Məhkəmə qərarları › İş №2-1(103)-2447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2447/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2447/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müvafiq sənədlərin təqdim edilməsi” barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı olan sənədlərin - 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə 29 yanvar 2004-cü il tarixində xitam verilməsi və həmin müqavilə ilə bağlı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin, həmin tarixə kimi iş üzrə olan bütün sənədlərin; ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamının və Bakı şəhəri, ünvan 4 ünvanında olan 995,7 kv.m. (Çevik İKF-nin icarəsində olmuş sahə də daxil olmaqla) qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanan 2711 nömrəli, 14 mart 2005-ci il tarixli icarə müqaviləsinin və 20 may 2005-ci il tarixli özəlləşdirmə ilə bağlı bütün sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X6 ilə nikaha daxil olmuşdur. Nikahda olduqları dövrdə Abbasov Bala tərəfindən “Çevik” İKF təsis edilmişdir. Daha sonra 2005-ci ildə Abbasov Bala vəfat etdiyindən “Çevik” İKF-də olan təsis payı da 1-ci dərəcəli vərəsə olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Hazırki ərizəyə əlavə olunan sənədlərdən göründüyü kimi, ünvan 5 ünvanında yerləşən 560 kv.m. qeyri-yaşayış sahəsi 01 may 1995-ci il tarixli icarə müqaviləsinə əsasən “Çevik” İKF-yə verilmişdir. Həmin məsələ ilə bağlı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən xx.xx.2022-ci il tarixli 337/22 saylı vəkil sorğusu ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunduqda, həmin orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********22 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müqavilə ilə bağlı keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Çevik” firmasına qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbi barədə iddia qaldırılmış və 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Lakin qətnamə təqdim edilməmişdir. Qeyd edir ki, həmin məktub ilə bildirilir ki, “müqavilə müddətinin başa çatmasını nəzərə alaraq müqaviləyə xx.xx.2004-cü il tarixdən xitam verilmişdir. Beləliklə, 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqavilə üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 95329 manat 16 qəpik icarə haqqı borcu vardır.” Buna görə də, qeyd olunan məsələ ilə bağlı hal-hazırda 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə xitam verilmə və qətnamə qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin tərəfindən əldə olunması zərurəti yaranmışdır. Bununla bağlı Vəkil1 tərəfindən 19 may 2023-cü ildə 176/23 saylı vəkil sorğusu ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Həmin sorğuya 07 iyun 2023-cü il tarixli, 3-21-3/2-7783/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan sənədlərin surətinin məhkəmənin sorğusu əsasında aidiyyəti üzrə təqdim ediləcəkdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 17 may 2023-ci il tarixli, **********68 sayılı məktubunda isə mübahisə predmeti olan torpaq sahəsinin 20 may 2005-ci il tarixində başqa şəxs tərəfindən özəlləşdirildiyi qeyd edilmişdir. Buna görə də, həmin şəxslə bağlanan bütün müqavilələrin, sənədlərin surətinin tərəfindən əldə edilməsi zərurəti vardır. Çünki vərəsə olaraq maraqlarına toxunur. Bundan əlavə, tərəfindən daha öncəki vəkil sorğuları ilə (xx.xx.2022-ci il tarixli, 278/22 nömrəli; xx.xx.2022-ci il tarixli, 337/22 nömrəli; xx.xx.2023-cü il tarixli, 88/23 və 89/23 nömrəli) ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyriyaşayış sahəsi ilə bağlı 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamın surətinin göndərilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, həmin sənədin də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə sorğusu əsasında təqdim ediləcəyi bildirilmişdir. Həmçinin 25 iyul 2023-cü ildə tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyriyaşayış sahəsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün məktubla müraciət olunmuşdur. Həmin müraciətə 22 avqust 2023-cü il tarixli, 3-21-3/2-A-0932- 8/2023 nömrəli cavab məktubu ilə tələb olunan sənədlərin verilməsində imtina olunmuşdur və sənədlərin yalnız məhkəmənin sorğusu əsasında aidiyyəti üzrə təqdim ediləcəyi bildirilmişdir. Halbuki heç bir qanun normasında tələb etdiyi sənədlərin yalnız məhkəmə sorğusu əsasında verilməsi ilə bağlı tələb yoxdur. Təəssüf ki, Əmlak Məsələləri Dövlət Xidmətində belə bir yalnış təcrübə formalaşdırılmışdır. Aşağıda qeyd olunan hüquq normalarına əsasən, hesab edir ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı zəruri sənədləri almaq üçün tam hüququ vardır. Buna görə də, hazırda həmin sənədlərin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunması zərurəti yaranmışdır. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı “Çevik” firması ilə bağlanmış yuxarıda qeyd olunan icarə müqaviləsindən irəli gələn sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etsə də, "Çevik” firmasının adından və ya mərhum əri Bala Abbasovun hüquq varisi olaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 15.6-cı maddəsinə əsasən yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi “Çevik” firması ilə bağlanmışdır. Hazırda iddiaçı mərhum əri Bala Abbasovun “Çevik" firmasının təsisçilərindən olduğunu qeyd etsə də, onun tərəfindən mərhum əri Bala Abbasovun hüquq varisi olaraq mirasın qəbul olunmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, Komitə ilə “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı ilə hər hansı bağlılığı olmadığından, onun həmin sənədlərin təqdim olunmasına dair tələbi əsassızdır. Bundan əlavə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin yalnız üzərində hüquqlara malik olduğu əmlak barəsində məlumatın alınması üçün müraciət etmək hüququ nəzərdə tutulduğu halda, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyriyaşayış sahəsinə dair cavabdeh qurum tərəfindən üçüncü şəxslərlə bağlanmış icarə və özəlləşdirməyə dair sənədlərin təqdim olunması xahiş olunmuşdur ki, qanunvericiliyə əsasən qeyd olunan sənədlər yalnız onların bilavasitə aid olduğu şəxslərə təqdim oluna bilər. Əlavə olaraq bildirilir ki, iddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməklə ləğv edilməsi” barədə iddiası, onun tərəfindən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən, Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Belə ki, bundan əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə 06 avqust 2008-ci il tarixli məktubla cavab verilərək, qeyd olunan qeyriyaşayış sahəsinin Komitə tərəfindən özəlləşdirildiyi qeyd olunmuşdur (qeyd olunan hər iki sənəd hazırki məsələ ilə bağlı Xidmətə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 337/22 saylı vəkil sorğusuna əlavə olunmuşdur). Beləliklə iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyriyaşayış sahəsi ilə hər hansı bağlılığı olmadığından, onu hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı (hakim M.Qarayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və İddiaçı tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2566/2024 saylı qərardadı bununla əsaslandırılmışdır ki, “iddiaçı hazırda cavabdehin bu cavabınımübahisələndirərək onun sorğusuna cavab verilməsini xahiş edir”, “bundan əlavə iddiaçının sorğusundan görünür ki, o qeyri-müəyyən adda və sayda sənədin ona təqdim edilməsini xahiş edir. Halbuki informasiya sorğusunda sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri göstərilməlidir.”. Lakin, iddia ərizəsinin “xahiş” hissəsində tələb olunan sənədlərin siyahısına diqqət yetirsək orada kifayət qədər aydın şəkildə hansı sənədlərin təqdim olunmasının tələb olunduğu görünür! Belə ki, cavabdeh tərəfindən İddiaçı vəkilinə verilən məlumata əsasən, 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə 29 yanvar 2004-cü il tarixində xitam verilmişdir və həmin müqaviləylə bağlı 1 saylıYerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi qəbul olunmuşdur. Belə olan halda iddiaçının qeyd olunan müqavilə üzrə ödənilən icarə haqqı ilə bağlı sənədləri, həmçinin başqa şəxslə bağlanılan müqavilə ilə bağlı olan müvafiq sənədləri tələb etmək hüququ yaranır. Yəni məhkəmə buna əsaslanaraq iddianı qeyrimümkün hesab edə bilməz idi. Bakı İnzibati Məhkəməsi qərardadında qeyd etmişdir ki, “İddiaçı“bütün sənədlər” ifadəsindən istifadə etməklə, informasiya sahibini həmin informasiyanın növünü (açıq və alınmasıməhdudlaşdırılan informasiya olub olmaması, xidməti istifadə üçün nəzərdə tutulub tutulmaması) müəyyən etmək və tələb olunan informasiyanı qiymətləndirmək imkanından da məhrum edir”. Halbuki, iddia ərizəsində İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamı və Bakı şəhəri, ünvan 7 ünvanında olan 995,7 kv.m (Çevik İKF-nin icarəsində olmuş sahə də daxil olmaqla) qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanan 2711 nömrəli, 14 mart 2005-ci il tarixli icarə müqaviləsinin da tələb olunması xahiş olunmuşdur. Yəni, iddia ilə sadəcə icarə haqqı və ya başqa şəxslə bağlanan müqavilə ilə bağlı bütün sənədlər yox, konkret tarixi və nömrəsi göstərilən sənədlərin də tələb olunması xahiş olunmuşdur. Bundan əlavə, “bütün sənədlər” dedikdə məntiqi cəhətdən aydın olur ki, iddiaçı orada cavabdehin işlə bağlı qovluğunda olan qəbzlər, müraciətlər, aktlar və s. kimi sənədləri tələb edir. Belə ki, əgər cavabdeh informasiya sahibi kimi icarə haqqı, icarə müqavilələri, işlə bağlı qəbul olunan qətnamələr barədə məlumat verə bilirsə, hesab edirik ki, həmin sənədlərlə bağlı idarənin arxivində olan digər sənədləri də asanlıqla təqdim edə bilər və bunun üçün hər hansı bir məhkəmə qərarının qəbul olunmasına ehtiyac yoxdur. İddiada da qeyd eolunduğu kimi bu hissədə Əmlak Məsələləri Dövlət Xidmətində belə bir yalnış təcrübə formalaşdırılmışdır. Beləliklə, hesab edirik ki, iddiada tələb olunan sənədlər arasında “bütün sənədlər”in qeyd olunması heç bir qeyrimüəyyənlik yaratmır və iddianımümkünsüz sayılması tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmamasını bununla əsaslandırmışdır ki, “hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir”, “iddiaçımərhum əri Bala Abbasovun “Çevik" firmasının təsisçisi olduğunu qeyd etsə də, iddiaçının “Çevik" firması ilə bağlılığını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir”. Halbuki, tərəfimizdən iş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli, 2V-165 nömrəli vərəsəlik şəhadətnaməsindən göründüyü kimi İddiaçıAbbasov Balanın vərəsəsi kimi qəbul olunmuşdur. Yəni, İddiaçı“Çevik” firmasının təsisçisi olan Abbasov Balanın vərəsəsi olduğuna görə həmin firma ilə bağlı sənədləri tələb etməyə onun hüququ vardır. Bundan əlavə, məhkəmə qərardadında ümumiyyətlə vərəsəlik şəhadətnaməsinə münasibət bildirməmişdir və iş üzrə təqdim olunan sübutları ətrafı araşdırmadan qərardad qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyriyaşayış sahəsi ilə bağlı olan sənədlərin:

1. 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə 29 yanvar 2004-cü il tarixində xitam verilməsi və həmin müqavilə ilə bağlı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli 838/1-248 nömrəli qətnaməsi qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin, həmin tarixə kimi iş üzrə olan bütün sənədlərin;

2. 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamının;

3. həmin ünvanda olan 995,7 kv.m. (Çevik İKF-nin icarəsində olmuş sahə də daxil olmaqla) qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanan 2711 nömrəli, 14 mart 2005ci il tarixli icarə müqaviləsinin və 20 may 2005-ci il tarixli özəlləşdirmə ilə bağlı bütün sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı ilə hər hansı bağlılığının olmaması əsası ilə imtina edilmişdir. İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: maddə 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; maddə 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; maddə 3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət; maddə 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra sənəd) hesab olunur. maddə 15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir: 15.1.1. sorğuçunun adı və soyadı; 15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı; 15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi); 15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 15.1.5. informasiyanın təqdim edilmə forması. Məhkəmə kollegiyası qeyd edir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Yəni informasiya sahibi müəyyən bir fəaliyyət həyata keçirir və bunun nəticəsində müəyyən bir informasiya hasil edir. Həmçinin qeyd olunmalıdır ki, informasiya əldə etmək hüququ mütləq hüquq olmamaqla, müəyyən məhdudiyyətləri ehtiva edir və bu hüququn həyata keçirilməsi hər bir halda qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla informasiya sahibinin üzərinə həddən artıq yük qoymamalıdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. Maddə 23. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi 23.1. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir İşdən görünür ki, iddiaçı hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır, belə ki, iddiaçı mərhum əri Bala Abbasovun “Çevik" firmasının təsisçisi olduğunu qeyd etsə də, iddiaçının “Çevik" firması ilə bağlılığını təsdiq edən sənəd məhkəmə araşdırmaları zamanı təqdim edilməmişdir. Məhkəmə sorğusu ilə Dövlət Vergi Xidmətindən alınmış məlumata görə isə “Çevik" firmasının təsisçisinin X3 olduğu bildirilmişdir. İddiaçı apellyasiya şikayətində X4 qanuni vərəsəsi olduğunu qeyd edir ki, məhkəmə kollegiyası da bu halın mübahisəli məqam olmadığını, sadəcə məhz iddiaçının mərhum ərinin “Çevik" firmasının təsisçisi olmasına dair sübutların mövcud olmadığını diqqətə çatdırır. Göründüyü kimi, cavabdehlə “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı və ya onun mərhum əri ilə hər hansı bağlılığı olmadığından, onun həmin sənədlərin təqdim olunmasına dair tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar