Məhkəmə qərarları › İş №2-1(103)-2716/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2716/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2716/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi əliyev Ehtiram Saxladar oğlunun iştirakları ilə, İddiaçı “xxxxxxxxxx” şirkətinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin Baş Gömrük idarəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3783/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı 2018-ci il 7 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçı tərəfindən idxal olunmuş qarabaşaq və düyünün gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərinin, vaqonları dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırmaqları ilə bağlı hərəkətlərinin, qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara eyni tarixli, eyni saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməkləri ilə bağlı, həmin Bəyannamə ilə bağlı onlardan artıq pul - 1.894,46 manat almaları ilə bağlı hərəkətlərinin, idxal etdikləri düyünün rəsmiləşdirilməyərək əsassız olaraq saxlamaları ilə bağlı hərəkətlərinin, onlardan artıq pullar tələb etmələri ilə bağlı hərəkətlərinin, 2018-ci il 5 yanvar tarixli saxta protokol tərtib etmələri ilə bağlı hərəkətlərinin, yükün sənədlərinin Təhqiqat şöbəsinə vermələri ilə bağlı hərəkətlərinin, yükün sənədlərinin İstintaq idarəsinə vermələri ilə bağlı hərəkətlərinin, düyünün gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara eyni tarixli, eyni saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməkləri ilə bağlı, həmin Bəyannamə ilə bağlı onlardan artıq 6.013,41 manat pul almaları ilə bağlı hərəkətlərinin, mənbəyi onlara bəlli olmayan düyünü DGK-nin Mərkəzi Gömrük X2 göndərərək rəy almaları ilə bağlı hərəkətlərinin, DGK-nin Mərkəzi Gömrük X1 saxta rəyi əsasında “müəyyən etdiyi” düyünün Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsi bağlı hərəkətlərinin, Məhkəmə Ekspertiza Mərkəzinin BBGİ-nin sualına cavab olaraq müəyyən etdiyi rəqəmləri idxal etdikləri düyünün gömrük dəyərinin hesablanmasına tətbiq edərək yeni gömrük dəyəri müəyyən etmələri ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, Azərbaycan Respublikası Dəmir Yolunun onlara hesabladığı 2.786,03 manat cərimənin, qarabaşağın rəsmiləşdirilməsi ilə bağlı onlardan artıq olaraq almış olduqları 1.894,46 manatın, düyünün rəsmiləşdirilməsi ilə bağlı onlardan artıq olaraq almış olduqları 6.013,41 manatın, onlara vurmuş olduqları mənəvi zərərə görə 100.000 manatın, eləcə də, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 əyalətinin Barnaul şəhəri, OOO “Planeta Krup”-dan iddiaçıya 2018-ci il 8 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2700 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan, ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67.500 kiloqram qarabaşaq məhsuluna görə gömrük dəyəri 26.394,05 manat olmaqla, 5.022,33 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 1.894.46 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, Bakı Baş Gömrük İdarəsinin idxal etdikləri qarabaşağı vaqonlarda dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırdıqları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 30 manatın, eyni zamanda qanunazidd əməlləri nəticəsində ona vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasına dair, həmçinin Qazaxıstan Respublikasının Kızılorda şəhəri, TOO “Kızılorda Lider LTD”-dən iddiaçıya 2018-ci il 5 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2720 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan ümumi qiyməti 13.600 ABŞ dolları təşkil edən 68.000 kiloqram düyü məhsuluna görə gömrük dəyəri 24.416,84 manat olmaqla, 4.666,43 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 6.013,41 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, bunlarla yanaşı qanunazidd əməlləri nəticəsində ona vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3783/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3783/2018 saylı qərarı “mənəvi zərərin tutulması” hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı birinci instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanılması hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəf apellyasiya şikayəti verərək onun təmin edilməsini, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri nəzərə alıb, işin müəyyən olunan hallarını aşağıda göstərilən hüquq normalarının tələbləri baxımından qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdən müəyyən olunur ki, TOO “KİZİLORDA LİDER LTD”, Qazaxstan Respublikasının Kızılorda şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə, 24473738 nömrəli vaqonda, “xxxxxxxxxx” Şirkətinin ünvanına, 25 kiloqramlıq 2720 ədəd polietilen kisələrə yığılmaqla, ümumi çəkisi 68 ton, 1 tonunun qiyməti 200 ABŞ dolları olmaqla ümim dəyəri 13.600 ABŞ dolları olan düyü bölünmüş düyü adı ilə (Oryza sativa, QOST-ST RK 1020- 2000) göndərmişdir (“xxxxxxxxxx” Şirkəti ilə TOO “KİZİLORDA LİDER LTD” arasında bağlanmış 7/12/2017 saylı xx.xx.2017-ci il tarixli Kontrakta və hazırkı Kontrakta əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1 saylı Spesifikasiyaya əsasən). xx.xx.2018-ci il tarixində İddiaçı tərəfindən **********1580 saylı, xx.xx.2018-ci il tarixli GB ilə bəyan olunan 2720 yerdən ibarət, cəmi çəkisi 68000 kq bölünmüş düyü Oryza sativa, Qost-ST RK 1020-20000, 25 kq-lıq kisələrdə yükünü gömrük orqanına bəyan edilmiş, düyü müvafiq sənədlər olmaqla gömrükdə rəsmiləşdirilmiş, gömrük haqqları ödənilmişdir. Lakin, sonradan idxal olunmuş malın doğranmış düyü yox, qarışıq düyü olması müəyyən edilmişdir. Bu əsasdan həmin hala dair Komitə tərəfindən araşdırma aparılmış və təhqiqat başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin xx.xx.2018ci il tarixli qərarı ilə «xxxxxxxxxx» Şirkətinin törətmiş olduğu əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və İXM-nin 505-ci maddəsinin 2ci qeydinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduğunun nəzərə alınması, şirkətin Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi, ev 56 ünvanında yerləşən anbarında gömrük təminatı altında saxlanılan düyü yükünin «xxxxxxxxxx» Şirkətinin sərəncamına verilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv olunması barədə «xxxxxxxxxx» Şirkətinin şikayəti təmin edilməmiş, xx.xx.2018-ci il tarixli qərar qanuni hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə «xxxxxxxxxx» Şirkətinin şikayəti təmin edilməyərək Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, gömrük ödənişlərindən yayındırılmış məbləğ kimi 5978.01 manat təşkil etmiş, həmin məbləğdə gömrük ödənişlərindən yayınma CM-nin 209-cu maddəsinin tərkibini yaratmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Gömrük Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gömrük sərhədindən malları keçirən şəxs, dayışıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir; Həmin Məcəllənin: -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir; -121.3-cü maddəsinə əsasən mallar gömrük orqanına təqdim edildikdən sonra, malları barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər; -121.7-ci maddəsinə əsasən bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir; -121.10-cu maddəsinə əsasən malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal və ya gömrük bəyannaməsinə istinad etməlidir; -146.1-ci maddəsinə əsasən gömrük sərhəddindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; -221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin «Gömrük tarifi haqqında» AR Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir; -221.2-ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən aslı olmayaraq tətbiq edilir; -221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır; Göründüyü kimi, gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bunları nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi bu hissəsə təmin edilməməlidir. İddiaçının digər tələbi olan “2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 1.894.46 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı Baş Gömrük İdarəsinin idxal etdikləri qarabaşağı vaqonlarda dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırdıqları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gömrük Məcəlləsinin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Göründüyü kimi, cavadeh iddiaçı tərəfindən xaricdən idxal olunmuş malları gömrük orqanının müvəqqəti saxlanc anbarlarında ödənişsiz olaraq saxlanmasını həyata keçirməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3783/2018 saylı qərarı -1.894.46 manat əlavə , 2786,03 manat cərimə tələbi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Həmin cərimə cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar