Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2508/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı “Ziyil Arxı” firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qeyri-yaşayış binasına tikinti kodunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1844/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Ziyil Arxı” firması cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşən qeyri-yaşayış binasına tikinti kodunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bütün sənədləri cavabdehə təqdim etmişdir. Qeyri-yaşayış binası Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşir və hal-hazırda öz yerindədir. Həmin binaya tikinti kodunun verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Nizami Rayon icra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 04 nömrəli sərəncamı ilə "Ziyil Arxı” firması tərəfindən Bakı şəhəri. Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi başa çatdırılmışdır. Sözügedən avtomobillərə texniki xidmət məntəqəsinə tikinti kodu verilməsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, lakin qanunla müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən Komitə tərəfindən kodun verilməsinə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1844/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı (hakim: S.Salahova) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinə münasibətdə gəldiyi nəticə səhvdir, iddia tələbinin təmin edilməməsi isə tam qanunsuz və əsassızdır. Qərar qəbul edilərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3, 68.1, 68.2-ci maddələrinə istinad edilmişdir. Bildirir ki, təqdim etdikləri sənədlərdə faktiki vəziyyətlə uyğunsuzluq təşkil edən hər hansı bir sənəd yoxdur, bu səbəbdən də tikinti obyektinə dair sənəd və məlumatların Reyestrə daxil edilməsi qanunvericiliyə zidd ola bilməz, əksinə həmin sənəd və məlumatların Reyestrə daxil edilməməsi qanunvericilik aktların qəbul edilmə məqsədinə uyğun deyildir. Məhkəmə tərəfindən onların məhkəməyə təqdim etdiyi və məhkəmənin də öz qərarında göstərdiyi sənədlərə düzgün qiymət verilməmiş və həmin sənədlərin mahiyyəti və məzmunu tam araşdırılmamışdır. Belə ki, məhkəmə qərarında göstərir ki, Tikintilərin Dövlət Reyestri 2012-ci ildə yaranmışdır, lakin hazırki mübahisəli obyekt reyestrin yaranmasından əvvəl, yəni 2005-ci ildə tikilmişdir. Göründüyü kimi obyektin tikintisi Reyestr yaranmamışdan 7 il əvvəl başa çatmışdır. Deməli, həmin qaydalar birbaşa iddiaçıya qarşı tətbiq edilə bilməz. Məhkəmə qərarda “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumtların təqdim edilməsi və reyestrin aparılması qaydaları”nın 4.3-cü bəndinə istinad edərək, həmin Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyektinin Reyestrdə qeydə alınmaması və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilməsi və Tikintiyə icazə verən orqanın ( qurum ) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim etməli olmasını göstərsə də, cavabdeh tərəfindən həmin qaydalara əməl edilməsini yoxlamamışdır. Belə ki, cavabdeh tərəfindən tikintiyə icazə vermiş orqana əsaslandırılmış imtina məktubu göndərilməmişdir və təbii ki, tikintiyə icazə vermiş orqan da bu barədə cavabdehə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəfindən bu məsələ aydınlaşdırılmamış və araşdırılmamışdır. Məhkəmə qərarında göstərir ki, Qaydaların 4.4-cü bəndinə əsasən, reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Qaydalara əsasən, əgər obyekt tikintisinə reyestrin yaranmasından əvvəl başlanılmış, lakin istismarına icazə verilməmiş obyektdirsə, onda həmin tikinti ilə bağlı məlumatlar habelə sifarişçi tərəfindən Reyestrə təqdim edilə, nəticədə tikinti obyektinə kod verilə bilər. Bildirilir ki, iddiaçı Qaydalara əsasən, obyektin tikintisi reyestr yaranmamışdan əvvəl başlanıldığı və qurtardığı üçün sifarişçi olaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh tikinti obyektinə kod verməkdən əsassız olaraq imtina etmişdir. Məhkəməyə təqdim edilmiş və qərarda öz əksini tapmış sənədlərə əsaslanaraq bildirilir ki, cavabdehin tikintiyə kod verilməsi ilə bağlı əsassız imtinasının məhkəmə tərəfindən əsas kimi qəbul edilərək iddia tələbini təmin etməməsi səhvdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən: - 1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. - 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. - 2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. - 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. - 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. - 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdə olan Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin 04 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, “Ziyil Arxı” kiçik müəssisəsinə Babək prospektinin 2270- 77-ci məhəlləsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, Ziyil Arxı” kiçik müəssisəsinə tikinti işlərinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq aparması tapşırılmışdır. Sərəncama məntəqənin eskiz layihəsi əlavə edilmiş, layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2003-cü il tarixli, 18/03-8/4391 saylı məktubu ilə razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, Ö/002704 nömrəli X4 görünür ki, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə (Babək prospekti 36E) 1 səviyyə zirzəmili, 3 mərtəbəli qeyri-yaşayış binasına dövlət nəzarəti həyata keçirilmiş, akta əsasən binanın ümumi sahəsi 2897,6 kv.metr, tikintialtı sahəsi 808.8 kv.metr təşkil etmiş, binanın tikintisi xx.xx.2004-cü ildə başlamış, xx.xx.2005-ci il tarixdə başa çatmışdır. xx.xx.2022-ci il tarixli, 11258 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 216 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 879.1 kv.m torpaq sahəsini “Ziyil Arxı” firmasının istifadəsinə vermişdir. Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 216 ünvanında yerləşən 0.0879 ha torpaq sahəsinə dair Ziyil Arxı” firmasının icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 24924/14613 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə ( Babək prospekti 36E) avtomobillərə texniki xidmət məntəqəsinin işçi layihəsi qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X6 Qrupunun xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə (Babək prospekti 36E) “Ziyil Arxı” firması tərəfindən inşa edilmiş avtomobillərə texniki xidmət məntəqəsinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ünvan reyestrindən arayışdan görünür ki, “Ziyil Arxı” firmasına məxsus qeyri-yaşayış binasının ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 216 kimi müəyyən edilmişdir. İddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşən bu qeyri-yaşayış binasına tikinti kodunun verilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatlar ilkin mərhələdə, yəni tikintiyə başlayarkən tikintiyə icazə verən orqan, tikinti başa çatdıqdan sonra isə istismara icazə verən orqan tərəfindən Reyestrə təqdim edilir. Qaydalara əsasən əgər obyekt tikintisinə reyestrin yaranmasından əvvəl başlanılmış, lakin istismarına icazə verilməmiş obyektdirsə, onda həmin tikinti ilə bağlı məlumatlar sifarişçi tərəfindən Reyestrə təqdim edilə, nəticədə tikinti obyektinə kod verilə bilər. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, hazırkı mübahisəli obyekt reyestrin yaranmasından əvvəl, yəni 2005-ci ildə tikilmiş və hazırkı tarixədək istismarına icazə verilməmişdir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi də son nəticədə obyektin istismarına icazə verilməsinə nail olmaqdır. Qaydalardan görünür ki, reyestrə daxil edilməli ilkin sənəd və məlumatlar obyektin tikintisinə icazənin surəti və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsidir. İşdən görünür ki, 2003-cü ildə 600 kv.metr torpaq sahəsində yerləşən mübahisəli obyektin layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və Nizami Rayon İcra Hakimiyyəti də məhz həmin ölçüdə obyektin tikintisinə icazə verilməsi məqsədilə iddiaçıya 600 kv.metr torpaq sahəsi ayırmışdır. İşdən məlum olur ki, iddiaçı sonradan həmin ərazidə tikintialtı sahəsi 808.8 kv.metr təşkil edən tikinti obyekti inşa etsə də, əlavə inşa etdiyi sahə ilə bağlı tikintiyə icazəni və razılaşdırılmış layihəni cavabdehə təqdim etməmişdir. Qaydaların 4.3-cü bəndinə əsasən həmin Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən təqdim etdiyi sənədlərdəki məlumatlarla tikinti obyektinin faktiki vəziyyəti arasında fərq (uyğunsuzluq) olduğundan cavabdeh mübahisəli tikinti obyektini Reyestrdə qeydə almamaqda haqlı olmuşdur. Belə ki, Qaydaların yuxarıda istinad edilən müddəalarından da görünür ki, Reyestrin aparılmasında məqsəd tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə düzgün məlumatların toplanması yolu ilə həmin məlumatlara əlçatımlığın təmin edilməsindən, həmin tikililərin istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarının və bələdiyyələrin, hüquqi və fiziki şəxslərin müvafiq məlumatlarla təmin edilməkdən ibarətdir. Faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edən tikinti obyektinə dair sənəd və məlumatların Reyestrə daxil edilməsi qanunvericiliyə zidd olduğu kimi, həmin qanunvericilik aktların qəbul edilmə məqsədinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Ziyil Arxı” firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1844/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2508/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2508/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver