Məhkəmə qərarları › İş №2-1(103)-2721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2721/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2721/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı mənzil-tikinti kooperativinin sədri X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı mənzil-tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9394/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yiğincağının qərarın etibarsız hesab edilməsi və maraqlı şəxs "xxxx" MMMC-nin 1121- MM8-0202 nömrəli qeydiyyatın və bunun nəticəsində verilmiş qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarışın, nizamnamənin və qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Bakı şəhəri, D.Bünyadzadə küçəsi 3 saylı binanı inşa etmişdir. Bir neçə ay bundan qabaq kooperativə "xxxx" MMMCnin rəhbəri Rəfayel Həsənov müraciət edərək binaya aid sənədləri MMMC-yə təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMMC-nin qeydiyyata alınması üçün əsas olunmuş təsis sənədlərini-təsis yığıncağının qərarı, arayış, ərizə və ad dəyişməsi ilə əlaqədar ümumi yığıncağının digər qərarlarının surətləri təqdim olunmuşdur. 14.09.2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunmuşdur ki, həmin müştərək cəmiyyəti rəhbərlik etdiyi kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır, qalan 13 nəfərin mənzillərə aid olan hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmamışdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və ( və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%- dən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 1 ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda həmin məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi sözügedən mülkiyyət hüququ sərəncam vermək hüququnu ehtiva etmişdir. Bundan başqa qərarda adları qeyd olunan şəxslərlə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, bəzi şəxslər həmin qərarı ümumiyyətlə imzalamamışlar. Belə ki, X2 və X6 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirmişlər ki, "xxxx" MMMC -nin 14.09.2020-ci il tarixli təsis yığıncağında iştirak etməmişlər, həmin qərarı imzalamamışlar, həmçinin yığıncağın qərarı ilə tanış olaraq bildirmişlər ki, qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyildir. Həmçinin qərarda olan X4, X8, X11 və X3 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq olmuşdur. Bundan başqa adı qeyd olunmuş X4 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və bu qərarı ölkəmizdə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilmişdir. Bütün bunlar ona dəlalət etmişdir ki, sənədləri cavabdehə təqdim edən X9 və X1 yol verərək dövlət qurumuna yanlış məlumatlar təqdim etmişdirlər. Əlavə olaraq bildirmişdir ki, MTK tərəfindən təsdiq olunmuş arayış əslində Ədliyyə Nazirliyinə təqdim etmək üçün yox, ərazinin polis sahə müvəkkilinin xahişi ilə rayon icra hakimiyyətinə bina barədə ətraflı məlumatı olması üçün verilmişdir. İddiaçı sonradan təsis sənədlərinin arasında arayışı gördükdə polis sahə müvəkkili barəsində şikayət ərizəsi vermişdir. Bundan sonra Ədliyyə Nazirliyinə müraciət edərək "Ə.Y.” MTKnın bazasında təsis edilmiş "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyatını ləğv etməyi xahiş etmişdir. Ədliyyə Nazirliyi 12 avqust 2021-ci il tarixli 05/4680/2-13 saylı məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv etmək səlahiyyətinə malikdirlər. Odur ki, iddiaçı məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9394/2021 saylı, 06 sentyabr 2021-ci tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas kimi İddiaçı mənziltikinti kooperativinin "xxxx" MMMC-nin nizamnaməsinə əsasən onun ləğvi üçün vəkil edilmiş orqan, eləcə də mülki qanunvericiliyə əsasən cəmiyyətin qeydiyyatının ləğvi ilə bağlı tələb irəli sürmək hüququ verilmiş şəxs olmamasını göstərmişdir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçının tələbi "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi hissəsində də mülki xarakterli olduğundan iddia bu hissədə də mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı mənzil-tikinti kooperativinin sədri X10 və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin məcəllənin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. Həmin məcəllənin 133.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1 və 59.2-ci maddələrində göstərilmişdir ki, hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 59.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olubolmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. İş materiallarından göründüyü kimi "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 09.03.2021-ci il tarixdə 1121-MM8- 0202 nömrə ilə qeydiyyata alınmış, cəmiyyətin nizamnaməsinin 1.1-ci maddəsinə əsasən, cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirmişdir. Nizamnamənin 1.8-ci maddəsinə əsasən, cəmiyyətin yerləşdiyi ünvan ünvan 1, mənzil 41, giriş-1 olmuşdur. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən, qurumun fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olmaqla qeydiyyata alınmanın hüquqi əsasları sahə mülkiyyətçilərinin 14.09.2020-ci il tarixli təsis yığıncağının və 30.12.2020-ci il tarixli ümumi yığıncağının qərarları qeyd edilmişdir. Cəmiyyətin nizamnaməsinin 13.1-ci maddəsinə əsasən cəmiyyətin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. Nizamnamənin 13.2-ci maddəsinə əsasən, Cəmiyyətin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı cəmiyyətin ləğv edilməsi haqqında qərar verməyə borcludur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Ə.Y.” MTK-nın sədrinə ünvanlanmış 12.08.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Rafayel Həsənov tərəfindən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınmasına dair sənədlərdə bir neçə mülkiyyətçinin imzalarını, habelə bəzi sənədləri saxtalaşdıraraq Ədliyyə Nazirliyinə təqdim edilməsi səbəbindən qurumun ləğv olunması ilə bağlı daxil olmuş müraciətinə baxılmış və bildiririlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanunvericiliyin normalarından göründüyü kimi "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə tələb mülki xarakterlidir. Həmçinin İddiaçı mənzil-tikinti kooperativi mülki qanunvericiliyə əsasən cəmiyyətin qeydiyyatının ləğvi ilə bağlı tələb irəli sürmək hüququ verilmiş şəxs , eləcə də "xxxx" MMMC-nin nizamnaməsinə əsasən onun ləğvi üçün vəkil edilmiş orqan səlahiyyətlərinə malik deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi "xxxx" MMMC-nin təsis yığıncağının qərarının ləğv edilməsi hissəsində mülki xarakterli olduğundan və eyni zamanda İddiaçı mənzil-tikinti kooperativinin "xxxx" MMMC-nin qeydiyyatının ləğv edilməsi ilə bağlı subyektiv hüququ olmadığından məhkəmə haqlı olaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9394/2021 saylı, 06 sentyabr 2021-ci il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9394/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar