Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2358/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «diplom üzrə ixtisasın tanınması» barədə iddia tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-ci il tarixli 2-1(82)-881/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası X4 Universiteti tərəfindən verilmiş 09.06.2016-cı il tarixli 106624 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2012-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində X4 Universitetinin “heyəti idarəetmə” fakültəsinə qəbul olunmuş, 2016-cı ildə həmin fakültəni bitirmişdir. O, 20.02.2018-ci il tarixdə həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı hazırkı Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh 26.07.2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, Cavabdehndə yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ. 1.2 maddəsinin müddəalarını, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsinin (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, onun ixtisas üzrə biliklərinin Azərbaycan respublikasında təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir və göstərilənlərə əsasən ona verilmiş diplom üzrə ixtisasın tanınması mümkünsüz hesab olunmuşdur. Hesab olunur ki, Cavabdeh imtinası qanunsuz, qərəzli və qeyri-obyektivdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (1997-ci ildə) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmalıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Onun təhsil aldığı məktəb Milli universitetdir, yəni dövlət statuslu təhsil ocağıdır. Bundan başqa, təhsil aldığı 2012 – 2016cı illərdə sessiya dövrlərində o, Yekaterinburq şəhərində yaşamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuzdur və onun diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-ci il tarixli 2-1(82)-881/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Cavabdeh nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ.1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr"in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (ərizəçinin) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq, ali məktəb tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli 2-1(103)- 41/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-881/2019 saylı iş üzrə qəbul etdiyi 24.10.2019-cu il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli 2-1(102)-1064/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-41/2021 saylı, 12.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan 19.06.2009-cu il tarixli attestatdan görünür ki, iddiaçı 2009-cu ildə Kəngərli rayonu, Təzəkənd R.Rəhimov adına orta məktəbi bitirmişdir. İş materiallarında olan Rusiya Federasiyasının X4 Universiteti tərəfindən verilmiş 321- 6 qeydiyyat nömrəli 106624 ******* saylı bakalavr diplomunun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “heyəti idarəetmə” istiqaməti üzrə tam kursu tamamlayıb 2016-cı ildə bakalavr dərəcəsini əldə etmişdir. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması ilə bağlı 20.02.2018-ci il tarixdə elektron ərizə ilə hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 23-04-635/ANİ saylı, 26 iyul 2018-ci ıi tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı İddiaçı X4 Universiteti tərəfindən verilmiş 09.06.2016-cı il tarixli 106624 ******* nömrəli bakalavr diplomuna (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh inzibati orqan Cavabdeh tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdehin dəlilinə münasibətdə məhkəmə bir xüsusatı da qeyd etmişdir ki, iddiaçının məhkəmə icraatında təqdim etdiyi attestatının surətindən görünür ki, ona oxuduğu orta məktəbdə “rus dili” fənni tədris olunmuş və o, həmin fənn üzrə 5 (əla) qiymət almışdır. Buradan belə nəticə çıxır ki, hazırkı iddiaçını hazırkı cavabdeh inzibati orqan Cavabdeh tabeliyində olan təhsil ocağı “rus dili” fənnindən 5 (əla) qiymətləndirildiyi halda, inzibati orqanın nəzdində yaradılmış müvafiq komissiya onun “rus dili”ni bilməməsini müəyyən etmişdir. Bu ziddiyyəti, habelə iddiaçının Rusiya Federasiyasında əyani formada təhsil almasını və iddiaçının həmin ölkədə yetərli müddətdə olmaması barədə cavabdehin heç bir dəlili olmamasını nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, inzibati orqanın imtina üçün gətirdiyi bu dəlil tutarlı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə əsasən Nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Həmin Qaydaların 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, cavabdehin imtinasının əsası işdə olan hər hansı sübutla təsdiq edilmir. İddiaçı ali məktəbdə təhsili hansı dildə almışdır, ekspert komissiyası iddiaçı ilə nə vaxt müsahibə aparmışdır, müsahibə hansı dildə aparılmışdır, müsahibədə iddiaçıya hansı suallar verilmiş, iddiaçı suallara necə cavab vermişdir, hansı meyarlara görə iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. Bəhs olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iddiaçının rus dilinin bilmə səviyyəsi haqqında ekspert rəyindən çıxarış və müsahibənin videogörüntüsü olan disk cavabdeh orqan tərəfindən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir. Qeyd olunan ekspert rəyindən çıxarışdan görünür ki, iddiaçı 21.01.2021-ci il tarixdə ekspertizanın tərkib hissəsi olan müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticələri aşağıdakı kimi qiymətləndirilmişdir: İddiaçı danışıq mərhələsində sualları anlayır, normal tələffüz edir, normal cümlələr qura bilir (yalnız hə/yox ilə deyil) fikrini yaxşı ifadə edə bilir. Tərcümə mərhələsində çətinliklə tərcümə edir, məhdud söz ehtiyatı var (mətnin 1/4- 2/4-dək hissəsini tərcümə edir). Yazı mərhələsində sualı oxuyur, suala əlaqəsiz və natamam cavab yazır, 3-dən artıq qrammatik və ya orfoqrafik səhvləri var. Yekun olaraq tədris dili qeyri-qənaətbəxş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının rus dilinin bilmə səviyyəsi haqqında müsahibənin videogörüntüsü olan diskə baxış keçirilmiş, müsahibənin rus dilində aparıldığı və iddiaçının rus dilində verilmiş sualları anladığı, cümlələr qura bildiyi və fikrini yaxşı ifadə edə bildiyi müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmayaraq, iddiaçının rus dilinin bilmə səviyyəsini qənaətbəxş hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın İddiaçı ona Rusiya Federasiyası X4 Universiteti tərəfindən verilmiş 09.06.2016-cı il tarixli 106624 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd hesab olunmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-ci il tarixli 2-1(82)-881/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2358/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2358/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver