Məhkəmə qərarları › İş №2-1(103)-218/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-218/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-218/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X3, X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 19 may 2020-ci il tarixli **********158900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 16 sentyabr 2022-ci il tarixli **********495400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2016-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. Həmin vaxtdan fəaliyyət göstərən iddiaçı nizamnaməsinə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyəti dövründə MMC vergi öhdəliklərini vaxtında və dürüst olaraq yerinə yetirmişdir. 19 may 2020-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması barədə **********158900 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 52.749,02 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamədə hesabat dövrü üzrə iddiaçı tərəfindən hesablanmış vergi 0.00 manatdır. MMC fəaliyyəti dövründə vergiləri vaxtı-vaxtında gəlirə uyğun olaraq bəyan etdiyi və ödədiyi halda cavabdeh qurum əsassız olaraq MMC-yə əlavə vergi məbləği hesablamışdır. Hesab edir ki, cavabdeh tərəfindən öz mülahizələrinə əsasən qəbul etdiyi qərar əsasızdır və müəyyən edilmiş əlavə vergi məbləği düzgün hesablanmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-1221/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********495400 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 may 2020-ci il tarixli **********158900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək, xx.xx.2022-ci il tarixli **********495400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********495400 nömrəli qərarı ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd olunan səbəblərə görə razı deyil. 2019-cu il üzrə təqdim edilmiş bəyannamənin xərclər hissəsinin araşdırılması zamanı kənarlaşma aşkar edilmişdir. Belə ki, bəyannamənin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü sətrində (malın dəyəri) 1.546.740,78 manat məbləğ qeyd olunmasına baxmayaraq, aparılmış araşdırma zamanı müvafiq il üzrə YGB məlumatlarına əsasən 1.149.269,13 manat dəyərində (invoys dəyəri) malların idxal edildiyi, elektron qaimə fakturalara əsasən 3122 dəyərində malların (iş, xidmət) əldə edildiyi, ötən ilin (2018-ci il) sonuna isə 130.604,55 manat dəyərində mal qalığının mövcudluğu, nəticədə xərclərin süni şəkildə şişirdildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə təsdiqini tapmayan 263.745,10 manat xərcə əsasən ümumilikdə 52.749,02 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********495400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Hesablama zamanı vergi orqanı tərəfindən müvafiq il üzrə idxal edilmiş malların statistik deyil, invoys dəyərinin xərclərdə nəzərə alınması Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsaslanır. Belə ki, müvafiq maddəyə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə işin hallarına qiymət verərkən nəzərə almamışdır ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Yəni, vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil. Müvafiq mövqe cavabdeh tərəfindən iddia ərizəsinə etirazda, etiraza qoşma sənədlərdə, etiraza əlavədə qeyd edilmiş olsa da, məhkəmə qərarında cavabdehin qeyd etdiyi dəlillərə münasibət bildirilməmiş, o cümlədən Vergi və Gömrük Məcəlləsinin müvafiq müddəlarının hansı əsaslarla tətbiq edilməməsi barədə heç bir izah verilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd edilənlərdən göründüyü kimi, məhkəmə tərəfindən inzibati aktın ləğvi əsası olaraq qeyd edilən dəlillər işin faktiki hallarına uyğun olmamaqla və vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla əsaslı olmamışdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X6 və X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 sentyabr 2022-ci il tarixli, **********495400 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2019-cu il üçün mənfəət vergisi üzrə 52.749,02 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 sentyabr 2022-ci il tarixli, **********495400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2019-cu il üçün mənfəət vergisi üzrə 52.749,02 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin mövqeyinə görə 2019-cu il üzrə təqdim edilmiş bəyannamənin xərclər hissəsinin araşdırılması zamanı kənarlaşma aşkar edilmişdir. Hazırda iddiaçı tərəfindən həmin qərar mübahisələndirilir. Qeyd edilməlidir ki, 2019-cu ilin vergi dövrü üzrə təqdim edilmiş bəyannamədə göstəriləndən əlavə vergi məbləğinin hesablanmasının əsası kimi həmin hesabat ilində vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etmiş iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənarda müqavilə üzrə aldığı malların faktiki (invoys) dəyəri ilə onların statistik qiymətləri arasında yaranmış fərq məbləğinin iddiaçının artıq faktiki olaraq əldə etdiyi gəliri kimi qiymətləndirilməsi çıxış edir. İddiaçıya da məhz həmin fərq məbləği üzrə (iddiaçının özünün bəyannamədə hesabladığı gəlir vergisinin məbləği çıxılmaqla) əlavə vergi hesablanmışdır. İdxal olunmuş mallar gömrük orqanı tərəfindən dövriyyəyə buraxıldıqdan sonra həmin malların hüquqi taleyi (satışı və s.) və onun nəticələri, iddiaçının özünün bəyannamədə hesabladığı vergi məbləğinin vergi orqanı tərəfindən hesablanmış verginin məbləğindən çıxılması istisna edilməklə, mübahisələndirilən qərarın qəbul edilməsi əsaslarına təsir etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən invoysla əhatə olunan mallardan əlavə mal idxal və təqdim olunduğunu sübut edə bilməmiş, bunu mübahisələndirilən qərarında əsaslandırmamış, idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların statistik dəyəri ilə onların faktiki dəyəri arasındakı fərqi, bunun üçün əsaslar olmadığı halda, iddiaçının gəliri kimi nəzərə almışdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur: Vergi Məcəlləsinin 139.2-ci və 143cü maddələrinin tələblərinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır. Halbuki oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətələrə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən də cavabdehin tabe olduğu yuxarı orqan tərəfindən bu cür hesablaşmalara dair qərarları ləğv edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1264/2024 nömrəli qərarları). Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qərara aldı hissəsində cavabdeh inzibati orqanın qərarının tarixi «xx.xx.2023-cü il» göstərilmişdir. Qeyd olunan qərarın tarixi «xx.xx.2022-ci il» göstərilməli idi və məhkəmə kollegiyası tərəfindən bu, texniki yanlışlıq olaraq qiymətləndirilir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı, qərara aldı hissəsində cavabdeh inzibati orqanın qərarının tarixi «xx.xx.2022-ci il» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı, qərara aldı hissəsində cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının tarixi «xx.xx.2022-ci il» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar