Məhkəmə qərarları › İş №2-1(103)-2231/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2231/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2231/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faiz borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 87.537,70 manat faiz borcunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi uçota alınaraq fəaliyyət göstərir (VÖEN **********). Müəssisə tikinti fəaliyyəti ilə məşğuldur. 17 may 2018ci il tarixdə müəssisənin 141.298,58 manat əsas borcu, 81.834,97 manat faiz borcu mövcud idi. 2 iyun 2018-ci il tarixdə 109.985 manat vergi borcu (28.150,03 manat əsas borc, 81.834,97 manat faiz borcu) ödənilmiş və həmin tarixə müəssisənin əsas borc üzrə 113.642,40 manat borcu qalmış, faiz borcu isə qalmamışdır. 20 iyun 2018-ci il tarixdə müəssisəyə 117.391,42 manat məbləğində əsas borc, 52.220,71 manat məbləğində isə faiz borcu hesablanmışdır. Şəxsi hesab vərəqəsində həmin borcun məhkəmənin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə əsasında hesablandığı qeyd olunmuşdur. Müəssisə ilə bağlı həmin tarixdə heç bir məhkəmə qətnaməsi olmamış, yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-4314/2016 saylı iş üzrə 15 dekabr 2016-cı il tarixli qərar qəbul etmiş və həmin məhkəmə aktında İddiaçı 16 avqust 2016-cı il tarixə dövlət büdcəsinə ödənilməmiş 77.356,35 manat məbləğində borcunun təmin edilməsi məqsədi ilə 500.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. 20 iyun 2018-ci il tarixdə hesablanmış 52.220,71 manat faiz borcu artaraq 30 noyabr 2018-ci il tarixdə müəssisə tərəfindən 59.940 manat məbləğində vergi borcu ödənilmiş, əsas borc üzrə 50.492,86 manat qalmış, lakin faiz borcu 5 ay 10 gün ərzində artaraq 73.756,41 manat olmuşdur. 30 iyun 2019-cu il tarixdə əsas borc sabit qalaraq 50.492,86 manat olsa da, faiz borcu artaraq 81.864,94 manat olmuşdur. Bu günkü tarixə müəssisənin vergi üzrə əsas borcu 100 manat, faiz borcu 87.537,70 manatdır. Müəssisə tərəfindən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəilrlər Baş İdarəsinə 5 mart 2021-ci il tarixdə məktub ünvanlanaraq, həmin faiz borcunun hansı əsaslarla hesablanması və silinməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir əsaslandırma olmadan, formal cavab verilmiş və müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin İddiaçınə 87.537,70 manat faiz borcu hesablaması tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2 iyun 2018-ci il tarixdə müəssisə tərəfindən faiz borcu tam ödənilmiş, həmin dövr üzrə 113.642,40 manat əsas borc qalmışdır. 18 gün keçdikdən sonra, yəni 20 iyun 2018-ci il tarixdə 52.220,71 manat faiz borcu yaranmış bu borc həmin tarixdən 5 ay 10 gün sonra, yəni 30 noyabr 2018-ci il tarixdə əsas borc 50.492,86 manat olsa da, faiz borcu artaraq 73.756,41 manat olmuş, növbəti 5 aydan sonra, yəni 30 aprel 2019-cu il tarixdə həmin əsas borca münasibətdə faiz borcu artaraq 81.864,94 manat olmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən 1 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı tərəfindən mübahisələndirilən faiz borcu bunlardan ibarətdir – “torpaq vergisi” 15 avqust 2016-cı il tarixə 113,43 manat, 15 noyabr 2016-cı il tarixə 113,43 manat, 15 avqust 2017-ci il tarixə 90,12 manat, 15 noyabr 2017-ci il tarixə 61,53 manat, 15 avqust 2018-ci il tarixə 113,42 manat, 15 noyabr 2018-ci il tarixə 113,41 manat, 15 avqust 2019-cu il tarixə 113,73 manat, 15 noyabr 2019cu il tarixə 95,09 manat; “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” 20 aprel 2017-ci il tarixə 19.232,53 manat, 20 iyul 2017-ci il tarixə 16.344,06 manat, 20 oktyabr 2017-ci il tarixə 10.384,06 manat, 22 yanvar 2018-ci il tarixə 10.994,61 manat, 20 aprel 2018-ci il tarixə 3.366,36 manat, 20 iyul 2018-ci il tarixə 26.401,91 manat, cəmi 87.537,70 manat. İddiaçı vergi borcu özünün təqdim etdiyi hesabatlara əsasən vergi məbləğlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsi ilə əlaqədar hesablanmış faiz məbləğlərindən ibarətdir. İddiaçı iddia ərizəsində 2 iyun 2018-ci il tarixdə faiz borcunun tam ödənildiyi, həmin dövr üzrə 113.642,40 manat əsas borcun qaldığını iddia edir. Əsas borc tam ödənilmədikdə faiz borcunun ödənilməsi mümkün deyil. Cavabdeh iddiaya etirazına əlavə təqdim etmiş və onunla əsaslandırılmışdır ki, 02 iyun 2018-ci il tarixdə həyata keçirilən 109.985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350,92 manat vəsait isə, həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58.963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillərin hər hansı əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, hesablanmış faiz borcunun silinməsi üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən, İddiaçı 87.537,70 manat məbləğində faiz borcunun silinməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı (hakim: R.Kərimli) ilə iddia qismən təmin edilmiş, İddiaçınə hesablanmış 57.519,61 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən şifahi məhkəmə iclası zamanı faiz hesablanması məqsədləri üçün istifadə edilən və faizlərin hesablanma əsaslarını müfəssəl göstərən şəxsi hesab vərəqəsi (apellyasiya şikayətinə bir daha əlavə olunur) təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin şəxsi hesab vərəqəsini nəzərə almamış, onu araşdırmamış, qərarda da hər hansı münasibət bildirməmişdir. Cavabdeh tərəfindən ekspert qarşısında qoyulacaq suallar barədə vəsatət təqdim edilməsinə baxmayaraq, həmin sualların ekspert qarşısında hansı səbəbdən qoyulmaması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”-nın 3.8-ci bəndində şəxsi hesab vərəqəsinin növü kimi “faiz hesablanması məqsədləri üçün" istifadə edilən vərəqə öz əksini tapmışdır və faiz hesablamaların açıqlaması həmin vərəqədə öz əksini tapır, İddiaçı Şərikli Müəssisəsnin “faiz hesablanması məqsədləri üçün” vərəqəsi iş materiallarında olmasına baxmayaraq, ekspert tərəfindən həmin vərəqə ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, həmin vərəqəyə əsasən xx.xx.2018-ci il tarixinə (109.985,00 manat ödənildiyi tarixə) vergi ödəyicisinin 66.634,08 manat ödəmə müddəti çatmış əsas borcu və 102313,98 manat faiz borcu mövcud olmuşdur. xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109.985,00 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58963,06 manat faiz borcu qalmışdır (66634,08+43350,92=109.985,00). Eyni zamanda bildiririk ki, ödənişin faiz borcuna qismən aid edilməsindən sonra qalan 58963,06 manat faiz borcunun üzərinə 2016-cı ilin 1-ci rübü üçün Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə bəyan edilmiş 134580,6 manat verginin 65630,0 manat hissəsinin ödənişinin 28 gün ərzində gecikdirilməsinə görə əlavə olaraq 1837,7 manat faiz borcu hesablanmış, xx.xx.2018-ci il tarixinə vergi ödəyicisinin faiz borcu 60800,76 manat təşkil etmişdir. Qeyd edilən tarixdə 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin 110432,86 manat hissəsinin ödəniş müddəti çatmış, vergi borcu ödənilmədiyinə görə faizlərin hesablanması davam etdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109.985 manat ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” və “torpaq vergisi” üzrə mövcud borcuna görə ödənişlər aparmasa da, müəssisənin vergi üzrə əsas borcu 100 manat, faiz borcu 87.537,70 manatdır. İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən 1 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu mövcuddur. Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən faiz borcunu belə əsaslandırır: “torpaq vergisi” 15 avqust 2016-cı il tarixə 113,43 manat, 15 noyabr 2016-cı il tarixə 113,43 manat, 15 avqust 2017-ci il tarixə 90,12 manat, 15 noyabr 2017-ci il tarixə 61,53 manat, 15 avqust 2018-ci il tarixə 113,42 manat, 15 noyabr 2018-ci il tarixə 113,41 manat, 15 avqust 2019-cu il tarixə 113,73 manat, 15 noyabr 2019-cu il tarixə 95,09 manat; “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” 20 aprel 2017-ci il tarixə 19.232,53 manat, 20 iyul 2017-ci il tarixə 16.344,06 manat, 20 oktyabr 2017-ci il tarixə 10.384,06 manat, 22 yanvar 2018-ci il tarixə 10.994,61 manat, 20 aprel 2018-ci il tarixə 3.366,36 manat, 20 iyul 2018-ci il tarixə 26.401,91 manat, cəmi 87.537,70 manat. Hazırda iddiaçı 87.537,70 manat faiz borcunun silinməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçının əsas hüquqi marağının yönəldiyi tələbi faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına aiddir. - 23.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. - 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. - 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin dəlili olan “faiz hesablanması məqsədləri üçün istifadə edilən və faizlərin hesablanma əsaslarını müfəssəl göstərən şəxsi hesab vərəqəsinin araşdırılmaması” ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 1 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcunun düzgün hesablanmasının müəyyən edilməsi məqsədilə məhkəmənin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 9/7657 nömrəli rəyi təqdim edilmişdir. Rəydə (tədqiqatın nəticə hissəsində) aşağıdakılar bildirilmişdir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 1 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borclarının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, İddiaçı şəxsi hesab vərəqəsinin son yazılış tarixinə, yəni 30 yanvar 2021-ci il tarixə faiz borcu 30.018,09 manat müəyyən edilir. Bundan başqa, iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin baş eksperti X2 məhkəməyə dəvət edilərək dinlənilmişdir. 26 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən ekspert X2 öz izahatında bildirmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən iddiaçının 01 iyun 2018-ci il tarixə 113.642,40 manat vergi borcu, 81834,97 manat faiz borcu olduğu görsənir. İddiaçı 02 iyun 2018-ci il tarixdə 109985 manat vergi borcu ödəyib. Əsas borc üzrə 28000, faiz borcu üzrə 81834,97 manat ödənilib və 113642,40 manat əsas borc qalıb. Həmçinin iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən sonra xx.xx.2021-ci il tarixədək olan dövrü ərzində dövlət büdcəsinə 111776,52 manat məbləğində ödəmə olmuşdur. Men-Group” Şərikli Müəssisəsinin müvafiq vergi borcları üzrə məbləğlərə, o cüməldən, 02 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr nəzərə alınmaqla vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcları düzgün hesablanmamışdır. Apellyasiya şikayətinin “ekspert rəyinin əsassız olması” ilə bağlı dəlilinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Göründüyü kimi, 12 noyabr 2021-ci il tarixli 9/7657 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 noyabr 2021-ci il tarixli 9/7657 nömrəli ekspert rəyində Vergi Məcəlləsinin 88.1ci maddəsinə istinad olunaraq İddiaçı müvafiq dövrlərdə ödənişləri nəzərə alınmaqla, onun 30.018,09 manat faiz borcunun mövcud olması nəticəsi əldə olunmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar