Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2582/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4022/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Sosial müavinətlər haqqında” qanuna əsasən uşağı övladlığa götürməyə görə müavinət hüququ yarandığı üçün 2021-ci ilin yanvar ayının 1-dən hesablanmaqla ona müavinət təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin mart ayında məhkəmə qərarı ilə Duyğu Fətəliyevanı övladlığa götürmüşdür. O, uşağın qidalanması, geyimi, təhsili, rahat mənzillə təmin olunması ilə əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirir. O, uşağı övladlığa götürəndə kimdənsə, hətta dövlətdən də heç bir iqtisadi kömək ummamışdır, hazırda da ummur. Bu, onun atalıq - valideynlik borcudur. Lakin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən övladlığa götürülmüş uşaqlara görə müavinət almaq hüququ yarandığından onun övladlığa götürdüyü qızına müavinətin təyin olunması üçün ərizə ilə 07 oktyabr 2021-ci il tarixində 4 saylı Bakı “DOST" Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial X1 ərizəsinə baxılaraq uşağı 15 mart 2017-ci ildə övladlığa götürdüyü üçün “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.14-cü maddəsi, yəni övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə müavinət növü 2021-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindiyinə görə bu müavinət növünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmamış və müavinətin təyin olunmasından 17 noyabr 2021-ci il taarixli **********6 saylı məktubla imtina edilmişdir. Cavabdeh orqan qanunun məzmununu düzgün təfsir etməmiş, nəticədə səhv tətbiq edərək, əsassız olaraq övladlığa götürülən uşağa görə müavinət təyin edilməsi barədə müraciətini təmin etməmişdir. Övladlığa götürülən uşağa görə müavinət təyin olunmasında heç bir ayrı-seçkilik ola bilməz və bu qərarda da yoxdur. Bu gün 13 yaşı olan və ya 10 il bundan öncə övladlığa götürülmüş uşaqlara da, dekabr 2020-ci ildə övladlığa götürülmüş uşaqlara da, 01 yanvar 2021-ci il tarixində və sonrakı dövrdə övladlığa götürülmüş uşaqlara da 2021-ci ildən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək müavinət təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4022/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunun normasını düzgün təfsir etməmişdir və məhkəmənin yanaşması bərabərlik prinsipinin pozulması deməkdir. Əgər müavinət təyin edilirsə, bütün övladlığa götürülənlərə aid edilməlidir. Məhkəmə Sosial müavinətlər haqqında” Qanunun 7.0.10-4-cü maddəsinin 2021-ci ildən sonra övladlığa götürülən uşaqlara münasibətdə bərabərlik hüququnu pozmasını müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə sorğu verə bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununa qeyd olunan 4.0.1.14, 7.0.10-4, 9.1.11-ci maddələr 6 oktyabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir və həmin Qanun 2021-ci il yanvarın 1dən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasərı əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox oimamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, X4 xx.xx.2017-ci ildə övladlığa götürdüyünüz üçün, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 011374 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətidən görünür ki, 10 mart 2013-cü ildə Bakı şəhərində doğulmuş X2 Həsən Tofiq oğlu və X14 tərəfindən övladlığa götürülmüş və ona Abbasova soyadı, Duyğu adı, Həsən qızı ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 26 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 931589 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 10 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X14 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçilər İddiaçı və X11 «övladlığa götürülmə» tələbinə dair ərizəsi təmin edilmiş, 10 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 İddiaçı və X14 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, X7 yeni doğum haqqında şəhadətnamənin verilməsinin, şəhadətnamədə və doğum akt qeydində müvafiq qrafalarda soyadının “Abbasova”, adının Duyğu”, atasının adı “Həsən”, doğulduğu il “2013”, ay “mart”, gün “10”, doğulduğu yer “Bakı şəhəri”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “İddiaçı”, atasının milliyyəti “azərbaycanlı”, ana qrafasında “X14”, anasının milliyyəti “azərbaycanlı” yazılmasının Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Kollegiya iş materialları əsasında qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçilər İddiaçı və X11 «övladlığa götürülmə» tələbinə dair ərizəsi təmin edilmiş, 10 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 İddiaçı və X14 tərəfindən övladlığa götürülmüş hesab edilmişdir. Hazırda iddiaçı uşağı övladlığa götürməyə görə 2021-ci ilin yanvar ayının 1-dən hesablanmaqla ona müavinət təyin edilməsini tələb edir. Kollegiya həmçinin qeyd edir ki, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsini nəzərdə tutan 4.0.1.14-cü maddə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununa 6 oktyabr 2020-ci il tarixli Qanunla əlavə edilmişdir və həmin Qanun 2021-ci il yanvarın 1dən qüvvəyə minmişdir. Bundan başqa, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun müavinətlərin təyin olunması şərtlərini müəyyən edən 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün təyin edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni o səbəbdən əsaslı sayır ki, qanunun qeyd edilən normasından göründüyü kimi, övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaq, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuşdur. İş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin kollegiya iclasında verdikləri izahatlardan məlum olur ki, iddiaçının övladlığa götürdüyü X12 iddiaçının nəvəsi olmuş, valideynlərini itirməmiş, həmçinin sağlamlıq imkanları məhdud deyildir. Belə olan halda, iddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.10-4-cü maddəsinin təsir dairəsinə düşmür. İddiaçının iddia tələbi övladlığa götürdüyü Abbasova Duyğunun valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, o cümlədən sağlamlıq imkanları məhdud olmamasına görə əsassız olmuşdur. Məhkəmə kollegiyası sadalanan xüsusatlara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsindən ibarət mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4022/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-2582/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2582/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver