Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2394/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı araşdırmanın nəticəsi barədə qərar qəbul olunması və arxiv arayışının verilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun (iddiaçının) 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək AR Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 850, 865, N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslarına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə atəşkəs elan edilənədək iştirak etmişdir. Sonralar isə, N və N saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirmiş, 24 yanvar 1996-cı il tarixədək döyüşən ordunun tərkibində gedən döyüşlərdə bütün növ döyüş tapşırıqlarını yerinə yetirmişdir. Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40.000 döyüşçüyə hərbi xidmətə girişini qeyd etsə də, çıxışları (tərxisi) haqqında məlumat vermir. 9 oktyabr 1991-ci il tarixdən 12 may 1994-cü il tarixədək xidmət keçən müharibə veteranları ilə bağlı AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı var. Onun hərbi biletinin səhifəsində göstərilmişdir ki, o (iddiaçı), əvvəlki Nəsimi RHK tərəfindən 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək döyüşən ordunun tərkibində 850, 865, N və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixdə atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletdə həmin qeydlər aparılmışdır. Yuxarıda göstərdiyi kimi, onun hərbi biletində 12 may 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan 865, N saylı hərbi hissələrdə xidmət etdiyim təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 göndərilən “arxiv arayışı”nda göstərilənlərlə də təsdiq olunur ki, hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsirindən olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri arxivə göndərməyibsə, bu onun təqsiri deyil. Bəlkə də döyüşlər gedən zaman əmrlərin saxlandığı yer, bina dağılmışdır. İşin faktiki halları ilə təsdiq olunur ki, X3 Arxivindən göndərilən arxiv arayışında hərbi xidməti barəsində məlumatının aşkar olunmaması onun təqsiri ucbatından olmamışdır. Arxiv Arayışında da göstərilmişdir ki, onun xidməti barəsində məlumat aşkar olunmadı. Halbuki, bütün bunlara aydınlıq gətirilməsi inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Xidmət etmiş bütün hərbi qulluqçuların əmrdən keçməməsinin səbəblərinə hərbi hissə ilə bir yerdə aydınlıq gətirməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, onun timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi onun hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətindədir. Çünki, yuxarıda göstərildiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təsdiq etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci maddələrinə, İPM-nin 2, 4, 8, 33, 45, 46-cı maddələrinə, AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarının müddəalarına əsaslanaraq iddiaçı hesabedir ki, iddia tələbi təmin olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri istinadən, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının qanunviriciləyə uyğun olmadığını bildirərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı inzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2204/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qeyd olunan qərarının 24-26-cı bəndlərində isə aşağıdakı hüququi mövqeyi təsbit olunmuşdur. «24. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli, maraqlı şəxs inzibati orqandan arzu etdiyi bu və ya digər sənədin (məlumatın) verilməsini tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra bilər.
25. Hazırkı halda, cavabdehin təqdim etdiyi arxiv arayışının məzmunu, - iddiaçının qənaətinə görə, - həqiqi vəziyyəti əks etdirmədiyindən iddiaçı cavabdeh orqandan müvafiq araşdırma aparılmaqla və bu araşdırmanın nəticəsi olaraq məhz onun arzuladığı məzmunda arayışın verilməsini iddia edir.
26. Məhkəmə də işin faktiki hallarını məhz həmin məzmunda iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli idi. Hazırkı halda, bu, baş verməmişdir...» Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarının təkrar apellyasiya qaydasında araşdırılması zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının iddia tələbinin mümkünlüyü məsələsinə qiymət verərkən qeyd etmişdir k, «… hazırkı iddiaçı aşağıdakı iki tələb irəli sürür: - iddiaçının 7 sentyabr 1992-ci il tarixdən 12 may 1994-cü il tarixdə elan olunan atəşkəsə qədər və tərxis olunduğu 24 yanvar 1996-cı il tarixədək AR Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 850, 865, N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; - qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Məhkəmə qeyd edir ki, İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1992 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti (o cümlədən xidmətdən tərxis olması) barədə məlumatlar əks olunmamışdır. İddiaçı bu səbəbdən də yenidən araşdırma aparılaraq, yeni arxiv arayışının verilməsini tələb edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması (hətta, buna etimal olunan) barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən mövqeyi ilə əlaqədar qeyd edir ki, iddiaçının tələbi həqiqətən də iki hissədən ibarətdir: iddiaçının xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılaraq qərar qəbul edilməsi; həmin araşdırılma nəticəsində iddiaçının müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi də ehtiva olunmaqla müvafiq qərarla ehtiyata buraxılması haqqında arxiv arayışının verilməsi. Göründüyü kimi, tələbin birinci hissəsi cavabdehdən, iddiaçının döyüş əməliyyatlarında iştirakı etməsini müəyyən etmək üçün faktiki hərəkətlər yerinə yetirilməsi, daha konkret, araşdırılma aparılması, ikinci hissəsi isə bu araşdırılma nəticəsində iddiaçının döyüşlərdə iştirakını ortaya çıxaran yeni bir arxıv arayışının tərtib olunub ona verilməsi təşkil edir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya artıq arxiv arayışı verildiyini bildirərək, İPM-in 35.1-ci maddəsinə əsasən onun həmin tələblərinin icrasını qeyrimümkün hesab edir. Başqa sözlə, faktiki olaraq cavabdeh iddiaçının qeyd olunan tələblərinə münasibətdə faktiki hərəkətlər yerinə yetirmək istiqamətində hərəkətsizlik nümayiş etdirir. Bununla əlaqədar birincisi, məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İddiaçının tələbi iddia ərizəsində formal olaraq baxımından əsaslandırılmışdır. İPM-in 35-ci maddəsinin tələbindən isə görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mümkünlük məsələsi araşıdırılarkən iddiaçının tələblərinə prosessual qanunvericilyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının onun tələbinə prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilmədiyini mübahisələndirən hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2356/2021 saylı 31 may 2021-ci il tarixli qərardı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Sədrlik edən Cahangir Yusifov
Hakimlər Həmid Həmidov
İlham Kərimli