Məhkəmə qərarları › İş №2-1(103)-2460/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2460/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2460/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, 2019-cu ilin iyun ayından dayandırılmış pensiyanın bərpası və düzgün hesablanmayan pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı barəsində artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə, həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O- 235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi” kimi dəqiqləşdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliyi ilə əlaqədar olaraq 2017-ci ilin yanvar ayından İ qrup əlillik pensiyası təyin olunmuşdur. Nazirlik tərəfindən 2019-cu ilin iyun ayında heç bir əsas olmadan qanunsuz olaraq pensiyası dayandırılmışdır və bu günə qədər həmin dayandırılmış pensiya bərpa olunmamışdır. Cavabdehə göndərdiyi çoxsaylı müraciətlərinin heç bir nəticəsi olmamışdır. Belə ki, axırıncı dəfə 17 yanvar 2024-cü il tarixində müraciət etmişdir və bu günə qədər pensiyası bərpa olunmamış və heç bir rəsmi cavab verilməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3838/2021 saylı qərarı ilə İ dərəcə əlilliyi yenidən təyin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 2-(102)- 846/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ona İ qrup əlil kimi cavabdeh tərəfindən 429,79 manat məbləğində pensiya hesablanmışdır və bu faktı təsdiq edən xx.xx.2022-ci il tarixli, **********0 saylı cavabdehin arayışında da öz təsdiqini tapmışdır. Lakin, məhkəmə qərarlarından sonra cavabdehin tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-0- 48180/202 saylı arayışında isə guya 303,75 manat məbləğində əmək pensiyası təyin olunması göstərilmişdir. Beləliklə, cavabdeh qanunsuz olaraq pensiyasının 126 manatını kəsmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, o, bu qanunsuzluğu davam etdirir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavadehə göndərdiyi rəsmi məktuba xx.xx.2024-cü il tarixdə cavabdeh məntiqə sıxmayan cavab yazmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunmuşdur.

5. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmış, ona xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində artıq pensiya məbləğinin ödənildiyi bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə xx.xx.2017-ci il tarixdə ilkin əllillik təyin edilmiş, lakin xx.xx.2019-cu il tarixdə həmin əlillik etibarsız hesab edildiyindən ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12138,60 manat məbləğində artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Bundan əlavə, İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən bərpa edilmiş və 2022-ci ilin may və iyun aylarında aylıq 248,16 manat həddində təyin edilmiş pensiya məbləğini almalı olduğu halda, aylıq 472,71 manat almışdır. Beləliklə də, 2x472,71 – 2x248,16 = 449,10 manat məbləğində vəsaitin yenidən artıq ödənildiyi müəyyən edilmişdir. Bu baxımdan İddiaçı ümumilikdə artıq ödənilmiş vəsait 12587,70 manat (449,10 + 12138,60 = 12587,70) təşkil etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3838/2021 nömrəli qərarına (qərarda İddiaçı 1-ci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən olmasının nəzərə alınması qeyd olunmuşdur) və vətəndaşın pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına və Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyası təyin olununmuşdur. İddiaçı əlilliyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir. Dövlət Xəzinədarığından əldə edilmiş çıxarışa əsasən 945,42 manat məbləğində vəsait vətəndaş tərəfindən xx.xx.2022-ci il tarixində nağd qaydada bərpa edilmişdir. Beləliklə, həmin tarixdən iddiaçının xx.xx.2024-cü il tarixinə Fonda qalıq borcu 2665,12 manat təşkil etmişdir. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 il 11 ay 6 gün sığorta stajı və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6858,51 manat pensiya kapitalı əsasında ona 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra –Qanun) 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 222,80 manata çatdırılmışdır. Bildirilib ki, İddiaçı əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanmışdır. Həmin maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edirik ki, iddiaçıya 2024-cü il tarixdən hər ay 337.77 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilir. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

9. İş materiallarıdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək xx.xx.2019-cu ildən ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir.

10. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək 12138,60 manat məbləğində və əlilliyə görə əmək pensiyasının bərpasından sonra 2022-ci ilin may və iyun aylarında 472,71 manat artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Cavabeh artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirmiş və İddiaçı əlilliyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3838/2021 saylı qərarı ilə İ dərəcə əlilliyi yenidən təyin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 2-(102)- 846/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ona İ qrup əlil kimi cavabdeh tərəfindən 429,79 manat məbləğində pensiya hesablanmışdır.

12. Yuxarıda qeyd olunan fakt cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 saylı arayışında da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan adıçəkilən arayışda qeyd olunmuşdur ki, “Verilir İddiaçı (FİN-xxxxxxx) ondan ötrü ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsindən xx.xx.2019 - cu il tarixinə qədər İ qrup əlilliyə görə əmək pensiyası alıb. Pensiya işinin nömrəsi – 935338; Pensiyanın məbləği - 429,74(dörd yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat.”

13. Məhkəmə qərarlarından sonra cavabdehin tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-0- 48180/202 saylı arayışında isə guya 303,75 manat məbləğində əmək pensiyası təyin olunması göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. İİİ.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

16. AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir.

25. İş materiallarından müəyyən olunur ki, inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “Qeyd” adlanan qrafasında ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsi cavabdeh tərəfindən həyata keçirilmişdir.

26. İşin mövcud hallarından məlum olur ki, iddiaçının tələbinin əsasını da məhz cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və pensiya məbləğinin 429,74 manat olmaqla bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir.

27. Hazırki iş üzrə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir.

28. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqanın sözügedən qərarı qanunsuz əlverişsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

29. Belə ki, sözügedən inzibati aktın mübahisələndirilən hissəsi iddiaçı üçün əlverişsiz vəziyyət yaradır ki, adının tutulma yox əvəzləşdirilmə adlandırılmasından asılı olmayaraq bu özü də heç bir icraat aparılmadan həyata keçiriləcək prosedur hesab edilə bilməz.

30. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyinin aydın ifadə olunmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir.

31. Kollegiya yuxarıda qeyd olunan faktla bağlı bildirir ki, iddiaçının razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

32. İş materiallarına əlavə edilən və iddiaçıya məxsus pensiya işində olan sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əvəzləşdirilməsinə iddiaçının razılığı ifadə olunmamış, bununla bağlı ayrıca inzibati icraat açılmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.

33. Beləliklə, hazırkı iş üzrə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar