Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2410/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3373/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı (indiki adı: Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********164700 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “..“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********164700 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 19,538.20 manat əlavə vergi məbləği hesablanmışdır. Halbuki, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 123,411.40 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablanmışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 165,797.55 manat, xərclərini 47,538.00 manat (o cümlədən malın dəyəri 44,374.00 manat, bank xidməti üzrə xərclər 3,164.00manat), vergiyə cəlb edilən gəliri 118,259.55 manat, gəlir vergisini isə 23,651.91 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından, 2022-ci il üzrə Mənfəət vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən 4113,71 manat məbləğində hesablanmalı idi. Vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlirvergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir vəxərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergiorqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Mənfəət vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablanmalıdır. Ödəməli olduğu mənfəət vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir…" Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma zamanı uçot baza məlumatlarına əsasən 2022-ci il gəlir vergisi bəyannaməsində 87104,66 manat gəlir məbləğinin vergidən azad olunan məbləğ kimi qeyd edilməsi, gəlirin əldə edilməsi ilə bağlı qeyd olunmuş xərc məbləğlərinin 2120,00 manat hissəsinin riskli əməliyyatlar apardığı üçün barəsində müvafiq qərar çıxarılmış riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimələrdən ibarət olması, müvafiq bəyannamədə 55304,84 manat dəyərində sənədlərlə təsdiq olunmayan xərclərin göstərilməsi müəyyən edilmiş, o cümlədən, əldə edilmiş gəlirin 75 faizinin gəlir vergisindən azad olunan məbləğ kimi qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********233200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Qeyd olunan təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 19538,20 manat (((165797,55- 47538,00)*20%)-4113,71) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********164700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçı öz ərizəsində Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiq edilməli olduğunu bildirmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Həmçinin, şərti rentabellik norması əsasında hesablama aparılması, yəni NK-in 55 saylı Qərarının tətbiq edilməsi vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır…" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3373/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********164700 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma zamanı uçot baza məlumatlarına əsasən 2022-ci il gəlir vergisi bəyannaməsində 87104,66 manat gəlir məbləğinin vergidən azad olunan məbləğ kimi qeyd edilməsi, gəlirin əldə edilməsi ilə bağlı qeyd olunmuş xərc məbləğlərinin 2120,00 manat hissəsinin riskli əməliyyatlar apardığı üçün barəsində müvafiq qərar çıxarılmış riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimələrdən ibarət olması, müvafiq bəyannamədə 55304,84 manat dəyərində sənədlərlə təsdiq olunmayan xərclərin göstərilməsi müəyyən edilmiş, o cümlədən əldə edilmiş gəlirin 75 faizinin gəlir vergisindən azad olunan məbləğ kimi qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023- cü il tarixli **********233200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Qeyd olunan təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 19538,20 manat (((165797,55-47538,00)*20%)-4113,71) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 11,10.2023-cü il tarixli **********164700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir..." Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından görünür ki, 2022-ci ilin hesabat dövrü üzrə təqdim etdiyi iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamədə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirini 123.411,40 manat məbləğində bəyan etmiş, həmin gəliri sənədələrin əldə edilməsi mümkün olmadığından (“Zəngilan aroportunun tikintisi üçün sanitexnik avadanlığı təqdim etmişdir) AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiqedilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən gəlirini şərti rentabellik tətbiq etməklə, həm də mikrosahibkar kimi, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan yararlanmaqla, 2022-ci il üçün dövlət büdcəsinə 4.113, 71 manat məbləğində gəlir vergisi hesablamışdır. Cavabdehin iddia ərizəsinə etirazının və onun apellyasiya şikayətinin mahiyyətindən aydın olur ki, bəyannamə üzrə iddiaçı tərəfindən əldə olunan gəlir xərc sənədləri ilə təsdiq olunmadığı halda, onun özünə münastibətdə şərti rentabellik tətbiq edərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cü maddələrinə əsasən həmin səlahiyyət vergi orqanına məxsus olduğu halda, xərc sənədləri olmadan gəlirini hesablayıb, həm də 75 faiz güzəşt hüququndan istifadə etməsi vergi qanunvericiliyin tələblərinə zidd olduğundan kameral yoxlama qaydasında ona 2022-ci il üçün 19,538.20 manat əlavə vergi hesablanması əsasılıdır. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, Vergi Məcəlləsinin 67.14-cü maddəsi onu nəzərdə tutur ki, vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqda, Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanma qaydası tətbiq olunur. Məcəllənin sözügedən 83.9-cu maddəsi isə ümumi bir normadır(5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) və qüvvədən düşənə qədər nəzərdə tuturdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, burada qanunverici tərəfindən sözügedən hesablama qaydasının vergi orqanı və ya vergi ödəyicisi tərəfindən tətbiq edilməli olmasına dair hər hansı bir göstərişi nəzərdə tutulmur. Digər tərəfdən, artıq məhkəmə tərcrübəsi də mövcuddur ki, vergi ödəyiciləri tərəfindən həmin norma tətbiq olunmaqla gəlir vergisinin hesablanması hallarına rast gəlinır və Ali Məhkəmə səviyyəsində vergi ödəyicisinin xeyrinə yekunlaşmış məhkəmə qərarı da vardır. Belə olan halda, iddiaçının qeyd olunan normadan yararlanaraq, 2022-ci il üçün gəlirini hesablayaraq, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq həmin gəlirinə 75 faiz güzət də tətbiq etməklə, müəyyən olunan əldə etdiyi gəlirinə görə dövlət büdcəsinə 4113,71 manat məbləğində vergi hesablayıb ödəməsi qanunsuz hesab oluna bilməz. Ən azından, cavabdeh vergi orqanı tərəfindən iddiaçı qeyd olunan əməliyytlara görə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi hesab edərək kameral yoxlama qaydasında ona mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə 19,538.20 manat məbləğində əlavə vergi məbləği hesablayarkən nəzərə almalı idi ki, Vergi Məcəlləsinin tələblərinə görə: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konkret halda işin hallarından görünür ki, cavabdeh qanunsuz olaraq iddiaçının gəlirini və xərc sənədlərini müəyyən edə bilmədiyi halda, iddiaçının müvafiq xahini rədd etmiş və Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə istinadən şərti rentabelliyin iddiaçı tərəfindən tətbiq edilməsini əsassız hesab edərək, barasində əlverişsiz inzibati aktlar, o cümlədən, mübahisələndirilən qərarla ona əlavə vergi hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsi imperativ qaydada nəzərədə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3373/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3373/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2410/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2410/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver