlavə edilmədiyindən qanunvericiliyin qeyd olunan tələblərinə görə (o cümlədən Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsi) onun çalışdığı dəniz bələdçisi vəzifəsi (həmçinin də İşlədiyi müəssisə) dəniz və çay donanmasının üzən heyətinə aid edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi hesab edir ki, inzibati orqanın iddiaçının işlədiyi dəniz bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.1 bəndinin “b” yarımbəndinə uyğun nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyətinə aid olmaması ilə bağlı imtinasının dəlilləri əsaslı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); bütün adlarda maşinistlər; bütün adlarda motorçular; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz İT-İ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və X11 dair arayışında xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində, xx.xx.2021ci il tarixdən bugünədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyində bələdçi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Qərarla təsdiq olunmuş Siyahının nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyəti sahəsinə aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (12 il 15 gün (xx.xx.1984-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan “Azərbaycan X14” QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət X14nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək matros, kapitanın 3-cü, 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 11 il 07 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X14 Azərbaycan Dövlət X14 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X14nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X12 yenidən təşkili yolu ilə "Azərbaycan X14" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 12/d saylı əmrə əsasən Dəniz Xidməti Liman Nəzarəti Müfəttişliyinə gəmilərin ötürülməsi üzrə bələdçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixli 34/p saylı əmrə əsasən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2014-cü il tarixindən liman arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı liman üzrə ümumi iş stajı 4 il 2 ay 11 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsində xx.xx.1996xx.xx.1996-ci illərdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1996-ci il tarixindən (Əmr №24/k, xx.xx.1996-cı il) xx.xx.1996-cı il tarixinədək (Əmr №27/k, xx.xx.1996-cı il) X1 “Əlif Hacıyev” X13 kapitanının İİİ köməkçisi vəzifəsində, xx.xx.1996-cı il tarixindən (Əmr №27/k, xx.xx.1996-cı il) xx.xx.1996-cı il tarixinədək (Əmr №106/k, xx.xx.1996-cı il) Elmi- X2 “Əlif Hacıyev” X13 kapitanının İİ köməkçisi vəzifəsində. Onun işlədiyi vəzifələr və çalışdığı gəmi üzücü heyət gəmilərinə aid edilir. O, gəmi liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmi hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmisində güzəştli iş stajı 0 il 4 ay 22 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2001-ci il tarixli 128/ü saylı əmrilə Hidrometeorologiya Komitəsinin bazasında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2002-ci il tarixli 2633/ü saylı əmrilə “Milli Hidrometeorologiya Xidməti” ’’Milli Hidrometeorologiya Departamenti” adlandırılmışdır. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Milli Hidrometeorologiya Departamentinin, X4 İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 03 dekabr 2021-ci il tarixindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və X10 üzgüçülüyü əməliyyatları departamentinin Bələdçi şöbəsində bələdçi vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi "bələdçi" vəzifəsi üzrə peşə funksiyasını yerinə yetirərkən xidmət etdiyi gəmilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.2-ci yarımbölməsinin üzən heyət gəmilərinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 66cı maddəsinə əsasən, gəmilər dəniz limanlarına və dəniz limanları akvatoriyasının (limanın su sahəsinin) hüdudlarına girişdə, habelə deniz limanları arasında üzərkən dəniz üzgüçülüyünün təhlükəsizliyini və dəniz mühitinin qorunmasını təmin etmək məqsədi ilə dəniz bələdçilərinin xidmətindən istifadə edirlər. Həmçinin xarici dövlətin bayrağı altında üzən gəmilərin limana daxil olarkən və limandan çıxarkən bələdçi xidmətindən istifadə etməsi məcburidir. Bundan əlavə, gəmi kapitanının tələb etdiyi bütün hallarda gemi dəniz bələdçisi xidməti ilə təmin edilir. Eyni zamanda, Ticarət Gəmiçiliyi Məcəlləsinin 74-cü və 75-ci maddələrinə uyğun olaraq, gəminin təhlükəsiz üzməsi məqsədi ilə gəmi kapitanı dəniz bələdçisinin ağlabatan tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda onun işinə qarışmır. Habelə gəmi kapitanının icazəsi ilə bələdçi gəminin üzməsinə və manevr etməsinə dair göstərişləri bilavasitə sükançıya verə bilər. Eləcə də, bələdçi gəmidə olarkən gemi heyəti üzvləri ilə bərabər qaydada otaq və qidadan istifadə edir. Yuxarıda qeyd edilənlər baxımından, Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsində göstərilən gəmi heyətinin tərkibinə daxil olmasa da, dəniz bələdçisinin gəminin göyərtəsində olarkən yerinə yetirdiyi funksiyalar gəmi heyəti üzvlərinin funksiyaları ilə eyni xarakterə malikdir və bu nəzərə alınmaqla, səlahiyyətli müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dəniz bələdçisi vəzifəsində işləmiş şəxslərə, o cümlədən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci yarımbəndi tətbiq edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bələdçi vəzifəsinin təlimatından görünür ki, vəzifənin funksiyası “Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasının təmin edilməsi məqsədilə xarici bayraq altında üzən gəmilərə və bəldçi xidmətindən istifadə tələb edən Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsi”dir. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21. Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət”in tərkibinə daxil olan istehsalatlar, peşələr, vəzifələr və göstəricilərdə Cəmiyyətin sabiq əməkdaşı İddiaçı çalışmış olduğu bələdçi vəzifəsi nəzərdə tutulmamışdır. Bələdçi vəzifəsinin əmək funksiyası üzən heyətin tərkibinə daxil olan istehsalatlar, peşələr, vəzifələr və göstəricilər ilə uyğunluq təşkil etmir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəniz bələdçisinin gəmi heyətinə aid edilməsi ilə bağlı hər hansı konkret norma nəzərdə tutulmamışdır, bununla yanaşı, Azərbaycan Respublikasının 8 iyun 2004cü il tarixində qoşulduğu «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il tarixli Beynəlxalq Konvensiya»da bələdçi gəmi heyəti üzvlərinə aid edilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli (xx.xx.1984-cü il tarixdə doldurulmuş) əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1980-1983-cü illərdə Bakı Dənizçilik məktəbində təhsil almış, xx.xx.1984-cü ildən xx.xx.1995-ci ilədək X6 matros, kapitanın 3-cü dərəcəli köməkçisi və kapitanın 2-ci dərəcəli köməkçisi, xx.xx.1996cı ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində Elmi X2 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi, kapitanın 2ci dərəcəli köməkçisi, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Gəmilərin ötürülməsi üzrə bələdçi, xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 bələdçi, xx.xx.2021-ci ildən hazırkı vaxtadək isə həmin Agentlikdə bələdçi vəzifələrində işləyir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqanına müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1995-ci ilədək X6 matros, kapitanın 3-cü dərəcəli köməkçisi və kapitanın 2-ci dərəcəli köməkçisi, xx.xx.1996cı ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində Elmi X2 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi, kapitanın 2ci dərəcəli köməkçisi vəzifələrində (cəmi 12 il 15 gün) işləmişdir, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur (21. Nəqliyyat, 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla). Lakin iddiaçının xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək "xxxx" QSD-də, xx.xx.2015ci ildən xx.xx.2021-ci ilədək və xx.xx.2021-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyində işlədiyi bələdçi vəzifəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı dəniz bələdçisi vəzifəsi (həmçinin də işlədiyi müəssisə) dəniz və çay donanmasının üzən heyətinə aid deyildir. Belə ki, "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21. Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət”in tərkibinə daxil olan istehsalatlar, peşələr, vəzifələr və göstəricilərdə Cəmiyyətin sabiq əməkdaşı İddiaçı çalışmış olduğu bələdçi vəzifəsi nəzərdə tutulmamış, habelə bələdçi vəzifəsinin əmək funksiyası üzən heyətin tərkibinə daxil olan istehsalatlar, peşələr, vəzifələr və göstəricilər ilə uyğunluq təşkil etmir. Bundan başqa, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həm Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, həm də Azərbaycan Respublikasının 8 iyun 2004-cü il tarixində qoşulduğu «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il tarixli Beynəlxalq Konvensiya»da bələdçi gəmi heyəti üzvlərinə aid edilməmişdir. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi: 42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir. 42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə bilər. 42.3. Sıravi heyət gəmi kapitanı və gəminin komandir heyətinin digər üzvləri istisna olmaqla digər dənizçilərdən ibarətdır. Beləliklə, iddiaçının işlədiyi bələdçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyətinə aid deyildir. Bu səbəbdən də iddiaçının işlədiyi həmin dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır (cəmi 12 il 15 gün). Bu səbəbdən də onun 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1212/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2097/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2097/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver