Məhkəmə qərarları › İş №2-1(103)-2200/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2200/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2200/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1827/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçınin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli **********182334 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2024-cü il tarixli qərara əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli qərar çıxarılmışdır. Qərara əsasən 802.463,04 manat vergi məbləği və 401.765,83 manat sanksiya məbləği hesablanmışdır. Hesablama Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən aparılmışdır. Əsas kimi vergi orqanı tərəflərindən xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlərin yoxlamaya təqdim edilmədiyi bildirilmişdir. İlk növbədə, vergi orqanı qanunvericlikdə tələb edilməyən sənədləri istəmişdir. Belə ki, nə Vergi Məcəlləsində, nə də ki vergi qanunvericiliyində xammal və material silgisinin mütləq şəkildə vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulmamışdır. Digər tərəfdən, tərəflərindən xərcləri təsdiq edən ilkin sənədlər tam olaraq yoxlamaya təqdim edilmişdir. Başqa sözlə, Vergi Məcəlləsi ilə vergi ödəyicisi kimi üzərlərinə düşən xərcləri təsdiq edən sənədləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi orqanına təqdim etmişdirlər. Vergi orqanının ilkin sənədlərin təqdim edilməməsi ilə bağlı aktda və qərarda qeyd etdikləri tamamilə yanlışdır. Vergi orqanının ümumiyyətlə sənəd istəməyinə ehtiyac yox idi. Belə ki, iddiaçı onlara aldıqları malların hamısının e-qaimə və idxal ilə əldə etdiklərini bildirmiş və xərcləri təsdiq edən sənədləri özlərinin əldə etməsinin mümkünlüyünü bildirmişlər. Lakin vergi orqanı heç bir araşdırma aparmadan üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqla düzgün olmayan vergilər hesablamışdır. Həmçinin, Vergi Məcəlləsində topdan satış, ictimai iaşə, istehsal və pərakəndə satış fəaliyyəti ilə məşqul olan şəxslərin hansı qaydada gəlir və xərclərinin uçota aparılması müəyyənləşdirilmişdir. Göründüyü kimi, Vergi Məcəlləsi lazım olan sahələr üzrə uçotu müəyyən etmişdir. Lakin tikinti fəaliyyəti ilə bağlı hər hansı qayda müəyyən edilməmişdir. Yeganə şərt Vergi Məcəlləsində göstərilmiş eqaimə və idxal sənədləridir ki, bunları da vergi orqanların əməkdaşları özləri görürlər. Belə ki, Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 130-cu maddəsi 2 hal üzrə uçotu müəyyənləşdirir: 1. Topdansatış, İctimai iaşə, İstehsal və Pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxslərin xərclərinin uçotunun aparılması qaydası; 2. Hesablama və kassa metodunun tətbiq edilməsi qaydası. Qeyd edilənləri nəzərə alaraq vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 130-cu maddəsinə istinad etməklə və daha sonra 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli Qərarına istinad etməklə vergilərin hesablanması düzgün deyildir. Yoxlanılan dövrdə isə iddiaçı kassa metodu ilə uçot apardığından çəkdiyi bütün xərclər xərc kimi nəzərə alınmalıdır. Vergi orqanı tərəfindən xərclərin hansı hissəsinin qəbul edilməməsi, hansı hissədə artıq salınması araşdırılmadan, qarşı tərəflərdən məlumat əldə etmədən sadəcə ən asan yol ilə NK qərarı tətbiq etməklə vergilər hesablanmışdır. Halbuki, bütün malları rəsmi sənədlərlə əldə etmişdirlər. Həmin mallar əldə edilmiş və görülən işlərə aid edilmişdir. Vergi orqanı iddiaçı tərəfindən malların artıq alındığını və xərclərə çox saldıqlarını hesab edirdisə, o zaman inventarizasiya keçirməli və malların harada olduğunu araşdırmalı idi. Lakin vergi orqanı bunların heç birini etmədi. Bundan əlavə, vergi orqanı qanunsuz olaraq Vergi Məcəlləsinə edilmiş 2022-ci ildəki dəyişikliyi iddiaçıya tətbiq etmişdir. Belə ki, qanunvericiliyə edilən həmin dəyişikliyə əsasən iddiaçını hesablama metoduna keçirmişlər. Halbuki, qanunvericiliyin ağırlaşdırıcı norması iddiaçıya tətbiq edilə bilməz. Belə ki, uçotunu əvvəlki illərdən kassa ilə aparmışdır və uzunmüddətli fəaliyyətini nəzərə alaraq bu cür uçotun iqtisadi fəaliyyətinə uyğun olduğunu müəyyən etmişdir. Lakin vergi orqanı 2022-ci ildə yeni qanun qəbul edir və iddiaçını əvvəlki dövrlər üzrə formalaşmış gəlirlərini yeni qanun tətbiq etməklə gəlirə aid etmişdir. Bu cür yanaşma Konstitusiyaya ziddir. ƏDV hesablamaları ilə əlaqədar bildirilir ki, sahibkarlıq fəaliyyəti zamanı çəkdiyi xərclər üzrə ödənilmiş ƏDV məbləğləri düzgün olaraq əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialında vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********173404 nömrəli qərar əsasında səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, **********173928 nömrəli akt və **********182334 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar tərtib edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Cəmiyyətdə 2020-2021-ci illər üzrə gəlir və xərclərin uçotu kassa metodundan istifadə edilməklə müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 18.434.433,17 manat (o, cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 18.434.433,17 manat) Cəmi xərclər: 17.082.070,86 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 3.362.859,59 manat; Sosial sığorta haqları 457.258,89 manat; Malın dəyəri 9.419.361,46 manat; Normadaxili ezamiyyə xərci 3066,24 manat; Yanacaq xərcləri 5102,57 manat; Rabitə xərcləri 10.753,86 manat; Reklam xərcləri 67.892,25 manat; Amortizasiya xərcləri 18.499,23 manat; Nəqliyyat xərcləri 833.882,87 manat; Sığorta üzrə xərclər 5512,5 manat; Digər xərclər 2.895.449 manat; Əmlak vergisi 924 manat; Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vasaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 1507,5 manat; Vergitutma məqsədləri üçün mənfəət 1.352.362,31 manat; Keçmiş illərin çıxılan zərəri 897.680,11 manat; Mənfəət vergisi 90.936,44 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 5.622.386,65 manat (o, cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 5.622.386,65 manat) Cəmi xərclər: 5.915.272,53 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 1.670.724,65 manat; Sosial sığorta haqları 241.859,92 manat; Malların dəyəri 2.625.338,03 manat; Ezamiyyə xərcləri 1989,82 manat; Yanacaq xərcləri 1898,65 manat; Rabitə xərcləri 5568,53 manat; Bank xərcləri 25225,81 manat; Amortizasiya ayırmaları 15025,33 manat; Nəqliyyat xərcləri 118.457,45 manat; Sığorta üzrə xərclər 16007,05 manat; Digər xərclər 1.192.228,08 manat; Əmlak vergisi 801,71 manat. Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vasaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 147,5 manat; Zərər 292.885,88 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 3.331.690,75 manat (o, cümlədən işlərin, xidmətlərin göstərilməsindən gəlir 3.331.690,75 manat) Cəmi xərclər: 3.232.468,65 manat o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 367.588,87 manat; Sosial sığorta haqları 84935,97 manat; Xammal və material 290.111,77 manat; Malın dəyəri 698.360,11 manat; İcarə haqqı 7988,85 manat; Yanacaq xərci 779,64 manat, Rabitə xərcləri 843,66 manat; Bank xidməti üzrə xərclər 7275,03 manat; Sair xərclər 1.752.311,54 manat; Amortizasiya ayırmaları 12230,4 manat; Sığorta üzrə xərclər 9352,86 manat; Əmlak vergisi 689,95 manat Balans mənfəəti 99222,1 manat Keçmiş illərin çıxılası zərəri 99222,16 manat; Vergiyə cəlb olunan mənfəət 0.00 manat göstərilmişdir. Cəmiyyət tərəfindən həyata keçirilən tikiniti işlərində xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər yoxlamaya təqdim edilmədiyindən mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmamış və nəticədə mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” haqqında 55 saylı Qərarına əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə gəlirdən çıxılan xərclər, mənfəət və nəticədə mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyyətin 2020-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 18.431.480,29 manat müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə cəmiyyətin əldə etdiyi 18.431.480,29 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: 18.431.480,29 Ml= x 20 =3.071.913,38 100+20 2020-ci il üzrə hesablanmış 3.071.913,38 manat mənfəətdən əvvəlki illərin 846.812,36 manat zərəri nəzərə alınmaqla 20% dərəcə ilə 445.020,2 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, cəmiyyət tərəfindən 2020-ci il üzrə hesablanmış 90936,44 manat verginin hesablandığını nəzərə alsaq mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 354.083,76 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üzrə ümumi gəlirin 2952,88 manat artıq göstərilməsinin səbəbi “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyyətin 2021-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 5.740.158,29 manat müəyyən edilmişdir. Yoxlama ilə 2021-ci il üzrə cəmiyyətin əldə etdiyi 5.740.158,29 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. 5.740.158,29 Ml= x 20 =956.693,05 100+20 2021-ci il üzrə hesablanmış 956.693,05 manat mənfəətdən 20% dərəcə ilə 191.338,61 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə cəmiyyət tərəfindən 2021-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 191.338,1 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə ümumi gəlirin 117.771,64 manat az göstərilməsinin səbəbi “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilməli işlərə görə avans ödənişlərinin bağlanmasının gəlirə aid edilməməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyyətin 2022-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 132.024,14 manat, vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri 3.144.569,74 manat, cəmi 3.276.593,88 manat müəyyən edilmişdir. Yoxlama ilə 2022-ci il üzrə cəmiyyətin əldə etdiyi 3.276.593,88 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. 3.276.593,88 Ml= x 20 =546.098,98 100+20 2022-ci il üzrə hesablanmış 546.098,98 manat mənfəətdən 20% dərəcə ilə 109.219,8 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə cəmiyyət tərəfindən 2022-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 109.219,8 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il üzrə ümumi gəlirin 55096,87 manat artıq göstərilməsinin səbəbi “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilməli işlərə görə vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəlirinin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ümumilikdə mənfəət vergisinin 654.642,17 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654.642,17 manat azaldılmasına görə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327.321,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə cəmiyyətdə ƏDV-yə cəlb olunan dövriyyələr ilə mənfəət vergisi bəyannamələri üzrə ümumi gəlirlər arasında yaranmış fərqin səbəbi yoxlama ilə əhatə olunan dövrdə avans məbləğlərinin nəzərə alınması olmuşdur. 2020- 2021-ci illər üzrə gəlirin hesablanmasının kassa metodu tətbiq edildiyindən hesablanmış əmək haqqı ilə xərclərə aid edilmiş əmək haqqı məbləği arasında kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olunmuşdur. Yoxlanılan dövr (xx.xx.2020-xx.xx.2023) üzrə vergi ödəyicisinin vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDVyə 18% dərəcə ilə cəlb olunan dövriyyəsi 19.939.895,35 manat, ƏDV 3.589.181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 2.062.899,29 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1.526.293,64 manat olmuşdur. Kameral vergi yoxlaması ilə 2021-ci ilin iyul ayında cəmiyyətə ƏDV-nə cəlb edilən dövriyyənin azaldılmasına görə 24178,27 manat vergi hesablanmışdır. Yoxlama ilə kameral olaraq vergi hesablanması öz təsdiqini tapmışdır. Belə ki, 2021-ci ilin iyul ayında yerinə yetirilmiş işlərə və xidmətlərə görə cəmiyyətin bank hesabina daxil olmuş məbləğ 430.450,22 manat olduğu halda, həmin ay üzrə təqdim edilmiş bəyannamədə daxil olmuş məbləğ 290.190 manat göstərilmişdir. Yoxlama nəticəsində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyə 19.939.895,35 manat, ƏDV 3.589.181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 1.915.078,42 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1.674.114,51 manat müəyyən edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 147.820,87 manat azaldılmışdır. Eyni zamanda, ƏDV 2021-ci ilin iyul ayında “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin az göstərilməsi nəticəsində ƏDV 1068,57 manat azaldılmış və 2021-ci ilin noyabr ayında “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi nəticəsində ƏDV 1068,57 manat artıq hesablanmış və nəticədə Vergi Məcəlləsinin 166.1ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, yoxlanılan dövrdə ƏDV-nin 148.889,44 manat azaldılması və 1068,57 manat artıq hesablanması, ümumilikdə 147.820,87 manat azaldılması müəyyən edilmişdir. ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1)102.069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirilməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətə liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. 2) 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən sosial xarakterli xərclər çəkiləndə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. ƏDV-nin azaldılması “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən təqdim edilmiş aşağıdakı elektron qaimələrə əsasən əvəzləşmələrin düzgün aparılmamasına görə müəyyən edilmişdir: 2020-ci ilin oktyabr ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAH seriyalı 223093 saylı elektron qaimə üzrə (əsas məbləğ- 42569,58 manat, ƏDV-7662,52 manat) 7662,52 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 7408.79 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli EBAL seriyalı 219788 saylı elektron qaimə üzrə (əsas məbləğ- 103.127,24 manat, ƏDV- 18562,9 manat) 18562,9 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 18235,98 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2020-ci il tarixli EBAM seriyalı 520299 saylı elektron qaimə üzrə (əsas məbləğ- 122.120,44 manat, ƏDV 21981,68 manat) 21981,68 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 17561,93 manat əvəzləşmə nəzərə alınmamışdır. 2020-ci ilin dekabr ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAR seriyalı 53129 saylı elektron qaimə üzrə (əsas məbləğ- 112.315,33 manat, ƏDV- 20216,76 manat) 827,06 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 640,3 manat əvəzləşmə nəzərə alınmamışdır. 2021-ci ilin fevral ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAS seriyalı 486290 saylı elektron qaimə üzrə (əsas məbləğ- 67078,01 manat, ƏDV- 12074,04 manat) 487,3 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 448,02 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli EBAT seriyalı 903670 saylı elektron qaimə üzrə (əsas məbləğ- 84932,12 manat, ƏDV 15287,78 manat) 595 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 405,9 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2021-ci il tarixli EBAX seriyalı 288380 saylı elektron qaimə üzrə (əsas məbləğ- 121.286,5 manat, ƏDV-21831,57 manat) 307 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 210,6 manat əvəzləşmə nəzərə alınmamışdır. 2022-ci ilin dekabr ayı üzrə 1) xx.xx.2021-ci il tarixli EBAX seriyalı 287759 saylı elektron qaimə üzrə (əsas məbləğ- 349.859,35 manat, ƏDV- 62974,68 manat) 56968,4 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 294.85 manat, liftin zədələnməsinə görə 56262,38 manat, cəmi 56557,23 manat əvəzləşmə nəzərə alınmamışdır. 2023-cü ilin fevral ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAS seriyalı 486290 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 67078,01 manat, ƏDV- 12074,04) 231,67 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 192,39 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli EBAT seriyalı 903670 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 84932,12 manat, ƏDV- 15287,78) 7670,81 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 15,3 manat, liftin zədələnməsinə görə 7655,51 manat, cəmi 7670,81 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2021-ci il tarixli EBAX seriyalı 288380 saylı elektron qaimə üzrə (əsas məbləğ- 121.286,5 manat, ƏDV- 21831,57 manat) 17478,58 manat əvəzləşmə aparılmış, yoxlama zamanı liftin zədələnməsinə görə ödənildiyindən 17478,58 manat əvəzləşmə nəzərə alınmamışdır. 4) xx.xx.2021-ci il tarixli EBAY seriyalı 939412 saylı saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 67875,1 manat, ƏDV- 12217,52) 3745,41 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 336,96 manat, liftin zədələnməsinə görə 2902,55 manat, cəmi 3239,51 manat əvəzləşmə nəzərə alınmamışdır. 5) xx.xx.2021-ci il tarixli EBBN seriyalı 19889 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 186.074,49 manat, ƏDV- 33493,41) 18120,99 manat əvəzləşmə aparılmış, yoxlama zamanı liftin zədələnməsinə görə 17770,81 manat əvəzləşmə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148.889,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 74444,74 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Həmçinin, yoxlanılan dövr ərzində aşağıdakı hallar cəmiyyətdə aşkar olunmamışdır: - Mallann haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların ƏDV-dən azad olan əməliyyatların keçirilməsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əksik gəlməsi, oğurlanması; - Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə mallann təqdim edilməsi; - Vergi Məcəlləsinin 165.1.2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməliyyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; - Yoxlanılan dövr ərzində digər şəxsin agenti olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi faktı aşkar edilmədi. - Cəmiyyət tərəfindən qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatlar aparılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654.642,17 manat azaldılmasına gərə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327.321,09 manat maliyyə sanksiyasının tətbiq edilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148.889,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 74444,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, iddia ərizəsində göstərilənlərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız olduğu hesab edilir. İddiaçı ərizəsində xammal və materiala dair xərclərin uçotunun aparılmasına dair vergi ödəyicisinin öhdəliyi olmadığı halda bu barədə vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edildiyi bildirilmişdir. Qanunvericilik iddiaçının qeydinin əksinə, vergi ödəyicisi üçün xərclərin vaxtlı-vaxtında dəqiq uçotunun aparılması, həmçinin çəkilən xərclərin konkret dövrlər üzrə aid edilməsi öhdəliyini müəyyən edir. Buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın aparılması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmiş, cəmiyyət tərəfindən həyata keçirilən tikinti işlərində istifadə edilmiş xammal və materiallara dair texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər təqdim edilməmişdir. Yekun olaraq təqdim edilmiş xərc sənədlərinin hansı dövrə və hansı hissədə aid edildiyini müəyyən etmək mümkün olmadığından nəticədə müəssisənin mənfəətini də müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasının 83.9-cu maddəsini əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, № 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6-cı bəndinə uyğun olaraq, mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərizində uçotunu kassa və ya hesablama metodu ilə apara bilərdi. Qeyd olunan tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən sahibkarlıq subyektlərinin meyarlarından asılı olaraq metodun növü müəyyən edildi. Belə ki, kassa metodu ilə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə uyğun olaraq artıq hesablama metoduna keçirildi. Mübahisələndirilən iş üzrə vergi ödəyicisi yoxlamaya qədərki dövrdə kassa metodu ilə fəaliyyət göstərdiyi halda müəssisəyə aid olan debitor borcları “Mənfəət vergisi bəyannaməsi”nin 216-cı sətrində (Vergilərin uçot metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri) deyil, 200-cü sətirdə (Malların təqdim edilməsindən gəlir) hissəində göstərmişdir. Bildirirlər ki, qanunvericiliyə edilmiş dəyişiklik səbəbi ilə vergi ödəyicisinin uçot metodu kassa metodundan hesablamaya keçirilmiş və Vergi Məcəlləsinin 130.5-ci maddəsinin (vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın) tələbləri nəzərə alınaraq yoxlamanın yekununda vergi orqanı tərəfindən dəqiqləşmiş bəyannamə tərtib edilmiş, vergi ödəyicisinə məxsus debitor borcların yazılmalı olduğu sətirlər dəyişdirilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq dəyişiklik yalnız texniki düzəliş xarakterli edilmişdir və nəticədə vergi ödəyicisinə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, qanunvericiliyə edilmiş gəlirlərin və xərclərin uçotu ilə bağlı metodun dəyişdirilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınmamalıdır. Müvafiq hal vergi orqanı tərəfindən qanunvericiliyin tələbi kimi icra edilmişdir. Əlavə dəyər vergisinə münasibətdə bildirilmişdir ki, əlavə verginin hesablanmasının əsas səbəbi sahibkarlıq fəaliyyətinə aid edilməyən xərclər və sosial xarakterli xərclərə dair məbləğlər üzrə ƏDV əvəzləşmələrinin aparılması olmuşdur. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına tikinti işləri üzrə xidmət göstərilən zaman icraçı hərəkətləri nəticəsində zədələnmiş liftin təmiri üçün cəmiyyət tərəfindən ödənilmiş kompensasiya məbləği üzrə ƏDV məbləği əvəzləşdirilmişdir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ üzrə əlavə dəyər vergisi sahibkarlıq fəaliyyətinin məqsədləri üçün ödənildiyi halda əvəzləşdirilməsi mümkün olur. Mübahisələndirilən iş üzrə isə cəmiyyət tərəfindən “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına ödənilmiş məbləğ kompensasiya xarakterli olmaqla kommersiya fəaliyyətinə aid edilmədiyindən ƏDV-nin əvəzləşdirilməsi vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Həmçinin, yoxlama zamanı sosial xarakterli xərclər üzrə oxşar qaydada əlavə dəyər vergisi üzrə əvəzləşmələrin aparılması aşkar olunmuşdur. Belə ki, “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Cəmiyyət tərəfindən həmin ödənişlər üzrə əvəzləşmələr aparılmışdır. Nəticə olaraq, vergi qanunvericiliyi vergi ödəyicisinin işçilərlə bağlı çəkmiş olduğu sosial xarakterli xərclər üzrə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə imkan vermədiyindən cəmiyyətin ödəmiş olduğu məbləğlər üzrə əvəzləşmələr nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmamış iddia tələbi əsassız olaraq rədd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialında vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********173404 nömrəli qərar əsasında səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2020-ci ildə 354.083,76 manat, 2021-ci ildə 191.338,61 manat, 2022-ci ildə isə 109.219,80 manat olmaqla, ümumilikdə 654.642,17 manat, əlavə dəyər vergisinin isə yoxlama ilə əhatə olunan dövr üzrə 147.820,87 manat (148.889,44 manat azaldılması, 1068,57 manat artıq hesablanması) azaldılması aşkar edilmişdir. Mənfəət vergisinin azaldılması ilə əlaqədar səyyar vergi yoxlaması aktında 327.321,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr əhatə olunmuşdur. Yoxlama zamanı ƏDV-nin ümumilikdə 147.820,87 manat azaldılması (148.889,44 manat azaldılma, 1068,57 manat artıq hesablama) aşkar edilmiş, 74444,74 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. ƏDV-nin azaldılmasının səbəbi qeyri-kommersiya xərclərinə və liftin zədələnməsinə görə elektron qaimə-fakturalar üzrə aparılmış ƏDV əvəzləşmələrinin nəzərə alınmaması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********182334 nömrəli qərarına əsasən iddiaçı tərəfindən mənfəət vergisinin 2020-ci il üzrə 354.083,76 manat, 2021-ci il üzrə 191.338,61 manat, 2022-ci il üzrə 109.219,8 manat, əlavə dəyər vergisinin (ƏDV) 2020-ci il üzrə 43847,01 manat, 2021-ci il üzrə 2133,09 manat, 2022-ci il üzrə 56557,23 manat, 2023-cü il üzrə 46352,11 manat azaldılması qərarına gəlinmiş və buna görə cəmi 802.463,04 manat əlavə vergi məbləği hesablanmış, 401.765,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182334 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 58.1. Verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3-cü maddəsinə əsasən bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. 109.6. Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır. 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir. 175.1.1 hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə mənfəət vergisinin azaldılması və ƏDV-nin azaldılması halları aşkar edilmişdir. Mənfəətin azadılması ilə bağlı vergi orqanı tərəfindən iddiaçıya tətbiq edilmiş sanksiyanın əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 130.1ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsinin araşdırma zamanı izahatı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmuş, silgi cədvəlləri və texniki hesabatlar, yəni mal-materialların hərəkətini təsdiq edən hesabatlar yoxlamaya təqdim edilməmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş, aktda bunun səbəbi kimi uçotun aparılmaması göstərilmiş, akt Filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsi İ.Kərimov tərəfindən imzalanmışdır. Buna görə də mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" haqqında 55 saylı qərarına əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə həyata keçirilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə ƏDV-nin azaldılmasına münasibətdə qeyd edilir ki, ƏDV-nin 148.889,44 manat azaldılması və 1068,57 manat artıq hesablanması, ümumilikdə 147.820,87 manat azaldılması müəyyən edilmişdir. ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1) 102.069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirilməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətə liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. 2) 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən sosial xarakterli xərclər çəkiləndə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. “Sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilmələrinin ləğv edilməsi” hissəsinə münasibətdə cavabdehin dəlillərini əsaslı hesab edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə görə bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicəprofilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə ƏDV-nin əvəzləşdirilməsi qadağan edilmiş olsa da, iddiaçı tərəfindən ƏDV əvəzləşmələrinin səbəbinin sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar olduğu müəyyən edilmişdir. Göründüyü kimi, yoxlama zamanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulması aşkar edilmiş və bu səbəbdən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********182334 nömrəli qərarı qəbul edilmişdir. Qərarın ləğvi üçün əsaslar işin halları ilə müəyyən edilmir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar