Məhkəmə qərarları › İş №2-1(103)-2603/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2603/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2603/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2486/2023 saylı 13 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ********** nömrəli Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “bir pəncərə” prinsipi ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 Departamenti tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2021-ci tarixli TANAZ20210022 nömrəli “Fason üretim” müqaviləsinə əsasən «Tan İlaç ve Kozmetik » TİC.LTD.ŞTİ ilə İddiaçı “hər növ bitki, bitki ekstratı, qida dəstək və tərkibində bitki tərkibli yağları olan qida əlavələri”nin istehsalı barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli Edatux********** nömrəli Köçürmə haqqında Ərizəyə əsasən 4455 ABŞ dolları məbləğində xarici valyuta İddiaçı tərəfindən Prepayment for Buying Leenə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli TAN00033022 nömrəli Hesabdan Çıxarışa əsasən cəmi 8.910,00 ABŞ dolları ödənilmişdir. Bununla bağlı iddiaçının xx.xx.2022-ci il tarixli «Gömrük Bəyannaməsi»ndə ********** nömrəli müqaviləyə uyğun olaraq ümumi invoys dəyəri 8910,00 ABŞ dolları təşkil edən 1000 ədəd Leen Man -kişilər üçün kapsul, 3500 ədəd Leen Woman- 5761,48 manat, ümumilikdə 16489,80 manat hesablanmışdır. HÖP ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən ödəyici İddiaçı Dövlət Gömrük Komitəsinə- Bakı BGİ cəmi 9372,24 manat ƏDV, HÖP ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 6750,00 manat idxal rüsumu, HÖP ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 240,00 manat Əməliyyat haqqı, HÖP ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən “Azərterminalkompleks” Birliyinə cəmi 21,60 manat ƏDV və HÖP ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən “Azərterminalkompleks” Birliyinə cəmi 120,40 manat ƏDV, beləliklə, ödəyici İddiaçı Qəbul edən HÖP(X6) 16515.17 manat göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli 1400012/0xx-xx/005817 nömrəli məktubundan görünür ki, İddiaçı malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********3292 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Xüsusilə qeyd etməliyik ki, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri İddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 10753,69 manat (16.515,17 ödənilmiş məbləğ – 5761,48 manat ödənilməli olan məbləğin və 17 günə görə ödənilmiş 1700 ABŞ dolların) geri qaytarılması barədə müvafiq rəy verilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının “Tan İlaç və Kozmetik San. Tie. LTD.ŞTİ” şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Sözləşməyə uyğun olaraq İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə “Tan İlaç və Kozmetik San. Tie. LTD.ŞTİ” şirkətinin hesabına alınmış malların ümumi dəyəri olan 8910 USD məbləğində pul vəsaiti göndərilmiş və “Tan İlaç və Kozmetik San. Tie. LTD.ŞTİ” şirkəti tərəfindən İddiaçı Sözləşməyə uyğun olan mallar göndərilmişdir. Eyni zamanda daşınma ilə bağlı olaraq İddiaçı tərəfindən 2115 ABŞ məbləğində xərc çəkilmişdir. Lakin gətirilmiş mallar Gömrük orqanında bəyan edilərkən həddindən artıq yüksək gömrük rüsumu tələb edilmişdir. Bu səbəbdən gətirilmiş mallar 17 gün orada qalmışdır. Belə ki, İddiaçı gətirmiş olduğu malları bəyan edərkən normalda 5761,48 manat rüsum ödəməli olduğu halda, ondan ümumilikdə 16515.17 manat gömrük rüsumu alınmışdır. Bu isə alınmış mallara görə ödənilmiş məbləğdən də (8910x1.7=15147 manat) çoxdur. Gömrük rüsumu hesablanarkən müqaviləyə uyğun olaraq hər malın alış qiyməti nəzərə alınmalı olduğu halda bu nəzərə alınmamışdır. Fərdi Sahibkar olaraq İddiaçı sahibkarlıq fəaliyyətində boşdayanma yaranmasın deyə həmin qeyd edilən məbləği mallar ölkəyə daxil olduqdan 17 gün sonra çarəsiz qalaraq ödəmişdir. Əlavə gömrük rüsumu tələb edildiyindən gətirilmiş mallar 17 gün gömrük ərazisində qalmışdır. Hər günə görə İddiaçı tərəfindən əlavə haqq, yəni 1700 ABŞ dolları ödənilmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq artıq ödənilmiş 10753,69 manat (16515.17 (ödənilmiş məbləğ)- 5761.48 (ödənilməli olan məbləğ)) məbləğinin və 17 günə görə ödənilmiş 1700 ABŞ dollarının İddiaçı məxsus hesaba geri qaytarılması üçün tədbirlərin görülməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən artıq ödənilmiş 10728,32 manat gömrük ödənişinin geri qaytarılması barədə rəyin tərtib edilməsini və 17 günə görə 2890 manatın (1700 ABŞ dolları) geri qaytarılmasının cavabdehin üzərinə öhdəliyin kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz və etiraza əlavə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanlarının hüququdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları’’nın 1.4-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Onlar tərəfindən aparılan araşdırma zamanı iddiaçının iddia ərizəsində yuxarıda göstərilən hallardan hansının baş verdiyi göstərilməmiş və ərizə isə əsaslandırılmamışdır. 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir: 13.2.1. alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər: 13.2.1.1. alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər; 13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri; 13.2.1.3. qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri və s. İddiaçının gömrük orqanına təqdim etdiyi bəyannamənin 20-ci (çatdırılma şərtləri) qrafasından göründüyü kimi, iddiaçı həmin malları Türkiyə Respublikasında təhvil almış və belə olan halda malların gömrük dəyərinə gömrük ərazisinə çatdırılmanın xərcləri də əlavə ediməlidir. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2486/2023 saylı 13 fevral 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı tərəfindən artıq ödənilmiş 10728,32 manat pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə malların daşınması xərcləri göstərilməmişdir. Bu hal işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirmişlər ki, həqiqətən də iddiaçı tərəfindən təqdim olunmuş bəyannamədə malların daşınması xərci olaraq 215 ABŞ dolları göstərilməmişdir. Lakin bu hal onun iddiasının rədd edilməsi üçün əsas deyil. Odur ki, iddiaçı və onun nümayəndəsi vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki hazırki işdə iddiaçının iddiası qismən təmin olunsa da, iddiaçı iddiasının təmin olunmayan hissəsində məhkəmə qərarını mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı tələbi “artıq ödənilmiş 10728,32 manat gömrük ödənişinin geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Məhkəmə kollegiyası iddianın iddianın təmin edildiyi hissədə birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Göstərilən qənaətə gələn məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarının diqqətə çəkilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı əslində idxal etdiyi mala çəkilən xərcin 15147,00 manat olduğunu, gömrük orqanına təqdim etdiyi invoysun nəzərə alınmalı olduğunu iddia edir. Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını və iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 45000 manat məbləğin əsas götürülməli olduğunu bildirir. Bundan başqa, cavabdeh iddia edir ki, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi malların gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə malların gömrük dəyərinin məbləğindən məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək idxal etdiyi malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. Bu səbəbdən də, gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Birinci instasiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 012/0xx-xx/001628 nömrəli cavab məktubunda göstərilmişdi ki, İddiaçı malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********33292 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun Gömrük dəyərinin müəyyən edilməsi üsullarından ehtiyat üsulu ilə ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş malların gömrük rəsmiləşdirməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri İddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normaların tələbinə görə gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh digər üsul seçilərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcılığa riayət etməmiş, ehtiyat üsusulundan əvəllki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olunmasını açıqlamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Məhkəmə qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Eyni zamanda qeyd olunması vacibdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmənin qənaətindən narazı qalan cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, nə iddiaçı gömrük orqanına təqdim etdiyi bəyannamədə malın daşınma xərclərini göstərmiş, nə də məhkəmə iddianı təmin edərkən bu hala qiymət vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanunun 13.2-ci maddəsinin 13.2.5-ci yarımbəndinə əsasən idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xəcrcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri malların gömrük dəyəri malları sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə əlavə edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik nəqliyyat xərclərini idxal olunan malın gömrük dəyəri məbləğinin müəyyən edilməsində nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, qüvvədə olan qanunvericilik nəqliyyat xərclərinin malın gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olduğunu şərtləndirmişdir, hazırki işdə iddiaçı cavabdeh inzibati orqana bəyannamə təqdim edərkən yalnız sövdələşmə qiymətini göstərmiş, yəni malların daşınma xərcini gömrük ödənişi kimi göstərməmişdir. Bu hal işə apellyasiya qaydasında baxılarkən iddiaçının və nümayəndəsi vəkilinin verdiyi izahatlarda da tam təsdiqini tapdı. İşin apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirdi ki, həqiqətən də tərəfindən gömrük orqanına bəyannamə təqdim olunarkən malların daşınma xərci olaraq 97/2022 saylı invoys sənədində göstərilən 215 ABŞ dolları məbləğində vəsaiti gömrük ödənişlərinə aid etməmiş, yəni onu göstərməmişdir. Belə olan halda iddiaçının “artıq ödənilmiş 10728,32 manat gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi” ilə bağlı tələbi 215 ABŞ dolları (215 x 1.70 = 365,50 manat) məbləğində daşınma xərcləri ilə bağlı gömrük rüsumunun miqdarı çıxılmaqla əsaslı ola bilər. Lakin qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və iddiaçının qeyd olunan tələbi tam təmin olunmuşdur. Göstərilənlərlə bağlı iddiaçının “artıq ödənilmiş 10728,32 manat gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi” ilə bağlı tələbi 10589,32 manat hissədə (iddiaçının bəyan etdiyi 15147 manat + 365,50 manat (215 ABŞ dolları daşıma xərci x 1.70 ABŞ dollarının manata olan məzənnəsi) = 15512,50; bəyan edilmiş 15147 manata görə - 5761,48 manat ödənilməli idisə, bəyan edilməli olan 15512,50 manata görə - nə qədər ? ; x = 15512,50 x 5761,48 : 15147; x = 89374958,50 : 15147; x = 5900,50 manat; 5900,50 – 5761,48 = 139 manat; artıq ödəmə kimi tələb olunan 10728,32 – 139 = 10589,32 manat) əsaslı olduğu üçün həmin hissədə təmin olunmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 2-1(112)-2486/2023 saylı 13 fevral 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilərək, rəy tərtib edilmə öhdəliyi qoyulan geri qaytarılmalı olan artıq ödənilmiş məbləğin miqdarı 10589,32 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2486/2023 saylı 13 fevral 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilərək, rəy tərtib edilmə öhdəliyi qoyulan geri qaytarılmalı olan artıq ödənilmiş məbləğin miqdarı 10589,32 manat müəyyən edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar