Məhkəmə qərarları › İş №2-1(103)-2311/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2311/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2311/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndələri X5 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Monitorinq İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6117/2021 saylı 17.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Monitorinq İdarəsinə qarşı X6 Monitorinq İdarəsinin 26.02.2021-ci il tarixli, 18/K qeydiyyat nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, onun X6 Monitorinq İdarəsinin tabeliyində olan "xxxx" MMC-də işə bərpa olunması və ona 26.02.2021-cii l tarixindən başlayaraq işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün ortaq aylıq əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 01.06.2007-ci il tarixindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Monitorinq İdarəsinin Laboratoriyasında analitik tədqiqatlar sektorunda kimyaçı-mühəndis vəzifəsində işləmiş, 30 ildən çox iş təcrübəsi vardır. Nazirliyin 2020-ci il 16 iyun tarixli 378/Ü saylı əmri ilə nazirliyin strukturunda edilmiş dəyişikliyə görə həmin Laboratoriya ləğv edilmiş və cavabdeh İdarənin 26.02.2021-ci il tarixli əmri ilə 19 nəfər əməkdaşı, o cümlədən iddiaçı işdən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq məhkəmənin icraatına qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əvvəla Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-3547/2021 saylı 02.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraat qəbul edilməsindən imtina edilmiş, Bakı İnzibati Məzkəməsi tərəfindən isə iddia mümkün sayılmamaqla, iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə yalnız şablon cümlələrdən istifadə etmiş və iddianın hansı səbəblərdən mümkün sayılmamasını əsaslandıra bilməmişdir. İddia tələbi inzibati orqana yönəldiyindən qanunvericilyin tələbləri baxımından inzibati məhkəmədə baxılmalıdır. İddia ərizəsi MPM-in 35-ci maddəsinə uyğun dolğun əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil M.Məhərrəmov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri S.Nəzərov və T.Şıxbalayev İdarədə iddiaçının tutuduğu mühəndis-kimyaçı vəzifəsindən qanuni əsaslarla azad olunduğunu vurğulayraq, qərardadı qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında qaldırılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olduğu, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırıldığı və iddiaçı tərəfindən qanunla qorunan hüquq və azadlıqlarının pozulduğu əsaslandırıldığı halda, məhkəmə icraatı mümkün sayılır. Konkret halda, iddiaçının cavabdehin 26.02.2021-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi və nəticələrinin aradan qaldırılması (işə bərpa olunması) haqqında iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar mövcuddur. Belə ki, cavabdeh X6 Monitorinq İdarəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda (b.17.2.1.) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən inzibati orqanlar sırasına aid edilmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş əmək kitabçasının surətinə və cavabdehin əmrinə əsasən də müəyyən olunur ki, iddiaçı X6 Monitorinq İdarəsinin 59/k saylı 01.06.2007-ci il tarixli əmri ilə analitik tədqiqatlar sektoruna mühəndis vəzifəsinə təyin edilmiş, 20.09.2018-ci il tarixli 177/k saylı əmrlə mühəndis-kimyaçı vəzifəsinə keçirilmiş və 26.02.2021-ci il tarixində 018/k saylı əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı dövlət qulluğu qaydalarına müvafiq olaraq üç ildə bir dəfə attestasiyadan da keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh idarənin 26.02.2021-ci il tarixli, 18/K qeydiyyat nömrəli əmri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsində təsbit olunan, inzibati akt anlayışına uyğun olan və həmin Qanunun 2.0.11-ci maddəsinin tələbi baxımından, iddiaçını həmin inzibati orqanda işləmək hüququndan məhrum edən əlverişsiz inzibati aktdır. İddiaçı da məhz hazırkı iddia ərizəsində onun üçün əlverişsiz olan həmin inzibati aktın ləğv edilməsini və nəticələrinin aradan qaldırılmasını tələb edir. İPM-in 2.2.1-ci maddəsinin tələbindən də görünür ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən isə iddiaçının iddia tələblərinə prosessual qanunvericiliyin və inzibati hüquq normalarının qeyd olunan tələləri baxımından düzgün hüquqi qiymət verilməmiş, cavabdeh X6 Monitorinq İdarəsinin 018/k nömrəli, 26 fevral 2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madədsinin “b” bəndinə əsasən xitam verildiyini və onun dövlət qulluqçusu olmasının müəyyən olunmadığını əsas götürməklə, iddia ərizəsinin inzibati məhkəmə icraatını mümkün sayılmaması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın inzibati qanunvericiliyin tələblərinə uyğun olmadığını vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar