Məhkəmə qərarları › İş №2-1(103)-2289/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2289/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2289/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1 Qələndər qızının, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxs: Oğuz rayonu Baş Daşağıl Bələdiyyəsi) «enerji təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-2(112)-1321/2021 saylı 09.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün 19.06.2020-ci il tarixində ASAN Kommunal xidməti vasitəsi ilə "xxxx" ASC-yə müraciət etmiş və onun həmin müraciəti qeydiyyata alınaraq bildiriş verilmişdir. Həmin bildirişdə məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4 kV-luq şəbəkədən 1 fazalı 5 kVt gücündə) 24 gün müddətində qoşulması məbləğinə uyğun olaraq 160 manat, yük hesabatının hazırlanması üçün 7,50 manat, ümumilikdə 167,50 manat rüsum hesablanmışdır. Daha sonra, "xxxx" ASC tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. 28.06.2020-ci il tarixində "xxxx" ASC tərəfindən iddiaçıya AXM20/0954 saylı cavab məktubu ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 saylı qərarının 1.2.6-cı bəndinə istinad olunaraq həmin ərazidə "xxxx" ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması əsas gətirilərək elektrik enerjisi təchizatının mümkünsüzlüyü bildirilmişdir. İddiaçı mübahisələndirir ki. onun yaşayış evinə ən yaxın məsafədə (500 metr) elektrik xətti, ən uzaq məsafədə isə (750 metr) transformator yerləşir. Buna görə də qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul ediməlidir. Texniki şərtlərin tələbləri ilə razılaşmadıqda Nazirlər Kabinetinin 326 saylı qərarının 1.6-cı maddəsinə əsasən məsələyə məhkəmə qaydasında baxılması qeyd edilmişdir. İddiaçının yaşadığı ərazidə 60-a yaxın yaşayış evi elektrik enerjisi təchizatı ilə təmin edilməmişdir. Bununla bağlı dəfərlərlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-2(112)-1321/2021 saylı 09.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaət işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsaslanmamışdır. Məhkəmə imtinanın əsaslı olubolmamasını həqiqətən iddiaçının hüququnun pozulub-pozulmamasını araşdırmalı idi. Məhkəmə hansı rəsmi sənədlə müəyyən etdi ki. ərazidə şəbəkə yoxdur. Məhkəmənin bu qənaətə gəlməsi üçün hər hansı bir peşəkar ekspert rəyinə, xüsusən də sözügedən elektrik transformatorun yüklüyü barədə, həmçinin onların texnki imkanları, enerji gücü. İtkiləri haqqında əsaslanmamışdır. Halbuki, burada xüsusi biliyə malik olan ekspertin dəvət edilməsi mütləq idi. Cavabdeh tərəfindən vətəndaşın hüququ pozulur, məhkəmə heç bir marağına toxunulmayan bələdiyyəni üçüncü şəxs kimi işə cəlb edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, cavabdehin nümayəndəsi Nümayəndə3 şikaytə etiraz etiraz ona edərək, mübahisəli yaşayış məntəqəsinin 400 metr məsafədə qoşulma şəbəkəsinin olmadığından iddiaçıya qanunvericiliyə müvafiq olaraq imtina cavabı verildiyini bildrmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 8.1.1ci maddasinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən və ona əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən 15.05.2018-ci il tarixli (qeydiyat nömrəsi:**********) çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Oğuz rayonu Baş Daşağıl kəndində yerləşir. İddiaçının tələbindən göründüyü kimi, hazırkı mübahisənin predmetini onun mülkiyyətlərində olan, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunması üçün texniki şərtin verilməsi və elektrik şəbəkəsinə qoşulması üçün cavabdehlə aralarında yaranmış hüquq münasibəti təşkil edir. Belə olan halda, onlar arasındakı hazırkı mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq Oğuz rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 11 aprel 2017-ci il tarixli 2 №-li qərarı ilə Oğuz rayonu - Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, konkret halda, Bakı İnzibati Məhkəməsi tərəfindən işə baxılarkən prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, mübahisənin ərazi aidiyyəti Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olmasına baxmayaraq, səlahiyyəti olmadan işə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir. Halbuki, İPM-in 8.2-ci maddəsinin imperativ tələbində nəzərdə tutulur ki, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-2(112)- 1321/2021 saylı 09.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İPM-in 8, 9, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-2(112)-1321/2021 saylı 09.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «enerji təchizatı şəbəkəsinə qoşulması və texniki şərtin verilməsi tələbinə dair» inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar