Məhkəmə qərarları › İş №2-1(103)-2405/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2405/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2405/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X2rşı «diplomun və ona əlavə (qiymətlər kağızın) ölkə üzrə tanınması və təsdiq edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2021 saylı 13.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə X1rşı “iddiaçıya “X5 Universitetinin” 2011-2015-ci illər üzrə oxuduğuna görə verdiyi “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə 05-16/053 15 nömrəli 03.06.2015 tarixli diplomun və ona əlavə (qiymətlər kağızın) ölkə üzrə tanınması və təsdiq edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı Rusiya Federasiyasının Moskva şəhərində Moskva Humanitar Universitetində 2011-2015-ci illərdə təhsil almış və 2015-ci ildə diplomunu almışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. İddiaçının təhsil aldığı müddətin ilk tarixlərində olmamaq səbəbi xarici pasport almaq hüququnun olmaması idı. Belə ki, o zamanlar Azərbaycan xarici pasportu yalnız 18 yaşında almaq olardı. Onunda həmin zaman 17 yaşı var idi. Onun təhsil aldığı müddətin sonuna yaxın getməməyinin səbəbi isə, atasının xəstə olması idi. Lakin getmədiyi müddəti universitetdə üzürlü səbəb göstərməklə əlavə ödənişlər edərək imtahanlarını vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətinə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün müvafiq sənədin verilməsindən imtina etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2021 saylı 13.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunlarına görə hər kəsin təhsil almaq hüququ var. Fərq etməz.Aəzrbaycanda və ya xarici dövlətdə. Əsas odur ki, təhsil alan Azərbaycan vətəndaşı olsun. Əgər qiymətlərində kəsiri olmayıbsa və təhsil haqqını tam ödəyibsə onun diplomu təsdiq olunmalıdır. Belə ki. sərhəd keçmə sənədini əsas tutmaq ədalət prinsipindən uzaqdır. Belə ki, universitetə getmədən, getmədən sadəcə sərhəddi keçərək göstərmək olar sərhəddi keçmişəm. Lakin o, həqiqətən o, təhsil almışdır. Təhsil aldığı müddətin ilk tarixlərində olmamaq səbəbi xarici pasportu yalnız 18 yaşında almaq mümkün olardı. Onun 17 yaşı vardı, universitetə qəbul oluduqdan sonra BQMİ-də ona xarici pasport verdilər. Təhsil aldığı müddətin sonunda onun getməmə səbəbi atasının xəstə olmasıdır. Belə ki. anası atasına tək baxa bilmirdi, qardaşı da yaşca ondan balaca idi. Lakin getmədiyi müddəti universitetə üzürlü səbəb göstərməklə, imtahan verərək və qanuni əlavə ödəniş edərək bərpa etdi. Bakı İnzibati Məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmədi. Amma hər bir halda diplomunu qanuni olduğuna görə qanuni oxuduğuna görə kəsirin olmadığna görə akademik borcun olmadığna görə və təhsil haqqı borcu olmadığına görə diplomu almış və apostil olunub diplomun və əlavəsi, Rusiya Federasiyasının Təhsil Nazirliyi diplomu tanıyır və təsdiq edir ki, qanuni diplomdur, ona görə də tanınmalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri və məhkəməyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının əyani təhsilalma formasında təsil aldığı halda, sərhədkeçmə məlumatlarına əsasən çox qısa müddətdə ölkədən təhsil aldığı Rusiya Federasiyasında olmasınım onun tədris yükünün mənimsənilməsinin qeyri-mümkün olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının Rusiya Federasiyasının X6 Universitetində 2011-ci illərdə əyani təhsilalma formasında təhsil almış və 03 iyun 2015-ci il tarixində ona dövlət imtahan komissiyasının qərarı ilə «38.03.04. Dövlət və bələdiyyə idarəetməsi» üzrə bakalavr ixtisasına dair 05-16/053 15 qeydiyyat nömrəli diplom verilmişdir. Eyni zamanda, cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanlanmış - 10 fevral 2017-ci il, eyni zamanda, 07.01.2021-ci il tarixli məktublarına, eləcə də, iddia ərizəsinə yazılı etirazına əsasən müəyyən olunur ki, iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə imtina olunur və imtinanın əsası kimi isə onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu göstərilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndlərinə istinadən diplom üzrə ixtisasının tanınmasından və ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan imtinası ilə razılaşır. Birincisi, işə əlavə olunmuş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə ünanladığı 17.05.2017-ci il tarixli 7/880 saylı, eləcə də, iddiaçıya ünvanlanmış 25.02.2021-ci il tarixli k/345/33h-1185 saylı məktublarında təsbit olunan sərhədkeçmə məlamatlarına əsasən müəyyən olunur ki, Rusiya Federasiyasında təhsil aldığı 2011-2015-ci illərdə dövlət sərəhəddindən Rusiya Federasiyasını çıxış-girişi aşağıdakı kimi hərəkəti qeydə alınmışdır: 22.10.2011 - 02.11.2011 (10 gün); 06.03.2012 – 06.03.2012 (1 gün); 29.03.2012- 29.03.2012 (1 gün); 09.11.2012-22.05.2014 (1 il 6 ay 21gün); 18.06.2014 – 06.07.2014( 18 gün) 06.07.2014-24.07.2014 (18gün); 30.07.2014 – 10.12.2014 (4ay 10gün); 10.12.2014 - 11.12.2014 (1 gün); 22.01.2015 – 27.01.2015 ( 5gün); 13.10.2015 - 14.10.2015 (1 gün). Qeyd olunan məlumatların təhlili ilə müəyyən olunur ki, iddiaçının əyani təhsil alma formasında təhsil aldığı dövrün, ikinci tədri ili istisna olmaqla, birinci ilində cəmi 11 gün, üçüncü və dördüncü illərində isə cəmi, 4 ay 17 gün Rusiya Federasiyasında olmuşdur. Cavabdehin məhkəməyə təqdim olunmuş “Ekspert Komissiyası”nın rəyindən görünür ki, iddiaçının təhsil aldığı X6 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qeyd olunan qısa müddət ərzində olduğundan, yəni diplomda gööstərilən normativ müddətin tələbinə faktiki olaraq riayət edilmədiyindən, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkün hesab edilərək, iddiaçı barəsində mənfi rəy verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert qrupunun qeyd olunan rəyi əsaslıdır. Ən azından ona görə ki, təhsil haqqında qanunvericiliklə Azərbaycan Respublikasında müvafiq dövlət standartları müəyyən edilmişdir. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsindən isə göründyü kimi dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın 3.2.2-ci bəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fultime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirir. Bir kredit tələbənin auditoriya və auditoriydan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5(beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriydan ümumi yükünün həcmi 45 saatdır. (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Buraxılış işininin, magistirlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər həftə 1,5 kreditə bərabərdir; Həmin “Qaydalar”ın 3.2.4-cü bəndinə əsasən ixtisası (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq tələbələrə bakalavriatda 240-300 kredit (əsas(baza ali) tibb təhsilində 300-360 kredit) magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan isə göründüyü kimi, iddiaçının Rusiya Federasiyasında sözügedən ali təhsil müəssisəsində əyani formada aldığı təhsilin məzmunu, təhsil aldığı universitetin normativinə uyğun gəlmir, ikincisi də Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənmiş olur. Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanunmüvafiqdir. Belə ki, sözügedən «Qaydaları»ın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, “Qaydalar”a görə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi, cavabdehin, ekspert komissiyasının mənfi rəyi əsas götürülməklə, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Bu cür imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normaları uyğun nəticə kimi qiymətləndirir. Ona görə də işə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən əsassız olaraq onun iddia tələbinin təmin edilmədiyini və diplomunun qanuni olduğunu əsas gətirən dəlilləri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2021 saylı 13.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3917/2021 saylı 13.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar