Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-242/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4029/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı müvafiq güzəştli iş stajına malik deyil. Məhkəmə tərəfindən iddiaçının peşələri güzəştli pensiya hüququ verən aşağıdakı kodlarla uyğunlaşdırılmışdır:
1. Yüngül sənaye (26): Pambıq parça və pambıq istehsalında (26.2) barabanlarda darayan (əl ilə). Halbuki, iddiaçının pambıq parça və pambıq istehsalında işləmiş olması və funksiyalarını əl ilə həyata keçirmiş olması iş materialları ilə öz təsdiqini tapmamışdır;
2. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10): Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması (10.3) sahəsində təmizləyicilər. Halbuki, iddiaçının qeyd olunan sahədə işləmiş olması iş materialları ilə öz təsdiqini tapmır, hətta həmin dövrə dair təqdim etdiyi güzəştli arayışda belə başqa vəzifə öhdəlikləri göstərilmişdir;
3. Ümumi peşələr (35): rezervuarların, bakların, sistemlərin, gəmi bölmələrinin, tankların neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr. Halbuki, iddiaçının qeyd olunan sahədə işləmiş olması iş materialları ilə öz təsdiqini tapmır, hətta həmin dövrə dair təqdim etdiyi güzəştli arayışda belə başqa vəzifə öhdəlikləri göstərilmişdir. Ən əsası isə, hətta məhkəmə tərəfindən müəyyən edilən müddətlər güzəştli hesab edilsə belə, həmin müddətlərin cəmi 12 il 6 aya çatmır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə əsasən iddiaçı 22.10.1977ci il tarixdən 21.11.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus, notariat qaydada təsdiq və tərcümə edilmiş 17.03.1980-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı 25.08.1976-cı ildə “Ptqavan” sovxozuna fəhlə vəzifəsinə qəbul olunmuş, 29.08.1977-ci ildə azad olunmuşdur. 08.04.1980-ci ildə “Lenin adına Yeni toxuculuq fabriki”nə (hazırda H.Z.Tağıyev adına “xxxx”ASC) lent sexinin 2-ci dərəcəli nəqledici vəzifəsinə qəbul olunmuş, 30.07.1984-cü ildə 5 saylı f/k 3-cü dərəcəli fəhlə keçirilmiş, 01.12.1984-cü ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, 01.02.1986-cı ildə müvəqqəti olaraq lent sexinin rəisi vəzifəsinə keçirilmiş, 15.03.1987-ci ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, 10.06.1988-ci ildə müvəqqəti olaraq lent sexinin ustası vəzifəsinə keçirilmiş, 10.08.1988-ci ildə daimi işə keçirilmiş, 02.01.1992-ci ildə növbə mühəndisi vəzifəsinə təyin edilmiş, 20.12.1996-cı ildə MKİS-in 5 saylı yataqxanasına komendant vəzifəsinə keçirilmiş, 04.07.2003-cü ildə işdən azad olunmuşdur. 08.07.2003-cü ildə Bakı şəhəri MKTB Departamentinin xüsusi təyinatlı MKTB 133 saylı MKİS-ə 5-ci dərəcəli liftçi peşəsinə qəbul olunmuş, 10.01.2004-cü il tarixdə işdən azad olunmuşdur. 17.10.2007-ci il tarixdə “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyidirilmişdir) quraşdırıcı vəzifəsinə qəbul olunmuş, 01.03.2011-ci il tarixdə dənizdə texnik təmizləyici vəzifəsinə keçirilmiş, 03.04.2012-ci il tarixdə işəgötürənin adı dəyişdirilərək, “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur, 29.07.2013-cü il tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən işdən azad olunmuşdur. 30.07.2013-cü il tarixdə “xxxx” MMC-yə “Sənaye təmizləyicisi” vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası H.Z.Tağıyev adına “xxxx” ASC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli 111 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyiricilik istehsalatında 01.12.1984-01.02.1986, 15.03.1987-09.06.1988-ci illərdə darayıcı sexində barabanda darayan, 10.06.1988-21.08.1990-cı illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. “Stork Technical Services” (“xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş HR-LT-2019-005 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı 17.10.2002-ci il tarixdən 28.02.2011-ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləmiş, 01.03.2011-ci il tarixdən 29.07.2013-cü il tarixə kimi “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmziləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur. “xxxx” LLC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli arayışda iddiaçının 30.07.2013-cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu qeyd olunmuşdur. “xxxx” LLC tərəfindən məhkəməyə ünvanlanmış 29.06.2020-ci il tarixli SC-HR- 2020-275 nömrəli arayışda iddiaçının 30.07.2013-cü il tarixdən həmin şirkətdə “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə 27.09.2019-cu il tarixdə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, cavabdeh tərəfindən verilmiş 02.12.2019-cu il tarixli **********0 nömrəli imtina məktubunda göstərilmişdir ki, İdarəyə təqdim edilmiş sənədlərdə 01.03.2011-29.07.2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensantının kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa, güzəştli arayışda istinad olunan 03.07.2013cü il tarixdən bu günədək “xxxx” MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məsğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, 10.06.1988-02.01.1992-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına “xxxx”nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkərsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, sözügedən siyahının 26-cı hissəsinin pambıq parça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciətçinin 15.03.1987-10.06.1988-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına “xxxx”nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd olunmuşdur.
“Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 5 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 60 yaş tamam olan tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməli; 5) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Lakin qeyd olunan şərtlərdən birinci və dördüncü şərtlər iddiaçı tərəfindən yerinə yetirilmir. Belə ki, H.Z.Tağıyev adına “xxxx” ASC-nin 01.08.2019-cu il tarixli 111 nömrəli Güzəştli arayışında “... barabanların əl üsulu ilə yaxud pinevmatik qurğular vasitəsilə daranması” göstərilmiş, bununla da arayışın özündə iddiaçının işlədiyi peşənin yalnız əl üsuluna əsaslandığı istisna edilmişdir. Halbuki, Siyahının 26.2-ci bəndində (“Pambıq parça və pambıq istehsalı - fəhlələr - barabanlarla darayanlar (əl ilə)”) pambıq parça və pambıq istehsalında barabanla darama işi əl ilə yerinə yetirildiyi halda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına əsas təşkil etdiyi təsbit olunmuşdur. Arayışın SC-nin rəhbəri tərəfindən deyil, Kadrlar şöbəsinin rəisi (hətta xətt çəkilərək sonuncunun adından da başqa şəxs) tərəfindən imzalanması isə onun məzmunundan asılı olmayaraq, hüquqi qüvvəyə malik olmadığına dəlalət edir. “Stork Technical Services” şirkətinin güzəştli arayışlarında iddiaçının həmin nümayəndəlikdə işlədiyi 17.10.2002-ci il tarixdən 29.07.2013-cü il tarixədək müddətdən yalnız 2 il 4 ay 29 günü əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına əsas verən iş stajı kimi qəbul edilmişdir. Lakin həmin müddət də iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına əsas verən iş stajı kimi çıxış etmir. Belə ki, 31.07.2019-cu il tarixli HR-LT- 2019-005 nömrəli arayışda, Nümayəndəliyin fəaliyyət dairəsinə “neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri” daxil olduğu, yəni Şirkət neftin qazılması və hasilatında iştirak etmədiyi halda, güzəştli peşə kimi Siyahının 10.3-cü bəndinin (“10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - 10.3. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması”) “təmizləyicilər” peşəsinə istinad olunmuşdur. Adıçəkilən arayışdan sonra - 2021-ci ildə təqdim olunan 25.01.2018-ci tarixli HR-LT-2019-001 nömrəli qeyri-mötəbər arayışda isə Siyahının 35-ci bölməsinin “rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr” peşəsinə istinad edilmişdir. Həmçinin, “xxxx” MMC-nin 01.08.2019-cu il tarixli SC-HR-2019-356 nömrəli arayışında 01.07.2017-ci il tarixə iddiaçının 4 ilə yaxın xüsusi staja malik olduğu göstərilmişdir ki, bu staj da 12 il 6 ay şərtinə əməl olunmasına kifayət etmir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışının təqdim edilməməsi cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən arayış təqdim olunmadan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi qanuna zidd sayılardı. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın cavabdeh tərfindən qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur. Başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb olunan müddətdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün qanunla tələb olunan xüsusi staj şərtinə əməl olunmaması ilə digər şərtlərin (ümumi staj və pensiya kapitalı) mövcudluğunun yoxlanılması zərurəti aradan qalxmışdır.
Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalı, şikayət təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4029/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 60 yaşının tamam olduğu 26.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Anar Tanrıverdiyev