Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2253/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək DTXdan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi haqqında məlumatın daxil olub-olmaması barədə informasiya sorğusuna cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Prokurorluğunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Baş Prokurorluğa 16.12.2020 və 21.01.2021-ci il tarixli informasiya sorğusu göndərmişdir ki, DTX-dan prokurorluğa guya vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatı daxil olub-olmaması barədə məlumat versinlər. Baş Prokurorluq da həmin müraciətlərinə 18.01.2021-ci il tarixli, 09/05-41 nömrəli və 01.02.2021-ci il tarixli, 09/05-66 nömrəli məktublarla cavab vermişdir. Cavabda yalnız prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri təsvir edilmişdir. Halbuki, iddiaçı prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri barədə bir kəlmə belə soruşmamışdır, yalnız DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatının daxil olubolmaması barədə məlumat verməyi xahiş etmişdir. Qeyd edilənlərlə bağlı, "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirən informasiya müvəkkili kimi Ombudsmana 19.03.2021ci il tarixdə müraciət etmişdir. Ombudsman həmin müraciəti 08 aprel 2021-ci il tarixli, 2/7857-21 nömrəli məktubla aidiyyəti üzrə Baş Prokurorluğa göndərmiş və konkret tələb irəli sürmüşdür ki, DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatının daxil olub-olmaması barədə informasiya verilməsi təmin edilsin. Müraciətinin nəticəsi üzrə Baş Prokurorluqdan 21.04.2021-ci il tarixli, 09/05-204 nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda yenə də prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri təsvir edilmişdir. Bununla da, Baş Prokurorluq faktiki olaraq informasiya sorğusuna cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində "İnformasiya əldə etmək haqqında” Qanununn 2.3.1 və 2.3.2-ci maddələrinə əsaslanaraq bildirmişdir ki, müraciət edən şəxs təkcə mövcud olan deyil, həm də olması ehtimal edilən məlumatı informasiya sahibindən əldə etmək hüququna malikdir, əgər belə bir informasiya, sahibində yoxdursa, infomasiya sahibi informasiyanın olmaması barədə məlumat vermək borcundadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasın, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış sorğulara əsasən müəyyən edilmişdir ki, iddiaçı prokurorluq əməkdaşları arasında "dövriyyəyə buraxılmış" söz-söhbətlərdən bilmişdir ki, guya DTX-nın sabiq rəhbərliyi tərəfindən Baş Prokurorluğa bir qisim prokurorluq işçiləri, o cümlədən onun haqqında əməliyyat məlumatı göndərilmişdir ki, guya o gah vahabi, gah şiə, gah hansısa başqa təriqət üzvü kimi səciyyələnmişdir. Məhz bu məlumatı aldıqdan sonra əmr verilməklə orqandan onu xaric etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “ehtimal edilən məlumat”la bağlı informasiya sorğusu əldə etmək üçün müraciət etmək, cavabdehin isə belə bir məlumatı informasiya sorğusu kimi qiymətləndirilməklə cavab vermək öhdəliyi yaranmamışdır. Dolayısı ilə hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunun təsir dairəsinə düşmür. Ona görə də iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, informasiya əldə etmək hüququ geniş mənada və ya hər hansı şərtlərlə məhdudlaşmayan hüquq kimi qiymətləndirilə bilməz. İnformasiya sorğusunun predmetini “ehtimal edilən məlumat” deyil, “mövcud olan məlumat” təşkil etməlidir. Bu tələb onun üçün zəruridir ki, heç kəs mövcudluğuna şübhə ilə yanaşdığı və ya xəyali olaraq mövcudluğuna inandığı, bilavasitə hər hansı mötəbər mənbədən və ya konkret fəaliyyətdən yaranmayan məlumatın əldə edilməsi ilə bağlı müvafiq qurumlara və ya şəxslərə müraciət etməsin, bu hal hüquqdan sui-istifadəyə və informasiya sahiblərinin vaxt itkisinə gətirib çıxaracağı lüzumsuz araşdırmalara səbəb olacaq yüklənmələri ilə nəticələnməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: -2.3.1.sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; -2.3.2.informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin predmetini iddiaçı tərəfindən mövcudluğu ehtimal olunan məlumatın əldə olunması təşkil edir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan aydın olur ki, həmin informasiyanın əldə olunması üçün onun mövcudluğu təsbit olunmuş məlumatın informasiya sahibində olub-olmadığını öyrənmək hüququna malikdir. Belə olan halda məhkəmə haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-6549/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2253/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2253/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver