Məhkəmə qərarları › İş №2-1(103)-2137/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2137/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2137/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı imtinanın əsassız hesab olunması və təkrar müayinənin keçirilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-275/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-275/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı imtinanın əsassız hesab olunması və təkrar müayinənin keçirilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərarını ona istinad etmişdir ki, guya müxtəlif müalicə müəssisələrindən verilmiş tibbi arayışlara görə iddiaçı ağır qan xəstəsidir və bu səbəbdən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə tam yararsızdır. Halbuki iddiaçının səhhəti ilə bağlı deyilənlər və tərtib olunmuş arayışlar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı bir neçə xəstəxanaya müraciət edərək tibbi müayinədən keçmiş və həmin tibbi müayinələr zamanı iddiaçıda talassemiya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. İddiaçı hazırda özünü yaxşı hiss edir və sağlamdır. Bu səbəbdən də o, AR Silahlı Qüvvələrində müddətli hərbi xidmət etməklə orada işləmək istəyir. Lakin cavabdeh ona mane olur, həm iddiaçıya, həm də məhkəməyə onun səhhəti ilə bağlı həqiqətə uyğun olmayan tibbi arayışlar təşkil edib göndərmişdir. Halbuki iddiaçı tallasemiya xəstəliyindən heç vaxt şikayətçi olmayıb və bu əsasla heç vaxt həkimə müraciət etməyib. İş üzrə Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, iş üzrə cavabdeh tərəfindən iddiaçının səhhətinin guya çox pis olması, ağır talassimiya xəstəsi olması barədə məhkəməyə həqiqətə uyğun olmayan saxta tibbi sənədlər təqdim etmiş və iddiaçının göstərdiyi əsaslarla işə mahiyyəti üzrə düzgün baxılmamışdır. Halbuki məhkəmə iddiaçı barədə tərtib olunmuş həmin saxta tibbi arayışlarda yazılanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün özü də tibbi ekspertiza təyin edə bilərdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı 08.07.2017ci ildə Xidmətin Yasamal HHK tərəfindən xəstəliklər cədvəlinin D qrafasının 11,33 maddəsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı təkrar tibbi müayinədən keçməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış vətəndaşların təkrar tibbi müayinəyə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab olunması və təkrar müayinənin keçirilməsi vəzifəsinin cavabdehin üzrəinə qoyulmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı “irsi hemoqlobinopatiya. X1 geninin daşıyıcısı” diaqnozlu xəstəlikdən əziyyət çəkdiyindən Xidmətin qərarı ilə əsaslı olaraq həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış şəxslərin təkrar tibbi müayinəyə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının təkrar tibbi müayinəyə cəlb edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.7-ci bəndinə əsasən hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Əsasnamənin 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir( 2.6-ci bənd). Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər ( 2.9-cu bənd). «Xəstəliklər cədvəli»ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar (8.1-ci bənd) «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır (8.3-ci bəndi). “Xəstəliklər cədvəli”nin “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” adlanan 11-ci maddəsinin “Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları” “a” bəndində nəzərdə tutulmuş funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən xəstəliklər İ, İİ, İİİ qrafalar üzrə D kateqoriyasına aiddir. - Qeyd olunan «a» bəndinə qanaxmalarla, qansızmalarla müşayiət olunan, ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş hipoplastik və ya aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, talassemiyalar, koaqulopatiyalar aiddir. İş materiallarından müəyyən edilir ki, 1999-cu il təvəllüdlü İddiaçı 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Şamaxı rayon şöbəsində tibbi şəhadətləndirilmiş və Hematoloqiya və Transfüziologiya İnstitutuna əlavə müayinəyə göndərilmişdir. Tibbmüəssisəsindən Xidmətin Şamaxı rayon şöbəsinə daxil olmuş "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda “Heteroziqot B-Talassemiya” diaqnozu qeyd edildiyinə görə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsaz” sayılmış vətəndaşları təkrar tibbi müayinəsi mövcud qanunvericilikdə nəzərdə turulmamışdır. Lakin, birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli baxımından iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilmişi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 14.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı halhazırda “irsi hemoqlobinopatiya. X1 geninin daşıyıcısı” diaqnozlu xəstəlik vardır. Qeyd olunan xəstəliyin onda olması ixtisaslı tibb müəssisələrində müvafiq ixtisasdan olan mütəxəssislər və aparılmış instrumental müayinələrlə tam təsdiq edilmişdir, əsaslıdır. İddiaçı hal-hazırda onda olan “irsi hemoqlobinopatiya. X1 geninin daşıyıcısı" diaqnozlu xəstəliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “hərbi xidmətə yararsız”dır. “İrsi hemoqlobinopatiya. X1 geninin daşıyıcısı” diaqnozlu xəstəlikdə qanda patoloji hemoqlobinlər olması səbəbindən qanda normal hemoqlobinin miqdarının vaxtaşırı aşağı düşməsi nəticəsində anemiya xəstəliyi yaranır. Belə hallara görə çağırışçı hərbi xidmətə yararsız sayılır. Göründüyü kimi İddiaçı “irsi hemoqlobinopatiya X1 geninin daşıyıcısı” diaqnozlu xəstəlikdən əziyyət çəkdiyi bir daha təsdiq olunmuşdur. Belə olan halda, iddiaçının təkrar ekspertiza təyin edilməsi və onun yenidən müayinə edilməsinə dair apelyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-275/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilov Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar