Məhkəmə qərarları › İş №2-1(103)-2221/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2221/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2221/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Resteri Xidmətinə qarşı “torpaq sahəsi üzərində hüquqların bərpa edilərək dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ünvan 1 ünvanında yerləşən 3,1 ha ölçüdə torpaq sahəsi üzərində babasının hüquqlarının bərpa edilərək dövlət qeydiyyatına alınması tələbini irəli sürməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «torpaq sahəsi üzərində hüquqlarının bərpa edilərək dövlət qeydiyyatına alınması» barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hüququnun tanınmasını tələb etdiyi əmlak bir neçə hissədən ibarətdir və onun yalnız bir hissəsi Gəncə şəhərində yerləşir. Belə olan halda, ərazi aidiyyətini seçmək iddiaçının hüququdur. İş üzrə cavabdeh DƏDRX-in Gəncə Ərazi İdarəsi deyil, Xidmətin özüdür. Qeyd olunan təşkilat Bakı şəhəri ərazisində yerləşir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, DƏDRX Bakı şəhəri ərazisində olduğu üçün, bu mübahisəyə də Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Cavabdehin düzgün seçmədiyi halda məhkəmə iddiaçıya kömək üçün cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif edə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən müəyyən olunur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Gncə şəhərində yerləşir. İddiaçı şikayətində iddia tələbinin predmetinin həm Bakı, həm də Gəncə şəhərində yerləşdiyini qeyd etsə də, iddia ərizəsində yalnız ünvan 1 ünvanında yerləşən 3,1 ha ölçüdə torpaq sahəsi üzərində babasının hüquqlarının bərpa edilərək dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İşin materiallarında da Bakıdakı əmlak haqqında hər hansı məlumat yoxdur. Belə olan halda məhkəmə haqlı olaraq hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalı olması qərarına gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Vüsalə Baxışova Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar