Məhkəmə qərarları › İş №2-1(103)-2160/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2160/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2160/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin nümayəndəsi X35 və üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin rəisi X29, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X6 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və s. barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5738/2021saylı 16 iyun 2021-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin rəisi X29, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42- Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X6 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı13 vəzifələrinin icrası ilə bağlı qanunsuz qadağa və müdaxilələrlə bağlı cavabdehlər X24 və X5 hərəkətlərinin qanunsuz hesab edilməklə onlara bu hərəkətlərin edilməsinin qadağan edilməsi; iddiaçılar - gəmi kapitanları İddiaçı2 və İddiaçı3 edilən əmək haqqı ödənişləri və qida pulu ödənişləri kəsirlə ödənilən vaxtdan hesablanmaqla əmrlərinə uyğun olaraq aparılmasının cavabdehlərdən tələb edilməsi; iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı13, İddiaçı2, İddiaçı3, X33, X30, İddiaçı7, İddiaçı8, İddiaçı9, X36, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19, İddiaçı20, İddiaçı18 hüquqlarının pozulmasına səbəb olmuş boşdayanma ilə bağlı əsassız əmrlərin qanunsuz hesab edilməsi və ləğv edilməsi, əmrin imzalandığı tarixdən məhkəmə qətnaməsi icra olunanadək ödənilmiş əmək haqqının kəsir hissəsinin iddiaçılara ödənilməsi; iddiaçı - böyük mexanik İddiaçı18 iş vaxtından artıq saatları ödənişsiz və məcburi işləməsi tələbinin cavabdeh Fuad İsmayılzadəyə qadağan edilməsi və qətnamə qanuni qüvvəyə minən günədək artıq iş saatlarında işləmələrinə görə onlara ödənişlərin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Vəkil 20.05.2021-ci il tarixdə elektron kabinet vasitəsilə İddiaçı13 aid hissədə iddia ərizəsinə əlavə təqdim edərək onun işdən azad edilməsi barədə 07 may 2021-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsini, məcburi işburaxmaya görə ona əvvəlki, azalmaya qədər aldığı əmək haqqı hesabı ilə əmək haqqının ödənilməsi, Fuad Bağırovdan və Fuad İsmayılzadədən tutulmaqla 2 aylıq əmək haqqı məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı13 aid hissədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5738/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan iddiaçıların nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili apelyasiya şikayətində qeyd etmişdir ki, daha əvvəl hazırki iş üzrə Səbail rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı vardır. Həmin qərardadla eyni iddia tələbi icraata qəbul edilməyərək aidiyyət üzrə inzibati məhkəməyə müraciət edilməsi göstərilmişdir. Qeyd olunanları nəzərə alıb apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin nümayəndəsi X35 və üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçılara, digər cavabdehlərə və üçüncü şəxs 4 saylı region üzrə X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək haqqı ödənişləri və qida pulu ödənişləri kəsirlə ödənilən vaxtdan hesablanmaqla əmrlərinə uyğun olaraq aparılmasının cavabdehlərdən tələb edilməsi, iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuş boşdayanma ilə bağlı əsassız əmrlərin qanunsuz hesab edilməsi və ləğv edilməsi, əmrin imzalandığı tarixdən məhkəmə qətnaməsi icra olunanadək ödənilmiş əmək haqqının kəsir hissəsinin iddiaçılara ödənilməsi, artıq iş saatlarında işləmələrinə görə onlara ödənişlərin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən doğan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İPMnin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçularını nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. Məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə iddiaçılar dövlət qulluqçusu deyillər, inzibati orqanla münasibətləri dövlət qulluğu ilə bağlı deyil, tərəflər arasındakı münasibətlər əmək müqavilələri ilə tənzimlənir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə mübahisə bilavasitə işəgötürənlə əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olubolmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 29 aprel 2021-ci il tarixli 37/34-00118 nömrəli iş üzrə iddiaçıların işə qəbul haqqında əmrlərindən çıxarışlardan müəyyən olunur ki: -Ağalarova X7 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1439/ş saylı əmrinə əsasən X42-xilasetmə Xidmətinin X32 idarəsinin kadr üzrə mütəxəssisi vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il, 0118A/q saylı əmrdən çıxarış). -Nağıyev X18 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 21 aprel 2010-cu il tarixli, 704/ş saylı əmrinə əsasən “VM-1” dəniz dalğıc gəmisinin motorçusu vəzifəsinə təyin edilmiş və 21 aprel 2010-cu il tarixindən vəzifəsinin icrasına başlamışdır (21.04.2010-cu il tarixli, 19/q saylı əmrdən çıxarış). -Hacıyev X2 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1441/ş saylı əmrinə əsasən X42-xilasetmə Xidmətinin X32 idarəsinin “TS-2” özü hərəkət etməyən torpaqsoran qurğusunun bagemeysteri vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il tarixli, 118A/q saylı əmrdən çıxarış). -Cəfərov X11 Hallar Nazirliyinin X42 Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1444/ş saylı əmrinə əsasən X42-xilasetmə Xidmətinin “Təchizat bərəsinin” matrosu vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il tarixli, 118A/q saylı əmrdən çıxarış). -Əliyev X12 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 01 sentyabr 2015-ci il tarixli, 1041/ş saylı əmrinə əsasən X42-xilasetmə Xidmətinin X32 idarəsinin Dispetçer-istehsalat bölməsinin mühasibi vəzifəsinə təyin edilmişdir (01.09.2015-ci il tarixli, 086/ş saylı əmrdən çıxarış). -Talıbov X8 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 31 may 2010-cu il tarixli, 026/q saylı əmrinə əsasən xx.xx.1984-cü il təvəllüdlü, X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 01.06.2010-cu il tarixindən müvəqqəti olaraq (6 ay müddətinə) motorçu-matros vəzifəsinə qəbul edilmişdir (31.05.2010-cu il tarixli, 026/q saylı əmrdən çıxarış). -Fərəcov X19 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 29 iyun 2012-ci il tarixli, 60 x/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 29.06.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 idarəsinin «YG-2» yedək gəmisinə matros- motorçu vəzifəsinə qəbul edilmişdir (29.06.2012-ci il tarixli, 60x/q saylı əmrdən çıxarış). -Qurbanov X25 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 16 aprel 2012-ci il tarixli, 34/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 16.04.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin “TS-3”özü hərəkət etməyən torpaqsoran qurğusuna matros-motorçu vəzifəsinə təyin edilmişdir (16.04.2012-ci il tarixli, 34/q saylı əmrdən çıxarış). -Nəcəfov X26 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 16 aprel 2012-ci il tarixli, 34/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 16.04.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin “TS-1” özü hərəkət etməyən torpaqsoran qurğusuna matros-motorçu vəzifəsinə qəbul edilmişdir (16.04.2012-ci il tarixli, 34/q saylı əmrdən çıxarış). -Kərimov X13 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 02 dekabr 2014-cü il tarixli, 87/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 03.12.2014-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) DDİİ-nin Yataqxanasına növbətçi vəzifəsinə təyin edilmişdir (02.12.2014-cü il tarixli, 87/q saylı əmrdən çıxarış). -Əliyev X14 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 27 avqust 2012-ci il tarixli, 78/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 28.08.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin ərazi istehsalat sahəsinin sahil matrosu-gözətçi vəzifəsinə təyin edilmişdir (27.08.2012-ci il tarixli, 78/q saylı əmrdən çıxarış). -Eyvazov X9 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 27 avqust 2012-ci il tarixli, 78/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 28.08.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin ərazi istehsalat sahəsinin sahil matrosu-gözətçi vəzifəsinə təyin edilmişdir (27.08.2012-ci il tarixli, 78/q saylı əmrdən çıxarış). -Nərimanov X15 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 18 fevral 2019-cu il tarixli, 0045/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 19 fevral 2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi X42-xilasetmə Xidmətinin X32 idarəsinin Ərazi istehsalat sahələrinin köməkçi fəhləsi vəzifəsinə təyin edilmişdir (18.02.2019-cu il tarixli, 0045/ş saylı əmrdən çıxarış). -Bağırov X20 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 03 mart 2014-cü il tarixli, 18/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 04 mart 2014-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin ərazi istehsalat sahələrinin köməkçi fəhlə vəzifəsinə təyin edilmişdir (03.03.2014-cü il tarixli, 18/q saylı əmrdən çıxarış). -Abiyev X16 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 04 may 2012-ci il tarixli, 39/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 04.05.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin təmir sahəsinə çilingər vəzifəsinə təyin edilmişdir (04.05.2012-ci il tarixli, 39/q saylı əmrdən çıxarış). -X1 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 04 dekabr 2012-ci il tarixli, 121/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 05.12.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X32 İdarəsinin təmir sahəsinə elektrik-qazqaynaqçısı vəzifəsinə təyin edilmişdir (04.12.2012-ci il tarixli, 121/q saylı əmrdən çıxarış). -Məmmədov X3 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 12 dekabr 2012-ci il tarixli 0140/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 13.12.2016-cı il tarixdən X42-xilasetmə Xidmətinin X32 idarəsinin Avtonəqliyyat sahəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir (12.12.2016-cı il tarixli, 0140/ş saylı əmrdən çıxarış). -Cəfərov X21 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 16 dekabr 2016-cı il tarixli 0143/ş-A saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 19.12.2016-cı il tarixdən X42-xilasetmə Xidmətinin X32 idarəsinin Avtonəqliyyat sahəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir (16.12.2016-cı il tarixli, 0143/ş-A saylı əmrdən çıxarış). -Əsgərli X27 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 01 oktyabr 2019-cu il tarixli, 0217/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 02 oktyabr 2019-cu il tarixdən X42-xilasetmə Xidmətinin X32 idarəsinin Təsərrüfat sahəsinin müxtəlif ixtisaslar üzrə fəhləsi vəzifəsinə təyin edilmişdir (01.10.2019-cu il tarixli, 0217/ş saylı əmrdən çıxarış). -Cəfərova X22 Hallar Nazirliyinin X42-Xilasetmə Xidmətinin 25 noyabr 2013-cü il tarixli, 98/q saylı əmrinə əsasən X42-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 25.11.2013-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) DDİİ-nin kargüzar vəzifəsinə təyin edilmişdir (25.11.2013-cü il tarixli, 98/q saylı əmrdən çıxarış). İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X42- Xilasetmə Xidmətinin 21 may 2021-ci il tarixli, 37/34-00135 saylı məktubundan görünür ki, Xidmətin X32 İdarəsinin əməkdaşları İddiaçı1 və digərlərinin tələbinə dair 2-1(112)- 5738/2021 saylı işin məhkəmə icraatı əlaqədar bildirilmişdir ki, məktubda adları qeyd olunan 20 nəfər əməkdaş dövlət qulluqçusuna malik deyildir. İş materiallarında olan X28 16.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci hissəsinə əsasən Dövlət Qulluqçuları Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda X42-Xilasetmə Xidmətinin Aparatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan dövlət orqanı kimi nəzərdə tutulmuşdur. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, sorğuda adı çəkilən şəxslər barədə heç bir məlumat Dövlət Qulluqçularının Reyestrinə daxil edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisə inzibati orqanlara qarşı əmək mübahisəsi tələbi ilə bağlı olsa da, hazırkı iş üzrə iddiaçılar dövlət qulluqçusu olmadığından, inzibati orqanla münasibətləri dövlət qulluğu ilə bağlı deyil, tərəflər arasındakı münasibətlər əmək müqavilələri ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil, mübahisə əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Həmçinin məhkəmə kollegiyası iddiaçılara izah edir ki, onların hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən hazırki mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıların yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5738/2021saylı 16 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar