Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2526/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2095/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Zəngilan rayonu Günqışlaq kənd kitabxanasının xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək kitabxananın müdiri vəzifəsində işlədiyi dövrün əmək stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Zəngilan rayonu Günqışlaq kənd kitabxanasında xx.xx.1985-ci il tarixindən xx.xx.1998-ci ilə kimi işləmişdir və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. O, məlum hadisələrlə bağlı Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. O, Bakıya gəlməmişdən əvvəl Zəngilan rayonu Günqışlaq kənd kitabxanasının xx.xx.1985-ci il tarixindən işləmişdir. Bakıya gəldikdən sonra da həmin idarədə işləməyə davam etmişdir. Belə ki, təsərrüfat, müəssisə və təşkikülarda işləyən qaçqın və məcburi кöçkünlərə özlərindən asılı olmayaraq işləyə bilmədikləri müddət üçün işlədikləri müəssisə və təşkilatların nazirlikləri və baş idarələri tərəfindən, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləyən qaçqın və məcburi köçkünlərə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən orta aylıq əmək haqlarının ödənilməsinə müstəsna hal kimi icazə verilmiş və bununla bağlı Nazirlər Kabinetinin Qərarı da vardır. O həmin Zəngilan rayonu Günqışlaq kənd kitabxanasında rayon işğal olunduqdan sonra da xx.xx.2018-cü il tarixinədək işləmiş və xx.xx.2017-ci il tarixə kimi məcburi işsiz kimi orta aylıq əmək haqqı almışdır. Belə ki, xx.xx.2017-ci il tarixli Nazirlər Kabinetinin qərarından sonra məcburi köçkünlərə verilən əmək haqqı dayandırıldı. Əmək haqqının verilməsi dayandırıldıqdan sonra o öz ərizəsi ilə işdən çıxmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona pensiya yaşının tamam olduğu 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 63 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 23 il təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il sığorta stajına uyğun olaraq 11113,92 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək 5938,70 manat olmaqla (11 il sığorta stajına uyğun olaraq), ümumilikdə 17052,62 manat təşkil edir ki, bu məbləğ pensiya yaşına tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixindən (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab edilmir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. X9 filialının xx.xx.2023-cü il tarixli № 06 saylı məktubuna əsasən bildirilir ki, Zəngilan rayonu Günqışlaq kənd kitabxanasının xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun deyildir. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.2011-ci il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1985-ci il tarix edilmişdir. Həmçinin, sözügedən Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bu səbəbdən qeyd edilən dövrlərin sığorta staja daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(112)-13191/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2095/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2095/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü Əliyeva X4 rayonu, Canbar ə/d, Günqışlaq kəndi ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus xx.xx.2011-ci il tarixli 173891 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə 97 nömrəli əmrlə Günqışlaq kənd kitabxanasına müdir vəzifəsinə təyin edilib, xx.xx.2018-ci ildə 3 nömrəli əmrlə işdən azad edilmişdir. - Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışında qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon Günqışlaq kənd kitabxanasının sənədləri arxivə daxil olmadığı üçün sorğunuzu cavablandıra bilmirik. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-203164/2023 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərindən surətindən görünür ki: Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional filialına ünvanladığı 19 may 2023-cü il tarixli, 06 nömrəli məktubunda qeyd etmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. xx.xx.2023-cü il 3-17-1/-106746 №-İi sorğunuza cavab olaraq təsdiq edirik ki, vətəndaş Əliyeva X4 rayon Günqışlaq kənd kitabxanasında müdir vəzifəsində işləyib. Zəngilan rayon Arxiv İdarəsinin arayışında Zəngilan rayon Günqışlaq kənd kitabxanasının müdiri vəzifəsində işləmiş İddiaçı 1994-cü ildən 2006-cı ilə qədər olan əmək haqqı qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, Zəngilan Rayon Mədəniyyət Şöbəsi tərəfindən İddiaçı 2006-2016-cı illərin yanvar-dekabr ayları üçün sosial sığorta ödənişləri edilmişdir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Zəngilan Rayon Nümayəndəliyinin 25 dekabr 2023-cü il tarixli, 21 nömrəli məktubunda bildirilmişdir ki, Zəngilan rayon Günqışlaq kənd kitabxanasında müdir vəzifəsində işləmiş İddiaçı xx.xx.2011-ci il tarixdə 173891 nömrəli dublikat əmək kitabçası yazılıb verilmişdir. Bildiyimiz kimi, Zəngilan rayonu 30 oktyabr 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal olumuşdur. Rayon işğal olunduğu zaman Zəngilan rayon X1 möhürü, əmr kitabları və işçilərin əmək kitabçaları işğal zonasında qalmışdır. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarına əsasən Zəngilan rayon Günqışlaq kənd kitabxana filialı müdiri İddiaçı 1993-cü ilin oktyabr ayından 2017-ci ilin 01 yanvar tarixinədək dondurulmuş orta aylıq əmək haqqı almışdır. Zəngilan rayon Günqışlaq kənd kitabxana filialı müdiri İddiaçı öz ərizəsi ilə xx.xx.2018-ci il tarixdə 30 nömrəli əmrlə işdən azad olunmuşdur. Zəngilan rayon X1 işçilərin əmək kitabçaları işğal zonasına qaldığı üçün yenidən işçilərə dublikat əmək kitabçası yazılıb verilməsi ilə əlaqədar olaraq 1993-cü ildə komissiya yaradılmışdır. Yaradılmış komissiya kitabxana əməkdaşlarının ortaq rəylərinə və qərarına əsasən işçilərin işə qəbul tarixini müəyyənləşdirmiş və buna əsasən dublikat əmək kitabçası yazılıb verilmişdir. Zəngilan rayon Günqışlaq kənd kitabxanasında müdir vəzifəsində işləmiş İddiaçı, yaradılmış komissiyanın rəyi və İddiaçı verilən arayışı əsas tutaraq xx.xx.2011-ci il tarixdə 173891 nömrəli dublikat əmək kitabçası yazılıb verilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin xx.xx.2023-cü il tarixli, 177 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: Rayon Mərkəzi Kitabxanasının möhürü ilə təsdiq edilmiş 97 nömrəli Əmrə əsasən İddiaçı xx.xx.1985-ci il, ixtisaslı kadr oldmadığı üçün müvəqqəti olaraq Günqışlaq kənd kitabxanasına böyük kitabxanaçı təyin edilsin. MKS-nin 129 nömrəli Əmrinə əsasən 31 dekabr 1993-cü il, həmin tarixdən Zəngilan rayon X1 işçilərinin əmək kitabçaları işğal zonasında qaldığı üçün yenidən içşilərə dublikat əmək kitabçası yazılıb verilməsi ilə əlaqədar olaraq 1993-cü ildə komissiya yaradılsın. Yaradılmış komissiya kitabxana əməkdaşlarının ortaq rəylərinə və qərarlarına əsasən işçilərin işə qəbul tarixini müəyyənləşdirsin və buna əsasən dublikat əmək kitabçası yazılıb verilsin. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 dekabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, keçmiş Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi mərkəzi tərəfindən vətəndaş X8 əlilliyə görə əmək pensiyası təyin edilən zaman Ağkənd kənd orta məktəbində işlədiyi dövrlər sığorta stajına daxil edilmişdir. Adıçəkilən şəxsin pensiya işində Günqışlaq kənd klubundakı iş stajı ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, keçmiş Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi mərkəzi tərəfindən vətəndaş X2 təyin edilən yaşa görə pensiya işində onun Zəngilan rayon Günqışlaq kənd kitabxanasında iş stajı ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-7/2- Ə-164466/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixindən pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir ii azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən ümumi sığorta stajınız 23 il təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 ii sığorta stajınıza uyğun olaraq 11113,92 manat. xx.xx.2006cı ıl tarixindən xx.xx.2016-cı il tarixinədək 5938,70 manat olmaqia (11 il sığorta stajınıza -uyğun olaraq), ümumilikdə 17052,62 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2018-ci il tarixindən (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab edilmir. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. X9 filialının xx.xx.2023- cü il tarixli № 06 saylı məktubuna əsasən bildiririk ki, Zəngilan rayonu Günqışlaq kənd kitabxanasının xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə (Zəngilan rayonu Günqışlaq kənd kitabxanasında xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək dövrlərdə olan əmək fəaliyyətiniz məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra) müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2022 – 30 iyun 2023-cü il tarixədək qadınlar üçün pensiya yaşı həddi 63 yaşdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 63 yaşını xx.xx.2023-cü il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. İş materiallarında olan iddiaçıya aid xx.xx.2011-ci il tarixdə doldurulmuş dublikat əmək kitabçası və sosial sığorta haqları ilə bağlı fərdi uçot məlumatıarından müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2017-ci il tarixədək Günqışlaq Kənd kitabxanasının direktoru vəzifəsində işləmiş, ümumilikdə iş stajı 31 il 02 ay 17 gün təşkil edir. Cavabdeh iddiaçının qeyd edilən staj dövlərindən Zəngilan rayonu Günqışlaq kənd kitabxanasında xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün arxiv sənədləri olmaması əsası ilə pensiya təyinatı üçün tələb olunan iş stajına hesablamır və nəticədə iddiaçının ümumi sığorta stajının 23 il təşkil etdiyini əsas gətirərək pensiya təyinatı ilə bağlı müraciəti təmin etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. -7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçası dublikat əmək kitabçasıdır. Belə ki, iddiaçıya aid ilkin əmək kitabçası, eləcə də Zəngilan rayon Günqışlaq kənd kitabxanasına aid arxiv sənədləri xx.xx.1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu vaxt işğalda qalmışdır. Odur ki, iddiaçının 1985- 1993- cü il tarixinədək Günqışlaq kənd kitabxanasında işləməsinə dair arxiv sənədləri-işə qəbul barədə əmrlər, eləcə də işlədiyi həmin dövr üzrə əmək haqqı cədvəlləri mövcud deyil. Eyni zamanda, həmin dövrlə əlaqədar iddiaçının əmək fəaliyyəti barədə xx.xx.2011- ci ildə dublikat əmək kitabçası tərtib edilmişdir. Dublikat əmək kitabçasında birinci qeyddə iddiaçının xx.xx.1985-ci ildə 97 nömrəli əmrlə Günqışlaq kənd kitabxanasına müdir təyin edildiyi qeyd edilmiş, qeyd Zəngilan MKS-nin direktoru S.Cəbrayılov tərəfindən imzalanmış, Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsi X1 möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin xx.xx.2023-cü il tarixli, 177 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən müəyyən olunur ki, Zəngilan rayon X1 işçilərin əmək kitabçaları işğal zonasına qaldığı üçün yenidən işçilərə dublikat əmək kitabçası yazılıb verilməsi ilə əlaqədar olaraq 1993-cü ildə 129 nömrəli əmrlə komissiya yaradılmış, yaradılmış komissiya kitabxana əməkdaşlarının ortaq rəylərinə və qərarına əsasən işçilərin işə qəbul tarixini müəyyən etmiş, komissiyanın rəyi əsas götürülməklə 97 nömrəli əmrlə iddiaçının xx.xx.1985-ci il tarixdən Günqışlaq kənd kitabxanasına işə qəbul tarixi məüyyən edilmiş, iddiaçıya 1993- cü ilin oktyabr ayından etibarən 2017-ci ilin 01 yanvar tarixinədək dondurulmuş orta aylıq əmək haqqı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında qeyd edilmişdir ki, Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000- dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşmüşlər.
1. Respublikanın əlaqədar nazirlik, dövlət komitələri, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanları əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qəti tədbirlər görsünlər. Məcburi köçkünlərin müvəqqəti məskunlaşmış olduqları şəhər və rayon icra hakimiyyətləri işlə təmin edilmiş köçkünlərə əmək haqlarının verilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına lazımi köməklik göstərsinlər. 4-1. Büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə pensiya yaşına çatdıqda, orta aylıq əməkhaqqının verilməsi dayandırılır
5. Nəzərə alınsın ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” və “Vətəndaşların pensiya təminatları haqqında” Azərbaycan Respublikasının qanunlarında və eləcə də bu qanunlar barədə Nazirlər Kabinetinin qəbul etdiyi normativ sənədlərdə məcburi köçkün problemlərinin həlli öz əksini tapmışdır. Zəngilan rayon Arxiv İdarəsinin təqdim etdiyi arxiv arayışında İddiaçı 1994-cü ildən 2006-cı ilə qədər olan əmək haqqı barədə məlumat qeyd olunmuş, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məlumatına əsasən İddiaçı 2006- 2016-cı illərin yanvar-dekabr ayları üçün sosial sığorta ödənişlərinin edildiyi öz əksini tapmışdır Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1993-cü ildən əvvəlki əmək fəaliyyəti ilə bağlı sənədlərin arxiv əsaslarının hazırkı halda təqdim edilə bilməməsi iddiaçıdan asılı olan hal kimi qəbul edilə bilməz. İddiaçının Günqışlaq kənd kitabxanasında işlədiyi dövrü şübhə altına alan əsaslı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə sorğuları ilə əldə edilmiş sənədləri həmin dövrün, yəni əmək kitabçasında qeyd edilən xx.xx.1985-xx.xx.1994-cü il tarixədək 08 il 02 ay 17 gün stajını onun ümumi sığorta stajına hesablanmasını, bununla da ona pensiya təyin edilməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Konkret mübahisəyə münasibətdə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş və mötəbərliyi şübhə doğurmayan əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2095/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2095/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.