Məhkəmə qərarları › İş №2-1(103)-2173/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2173/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2173/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Əlayif oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə qarşı “sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxsə dövlət qulluqçusu üçün nəzərdə tutulmuş əlavələrin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2019/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sınaq müddəti ilə qulluğa qəbul edilən şəxslə (onunla) bağlanan əmək müqaviləsinin 10-cu maddəsini, Azərbaycan Respublikası X5nin rəsmi cavab məktubunu nəzərə alaraq məsələnin araşdırılmasını və sınaq müddəti ərzində qulluq keçdiyi 3 ay üçün nəzərdə tutulan vəzifə maaşının 1.1 misli həcmində əlavələrin ödənilməsinin (aylıq əmək haqqının 855 AZN olduğunu nəzərə alınaraq) cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023- cü il tarixindən etibarən Nazirliyin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində həmin vəzifə üzrə X5 tərəfindən vakant inzibati vəzifələrin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək maksimal 20 baldan 19.7 (Respublika üzrə ən yüksək nəticələrdən hesab olunur) bal toplayaraq vəzifəyə uyğun hesab edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən energetika nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 28.7-ci maddəsinə uyğun olaraq 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, staj mərhələsini uğurla keçdikdən sonra (kuratorun müsbət rəyi əsasında), Qanuna uyğun olaraq 3 aylıq dövlət qulluğunun sınaq mərhələsinə keçmişdir. 29 yanvar 2024-cü il tarixindən Qanunun 28.7-ci maddəsində qeyd edildiyi üzrə onunla 3 ay müddətinə dövlət qulluğunun sınaq mərhələsi üzrə nümunəvi forması Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilən əmək müqaviləsi bağlanmış və 3 ayın tamamında daimi dövlət qulluğuna keçmədən 29 aprel 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işəgötürən tərəfindən xitam verilmişdir. Məhkəməyə müraciət etməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli, 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələrin əksər dövlət orqanlarında xüsusən də 2-ci kateqoriya dövlət orqanlarında sınaq müddəti ilə qulluq keçən şəxslərə (6 aylıq staj müddətindən sonrakı 3 ay) verildiyini, lakin sınaq keçdiyi müddət ərzində Energetika Nazirliyində verilməməsidir. Sözügedən əlavələrin Energetika Nazirliyində verilmədiyini öyrəndikdən sonra, hələ staj dövründə olarkən o və qulluq keçdiyi şöbənin stajçı əməkdaşı Cəbrayılzadə Tərlan məsələyə münasibət bildirilməsi məqsədilə 17 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Dövlət X1 kollektiv vətəndaş müraciəti ünvanlanmış və müraciət ilə bağlı cavab aidiyyatı qaydada baxılması üçün X4 Şura tərəfindən göndərildikdən sonra, 06 mart 2024-cü il tarixli 9-3/2-C-1-137/2024 saylı məktub ilə onlara təqdim edilmişdir və cavab məktubunda qeyd edilən əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə də verilməli olduğu qeyd edilmiş və sınaq müddəti ilə qulluq keçən şəxslərlə bağlanmış əmək müqaviləsinin (nümunəvi forması Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilir) 10-cu maddəsinə istinad edilmişdir. Cavab məktubu aldıqdan sonra o, və Tərlan Cəbrayılzadə subordinar qaydaya uyğun olaraq ilk öncə öz şöbə müdiri olan Nərgiz Bağırlı ilə, daha sonra, nazirliyin Maliyyə, Hüquq, Daxili nəzarət, Dövlət qulluğu və kadrlar şöbəsi ilə müzakirələr aparsalar da, heç bir nəticə almadığı üçün sonuncu iş günü olan 29 aprel 2024 tarixində elektron sənəd dövriyyəsi vasitəsilə energetika nazirinə xidməti ərizə ünvanlanmış və 1.1 misli əlavələrin verilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Bu məsələlərdən sonra işdən azad edildiyi üçün xidməti ərizəsinə cavab ala bilmədiyi üçün yenidən 22 may 2024-cü il tarixində Energetika Nazirliyinə elektron qaydada müraciət yollamışdır və nəhayət 20 iyun tarixində 3-15/2- B2327-21-346/2024 saylı məktubla cavab almışdır. Verilən cavabda dövlət qulluqçusu anlayışının Qanunda olan tərifinə istinad edilərək, sınaq müddətində olan şəxslərin dövlət qulluqçusu olmadığı və sözügedən əlavələrin sadəcə dövlət qulluqçuları üçün nəzərdə tutulduğu bildirmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 2024-cü il 27 iyul tarixli 3-15/3- 2-424/2023 nömrəli əmr ilə 28 iyul tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2- 46/2024 nömrəli əmrilə həmin tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən 2024-cü il 29 aprel tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə ( sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul edildiyi vaxt (28 iyul 2023-cü il) İddiaçı 855 manat məbləğində gross əmək haqqı müəyyən edilmişdir. Staj müddətindən sınaq müddətinə keçdiyi zaman əmək haqqı məbləği dəyişdirilməmiş və eyni qalmışdır. İşlədiyi dövr ərzində isə bütün ödənişləri tam məbləğində almışdır (təsdiqləyici sənədlər əlavə edilir). İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin” istinad edərək, dövlət qulluqçularının vəzifə maaşına 1.1 misli həcmində əlavənin verilməli olduğunu bildirmişdir. Həmin nümunənin 10-cu bəndində bu kontrakta əsasən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilməsi qeyd edilmişdir. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 1-5- ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Həmin Fərmanda inzibati vəzifə tutan dövlət qulluqçularının vəzifə maaşına verilən əlavədən bəhs olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu dedikdə yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Qanunun 28.10-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Qeyd olunanlara əsasən, dövlət qulluqçusu dedikdə Qanunun 1.1.3-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən və Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi alan Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Göründüyü kimi qanunvericiliyin müvafiq normalarına əsasən sınaq müddəti ilə dövlət qulluğu keçən şəxslər qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu hesab edilmir və onlara vəzifə maaşının 1.1 misli həcmində əlavə verilməsi nəzərdə tutulmamışdır. İddiaçı istinad etdiyi “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı isə hüquqi qüvvəsinə görə qanundan aşağıdır. Belə ki, Respublikasının Konstitusiyasının 149-cu maddəsinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə bununla bağlı şərh vermək səlahiyyəti həmin aktı qəbul etmiş normayaratma orqanına və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə məxsusdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2019/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının tələblərindən göründüyü iddiaçı tərəfindən ödənilməsi tələb olunan 3 aylıq sınaq müddəti ərzində vəzifə maaşına əlavələrin ödənilməsi dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına şamil olunur ki, qeyd olunan dövr ərzində də iddiaçı dövlət qulluqçusu statusuna malik olmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, O 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, staj mərhələsini uğurla keçdikdən sonra (kuratorun müsbət rəyi əsasında), Qanuna uyğun olaraq 3 aylıq dövlət qulluğunun sınaq mərhələsinə keçmişdir. Sınaq müddəti dövründə ona dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələr cavabdeh tərəfindən ödənməmişdir. X5 tərəfindən ona göndərilən 06 mart 2024-cü il tarixli 9-3/2-C-1-137/2024 saylı məktubunda qeyd edilən əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə də verilməli olduğu qeyd edilmiş və sınaq müddəti ilə qulluq keçən şəxslərlə bağlanmış əmək müqaviləsinin (nümunəvi forması Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilir) 10-cu maddəsinə istinad edilmişdir. O bununla bağlı cavabdehə təkrarən müraciət etsə də cavabdeh tərəfindən əlavələrin ödənilməsindən imtina olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Dövlət qulluğu haqqında» Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; .. 1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.

6. Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. 15-3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır. 15-3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 15-3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 22. Dövlət məvacibi

22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 22.3. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. 22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir. 22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitseprezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsi”

10. Bu kontrakta əsasən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 01 mart 2022-ci il 1610 №li Fərmanı

1.Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına aşağıdakı həcmdə əlavələr müəyyən edilsin: 1.1.Azərbaycan Respublikasının Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1- 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına (bu Fərmanın 1.2 - 1.4-cü bəndlərində nəzərdə tutulan inzibati vəzifələr istisna olmaqla) - aylıq vəzifə maaşının 1,1 misli həcmində; .....

4. Bu Fərman 2022-ci ilin fevralın 1-dən tətbiq edilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İş materiallarından görünür ki, İddiaçı 2024-cü il 27 iyul tarixli 3-15/3-2-424/2023 nömrəli əmr ilə 28 iyul tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra o 2024-cü il 29 yanvar tarixli 3-15/3-2- 46/2024 nömrəli əmrilə həmin tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə qəbul edilmişdir. İşə qəbul edildiyi vaxt (28 iyul 2023-cü il) ona 855 manat məbləğində gross əmək haqqı müəyyən edilmişdir. Qeyd edilən aylıq məvacib mübahisəsizdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 nömrəli əmri ilə 2024-cü il 29 aprel tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmə qaydasında sözügedən əmri mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1201/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 nömrəli əmrinin İddiaçı aid olan hissəsinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirinin 27 may 2025-ci il tarixli 3-15/3-2-320/2025 saylı əmrinə əsasən İddiaçı Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə 27 may 2025-ci il tarixindən bərpa edilmiş, 29 aprel 2024-cü il tarixindən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilmiş, həmin tarixindən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş hesab edilmişdir. İddiaçının əsas tələbi sınaq müddəti ərzində Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli, 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələrin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndi yalnız dövlət qulluqçularına münasibətdə tətbiq olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu dedikdə yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Qanunun 28.7-ci maddəsinə əsasən stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir. Məhkəmə kollegiyası cavabdehin etirazı və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, dövlət qullquçusunun dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 01 mart 2022-ci il 1610 №li Fərmanından göründüyü kimi Azərbaycan Respublikasının Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1- 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına - aylıq vəzifə maaşının 1,1 misli həcmində əlavələr müəyyən edilmişdir. Fərmanın məzmunundan aydın göründüyü kimi bu əlavələr dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə verilən əlavələrə aid olmamaqla sadəcə dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Fərmana nəzər yetirdikdə aydın olur ki, Fərmanla yalnız dövlət qulluqçularının xidmət etdikləri dövlət orqanlarının kateqoriyasına əsasən əlavələrin miqdarında fərqləndirmə aparılmışdır. Fərmanın 1.1-ci bəndində dövlət qullquçusunun qulluq stajı, ixtisas dərəcəsi istiqamətində hər hansı bir fərq qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsi”nin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir. Göründüyü kimi sınaq müddətində olan şəxslərin hüquqi statusunu müəyyən edən hüquqi aktda açıq-aşkar qeyd edilmişdir ki, ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (hazırki mübahisə üzrə dövlət məvacibinə daxili olan s. görə verilən əlavələr) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası X5nin xx.xx.2024-cü il tarixli, № 9- 3/2-C-1-137/2024 saylı məktubunda göstərilmişdir ki, “...“Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1-ci hissəsi ilə dövlət qulluqçularının vəzifə maaşına müəyyən edilən müvafiq məbləğdə əlavənin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət X1 ünvanladığınız və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının X4 göndərilmiş kollektiv müraciətinizə baxılmışdır. Yuxarıda adıçəkilən Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq həcmlərdə əlavələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsi”nin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir. Qeyd edilən normativ hüquqi akta uyğun olaraq, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar, o cümlədən dövlət qulluqçularının əmək haqlarının artırılmasını nəzərdə tutan Fərman sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə münasibətdə tətbiq olunur. Qeyd edilən əlavənin ödənilməsi məqsədilə qulluq keçdiyiniz dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən dövlət orqanlarının hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququna maliksiniz.” Hazırki iddia tələbinin əsası olan Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 01 mart 2022-ci il 1610 №li Fərmanı da məhz dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, habelə müvafiq normativ hüquqi aktları araşdıraraq diqqətə çatdırır ki, 567 nömrəli Fərmandan irəli gələn norma göstərir ki, sınaq müddətində olan şəxslərin hüquqi statusu ilə daimi dövlət qulluqçularının hüquqi statusu arasında yalnız “ixtisas dərəcəsinin verilməsi ilə bağlı müddəalar” sahəsində fərq mövcuddur. Əks mövqenin qəbul edilməsi – yəni sınaq müddətindəki şəxslərə Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 01 mart 2022-ci il 1610 №li Fərmanında nəzərə tutulmuş dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavələrin verilməməsi Fərmanın məzmununa və məqsədinə zidd olardı. Belə ki, dövlət qulluqçusunun statusuna dair təminatlar sosial ədalət prinsipinə əsaslanır və dövlət qulluğuna qəbulun həvəsləndirilməsi, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədinə xidmət edir. Bu təminatların sınaq müddətində tətbiq olunmaması, Fərmanın məqsədini faktiki olaraq neytrallaşdırar və hüquqi bərabərlik prinsipini pozmuş olardı. Beləliklə də, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdehin iddiaçıya münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinin tətbiqindən imtinası qanunvericinin güddüyü məqsədə uyğun olmamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2019/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Sınaq müddəti ərzində iddiaçının qulluq keçdiyi 3 (üç) ay üçün nəzərdə tutulan vəzifə maaşının 1.1 misli həcmində əlavələrin ödənilməsi (aylıq əmək haqqının 855 AZN olduğu nəzərə alınaraq) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar