Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2307/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi (İPM m.32.1), daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin həmin qərarını məhkəmə qaydasında mübahisələndirməzdən əvvəl, inzibati orqanın yuxarı qurumu vasitəsi ilə (şikayət instansiyasında) mübahisələndirmiş, Dövlət Vergi Xidmətinin 13 dekabr 2022-ci il tarixli qərarı ilə onun inzibati şikayəti təmin edilməmiş, İPMin 38.1-ci maddəsi ilə müəyyən olunan iddia müddətini ötürmədən 21 dekabr 2022-ci il tarixdə məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İşin faktiki hallarına görə cavabdehin kameral vergi yoxlamasının aparılması nəticəsində cavabdeh tərəfindən iddiaçının 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 86.459,16 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar olunaraq bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək kənarlaşma hesab olunmuş və “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 02 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçıya 2021-ci il üçün 17.291,83 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh tərfindən mübahisəli qərarın qəbul edilməsinə əsas iddiaçının riskli vergi ödəyicilər (X7 və X6) ilə aparılmış əməliyyatlardan irəli gəlmişdir. İddiaçı bununla razılaşmayaraq iddia edir ki, onunla həmin şəxslər arasında müqavilə münasibətləri yaranarkən və əməliyyatlar aparılan zaman adıçəkilən şəxslər riskli vergi ödəyiciləri hesab olunmurdu. İddiaçının mövqeyinə görə sözügedən vergi ödəyiciləri ilə aparılmış 86.459,16 manat məbləğində əməliyyat müəssisənin xərci hesab olunduğu halda, həmin əməliyyata görə ona əlavə vergi hesablanması əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırımışdır ki, qarşılıqlı əməliyyatlar zamanı alınmış 86.459,16 manat məbləğində malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərlə uzlaşmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 02 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Uçot-baza məlumatlarına və cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə cəmiyyətin riskli vergi ödəyicilərindən əldə etdiyi 86.459,16 manat məbləğində olan xərclərin uçot-baza məlumatlarına əsasən öz təsdiqini tapmadığını, cəmiyyəti tərəfindən X2 51 123,81 manat məbləğində və X1 35 335,35 manat məbləğində (cəmi, 86459,16) elektron qaimə-fakturalar əsasında əldə etdiyini iddia etdiyi əlcək, kabel, anker bolt və sair uçot-baza məlumatlarına əsasən İ.Məmmədovun və E.İskəndərovun əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin araşdırmaya dəvət olunmalarına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin araşdırmada iştrak etdiklərini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu, hər iki fiziki şəxsin Cəmiyyətin 2020-ci və 2021-ci illəri ərzində işçiləri olduqlarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, həmin fiziki şəxslərin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktı; və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə əsasən nəqliyyat vasitələri üzrə təmir xərci normasının artıq bəyan edildiyini, təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin mənfəət vergisi bəyannaməsinin göstəricilərindən fərqli olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmişdir. Məhkəmə öz qərarında bu hallara hüquqi qiymət vermədən qərar çıxarmış və qərarında qarşılıqlı əməliyyatlar aparılan zaman qeyd olunan şəxslərin riskli vergi ödəyiciləri olmamasını göstərmişdir. Məhkəmənin bu mövqeyi formal olmaqla, yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, adları çəkilən şəxslərlə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat meyarına tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir. Bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarların 2-ci bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşlar.Birinci instansiya məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş və riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli, bundan sonra bu əsasda vergi orqanı tərəfindən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Həmçinin, göndərilmiş uyğunsuzluq məktublarında konkret hansı əməliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı təqdim etməmişdir. Həmin uyğunsuzluq məktubları işə məhkəməsində baxılarkən iddia ərizəsinə qarşı verilmiş etiraza qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən həmin məktublara qeyd olunan məlumatlar araşdırılmamış və iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır. Bu bir daha onu göstərir ki, məhkəmə işin faktiki halları ilə tanış olmamış, qanunvericiliyin tətbiqi məsələsi ilə bağlı yanlış mövqe sərgiləmiş və tam araşdırmamış, vergi orqanı tərəfindən sənəd və sübutların təqdim edilməsinə baxmayaraq nəticədə vergi ödəyicisinin iddiasının təmin edilməsi istiqamətində qərar qəbul etmişdir...» Məhkəmə kollegiyasının 13 iyul 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi H.B.Qəniyev apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi S.V.Həsənli cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2021-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə əsasən iddiaçının riskli vergi ödəyicilərindən əldə etdiyi 86.459,16 manat məbləğində vəsait xərclərin uçotbaza məlumatlarına əsasən öz təsdiqini tapmadığı, o cümlədən, elektron qaimə-fakturalar əsasında riskli ödəyiciləri-İ.Məmmədovdan 51 123,81 manat, E.İskəndərovdan isə 35 335,35 manat məbləğində (cəmi, 86459,16) malların həcmi və çeşidi sonuncuların hesabat sənədələrinə uyğun olmadığı müəyyən edilərək, 2021-ci il üçün “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 02 sentyabr 2022-ci il tarixli qərar (i.v.175) əsasında iddiaçıya 2021-ci il üçün 17.291,83 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarı əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları”na əsasən: 1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmtəəsiz və riskli əməliyyatı aparan şəxs, riskli vergi ödəyicisi və ya riskli əməliyyatlara dair meyarlara cavab verməlidir. Konkret halda iş materiallarına,o cümlədən, cavabdehin iddiaya dair etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının əmtəə əməliyytları apardığı X8, həmçinin, X6 adında şəxslər müvafiq olaraq Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarına əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. İddiaçı tərəfindən isə həmin şəxslərlə əməliyyatlar qeyd olunan tarixlərə qədər aparılmışdır. Belə ki, iş materialarına əsasən müəyyən olunur ki: - xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC (alıcı) ilə X3 (satıcı) arasında müqavilə münasibətləri yaranmış, həmin münasibətlər zənnində satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan müxtəlif markalı elektrik malları və kabelləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüş; - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC (alıcı) ilə X6 (satıcı) arasında müqavilə münasibətləri yaranmış, həmin münasibətlər zənnində satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan müxtəlif markalı elektrik malları və kabelləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Ən azından iddiaçı, adıçəkilən şəxslərlə bağladığı həmin alqı-satqı müqavilələri çərçivəsində Mülki Məcəllənin 425.1-ci və 567-ci maddəsi ilə üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri sonuncuların riskli vergi ödəyiciləri hesab olunmadığı dövrdə yaranmışdır. Yəni, adıçəkilən şəxslərlə əməliyyat apardığı vaxt iddiaçı tərəfindən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu törədilməmişdir ki, həmin anda da onların uçot sənədlərində pozuntuya yol verilməsində iddiaçının təqsirli hərəkətlərinin mövcudluğu istisna edilir. Vergi Məcəlləsinin 54-cü maddəsi isə nəzərədə tutur ki, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda,vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2 vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; …; Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı qurum, ona satılan malların həcmi və ya çeşidi baxımından, ona təqdim edilən qaimə-fakturalara uyğun olduğu halda, hələ riskli vergi ödəyiciləri sırasına daxil edilməyən həmin şəxslərin (vergi ödəyicilərinin) uçot sənədlərindəki göstəricələrin fərqli olmasına görə məsuliyyət daşıya və onun üzərinə vergi öhdəliyi qoyula bilməz. Ən azından iddiaçı həmin şəxslərin gələcəkdə riskli vergi öədyiciləri olacağını əvvəlcədən görə də bilməzdi. Vergi Məcəlləsinin 3.8-ci maddəsi isə nəzərdə tutur ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin edərək cavabdehin mübahisələndirilən qərarını ləğv etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin, məhkəmə işin faktiki hallarını tam araşdırmadığını, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2307/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2307/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver