Məhkəmə qərarları › İş №2-1(103)-2433/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2433/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2433/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “borcun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3791/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 26 sentyabr tarixli 3-33-1100/2- 009275/2023 saylı gömrük borcunun ödənilməsinə dair bildirişin və bildirişlə nəzərdə tutulmuş borcun ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş 26 sentyabr tarixli 3-33-1100/2- 009275/2023 saylı gömrük borcunun ödənilməsinə dair bildirişlə İddiaçı MMC tərəfindən 2021-ci il ərzində gömrük ödənişlərindən yayındığı iddia edilərək, İddiaçı MMC-nin 72996,20 (yetmiş iki min doqquz yüz doxsan altı manat 20 qəpik) borcu olduğu qeyd edilmişdir. Qeyd edilən məktubda aparılmış audit yoxlanılması nəticəsində İddiaçı MMCnin idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsi səhv göstərilmiş və bu səbəbdən də gömrük ödənişlərindən yayınma halı baş verdiyi iddia edilir. Lakin, bu hallar nə zaman və səbəbə baş verdiyinə dair heç bir məlumat təqdim edilməmişdir. İstənilən gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsi sistem tərəfindən avtomatik olaraq təyin edilir və hər hansısa bir şəxsin bu məzənnəyə müdaxilə etmək imkanı belə yoxdur. Belə olan halda, hesablanmış bütün gömrük xərcləri tərəflərindən ödənilmişdir. İddiaçı MMC olaraq yalnız 2021-ci il deyil cəmiyyətin fəaliyyətinin bütün dövrü ərzində öz fəsliyyətini tam şəffaf və qanunayğun şəkildə aparmışıdır. Tələb edilən bütün rüsum və vergilər hər zaman tərəflərindən tam şəkildə ödənilmişdir. Bakı Baş Gömrük Komitəsinin qeyd edilən bildirişi qanuna zidd və absurd olması ilə yanaşı, İddiaçı MMC-nin işgüzar nüfüzuna xələl gətirə biləcək gömrük ödənişlərindən yayınmaqda ittiham edir. Hesab edirlər ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış borc əsassız və qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Cavabdeh tərəfindən təqdim olunan iddiaya yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, İddiaçı MMC-nin ünvanına 2021-ci və 2022-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində valyuta məzənnəsi səhv göstərilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi müəyyən olunmuşdur. Nəticədə, iddiaçı tərəfindən dövlət büdcəsinə 160.00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrük rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərinin ödənilmədiyi aşkarlanmışdır. Aparılmış yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə, 160 00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrük rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi və ödənişləri təsdiq edən sənədlərin Bakı Baş Gömrük idarəsinə təqdim edilməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-009275/2023 nömrəli bildiriş göndərilmişdir. Gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən qeyd edilən xidmət tərəfindən hesablandığından cavabdehin hesablama ilə bağlı hər hansı bir qərarı yoxdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Hesab edirlər ki, gömrük borcu əsaslı şəkildə hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3791/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələblərinin mümkün sayılaraq tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-009275/2023 saylı Gömrük borcunun ödənilməsinə dair Bildirişlə İddiaçı MMC tərəfindən 2021-ci il ərzində gömrük ödənişlərindən yayındığı iddia edilərək, İddiaçı MMC-nin 72996,20 (yetmiş iki min doqquz yüz doxsan altı manat 20 qəpik) borcu olduğu qeyd edilmişdir. Belə ki, qeyd edilən məktubda aparılmış audit yoxlanılması nəticəsində İddiaçı MMC-nin idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsinin səhv göstərilməsi və bu səbəbdən də gömrük ödənişlərindən yayınma halının baş verdiyi iddia edilmişdir. Lakin bu halların nə zaman və hansı səbəbə baş verdiyinə dair heç bir məlumat təqdim edilməyib. Cavabdeh orqanın məktubunda qeyd etdiklərinə münasibətdə bildirir ki, istənilən gömrük rəsmiləşdirilməsi zamanı valyuta məzənnəsi sistem tərəfindən avtomatik olaraq təyin edilir və hər hansısa bir şəxsin bu məzənnəyə müdaxilə etmək imkanı yoxdur. Belə olan halda, hesablanmış bütün gömrük xərcləri tərəflərindən ödənilmişdir. İddiaçı MMC yalnız 2021-ci il üçün deyil, cəmiyyətin fəaliyyətinin bütün dövrü ərzində öz fəaliyyətini tam şəffaf və qanunauyğun şəkildə aparıb, tələb edilən bütün rüsum və vergiləri hər zaman tam şəkildə ödəmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi qeyd edilən bildirişin qanuna zidd və absurd olması ilə yanaşı, həmçinin İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gətirə biləcək gömrük ödənişlərindən yayınmada ittiham etmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etməli olmuş və Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə hesablanmış borcun əsassız və qanunsuz olması səbəbindən bildirişin və həmin bildirişlə nəzərdə tutulmuş borcun ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə iddianı mümkün saymamışdır. Belə ki, məhkəmə qərardad qəbul edərkən “cavabdehin tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkətinin olmamasını” əsas gətirərək iddianı mümkün saymamışdır. Məhkəmə nəzərə almalı idi ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə cavabdeh gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun ödənişlərinin iddiaçı tərəfindən həyata keçirilmədiyi təqdirdə, İddiaçı MMC-nin bank hesablarının doldurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacağını bildirmişdir. Bu səbəbdən, qeyd edilən bildiriş iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozur və gələcəkdə də hüquq pozuntuları ilə nəticələnə bilər. Həmçinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-23-3/2-93/2024 saylı məktubundan məlum olur ki, X4 Xidməti gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X4 Xidmətində olmadığının nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə qərardad qəbul edərkən sözügedən bildirişin iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu və gələcəkdə də pozulması ilə nəticələnəcəyini nəzərə almamışdır. Buna görə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3791/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ləğv edilməli və iddianın tam həcmdə təmin edilməsi barədə Qərar qəbul olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbində yazılanlarla razı olmadıqlarını, lakin işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd edilməli olduğunu qeyd etdi. Sədrlik edənin sualına cavab olaraq, hazırki tələbdə qeyd edilən borc məbləğinin tələb edilməsi ilə bağlı hələ inzibati aktın qəbul edilməlidiyini, lakin oxşar işlər üzrə artıq borc məbləğinin tələb edilməsinə dair inzibati aktların qəbul edildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33- 1100/2-009275/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin ünvanına 2021-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində valyuta məzənnəsi səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyat; keçirilmişdir. Bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindəı yayınma halı baş vermişdir. Aparılmış audit yoxlamasının nəticələrinin aradan qaldırılması məqsədilə, qeyı edilən gömrük bəyannamələri üzrə 160.00 AZN gömrük yığımları, 22836.93 AZN idxal gömrü rüsumu, 30638.86 AZN əlavə dəyər vergisi və 19360.41 AZN dəbbə pulu olmaqla, ümumilikdə 72996.20 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməs və ödənişləri təsdiq edən sənədlərin Bakı Baş Gömrük İdarəsinə təqdim edilməsi müəssisədən xahiş olunmuşdur. Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarını dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olarac ödəyicinin bank hesablarından tutulur. Qeyd edilən gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun ödənişləri tərəflərindən həyata keçirilmədiyi təqdirdə, İddiaçı MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır. Yuxarıda qeyd edilənlərlə əlaqədar yarana biləcək suallar olduğu təqdirdə, Bakı Baş Gömrük İdarəsinin Xidmətin Təşkili Şöbəsinə müraciət etmək hüquqları izah olunmuşdur. Məktuba əlavə olunmuş Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 681 №li “Gömrük borcunun ödənilməsinə dair Bildiriş”dən müəyyən olunur ki, sonuncuya xx.xx.2023-cü il tarixinə təsnifatı aşağıda göstərilən əlavə dəyər vergisi üzrə - 30638,86 manat, gömrük rüsumları üzrə - 22836,93 manat, dəbbə pulu üzrə 19360,41 manat, gömrük yığımları üzrə 160,00 manat olmaqla ümumillikdə 72996,20 manat borcunun olduğunu bildirilmiş və və borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-23-3/2-93/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı Bakı Baş Gömrük idarəsi tərəfindən 2021-ci il və 2022-ci ilin yanvar - iyul ayları ərzində gömrük bəyannamələrində malların invoys dəyərini müəyyən edən valyutanın düzgün bəyan edilməməsi və saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair bəyannamələrin “Valyuta məzənnəsi” qrafasında qeyd olunmuş məzənnəyə uyğun şərti hesablanmış gömrük ödənişlərinin növbəti gömrük proseduru seçilərkən nəzərə alınmaması səbəbindən düzgün müəyyən edilməmiş gömrük dəyərinə görə dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərinin az hesablanması halları aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Bakı Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi 03 mart 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və Bakı Baş Gömrük İdarəsinin işçiləri tərəfindən hər hansı irad bildirilməmişdir. Yoxlama aktı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük idarəsinə təqdim edilmişdir. Göstərilənləri, habelə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X4 Xidmətində olmadığının nəzərə alınmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi Bakı Baş Gömrük İdarəsinin 26 sentyabr tarixli 3-33-1100/2- 009275/2023 saylı gömrük borcunun ödənilməsinə dair bildirişin və bildirişlə nəzərdə tutulmuş borcun ləğv edilməsi ilə bağlıdır. AR Gömrük Məcəlləsinin 92.2-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər: 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması; 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. Həmin Məcəllənin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Həmin Məcəllənin 242.4-cü maddəsinə əsasən gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Həmin Məcəllənin 242.5-cü maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Həmin Məcəllənin 247.3-cü maddəsinə əsasən dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Həmin Məcəllənin 247.4-cü maddəsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Həmin Məcəllənin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum gömrük bəyannaməsi üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Lakin cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, gömrük borcunun ödənilməsi barədə iddiaçıya bildiriş təqdim edilmiş, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulması kimi). Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Odur ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 396/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq hesablamaya dair bildiriş inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3791/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3791/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar