Məhkəmə qərarları › İş №2-1(103)-2189/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2189/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2189/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X14 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 20 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuşdur. Kitabxanaçılıq texnikumunu bitirdikdən sonra xx.xx.1980-ci ildə Füzuli rayonu mərkəzi kitabxanasında kitab işləmə şöbəsində kitabxanaçı vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1987-ci ildə Horadiz qəsəbə uşaq kitabxanasının müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə 3 saylı Horadiz şəhər kitabxanasının müdiri vəzifəsindən azad edilmişdir, bu barədə əmək kitabçasında da qeydiyyatlar vardır. Hazırda pensiya yaşına çatdığına görə pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi sənədlər X7 İdarəsinin Füzuli rayon Mədəniyyət şöbəsində saxlanılmadığı üçün həmin illər onun sığorta stajına daxil edilməmişdir. Sənədləri həmin dövrdə işğal altında olan ərazidə qaldığından və həmin illərdə işləməsini başqa yolla təsdiq etdirə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunazidd olduğu, həmçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti əmək kitabçasında qeyd olunsa da, əməkhaqqı cədvəlləri arxivə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün pensiya yaş həddi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı təqdim etdiyi əmək kitabçası və diplomunun surətinə əsasən onun sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı dövr) 21 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 9 ay 26 gün sığorta stajına uyğun olaraq 9613,20 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 6401,24 manat olmaqla, ümumilikdə 16014,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 3 nömrəli Horadiz qəsəbə şəhər kitabxanasının xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək sənədləri X7 İdarəsinin Füzuli rayon Mədəniyyət Şöbəsində saxlanılmadığı üçün əməkhaqqı ödənişlərini yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi və İddiaçı 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - 604990 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-1980-ci illərdə Bakı kitabxanaçılıq texnikumunda təhsil almış, xx.xx.1980-ci ildə kitabxanaçılıq işi ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə X6 kitabişləmə şöbəsinə kitabxanaçı təyin edilmiş, xx.xx.1987-ci ildə Horadiz qəsəbə uşaq kitabxanasının müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək, xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək, 01,04.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixindən 01.01,2012-ci il tarixinədək, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək, xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan əmək fəaliyyət dövrü 9 il 8 ay təşkil edir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Dövlət Sosial Müdafiə X15 Filialının Füzuli rayon qəbul şöbəsinin baş mütəxəssisi Elgiz Muxtarlı, Füzuli Rayon X2 direktoru Lətif Xudaverdiyev və X10 İdarəsinin Füzuli rayonu üzrə böyük mühasibi Cəmilə Əliyevanın iştirakı ilə akt tərtib edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə X8 və xx.xx.1987-ci il tarixdə isə Horadiz qəsəbə kitabxanasına müvafiq vəzifələrə təyin edilməsi barədə əmrlər, 1988-ci ilədək olan əmrlərin işğal zonasında qalması ilə əlaqədar olaraq Füzuli rayon X2 arxivində saxlanılmadığı üçün doğruluğunu yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996cı ilədək əmək haqqı alması faktının doğruluğunu isə işğal dövrünə aid sənədlərin X7 İdarəsinin Füzuli Rayon Mədəniyyət şöbəsində saxlanılmadığı üçün yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı alması faktının doğruluğu KRMİ-nin Füzuli RMŞ-də həmin dövrə aid saxlanılan aylar üzrə əmək haqqı cədvəllərinə əsasən yoxlanıldı və təsdiq edildi. - X18 filialı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, iddiaçının 1980-ci ildə işlədiyi Füzuli Rayon Mərkəzi Kitabxanasının, 1987-ci ildə işlədiyi Horadiz qəsəbə uşaq bağçasının sənədləri və Rayon Mədəniyyət Şöbəsinin 1980-2002-ci illərə aid sənədləri X18 filialına təhvil verilməmişdir. - X7 İdarəsinin Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2017-ci il tarixədək Füzuli rayon X3 işləmiş və əmək haqqı almışdır. - Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 4 nömrəli məktubunda qeyd edilmişdir ki, 1993-cü ildə məlum səbəbdən Füzuli rayonunun işğalı zamanı X4 məxsus əmr kitablarının işğal olunmuş ərazilərdə qalması səbəbindən iddiaçıya məxsus əmək kitabçası Mədəniyyət şöbəsinin xx.xx.2002-ci il tarixli 64 saylı şahidçilik aktı ilə təsdiq edilmişdir. Məktuba əlavə edilmiş həmin aktdan görünür ki, Füzuli Rayon X2 işçiləri X9, X16 və X12 xx.xx.2002-ci il tarixdə akt tərtib etmişlər ki, həqiqətən X13 xx.xx.1980-ci il tarixdən Füzuli rayon MKS-nin kitabişləmə şöbəsində kitabxanaçı və xx.xx.1983-cü il tarixdən isə Horadiz qəsəbə Uşaq kitabxanasının müdiri vəzifələrinə təyin olunmasına şahid olmuşlar. - İddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubda bildirilmişdir ki, qadınlar üçün pensiya yaş həddi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim edilən əmək kitabçası və diplomun surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı dövr) 21 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 9 ay 26 gün sığorta stajına uyğun olaraq 9613,20 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 6401,24 manat olmaqla, ümumilikdə 16014,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş 3 nömrəli Horadiz qəsəbə şəhər kitabxanasının xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək sənədləri X7 İdarəsinin Füzuli rayon Mədəniyyət Şöbəsində saxlanılmadığı üçün əməkhaqqı ödənişlərini yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçıya xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2021 – 30 iyun 2022-ci il üzrə 62 yaş 6 aydır Göründüyü kimi 1 iyul 2021 – 30 iyun 2022-ci il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaş 6 ayının tamam olması 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 62 yaş 6 ayı xx.xx.2022-ci ildə tamam olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 9 ay 26 gün sığorta stajına uyğun olaraq 9613,20 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 6401,24 manat olmaqla, ümumilikdə 16014,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir (əmək kitabçasında qeyd olunan bütün dövrlər qəbul edildikdə belə, bu məbləğ tələb olunan pensiya kapitalından azdır). Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2022-ci il tarixə azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... İstinad olunan normalar nəzərə alınmaqla iddiaçıya məxsus sənədlərdəki dövrlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (27 il 4 ay 1 gün) ümumi sığorta stajı vardır (üst-üstə düşən dövrlərdən yalnız biri nəzərə alınmaqla). xx.xx.2006-cı ildən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan əmək fəaliyyət dövrü 9 il 8 ay təşkil etdiyi müəyyən edilir. Belə olan halda aydın olur ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 4 ay 1 gün, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək isə 9 il 8 ay iş stajı olmaqla, ümumilikdə 37 il 1 gün iş stajı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin (eyni zamanda imtinasının) əsasını iddiaçının 25 ildən az sığorta stajının olması təşkil etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Dövlət Sosial Müdafiə X15 Filialının Füzuli rayon qəbul şöbəsinin baş mütəxəssisi Elgiz Muxtarlı, Füzuli Rayon X2 direktoru Lətif Xudaverdiyev və X10 İdarəsinin Füzuli rayonu üzrə böyük mühasibi Cəmilə Əliyevanın iştirakı ilə akt tərtib edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə X8 və xx.xx.1987-ci il tarixdə isə Horadiz qəsəbə kitabxanasına müvafiq vəzifələrə təyin edilməsi barədə əmrlər, 1988-ci ilədək olan əmrlərin işğal zonasında qalması ilə əlaqədar olaraq Füzuli rayon X2 arxivində saxlanılmadığı üçün doğruluğunu yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996-cı ilədək əmək haqqı alması faktının doğruluğunu isə işğal dövrünə aid sənədlərin X7 İdarəsinin Füzuli Rayon Mədəniyyət şöbəsində saxlanılmadığı üçün yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı alması faktının doğruluğu KRMİ-nin Füzuli RMŞ-də həmin dövrə aid saxlanılan aylar üzrə əmək haqqı cədvəllərinə əsasən yoxlanıldı və təsdiq edildi. Göründüyü kimi, cavabdehin nümayəndələri yerində yoxlama aparmış, lakin xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək sənədlər olmadığından iddiaçının həmin dövrdə əmək haqqı alıb almamasını müəyyən edə bilməmiş, buna görə də həmin dövrləri sığorta stajına daxil etməkdən imtina etmişlər Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan X7 İdarəsinin Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2017-ci il tarixədək Füzuli rayon X3 işləmiş və əmək haqqı almışdır. Həmçinin, Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 4 nömrəli məktubunda qeyd edilmişdir ki, 1993-cü ildə məlum səbəbdən Füzuli rayonunun işğalı zamanı X4 məxsus əmr kitablarının işğal olunmuş ərazilərdə qalması səbəbindən iddiaçıya məxsus əmək kitabçası Mədəniyyət şöbəsinin xx.xx.2002-ci il tarixli 64 saylı şahidçilik aktı ilə təsdiq edilmişdir. Məktuba əlavə edilmiş həmin aktdan görünür ki, Füzuli Rayon X2 işçiləri X9, X16 və X12 xx.xx.2002-ci il tarixdə akt tərtib etmişlər ki, həqiqətən İddiaçı xx.xx.1980-ci il tarixdən Füzuli rayon MKS-nin kitabişləmə şöbəsində kitabxanaçı və xx.xx.1983-cü il tarixdən isə Horadiz qəsəbə Uşaq kitabxanasının müdiri vəzifələrinə təyin olunmasına şahid olmuşlar. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmin normaya əsasən qəbul edilmiş və aktın tərtib edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə səbəbindən və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının 1980-1993-cü illərdəki iş stajı barədə sənədlərini hərbi əməliyyatlarla əlaqədar əldə etmək mümkün deyildir. Belə olan halda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının müvafiq iş stajı Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilməli olduğu halda, işdən görünür ki, bu dövr xx.xx.2002-ci ildə İddiaçı işlədiyi müəssisənin işçiləri tərəfindən tərtib edilmiş akt əsasında müəyyən olunmuş və buna uyğun olaraq əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Məhkəmə kollegiyası hesab edir, iddiaçının əmək kitabçasındakı qeydlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən deyil, müəssisənin işçiləri tərəfindən şahid aktı əsasında müəyyən edilməsi onun səlahiyyətində və məsuliyyətində olmamışdır. İddiaçının işlədiyi müəssisə, həmin akt, həmçinin 1996-cı ildən etibarən mövcud olan əmək haqqı cədvəlləri onun əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olduğunu təsdiq edir. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Lakin iş materialları ilə əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilmir, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xx.xx.1980- xx.xx.1996-cı illərdəki əmək fəaliyyəti dövrünü şübhə altına alan heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, onun həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsi qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, iddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox yəni, 37 il 1 gün təşkil edir. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən hər ikisi də ödənmiş hesab olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar