Məhkəmə qərarları › İş №2-1(103)-2415/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2415/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2415/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan- AZ1007, ünvan 1çi-X3, dövlət qeydiyyatına alındığı tarix-12.05.2006-cı il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********7191 saylı qərarın, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr edilməsi haqqında **********7965 saylı qərarın ləğv edilməsinə, operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsinə, qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3298 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.01.2021-ci il tarixində 2 nəfər şəxs, klinikanın xidməti otaqlarından birinə daxil olaraq, özlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və qəbz təqdim edərək, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğunu bildirmişlər. İddiaçı müəyyən edib ki, vergi orqanının əməkdaşlardan biri, İddiaçı klinikasının xəzinədarını aldadaraq, xəstə olduğunu, müayinəyə gəldiyini bildirmiş, bu xidmətin müqabilində xəzinədara 10 manat pul ödəyərək qəbz almışdır. Göstərdiyi qəbz də sözügedən qəbzdir. Klinikaya gələn bütün şəxslərin qeydiyyatını aparan əməkdaşları xidməti jurnalına baxış keçirib və məlum olmuşdur ki, vergi xidməti əməkdaşları, nəzarətçini də aldadaraq, şəxsiyyət vəsiqələrinin olmadığını yalandan bəyan edərək, jurnalda özlərinə qondarma ad, soyad, ata adı yazdırmışlar. Vergi xidməti əməkdaşları hazırkı yoxlamaları ilə bağlı bir neçə qərarın olduğunu bəyan etmişlər, ancaq müvafiq qərarın surətini onlara təqdim etməmişlər, surətini onlara verə bilməyəcəklərini və barələrində protokol tərtib edəcəklərini bildirmişlər. Bundan sonra, elə 29.01.2021-ci il tarixində, günün axırında onlayn kargüzarlıq vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin bildirişini alıblar. Bildirişdən məlum olmuşdur ki, vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri pozulması faktı aşkar edilərək, barələrində 29.01.2021-ci il tarixli DVX seriyalı 004147 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Vergi orqanı əməkdaşları yoxlama adlandırdıqları hərəkətləri zamanı Vergi Məcəlləsinin müvafiq müddəalarının tələblərini pozmaqla yanaşı, onlara hazırkı yoxlama səlahiyyətini verən qərarın tələblərindən kənara çıxmışlar, yazmış olduqları akt isə oxunmaz və başadüşülməzdir. Oxunması mümkün olmadığından, mahiyyəti onlara bəlli deyil. 15.03.2021-ci il tarixində isə onlayn kargüzarlıq vasitəsilə cavabdehin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********299 saylı Tələbnaməsini, həmçinin, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3298 saylı qərarı”nı alıblar. Həmin qərar hər hansı bir halla, sənədlə, sübutlarla əsaslandırılmamışdır. Vergi xidməti əməkdaşları şərti alıcı qismində xəzinəyə pul ödəmişlər və müvafiq qəbzi almışlar. Beləliklə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.3.-cü maddəsinin (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) tələbləri pozulmamışdır. Qəbul edilən qərarın əsasını təşkil edən, vergi xidməti əməkdaşlarının başadüşülməz, oxunması mümkün olmayan aktlarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulduğunu iddia edirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə görə, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vacibdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinə əsasən, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələrindəndir. Cavabdeh yoxlamanın predmetinin hüquqi əsası hissəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci, 50.2.4-cü maddələrinin 11.07.2000-ci ildən qüvvədə olduğunu özü qeyd etmişdir. Bunlarla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9.-cu maddəsi də, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək 11.07.2000-ci ildən qüvvədə olmuşdur. Həmçinin cavabdehin tərtib etdiyi aktda Klinikanın istifadəsində olan kassa aparatının adı, markası, tipi yazılmaqla yanaşı, nəzarət kassa aparatının 21.11.2006-cı il tarixli **********9 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alındığı yazılmışdır. Yəni həmin kassa aparatı, vergi xidməti əməkdaşlarının onlara tətbiq etdikləri maddələrin qüvvədə olduqları zaman, vergi xidmətinin özü tərəfindən onlara satılmış, onlar tərəfindən də qeydə alınmışdır və bugünə qədər də həmin nəzarət-kassa aparatı İddiaçı Klinikasının adında qeydiyyatdadır, fəaliyyətlərini həmin nəzarət-kassa aparatı vasitəsilə həyata keçirirlər. Bu halda sual meydana çıxır ki, kassa-nəzarət aparatını onlara satan, klinikada qeydiyyata alan vergi orqanı, nə üçün əhəmiyyət verməmişdir ki, həmin kassa-nəzarət aparatı vasitəsilə verilən qəbzlərdə yazılan məlumatlar, qanunun tələblərinə cavab vermirlər. Həmin dövrdə də, yuxarıda qeyd edilən hüquq normaları mövcud idi və hazırda da qüvvədədir. Hazırda qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən çekin verilməsini təmin edən nəzarət-kassa aparatı vergi orqanı tərəfindən onlara verilməyib, təqdim edilməyib və bu barədə hər hansı bir rəsmi məlumat almayıblar. Nəticədə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3298 saylı Qərarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsaslanmış, 1000 manat cərimənin ödənilməsinin təmin edilməsini qərarında göstərmişdir. İstinad etmişdir ki, bu pozuntu, yəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. Bildiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci, 58.7.1-ci maddələrinin tələbinə görə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə, il ərzində belə hallara birinci dəfə yol verildikdə - 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd etdikləri kimi, bu barədə 04.03.2021-ci il tarixində, surəti vergi qurumunun rəhbər orqanına şikayət ərizəsi yazıblar və mahiyyəti əks etdirməyən cavab alıblar. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 19.01.2021-ci il tarixli №**********7191 qərar və qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında 25.01.2021-ci il tarixli №**********7965 qərar və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.03.2021-ci il tarixli № **********3298 qərarının ləğv edilməsi qərara alınmışdır. 19.08.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə məlumatlar məhkəməyə təqdim edilmişdir və bu məlumatda vergi ödəyicisində operativ vergi nəzarəti tədbirinin keçirilməsi əsası kimi “aparılan müşahidələr zamanı obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulması hallarının olması” qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)- 5205/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddia ərizəsinin imzalanması barədə hüquqi yardım göstərilmişdir. İş materiallarında olan: - İddiaçının müraciətinə cavab olaraq aidiyyəti vergi qurumu tərəfindən ona ünvanlanmış məktubda bildirilmişdir ki, müraciətlərində göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.01.2021-ci il tarixli **********7191 nömrəli qərarına əsasən fəaliyyət göstərdiyiniz Bakı şəhəri, Nərimanov rayonu, X26 prospekti, ev 112 ünvanda yerləşən X15 operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müştəri tərəfindən ödənilmiş 10 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilən zaman çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edildiyindən qanunpozuntusu barədə 29.01.2021-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli qərarına əsasən təsdiq edilmiş Nəzarətkassa aparatlarının istismarı qaydalarının 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçilərin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 19.01.2021-ci il tarixli №**********7191 Qərara əsasən, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Ünvanı: AZ1072 Bakı şəhəri Nərimanov rayonu Fətəlixan Xoyski pr. 112) Obyektin Adı: X24 (**********-15001) (Fəaliyyət Növü: xəstəxanaların fəaliyyəti) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə 21.01.2021 il tarixdən 19.02.2021 il tarixədək (19.02.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X1 vergi xidməti müşaviri X7 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211551838 nömrəli çıxarışa əsasən (çap tarixi 19 yanvar 2021-ci il), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.4- cü maddəsi (Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması) - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında 25.01.2021-ci il tarixli №**********7965 Qərara əsasən, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 19.01.2021-ci il tarixli **********7191 saylı qərara aşağıdakı əlavələr (dəyişikliklər) edilmişdir: yoxlamadan çıxarılmışlar: kiçik vergi xidməti müşaviri X5, 2-ci dərəcəli müfəttiş X6, yoxlamaya təyin olunmuşlar: X8, 1-ci dərəcəli müfəttiş X9. - Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 29.01.2021-ci il tarixli Seriya DVX№004147 akta əsasən, İddiaçı Tibb Mərkəzində quraşdırılmış ******* zavod nömrəli EKR-2102F markalı nəzarət-kassa aparatı 21.11.2006-cı il tarixli **********9 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Tibb Mərkəzində əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. 29.01.2021-ci il tarixdə saat 09:18-də operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanda qlukoza analizinə görə ödənilmiş 10,0 manat məbləğ üçün NKA-dan çek vuruldu və müştəriyə təqdim edildi. Operativ vergi nəzarəti zamanı çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edildi. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdqi edilmiş “Nəzarətkassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, nəticədə İddiaçı MMC (VÖEN: **********) barəsində Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.03.2021-ci il tarixli № **********3298 Qərara əsasən, "Yaşam” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı: AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Qulu Quliyev, ev.11/13, m 49, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X22); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Həmin Məcəllənin 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərarın və onun nəticələrinin əks olunduğu qərarın mübahisələndirilməsindən ibarətdir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas qismində Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi (qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda) çıxış etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlili kimi də “yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə məlumatlar məhkəməyə təqdim edildiyini və bu məlumatda vergi ödəyicisində operativ vergi nəzarəti tədbirinin keçirilməsi əsası kimi “aparılan müşahidələr zamanı obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulması hallarının olması” qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş “kifayət qədər əsasların” nədən ibarət olması barədə dəlilləri iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, eləcə də işin birinci instansiya və apellyasiya icraatları zamanı cavabdeh tərəfindən hər hansı sənəd-sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Təqdim edilən 29.01.2021-ci il tarixli Seriya DVX№004147 aktda göstərilmişdir ki, 29.01.2021-ci il tarixdə saat 09:18-də operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanda qlukoza analizinə görə ödənilmiş 10,0 manat məbləğ üçün NKA-dan çek vuruldu və müştəriyə təqdim edildi. Cavabdeh inzibati orqan tərəfindən aktda müştərini eyniləşdirməyə imkan verən hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası VM-nin 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar