Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2488/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2488/2023 (Açar sözlər:“şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması”) Bakı şəhəri 14 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur.
2. İddiaçı (VÖEN: **********) aid şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixə faiz borcu 222203,56 manat, cəmi 274962,40 manat borc hesablanmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 169.187,15 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixə olan dövlət büdcəsinə 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 405000 (dörd yüz beş min) manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borc və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli 2-1(103)-2147/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2048/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)-2147/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(112)-4673/2021 saylı qərardadının ləğv olunması, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Q2201332 №-li, xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən külli miqdar təşkil edən 444782,02 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdə ödəməkdən yayındığına görə İddiaçı barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən fiziki şəxs İddiaçı sifarişi əsasında verilmiş, xx.xx.2022-ci il tarixli, 107 saylı mütəxəssis rəyində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli 78 mənzilli yaşayış binasının layihə sənədlərinə əsasən ümumi sahəsi- 8531,58 kv. m. təşkil etdiyi qeyd olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/85xx-xx/7763 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki; - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girşli yaşayış binasının ümumi sahəsinin 8487,5 kv. metr, o cümlədən zirzəmi mərtəbəsinin sahəsi 436,8 kv. metr (faydalı sahəsi 256 kv. metr), qeyriyaşayış sahəsinin 795,0 kv. metr, yaşayış sahəsinin 6102, 2 kv. metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 1153,5 kv. metr olduğu müəyyən edilmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018 məhəllə, Alı Mustafayev küçəsi 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli, 78 mənzilli yaşayış binası üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518312, 25 manat olması müəyyən edildi. - Hazırki, tədqiqatla iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumillikdə 815758,00 manat məbləğində ödənişlərin aparıldığı, eyni zamanda aparılan tədqiqatla 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edildi. Həmçinin, bütün yuxarıda qeyd olunanlara əsasən, vergi ödəyicisinə hesablanmış faizlərin düzgünlüyünün müəyyən olunmaması ilə yanaşı faiz borcunun olması müəyyən olunmadı.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə vergi borcu qismində 222203,56 manat faiz borcunun silinməsi öhdəliyinin icrasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona münasibətdə vergi borcu qismində hesablanmış 222203,56 manat faiz borcunun ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri LGBİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcu qismində əsassız olaraq yazılmış 222203,56 manat faiz borcunun silinməsi ilə bağlı müraciət etmiş, lakin onun bu müraciətinə cavab verilməmişdir.Hesab edir ki, hazırki, halda onun üzərinə yazılmış faiz borcu məhkəmə qaydasında silinməlidir. Belə ki, Covid 19 pandemiyası ilə əlaqədar təhlükəli virusun yayılmasının qarşısı alınması üçün Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə məlum pandemiya səbəbindən vaxtında vergi borcunun ödənilməsini həyata keçirə bilmədiyindən onun barəsində materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırlmış və 17 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin başlanması rədd edildikdən sonra vergi orqanı ilə onun arasında vergi öhdəliyinin olub-olmamağını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə “ASAN imza” alaraq şəxsi kabnetinə daxil olaraq üzərində 222203,56 manat faiz borcunun qoyulmasını müəyyən etmişdir. Əsas vergi borcu vergi tutma obyektinə münasibətdə vergi hesablanma qaydaları pozulmaqla özlüyündə çox hesablansa da onun tərəfindən mübahisələndirilmədən ödənilmiş, lakin buna baxmayaraq bundan başqa ona faiz borcu da hesablanmış, bu faiz borcu dayanmadan həddən artıq artırılmaqla üzərinə əlavə olaraq əsassız öhdəlik də qoyulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1205/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd edilir ki, vergi borcunun ödənilməsi dair xx.xx.2020-ci il tarixli **********5 saylı bildirişdə qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367849,08 manat, o cümlədən vergilər üzrə 280830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018, 62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri hissəsində qeyd edilir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 21 aprel 2021-ci il tarixdə cavabdehə dövlət büdcəsinə borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, xx.xx.2021-ci il tarixinə ümumilikdə 495869,46 manat, o cümlədən vergilər üzrə 326757, 80 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 169111, 66 manat məbləğində borcların 5 gün müddətində ödənuilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hazırki, halda onun üzərinə faiz öhdəliyinin qoyulması onu son dərəcə çətin və əlverişsiz maliyyə vəziyyətinə salmaqla həyata keçirilən qanusuzluqdur, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd edilən dövlətin ali məqsədinə, Azərbaycan Respublikası Vergi və Mülki Məcəlləsinin tələblərinə də ziddir.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********381000 №li yazılı etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.5-ci və 23.1.6-cı maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 274962,40 manat (o cümlədən, faizlər üzrə 222203,56 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 52758,84 manat) borcu mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübu üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan sadələşdirilmiş vergi bəyannaməsi üzrə əsas vergilər üzrə hesablanmış vergilərə tətbiq edilən faizlərdən ibarətdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girşli yaşayış binasının ümumi sahəsi 8487,5 kv. metr təşkil etdiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518312,25 manat olması müəyyən edilmiş, vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə vergi ödəyicisi tərəfindən ümumillikdə 815758,00 manat məbləğində ödənişlər aparılmış, 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisinə əsassız olaraq faiz borcunun hesablandığı müəyyən olunmuşdur.
17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci, 53.1ci, 53.2-ci, 53.3-cü, 13.2.18-ci, 16.1.1, 72.1-ci, 72.2-ci, 218.1.3-cü maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə qeyd edirik ki, iddia məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan şəxslər üzrə sadələşdirilmiş vergiyə tətbiq edilən faizlərdən ibarətdir. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.Digər tərəfdən məhkəmənin yeganə qiymətləndirdiyi sübut ekspert rəyi olmasına baxmayaraq, cavabdehə həmin rəyə qarşı öz mülahizəsini bildirmək üçün kifayət qədər vaxt verilməmiş, bununla da proses iştirakçısının öz mülahizəsini bildirmək imkanına malik olmadığı bir sübutla qərarını əsaslandırmış və qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozmuşdur.Ekspert rəyində qeyd edilənlərlə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"), eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarının müddəaları sadəcə sadalanmış və ekspert tərəfindən yanlış olaraq bu müddəalara istinad edilmişdir. Qeyd edilənlərlə bağlı bildirirlər ki, müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil.Belə ki, həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir.Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir.Qeyd edilənlərə əsasən bildirirlər ki, tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir. Bunlarla yanaşı qeyd edirlər ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1322/2022 nömrəli qərarında qeyd edilir ki, “Göstərilən rəylərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 21 sentyabr 2018ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinin tədqiqi hissəsində göstərilənlərə əsasən rəyin tərtibi zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2014-сü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin hesablanması qaydaları”na istinad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 saylı ekspert rəyində isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş '‘Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalar’nın 3.1 -ci bəndinə istinad edilmişdir.Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları və digər sübutlar ilə bağlı surətdə qiymətləndirilməlidir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Hazırki qərarın 28-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, о cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Apellyasiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıda qeyd edilən mütəxəssis və ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir. Apellyasiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi huquq normasını düzgün tətbiq etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ huquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uygun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.” Digər tərəfdən qeyd edirik ki, vergi ödəyicisi barədə toplanmış materiallar aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış fərdi sahibkar İddiaçı vergilərin hesablanması, vergi orqanına hesabatların təqdim edilməsi və ödənilməsi onun göstərişinə əsasən həyata keçirildiyini göstərərək, hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdən sonrakı dövrdə tam şəkildə dövlət büdcəsinə ödədiyini bildirmişdir. Qeyd edilən hallar bir daha onu sübut edir ki, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin düzgünlüyünü iddiaçı qəbul etmiş və hesablanmış vergi məbləğini qanunla müəyyən edilmiş müddətdən sonrakı dövrdə ödəməklə vergi orqanı tərəfindən hesablanmış vergi məğləğini vaxtında dövlət büdcəsinə ödəmədiyini etiraf etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının vəkili ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.İclasın təxirə salınmasını zəruri edən sübutlar təqdim edilmədiyini və işin uzun müddət məhkəmənin icraatında olduğunu nəzərə alaraq məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir.Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
24. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
25.“İnzibati icraat haqqında” Qanununun: - 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
31. İşin hallarından göründüyü kimi, iddia məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan şəxslər üzrə sadələşdirilmiş vergiyə tətbiq edilən faizlərdən ibarətdir.
32. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
33. Digər tərəfdən birinci instansiya məhkəməsinin yeganə qiymətləndirdiyi sübut ekspert rəyidir.Ekspert rəyində qeyd edilənlərlə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"), eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarının müddəaları sadəcə sadalanmış və ekspert tərəfindən bu müddəalara istinad edilmişdir.
34. Diqqətə alınmalıdır ki, müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil.
35. Belə ki, mübahisənin yarandığı vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir.Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
36. Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir.Tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir.
37. Ekspert rəyində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1ci maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş '‘Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalar’nın 3.1 -ci bəndinə istinad edilmişdir.
38. Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları və digər sübutlar ilə bağlı surətdə qiymətləndirilməlidir.
39. Belə kİ, İPM-in 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
40. MPM-in tələblərinə əsasən:
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu.
42. Hazırkı qərarda tətbiq edilən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, о cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
43. (Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1322/2022 nömrəli qərarında qeyd edilmişdir.)
44. Birinci instansiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıda qeyd edilən mütəxəssis və ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir.
45. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi huquq normasını düzgün tətbiq etməmişdir.
46. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ huquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uygun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.
47. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.
48. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
49. Digər tərəfdən vergi ödəyicisi barədə toplanmış materiallar aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir.
50. Araşdırma zamanı izahatı alınmış fərdi sahibkar İddiaçı vergilərin hesablanması, vergi orqanına hesabatların təqdim edilməsi və ödənilməsi onun göstərişinə əsasən həyata keçirildiyini göstərərək, hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdən sonrakı dövrdə tam şəkildə dövlət büdcəsinə ödədiyini bildirmişdir. Qeyd edilən hallar bir daha onu sübut edir ki, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin düzgünlüyünü iddiaçı qəbul etmişdir.
51. Azərbaycan Respublikası İPM-nin 14.2.-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 52.Məhkəmə Kollegiyası işin yuxarıda araşdırılan hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, inzibati orqan iddiaçının tələbini təkzib edəcək faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. 53.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.