Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2671/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi uçotunun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-850/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X4 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xəbəri, fikir ifadəsi və məlumatı olmadan adına açılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş digər cavabdeh X3 adına dəyişdirilməsinin və onun tərəfindən iddiaçının adına açılmış VÖEN - ********** nömrəli vergi uçotunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə vəziyyətinin ağır olması, işsizlik və digər səbəblərdən qiyabi tanıdığı (ortaq tanışlar tərəfindən) Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan X6 (Ş/V:AZE 15099915, xx.xx.2015, ASAN4; FİN: 4SX20AX; D/T: xx.xx.1980) tərəfindən işlə təmin olunacağı barədə 2021-ci ilin yanvar ayının 19-da ayında vəd verərək işlə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və müvafiq rəsmiləşdirmələr aparıldıqdan sonra bir daha çağıracağını və iddiaçının ona etibarnamə verməli olduğunu bildirmişdir. O, işə çox ehtiyacı olduğundan X6 ilə razılaşmış və X6 da iddiaçının ona olan inamından və etibarından sui-istifadə edərək onun xəbəri və razılığı olmadan adına 25 yanvar 2021-ci il tarixdə Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) uçota aldırmışdır (bu barədə iddiaçının ünvanına borc bildirişləri gəldikdən və vergi orqanında araşdırma apardıqdan sonra məlumatı olmuşdur). O, xx.xx.2021-ci il tarixdə X6 ilə Bakı şəhərində görüşərək Bakı şəhəri 3 saylı notariat ofisinə gedərək tərəfindən etibarnamə verilmişdir. Etibarnamə verilməsinin səbəbini soruşarkən isə onun üçün maaş kartı açılacağını bildirilmişdir. Lakin o, X3 onun şəxsiyyət vəsiqəsinin surəti və verdiyi etibarnamə vasitəsilə adına VÖEN açacağını, onu aldadaraq imza etdirdiyi etibarnamə ilə adına ASAN imza alacağını, həmin VÖEN-lə bağlı bank hesabları açacağını və bank əməliyyatları aparacağını bilmirdi və təsəvvür belə etmirdi. Adına açılmış VÖEN-dən və həmin VÖEN üzrə dövlət büdcəsinə yaranan borclarından ünvanına gəlmiş bildirişlərə əsasən məlumatı olmuş və bundan sonra X6 ilə əlaqə saxlayaraq bu barədə ona məlumat vermişdir və o da qısa müddət ərzində həmin məsələnin həll olunacağını və müəyyən səhvlik olduğunu bildirmişdir. Lakin sonradan isə X6 ilə əlaqə yaratmaq mümkün olmamışdır. Yaranan borcla bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Buradan da açıq şəkildə göründüyü kimi X6 tərəfindən əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında saxta yollarla vergi uçotundan keçirdiyi VÖEN üçün bank hesabları açaraq dövriyyəsi və sairə bağlı faktiki rəhbərliyi və idarəetməni özü təşkil etmişdir. Bu halı bank əməliyyatlarında da X6 tərəfindən aparılması faktiki sübut olunur. Bundan başqa sonradan onunla ********** nömrəli telefonun vatsapp vasitəsilə bu məsələlərlə bağlı danışarkən özü də iddiaçının bütün qeyd etdiyi xüsusatları təsdiq edərək onun adından VÖEN açmasını, bank əməliyyatları apardığını etiraf edərək sonda onun cavab verəcəyi bir məsələ olduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6825/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, fiziki şəxslərin uçotu və uçotdan çıxarılma ilə bağlı Vergi Məcəlləsinin (bundan sonra VM) müvafiq maddələri aşağıdakı kimidir: -VM 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -VM 34. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. -VM 34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: -fəaliyyətinə xitam verildikdə; -məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; -vəfat etdikdə. Yuxarıdakı maddələrdən göründüyü kimi, fiziki şəxslərin adına açılmış VÖEN fərdi xarakter daşıyır və hər bir halda hər hansı bir digər şəxsin adına dəyişdirilməsi mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı (VÖEN **********) iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “VÖEN üzrə hesablanmış vergilərin həmin VÖEN üzrə faktiki rəhbərliyi həyata keçirmiş X3 adına dəyişdirilməsi” hissəsində iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-850/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı (hakim A.Əhədova) ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddi hüquq normasını tətbiq etmişdir. Bildirilmişdir ki, iddiaçı gənc və təcrübəsiz biridir, o, sadəcə olaraq H.Hüseynovun yalan vədinə inanmış və şəxsə sırf işlə təmin olunmaq, əmək haqqı kartı əldə etmək niyyəti ilə etibarnamə vermişdir. Bununla bağlı H.Hüseynovun məhkəmə iclasında iştirakı və izahatının alınması məhkəmə tərəfindən tam şəkildə təmin olunmamışdır. Eyni zamanda sübüt əhəmiyyətli sənədlər iddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman təqdim olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. -2.4. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. -2.6. Kağız daşıyıcısında ərizələrin təqdim edilməsi bilavasitə aidiyyəti orqana gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi vergi orqanı tərəfindən həyata keçirilir. -2.7. Müraciət edən şəxs kağız daşıyıcısında və ya rəqəmsal əl imzası avadanlığı vasitəsilə imzalanaraq elektron daşıyıcıda tərtib edilən ərizəni bilavasitə aidiyyəti orqana təqdim etdikdə, ərizəni qəbul edən vergi orqanı əməkdaşı tərəfindən ona müraciətin qəbul edilməsi haqqında müvafiq sənəd verilir. Sənəddə müraciətin vergi orqanındakı kargüzarlıq (qeydiyyat) nömrəsi və müraciətə baxılmanın nəticəsi olaraq sənədin hazır olma tarixi göstərilir və müraciəti qəbul edən vergi orqanı əməkdaşı tərəfindən imzalanır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli **********005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması” elektron xidməti üzrə inzibati reqlament”nin aşağıdakı bəndlərinə əsasən: -1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – istifadəçi) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza ilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra – Çağrı Mərkəzi) müraciəti əsasında vergi uçotuna alınmasını əhatə edir -1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır; -2 1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır. -1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fiziki şəxslərin onlayn vergi uçotuna alınması dərhal həyata keçirilir. - 1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilən gücləndirilmiş elektron imza olan Asan imza (bundan sonra – Asan imza) vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-10 dəqiqədir. -1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxs vergi uçotuna alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və müvafiq şəhadətnamə onlar üçün İnternet Vergi İdarəsi Portalında ayrıca yaradılmış elektron ünvana (bundan sonra – elektron ünvan) real vaxt rejimində göndərilir. -2.3. Elektron xidmətin istifadəçiləri: 2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər. 2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Asan imza əldə etmiş fiziki şəxslər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın: -4.6-cı bəndinə əsasən uçotdan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə uçot məlumat bazasında uçotdan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır: 4.6.1.uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; 4.6.2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olubolmaması; 4.6.3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması; 4.6.4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olub-olmaması; 4.6.5. fiziki şəxsin aktiv bank hesablarının olub-olmaması; 4.6.6. fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması; 4.6.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması. 4.6.8. torpaq mülkiyyətçisi və ailə kəndli təsərrüfatının başçısı kimi vergi orqanında uçotda olub-olmaması; -4.9-cu bəndinə əsasən bu Qaydaların 4.6-cı bəndində qeyd edilən hallar mövcud olduqda fiziki şəxs tərəfindən həmin hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs uçotdan çıxarılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, iddiaçının iddia tələbinə əsasən iddiaçı işlə təmin ediləcəyi vədi ilə X4 rəsmiləşdirmə işlərinin aparılması məqsədilə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və ona etibarnamə vermişdir. X6 iddiaçının etibarından sui-istifadə edərək onun xəbəri və razılığı olmadan adına 25 yanvar 2021-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) uçota aldırmış, həmin vergi uçot nömrəsi üzrə iddiaçıya vergi borcları hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli fiziki şəxsin “onlayn qeydiyyat” ərizəsinin məlumatlarında qeyd olunmuşdur ki, İddiaçı, xxxxxxx, pasport qeydiyyat ünvanı – AZ1039, ünvan 1ırda yaşadığı (faktiki) ünvanı - AZ1039, ünvan 3 ünvanı– Elektron ünvan , mobil telefon–516451752, fəaliyyət sahəsi- 46901 - ixtisaslaşdırılmamış topdansatış, mükəlləfiyyəti sadələşdirilmiş vergi, qəzet, jurnal nəşri(əsas fəaliyyət) – yoxdur, ailə kəndli təsərrüfatının üzvüdür – yox, əvvəlki VÖEN (9 rəqəmli) - yoxdur, poçt əlaqəsinin aparılacağı ünvan - hüquqi ünvanı. Ərizədə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm və bütün dəyişikliklər barədə dəyişiklik baş verən gündən 40 gün müddətində uçotda olduğum vergi orqanına məlumat verməyi öhdəmə götürürəm. Xahiş edirəm məni uçota alasınız və vergi ödəyicisi eyniləşdirmə nömrəsi (VÖEN) verəsiniz. Beləliklə, iş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, İddiaçı H.Hüseynova etibarnamə vermişdir. Etibarnamə ilə verilən səlahiyyətlər şəxsi elektron imza üçün sertifikat əldə etmək məqsədilə təmsil etməyi, şəxsin adından ərizə verməyi, elektron imza vasitələrini Asan Sertifikat Xidmətləri Mərkəzinə təqdim etməyi və s. əhatə edir. Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraciətinə dair ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada təqdim edilmiş “fiziki şəxsin onlayn qeydiyyat ərizəsi”nə əsasən ********** nömrəli VÖEN-lə uçota alınmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi, vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması təkcə kağız formatda aparılmır, eyni zamanda elektron qaydada vergi uçotuna alınma qanunvericilikdə nəzərdə tutulmuşdur. Birinci halda vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə verilir, bu ərizə şəxsin bilavasitə özü tərəfindən yaxud etibarnamə əsasında verdiyi səlahiyyətli nümayəndəsi vasitəsilə verilə bilər. Müraciət edən şəxs kağız daşıyıcısında və ya rəqəmsal əl imzası avadanlığı vasitəsilə imzalanaraq elektron daşıyıcıda tərtib edilən ərizəni bilavasitə aidiyyəti orqana gəlməklə və ya poçt vasitəsilə təqdim edir. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və ona əlavə edilən sənədlər, nümayəndə vasitəsilə təmsil edildikdə, o cümlədən nümayəndənin səlahiyyətini təsdiq edən sənəd təqdim olunduqdan sonra vergi orqanı əməkdaşı sənədlərin qəbuluna bilavasitə nəzarət edir və sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində uçota alınmanı həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxsin elektron formatda uçota alınması isə dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Belə ki, elektron formatda uçota alınma kağız vasitəsilə uçota alınmadan fərqli olaraq Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza ilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edilməklə həyata keçirilir. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə gücləndirilmiş elektron imzaya malik şəxs vergi uçotuna alınma üçün “Fiziki şəxsin vergi uçotu haqqında ərizəsi”nin elektron forması üzrə tələb edilən məlumatları, o cümlədən şəxsiyyəti təsdiq edən sənəddə qeyd edilmiş FİN-ni daxil edir, daxil edilmiş məlumatları elektron imza ilə imzalayır. Bu zaman uçota alınacaq şəxsin kimliyi, ərizə üzrə məlumatların düzgünlüyü üzrə məsul şəxs onlayn qaydada internet üzərindən əməliyyatı həyata keçirən-ərizəni dolduran və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər çıxış edir. Elektron xidmətin göstərilməsi zamanı vergi orqanı yalnız aparılan proseslərin proqram təminatı vasitəsilə onlayn qaydada həyata keçirilməsinə nəzarət edir və bu zaman vergi orqanının məsuliyyəti həmin proqram təminatının düzgün işləməsinin təmin edilməsi, fiziki şəxsin vergi uçotuna alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi və bu barədə sahibkarlıq uçotu haqqında şəhadətnamənin onun elektron ünvanına göndərilməsi ilə məhdudlaşır. Başqa sözlə, elektron formatda qeydiyyat gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bu zaman həmin elektron imzanın kimin vasitəsilə-bilavasitə uçota alınmaq istəyən fiziki şəxsin özü və yaxud onun səlahiyyətli nümayəndəsi vasitəsilə alınmasından asılı olmayaraq qeydiyyat ərizəsi onlayn qaydada internet üzərindən real vaxt rejimində müraciət edən fiziki şəxsin adından aparılır və vergi uçotuna konkret gücləndirilmiş elektron imzanın aid olduğu həmin fiziki şəxs alınır. Vergi orqanın onlayn qeydiyyat zamanı ərizənin fiziki şəxsin özünün deyil, onun nümayəndəsi və ya digər üçüncü bir şəxs tərəfindən doldurulmasına, gücləndirilmiş imzanın kimin (şəxsin özü və ya üçüncü şəxs) tərəfindən daxil edilərək elektron imzalanmasına nəzarət etmək mexanizmi qanunla nəzərdə tutulmamışdır və belə bir nəzarət internet üzərindən ümumən mümkün deyildir. Odur ki, iddiaçının etibarnamə verməklə aldadılma ilə bağlı gətirdiyi dəlil hazırkı icraatda vergi orqanından vergi uçotunun ləğvini tələb etməyə hüquqi əsas vermir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər çıxış edir. Elektron xidmətin göstərilməsi zamanı vergi orqanı yalnız aparılan proseslərin proqram təminatı vasitəsilə onlayn qaydada həyata keçirilməsinə nəzarət edir və bu zaman vergi orqanının məsuliyyəti həmin proqram təminatının düzgün işləməsinin təmin edilməsi, fiziki şəxsin vergi uçotuna alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi və bu barədə sahibkarlıq uçotu haqqında şəhadətnamənin onun elektron ünvanına göndərilməsi ilə məhdudlaşır. Başqa sözlə, elektron formatda qeydiyyat gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bu zaman həmin elektron imzanın kimin vasitəsilə-bilavasitə uçota alınmaq istəyən fiziki şəxsin özü və yaxud onun səlahiyyətli nümayəndəsi vasitəsilə alınmasından asılı olmayaraq qeydiyyat ərizəsi onlayn qaydada internet üzərindən real vaxt rejimində müraciət edən fiziki şəxsin adından aparılır və vergi uçotuna konkret gücləndirilmiş elektron imzanın aid olduğu həmin fiziki şəxs alınır. Vergi orqanın onlayn qeydiyyat zamanı ərizənin fiziki şəxsin özünün deyil, onun nümayəndəsi və ya digər üçüncü bir şəxs tərəfindən doldurulmasına, gücləndirilmiş imzanın kimin (şəxsin özü və ya üçüncü şəxs) tərəfindən daxil edilərək elektron imzalanmasına nəzarət etmək mexanizmi qanunla nəzərdə tutulmamışdır və belə bir nəzarət internet üzərindən ümumən mümkün deyildir. Odur ki, iddiaçının etibarnamə verməklə aldadılma ilə bağlı gətirdiyi dəlil hazırkı icraatda vergi orqanından vergi uçotunun ləğvini tələb etməyə hüquqi əsas vermir. Beləliklə, hazırkı iş üzrə iddiaçının adına açılmış VÖEN üzrə dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcud olduğundan Qaydaların tələblərinə uyğun olaraq vergi uçotunun ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-850/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2671/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2671/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver