Məhkəmə qərarları › İş №2-1(103)-2587/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2587/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2587/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı «əmrlərin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» iddiа tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4078/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia qaldıraraq iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrinin və iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrinin ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildən ədliyyə orqanlarında qüsursuz xidmət etmiş, bu müddətdə hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində qulluq etdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən yaxındakı satış məntəqəsinə çıxarkən müəssisənin qarşısında tanımadığı xanımın əlində ağır yük olduğunu görmüşdür, hava şəraitinin yağışlı, küləkli və müəssisə ilə ən yaxın dayanacaq arasında 500 metr məsafə olmasını nəzərə alaraq avtomobilini həmin xanımın yanında saxlayaraq nəzakətlə və xoş niyyətlə onu dayanacağa qədər aparmağ təklif etmişdir. Xanım da öz növbəsində təşəkkür edərək taksi gözlədiyini bildrmişdir. Bu hadisə DİN-nin təhlükəsiz şəhər kamerasının qarşısında olmuşdur. Bu hadisə barədə işdən çıxan kimsə müəssisə rəisinə məlumat vermiş, o isə öz növbəsində Xidmətin Baş İdarəsinin Kadrlar İdarəsinə məruzə etmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə həmin idarədə qəbulda olaraq hadisə barədə izahat vermişdir. xx.xx.2022-ci ildə iddiaçı həmin idarəyə təkrarən dəvət olunmuş, orada izahatın sadəcə tarixini dəyişmək ondan xahiş edilmiş və narahat olmaması, sadəcə xidməti yerinin dəyişiləcəyi ona bildirilmişdir. İddiaçı isə bundan narazılığını bildirmişdir. xx.xx.2022-ci il tarixində saat 10.30 radələrində müəssisənin rəisi xidməti otağına gələrək iddiaçıdan xidməti vəsiqəsini almış və ona ədliyyə orqanlarından xaric olunduğunu bildirmişdir. Günün ikinci yarısında isə o, Xidmətin Baş İdarəsində olmuş və əmrlə tanış olmuşdur. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, o, ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hər hansı bir hərəkətə yol verməmiş, etik davranış qaydalarını pozmamışdır, əksinə ictimai davranış qaydalarına uyğun olaraq ağır yükü olan xanıma pis hava şəraitində kömək əlini uzatmaq istəmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2017-ci ildə Penitensiar Xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilərək 11 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə həmin müəssisənin mühasibat şöbəsinin böyük inspektoru (mühasib) vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində heç bir mükafat almamışdır. Sonuncu vəzifədə işləyərkən ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etmədiyinə görə xx.xx.2022-ci il tarixli, 33/i saylı əmrlə ədliyyə orqanlarından xaricetmə növündə intizam məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci ildə xidmət etdiyi cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal Məmmədov ilə görüşə gələn həyat yoldaşına şəxsi avtomobili saxlayaraq əyləşməsini bir neçə dəfə təklif etmiş və nəticədə bu hal, hadisədən xəbər tutan məhkumun narazılığına səbəb olmuşdur. Yəni İddiaçı ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etməmiş, məhkumun yaxın qohumu ilə xidmətdənkənar münasibət yaratmışdır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4078/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, humanizm göstərib köməklik təklif etdiyi qadının iddiaçının barəsində heç bir şikayəti yoxdur. Belə olan halda cavabdeh onun barəsində intizam icraatı başlaya bilməzdi, apardığı bu intizam icraatı isə Qaydaların 7.6-cı bəndinə ziddir. Məhkəmə nəzərə almamışdır ki, qaranlıqda, yağışlı və güclü küləkli hava şəraitində əlində ağır yükü olan və ən yaxın dayanacağa çatmaq üçün təxminən 500 metr məsafəni qət etməli olan qadına nəzakətlə köməklik təklif etməyi heç bir halda etik qaydaların pozulması anlamına gələ bilməz. Əksinə olaraq, bu cür davranış Qaydaların 1.4., 2.3., 2.5 və 5.1-ci bəndlərində nəzərdə tutulmuş humanizm, yüksək etik davranış normaları, vicdanlılıq, nəzakətlilik, xeyirxahlıq, diqqətlilik, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl edilməsinin göstəricisidir. Məhz bu səbəbdən köməklik təklif etdiyi qadının onun barəsində heç bir şikayəti olmamışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10.0.3-ci maddəsinə görə ədliyyə orqanları işçiləri vəzifədə olaraq başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Məhkəmə bu maddəyə istinad etsə də, iddiaçının konkret olaraq hansı ədliyyə işçilərinin işini çətinləşdirdiyini qeyd etməmişdir. Bundan başqa, Qaydaların 1.4., 2.3., 2.5 və 5.1-ci bəndlərində nəzərdə tutulmuş ictimai davranış normalarına əməl etdiyi halda məhkəmə bunu ədliyyə orqanlarının nüfuzunu aşağı salacaq hərəkət kimi qiymətləndirmişdir. Barəsində intizam icraatının başlanmasının və intizam tənbehinin tətbiq edilməsinin əsassız olmasına əhəmiyyət verməyən məhkəmə barəsində Qanunun 31-ci maddəsinin tətbiq edilməsini yolverilən hesab etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, tərəfindən bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələblərin heç biri pozulmamış və köməklik təklif etdiyi qadının onun barəsində heç bir şikayəti olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, barəsində aparılmış natamam intizam icraatı sənədlərində mükafatlandırması faktı gizlədilərək qeyd olunmuşdur ki, o heç vaxtı mükafatlandırılmamışdır. Məhz bu fakt barəsində ən sərt intizam tənbehinin tətbiq edilkməsinə əsas olmuşdur. Halbuki, xx.xx.2017-ci il tarixdən ədliyyə orqanlarında qüsursuz xidmət edir və bu müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Əksinə olaraq, “Penitensiar xidmətin işçilərinin mükafatlandırılması” haqqında xx.xx.2019-ci il tarixli, 86 saylı əmrlə xidmətdə fərqləndiyinə görə ona “Təşəkkür” elan edilmişdir. Əmindir ki, ədliyyə orqanlarında qüsursuz xidməti və təşəkkürnamə almağı barədə doğru məlumat verilsəydi, barəsində ən ağır intizam tədbiri deyil, daha yüngül intizam tədbiri tətbiq olunardı. Məhkəmə onu bu hadisədə təqsirkar bilsə də, iddiaçı tərəfindən tətbiq edilmiş cəzanın ədalətlilik prinsipindən uzaq olduğunu nəzərə almamışdır. Belə ki, ədliyyə orqanlarında 6 il ərzində qüsursuz xidmət edən, bu müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməyən, xidmətdə fərqləndiyinə görə “Təşəkkür” elan edilmiş və ilk dəfə “nöqsana yol vermiş” əməkdaş barəsində daha yüngül intizam tənbehinin tətbiq edilməsi daha ədalətli olardı. Bu əmrin ayrı-seçkiliyə yol verilərək qəbul edildiyini bildirib məhkəmənin diqqətinə çatdırmışdılar ki, son 1-2 il ərzində ədliyyə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş Penitensiar Xidmətin bir sıra əməkdaşları ondan fərqli olaraq “ədliyyə orqanlarından xaric etmə” intizam məsuliyyətinə deyil, daha yüngül intizam məsuliyyətinə cəlb olunmuşlar. Misal olaraq: 1. Sərxoş halda avtoqəza törətmiş əməkdaş xx.xx.2022-ci il tarixli 31 saylı intizam əmri ilə daha yüngül intizam məsuliyyətinə cəlb olunmuşdur. 2. Məhkumun həyat yoldaşından əlaqə nömrəsi istəyən əməkdaş barəsində xx.xx.2022-ci il tarixli 30 saylı intizam əmri ilə daha yüngül intizam məsuliyyətinə cəlb olunmuşdur. 3. 102 xidmətinə yalan məlumat verən əməkdaş xx.xx.2022-ci il tarixli 26 saylı intizam əmri ilə daha yüngül intizam məsuliyyətinə cəlb olunmuşdur. Lakin məhkəmə bu faktlara dair cavabdehdən məlumat tələb edilməsi barədə vəsatətlərini əsassız olaraq rədd etmişdir. Hadisəyə obyektiv yanaşma onu göstərir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.8-ci maddəsinin tətbiqi üçün birinci zəruri şərt - kobud pozuntu mövcud deyil. Belə ki, köməklik barədə təklifi Qaydalara zidd olmamış, köməklik təklif etdiyi qadın onun barəsində şikayət etməmiş və bu təklif heç bir ədliyyə işçisinin fəaliyyətini çətinləşdirməmişdir. 31.1.8-ci maddənin tətbiqi üçün ikinci zəruri şərt mütəmadilik mövcud deyil. Belə ki, xidmət etdiyi illər ərzində tərəfindən nəinki mütəmadi olaraq, ümumiyyətlə heç bir pozuntuya yol verilməmişdir. 31.1.8-ci maddənin tətbiqi üçün üçüncü zəruri şərt Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə (siyasi fəaliyyət, kommersiya fəaliyyəti, korrupsiya və s.) onun tərəfindən yol verilməmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və məlum əmri qanuni və əsaslı hesab etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində orta rəis heyəti qismində qulluğa qəbul edilərək 11 saylı Cəzaçəkmə Müəssisəsində inspektor vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci ildə həmin müəssisənin mühasibat şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmişdir. Xidmət etdiyi müddətdə xx.xx.2019-cu ildə xidmətdə fərqləndiyinə görə ona “Təşəkkür” elan edilmiş, hərbi xidmətdə olduğu zaman və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, habelə xidmət etdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur. xx.xx.2022-ci il tarixdə Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 33/i nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.3, 10.0.11-ci maddələrinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.4, 2.7, 5.1, 6.1.4-cü bəndlərinin tələblərini pozması əsası ilə İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1.8-ci maddəsi rəhbər tutularaq ədliyyə orqanlarından xaric edilmişdir və onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 33/i nömrəli, xx.xx.2022-ci il tarixli “Ədliyyə kapitanı İddiaçı intizam məsuliyytinə cəlb olunması barədə” və xx.xx.2022-ci il tarxli, 815/K saylı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair əmrlərini qanunsuz hesab edilərək həmin əmrlərin ləğv edilməsini, ədliyyə orqanlarına əvvəllər tutduğu vəzifəyə bərpa edilməsini və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 10.0-cu maddəsinə əsasən ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:.. 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;.. 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:...31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir:.. 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 noyabr 2007-ci il tarixli, 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 1.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) ədliyyə orqanlarında qulluq keçən işçilərin (bundan sonra – ədliyyə işçisi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydalar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən işçilərə şamil edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən ədliyyə işçisi öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən loyallıq prinsipi – ədliyyə işçisi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, ədliyyə və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda ədliyyə işçisinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Ədliyyə işçisi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Ədliyyə işçisi açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən ictimai etimad prinsipi – ədliyyə işçisi Azərbaycan Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən ədliyyə işçisi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən Penitensiar xidmətin əməkdaşı: qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə təqdim etməlidir; özünün əxlaqı və vəzifə borclarını yerinə yetirməsi ilə yüksək nümunə göstərməli və məhkumların rəğbətini qazanmalıdır; penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan bütün şəxslərlə münasibətdə nəzakətli olmalı, onlarla davranış zamanı hüquqlarına hörmət etməlidir; məhkumların fikir, vicdan və dini etiqad azadlığına hörmətlə yanaşmalıdır; məhkumlarla, onların qohumları və yaxınları ilə xidmətdənkənar münasibətlər yaratmamalıdır. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: ədliyyə işçilərinin xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır; ədliyyə işçiləri arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalıdır; rəhbər işçilər tərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməlidir; ədliyyə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməlidir; etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir; ədliyyə işçilərinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir; etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; etik davranış qaydaları və ədliyyə işçiləri tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməlidir; etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır; etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə ədliyyə orqanına ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir; etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər (Qaydaların 7.4, 7.5, 7.6-cı bəndləri). İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2022-ci ildə xidmət etdiyi cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal Məmmədovun onunla görüşə gələn həyat yoldaşına şəxsi avtomobili saxlayaraq əyləşməsini təklif etmişdir, iddiaçı qeyd edilən hərəkətə yol verməsini təkzib etməmişdir, bunu yazdığı izahatda və iddia ərizəsində də etiraf etmişdir, qeyd edilən hərəkətini ağır yükü olan xanıma pis hava şəraitində kömək əlini uzatmaq məqsədilə izah etmişdir. Lakin həmin qadın öz həyat yoldaşı məhkum Xəyal Məmmədova bu barədə məlumat vermiş, qeyd edilən məhkum isə 11 saylı Cəzaçəkmə Müəssisəsiin rəhbərliyinə yazılı müraciət edərək öz narazılığını ifadə etmiş və göstərmişdir ki, iddiaçı onun həyat yoldaşına bir neçə dəfə maşına təkidlə əyləşməsini və hara istəyirsə aparmasını təklif etmişdir. Göründüyü kimi iddiaçı ədliyyə orqanının işçisi olan zaman “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 6.1.4-cü bəndi ilə qadağan edilmiş - məhkumun yaxını ilə xidmətdənkənar münasibət yaratması kimi hərəkətə yol vermişdir ki, cavabdeh tərəfindən həmin hərəkət “Ədliyyə orqanlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikasının Qanunun 10.0.3 və 10.0.11-ci maddələrində göstərilən ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət və etik davranış və intizam qaydalarının pozulması kimi düzgün olaraq qiymətləndirmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikasının Qanunun 31.1.8-ci maddəsində ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində ədliyyə orqanlarından xaric etmə növündə intizam tənbehinin tətbiq edilməsi nəzərdə tutulduğu üçün hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktın – iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrin verilməsi ilə cavabdeh tərəfindən qanunvericiliyin normaları pozulmamışdır. Eyni zamanda, həmin Qanunun 40.1.11-ci maddəsinə əsasən işçi ədliyyə orqanlarından xaric edildikdə ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi nəzərdə tutulur, odur ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə əmr verildiyi üçün iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 815/k nömrəli əmr də qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4078/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar