Məhkəmə qərarları › İş №2-1(103)-2380/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2380/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2380/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqından tutulmuş məbləğin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 saylı 25 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 saylı 25 iyul 2023-cü il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-7474/2023 saylı qərarını ləğv etməklə onun cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12600 manat əmək haqqının, hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8785 manat olmaqla, ümumilikdə 21385 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icrata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ərizə təqdim edərək, apellyasiya şikayətini geri götürdüyünü və bununla bağlı apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X8 və X2 iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iddiaçının şikayətin geri götürülməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçıların hüququ olduğundan və hazırki iş üzrə onların bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onların nümayəndəsi və vəkilinin bu barədə ərizəsi təmin edilməlidir. Odur ki, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Apellyasiya icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar