Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2343/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “təyin olunmuş plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsinin və təkrar yoxlamanın təyin edilməsinin qarşısının alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X3, MMC-nin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “təyin olunmuş plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsinin və təkrar yoxlamanın təyin edilməsinin qarşısının alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3877/2023 saylı 03 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üçüncü şəxslər qismində göstərilməklə “cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022 tarixlərinə təyin edilən kodu KY221867832 olan və İddiaçı MMC-də keçirilməli olan, lakin baş tutmayan plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsinin qarşısının alınması – bu hərəkətləri etməkdən çəkinmək barədə və X11 və X5 qərəzli müraciətləri əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın təkrarən təyin olunmasının (habelə cavabdeh təşkilat tərəfindən həmin yoxlama üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən müvafiq icazənin alınması və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata salınması üçün müvafiq müraciətlərin edilməsinin) qarşısının alınması – bu hərəkətləri etməkdən çəkinmək barədə (qabaqlayıcı-preventiv) qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların fəaliyyəti təşkilatların, qurumların və şirkətlərin məktublarının çatdırılmasını həyata keçirməkdir. Onlar şirkət olaraq 6 ilə yaxındır ki, sürətli poçt daşıması sahəsində fəaliyyət göstərir və bu günədək fəaliyyətlərini uğurla davam etdirmiş, vergi və qanunvericiliklə nəzərdə tutulan bütün öhdəliklərini vaxtı-vaxtında icra etmişlər. Xüsusilə də “Poçt haqqında” Qanunun 4-cü maddəsi, “Lisenziyalar və icazələr haqqında” Qanunun 6, 7, 25, 27-ci maddələrinin tələblərinə diqqət eləmişlər. İddiaçının barəsində qərəzli şəxslər tərəfindən mütəmadi olaraq fərqli qurumlara, o cümlədən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə barələrində yalan və böhtan xarakterli şikayət ərizələri göndərilməklə iş fəaliyyətlərinin iflic vəziyyətə düşməsinə, imiclərinin korlanmasına və işçilərinin bir çoxunun işdən ayrılmasına gətirib çıxarmışdır. Artıq onların sahibkarlıq fəaliyyətləri bu yoxlamaların əlindən batmaq üzərədir. Buna görə də hesab edir ki, cavabdehin tərəfindən xx.xx.2022 - xx.xx.2022 tarixlərinə təyin edilən plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3877/2023 saylı 03 fevral 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edimişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikasının Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının müdafiəsi” haqqında Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının müdafiəsi” haqqında 714-İVQ saylı 02 iyul 2013-cü il tarixli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 955 saylı xx.xx.2013-cü il tarixli Fərmanının, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında 1410-İVQ saylı 20 oktyabr 2015-ci il tarixli Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 660 saylı xx.xx.2013-cü il tarixli Fərmanının, 714-İVQ saylı 02 iyul 2013-cü il tarixli Qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 322 saylı xx.xx.2014-cü il tarixli Fərmanının müvafiq bəndlərinə uyğun əsaslandırılmamışdır. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə “plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş (faktiki olaraq keçirilə bilməmiş) yoxlamanın dayandırılması üzrə tələbə mahiyyət baxılıb iş üzrə qərar qəbul edilsə belə, qəbul ediləcək qərarın icrası mümkün olmayacağından, ərizəçinin çatmaq istədiyi məqsədə ərizənin uğurlu olması ilə nail olmaq mümkün deyil” nəticəsinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindan çıxarılmış "xxxx" MMC-də (VÖEN: **********) 31 oktyabr 2022-ci il tarixli NQ-1/22 nömrəli "Plandankənar yoxlamasının keçirilməsi haqqında" Qərar əsasında ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixində yoxlama təyin edilmiş və guya şirkət tərəfindən yoxlamanın keçirilməsi üçün şərait yaradılmadığı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC-in rəhbəri X12 barəsində tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 3926/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qərarı ilə vəzifəli şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cil maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bu da onu göstərir ki, qeyd olunan yoxlamanın dayandırılması mümkün olduğu halda, yəni məhkəmə tərəfindən iddia icraata qəbul olunsa və təmin olunsa idi, daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunmaz idi. Hətta nazirliyin xx.xx.2023 tarixində KY231908582 Yoxlama kodu ilə eyni pozuntularla muşayət olunan təkrar yoxlama təyin edilmişdir. Odur ki, hazırda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardadın qəbul olunması vaxtın ötürülməsinə baxmayaraq böyük əhəmiyyət daşıyır. İş materiallarından göründüyü kimi, yoxlamanın keçirilməsi üçün əsas olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.8-ci maddəsi göstərilmişdir. Həmin maddəyə əsasən "bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir". Lakin hazırki işdə "xxxx" MMC ilə bağlı yoxlamanın keçirilməsi üçün heç bir səbəb olmamışdır. Yeganə səbəb olaraq X11 və X5 şikayətləri olmuşdur. Həmin məsələ ilə bağlı isə bildirilmişdir ki, "xxxx" MMC-nin Hüquq Şöbəsinin hüquqşünası, X13 isə Hüquq Şöbəsinin rəhbəri vəzifəsində işləmişlər. "xxxx" MMC ilə aralarında olan ENG0505221 saylı 05 may 2021-ci il tarixli xidmət müqaviləsi əsasında kuryer xidməti göstərdikləri üçün həmin şirkət tərəfindən Hətəmov Ceyhun və Məmmədov Əfqan ilə əmək müqavilələrinə ştatların ixtisarı qaydasında xitam verdikləri barədə xəbərdarlıq məktubu MMC vasitələ göndərilmişdir. Bundan sonra Hətəmov Ceyhun və Məmmədov Əfqan mütəmadi olaraq fərqli qurumlara barələrində şikayət ərizələri göndərmişlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən MN seriyalı ******* saylı 23 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasının əsas səbəbi də elə məhz həmin əsassız şikayətlər olmuşdur. Bu isə yoxlamanın keçirilməsi üçün yetərli səbəb deyildir. Hesab edir ki, məhkəmə sübutlara obyektiv qiymət vermədən formal qərardad qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı MMC-nin vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiasının mümkün ayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi X8 vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Sürətli poçt xidməti fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi haqqında” 1/22 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən ünvan 4 ünvanında fəaliyyət göstərən İddiaçı xx.xx.2019 – xx.xx.2022-ci il dövrü üzrə olan fəaliyyətində 02- xx.xx.2022-ci il tarixlərində plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01 noyabr 2022-ci il tarixli çıxarışa əsasən İddiaçındə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar yoxlamanın Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur, yoxlamanın əsası kimi “insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; fiziki şəxs tərəfindən müraciət (məlumat)” qeyd edilmişdir. 01 saylı 04 noyabr 2022-ci il tarixli nəzarət olunan subyektin plandankənar (növbədənkənar) yoxlanılmasına dair aktda qeyd edilmişdir ki, plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına şərait yaradılmadı, sözügedən obyekt lisenziya ərazisində göstərilən obyektə uyğun deyil. Obyektə vizual baxış zamanı məlum oldu ki, fəaliyyət ünvanı kimi istifadə olunan hazırkı obyektdə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq şərait də (obyektin ad göstəricisi, iş saatlarını göstərən tablo, avadanlıqlar, təhlükəsizlik kameraları, rəflərlə təchiz edilmiş anbar, yanmayan seyf) təmin edilməyib. İddiaçı ünvan 4 ünvanında fəaliyyət göstərmədiyi və bu ünvanda sürətli poçt xidmətlərinin göstərilməsi üçün uyğun şəraitin olmadığı müəyyən olunmuşdur. Yoxlamanın aparılması üçün fəaliyyət ünvanına daxil olaraq baxış keçirilməsinə şərait yaradılmadı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 23 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixə təyin edilmiş plandankənar (növbədənkənar) yoxlama keçirilməsinə şərait yaradılmadığından İddiaçı direktoru X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3926/2022 saylı 28 dekabr 2022ci il tarixli qərarına əsasən inzibati xəta törətmiş X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı tələbi “təyin olunmuş plandankənar (növbədənkənar) yoxlamanın davam etdirilməsinin və təkrar yoxlamanın təyin edilməsinin qarşısının alınması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda aparılır. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. Həmin Qanunun 16.7-ci maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 6.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Həmin Qanunun 16.8-ci maddəsinə əsasən bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir. Həmin Qanunun 16.9-cü maddəsinə əsasən anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Hazırki işdə iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi ilə bağlı işin halları ilə müəyyən edilir ki, iddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən plandankənar yoxlamanın xx.xx.2022-xx.xx.2022-ci tarixində keçirilməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən plandankənar yoxlamanın aparılmasına şərait yaradılmamış, bu barədə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiinin xx.xx.2022-ci il tarixli 3(001)-3926 saylı qərarına əsasən inzibati xəta törətmiş vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsində nəzərdə tutulmuş 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş (faktiki olaraq keçirilə bilməmiş) yoxlamanın dayandırılması üzrə tələbə mahiyyəti üzrə baxılıb iş üzrə qərar qəbul edilsə belə, qəbul ediləcək qərarın icrası mümkün olmayacağından, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Məhkəmə kollegiyası iddiaçının birinci tələbi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həm də aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrindən görünür ki, inzibati orqan (səlahiyyətli orqan) yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, həmin qərar inzibati akt hesab olunmur. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qərar özü-özlüyündə sahibkar üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri qanunvericiliyin tələblərinə müvafiq olaraq aktla rəsmiləşdirilir və həmin akt əsasında müvafiq qərar qəbul edilir. Göründüyü kimi, növbədənkənar yoxlamanın keçirilməsi barədə qərar hələ sahibkarın məsuliyyətini müəyyən etmir, onun məsuliyyətinin yaranması üçün yuxarıda adı çəkilən qərarın (inzibati aktın) qəbulu tələb olunur. Məhz həmin qərar sahibkar üçün hüquqi nəticə yaratmış olur. Buna görə də hüquqi nəticə yaratmaq imkanından məhrum olan inzibati akt mübahisənədirilərsə belə, onun ləğvinin tələb edilməsinin qeyri-mümkün sayılacağını nəzərə alaraq, belə yoxlamanın davam etdirilməsinin qarşısının alınması barədə tələb də əhəmiyətsizdir. Odur ki, mübahisə predmeti olan qərarın ləğvi ilə bağlı tələbin uğursuz olacağı baxımından məhkəmə kollegiyası həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsinə lüzum görməmişdir. Buna görə də Kollegiya hesab edir ki, hazırki iş üzrə növbədənkənar yoxlamanın davam etdirilməsinin qarşısının alınması ilə bağlı iddia da mümkün sayıla bilməz. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-1200/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). İddia tələbinin digər- “təkrar yoxlamanın təyin edilməsinin qarşısının alınması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla “Poçt” haqqında Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi; 4.1.5-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsinin 3.0.38-ci bəndinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsində nəzərdə tutulmuş lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarət etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərmək Nazirliyin vəzifəsidir. “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. Göründüyü kimi, adı çəkilən yoxlamanın təyin edilməsi cavabdeh inzibati orqanın qanunla müəyyən olunan səlahiyyətinə aid edilmişdir və bu barədə hər hansı əvvəlcədən qadağanedici tədbirlər görülməsi üçün əsaslar yoxdur . Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3877/2023 saylı 03 fevral 2023-cü il tarixli qərarı qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3877/2023 saylı 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2343/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2343/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver