Məhkəmə qərarları › İş №2-1(103)-2756/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2756/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2756/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “icarə haqqı üzrə borcun silinməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X4 ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinə qarşı “icarə haqqı üzrə borcun silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 say xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən ünvan 1 ünvanda yerləşən 6017,90 m2 torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

2. Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasını Qanununun 7-ci maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Yaranmış borcunuz dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar olmuşdur. Sizin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 131787,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcunuz mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Nəzərinizə çatdırırıq ki, torpaq icarə haqqı üzrə borcunuzu 5 gün müddətində (Təsnifat kodu 141720, X3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi, hesablaşma hesabı: AZ 17CTRE********************, VÖEN **********) qeyd olunan bu hesaba ödənilməsi təmin edilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməmiş icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

3. Məhkəmə sorğusuna cavab olaraq Lokal Gəirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli 1406 nörməəli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 472 saylı xx.xx.2017-ci il tarxli sərəncamı, 13315 saylı, 0xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi, 129 ünvanında yerləşən 6017,9 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 155050,74 manat təşkil edir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən dövlət fonduna məxsus, xx.xx.2017-ci il tarixli, 1406 №-li icarə icarə müqaviləsində qeyd olunan 6017,9 kv.m. torpaq sahəsinə görə "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən sonra icarə haqqının hesablanması il bağlı hərəkətinin qanunsuz hesab edilməsi və həmin müddətdən sonra hesablanmış və ödənilməsi ilə bağlı tələb irəli sürülmüş (xx.xx.2024-cü il tarixə 155.050 manat 74 qəpik məbləğində) icarə haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2024-cü il tarixə 131.787 manat 46 qəpik məbləğinc carə haqqı üzrə borcu hesablanmış və ödənilməsi ilə bağlı tələb irəli sürülmüşdür. Həmin borc məbləği, ünvan 2 ünvanında yerləşən dövlət fonduna məxsus, 6017,9 kv.m. torpaq sahəsinin ‘Rahatlığı Məkanı” MMC tərəfindən icarə əsasları ilə istifadə edilməsinə, icarəsində olmasına istinadən hesablanmışdır. Bunun da əsası kimi Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsi stinad edilir. Göründüyü kimi cavabdeh dövlət fonduna məxsus 6017,9 kv.m. torpaq sahəsinin "xxxx" MMC-nin icarərində olduğu qənaəti ilə icarə haq hesablayır və hesablanmaqda davam edir. Lakin cavabdehin icarə haqqının hesablanmasının əsası kimi istinad etdiyi hal çoxdan mövcud deyildir. Belə ki, "xxxx" MMC bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bundan bir neçə ilə əvvəl qeyd olunan ünvan 3 ünvanında bina tikintisinin layihələndirilməsi və inşaasını həyata keçirmişdir. Həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 say xx.xx.2017-ci il tarixli inşaat pasportu verilmişdir. Bunun əsasında həmin ünvanda MMC-yə ayrılmış 6.017,9 kv.m. torpaq sahəsinin icarəsi ilə bağlı yuxarıdı qeyd edilən 1406 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqavilədə illik icarə haqqı 23.263 manat 28 qəpik olmaqla, ödənişin xx.xx.2017-ci il tarixdən başlandığı razılaşdırılmış, müqavilənin müddəti 49 il müəyyən edilmişdir. Bununla da qeyd olunan dövlət təyinatlı 6.017,9 kv.m. torpaq sahəsinə dair icarə münasibətlərinin xx.xx.2017-ci il tarixdən, icarə haqqının ödənilməsinin isə xx.xx.2017-ci il tarixdən başlandığı mübahisəsiz haldır. Həmçinin həmin torpaq sahəsinin icarə əsaslarla MMC-nin istifadəsində qaldığı 49 müddət ərizndə illik 23.263 manat 28 qəpik icarə haqqı ödəməli olduğ da işin mübahisə olunmayan tərəfidir. Lakin qeyd olunan torpaq sahəsi müəyyən müddətdən sonra başqasının mülkiyyətinə verilməklə MMC-nin icarəsindən çıxmışdır. Belə ki, İcarə müqaviləsindən dərhal sonra məlum olmuşdur ki, həmin torpaq sahəsindan 1.003,1 kv.m. hissəsi X6 mülkiyyətindədir və mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə DƏ Reyestrində qeydiyyata alınmışdır. Buna görə də icarə müqaviləsi əsasdan yaranmış icarə hüququnun DƏ Reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bu bardədə icarəyə verənə məlumat verilmiş və çıxarış təqdim edilmişdir. Daha sonra X7 icarə müqaviləsində qeyd olunan 6.017,9 kv.m sahədən yerdə qalan 5.014,8 (6.017,9 - 1.003,1) kv.m. hissəsi də daxil olmaqla həmin ünvanda mövcud 6.664,7 kv.m. (0,66647 ha.) torpaq sahəsini özəlləşdirmişdir. Bun dair əldə etdiyi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə DƏ reyestrində qeyiyyata alınmış və bununl bağlı adına RX, №1491526 seriya nömrəli çıxarış verilmişdir. Həmin tarixdən də torpaq sahəsi qeyd olunan 5.014,8 kv.m. hissəsi mülkiyyətçiyə təhvil verilmiş və İcra Hakimiyyətinə məlumat, icarə müqaviləsinə xitam barədə bildirişi verilmişdir. Göründüyü kimi Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsində dövl fonduna məxsus olduğu qeyd edilmiş 6017,9 kv.m. torpaq sahəsinin 1.003,1 kv.m. hissəsində ümumiyyətlə, yerdə qalan 5.014,8 kv.m. hissəsinə isə xx.xx.2019- cu il tarixdən sonrakı müddətlərdə icarə haqqı hesablana bilməzdi. Nəticə etibarı ilə icarə müqaviləsində qeyd olunan torpaq sahəsindən dövlət torpaq fonduna aid olmuş 5.148,8 kv.m. hissəsinə, icarə müqaviləsinin şərtinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixə kimi icraə haqqı hesablana bilər. Bu da icarə müqaviləsində torpaq sahəsinin 1 kv.m. üçün müəyyən edilmiş 3 manat 87 qəpik (23.263, 28 : 6.017,9) nisbətdə illik 19.407 manat 28 qəpik (5.014,8 x 3,87), icraə haqqının hesablanmağa başlandığ xx.xx.2017-ci il tarixdən, torpaq sahəsinin xüsusi mülkiyyətə verildiyi xx.xx.2019-cu il tarixə kimi müddətlər üçün isə ümumilikdə 25.876 manat 37 qəpik '19.407,28 : 12 x 16 ay) təşkil edir. Həmin məbləğ də icarə münasibətlərinin davam etdiyi müddətlər ərzində vaxtında ödənilməsi təmin edilmişdir. Göründüyü kimi cavabdeh ona məlum olmuş icarə müqaviləsininin məlumatlarına söykənərək, müqavilənin məlumatlarına uyğun icarə haqqını davam hesablamışdır. Daha sonra isə aydın olmuşdur ki, icarə müqaviləsinin predmeti olan torpaq sahəsinə görə vəziyyət dəyişmişdir. İcarə haqqının torpaq sahəsinə görə hesablandığı baxımından, onunla bağlı vəziyyətin dəyişdiyi bəlli olduğu anda cavabdeh icarə haqqı ilə bağlı hesablamaları ona dəyişikliyə uyğunlaşdırmaqla yenidən hesablamalı idi. Lakin cavabdeh bununla bağlı hərəkətsizlik etmiş, əksinə qeyd olunan ünvanda xx.xx.2019-cu il tarixdən ümumiyyətlə dövlət fonduna aid torpaq sahəs olmadığını bildiyi halda, MMC-yə icarə haqqı hesablamaqda davam etmişdir. Bu da icraə münasibəti, həmçinin bu münasibəti yaranmasının predmeti olan dövlə orpaq fonduna aid torpaq sahəsi mövcud olmadığı halda cavabdeh tərəfindən MMC-yə xx.xx.2024-cü tarixə 131.787 manat 46 qəpik məbləğində icarə haqc hesablanmış və ödənilməsinə dair bildiriş verilmişdir. Daha sonra da müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixə 155.050 manat 74 qəpik borc hesablandığ bildirilmişdir. Bu da həmin məbləğin ödənilməsi ilə bağlı MMCnin üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir.

6. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, şəxsi hesab vərəqəsində hazırkı hesablamalar hüquqi şəxs ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında ünvan 1 ünvanda yerləşən 6017,90 kv.m torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İddiaçı MMC-nin (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə dövlət büdcəsinə borcu 155050,74 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən dövlət torpaq sahələrinin icarəsi üzrə hesablanmış məbləğ üzrə dəyişiklik edilməsi üçün hər hansı məlumat cavabdehə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən: -Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, dövlət müllkiyyətində olan və hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahələrinə dair icarə haqları üzrə nəzarəti həyata keçirmək, bununla bağlı icarə haqqı borcunu hesablayaraq şəxsi hesab vərəqinə işləmək cavabdehin vəzifəsidir. Eyni zamanda müəyyən olunur ki, cavabdehin hesablanmış dövlət torpaq sahələrinin icarə üzrə borcun tutulması ilə bağlı Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi ödəyicisinə qarşı hər hansı müvafiq tədbir görmək imkanı da tənzimlənməmişdir. Qanunvericiliklə vergi orqanının hesablanmış icarə haqqı borcu ilə bağlı ayrıca şəxsi vərəqədə qeyd etmək və həmin borcun tutulması ilə bağllı məhkəmədə iddia qaldırmaq imkanı nəzərdə tutulmuşdur ki, hazırkı halda inzibati orqanın məhkəmədə ödəyiciyə qarşı iddia irəli sürdüyü də müəyyən olunmur. Başqa sözlə, cavabehin icarə haqqı borcu barədə istər xəbərdarlıq məktubu, istərsə də ayrca şəxsi vərəqədə borcun qeyd edilməsi iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının sözügedən icarə haqqı borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, əliverişsiz nəticələrə gətirib çıxaran faktiki xarakterli hərəkətlərə yol verilməmişdir. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir.

9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, ilkin olaraq qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçının vergi şəxsi hesab vərəqəsinə hesablanmış borc qismində qeyd olunan hər hansı bir məbləğ, vergi ödəyicisi üçün əlavə ödəniş öhdəliyi yaradır. Həmin borcun ödənilməsi gecikdirildiyi hallarda hər gün üçün faiz cərimələrin hesablanmasına səbəb olur. Göründüyü kimi cavabdeh tərəfindən şəxsi hesaba qeyd edilən məbləğin ödənilməsi ilə bağlı iddiaçı üçün vəzifələr yatardığı aşkar və mübahisəsiz haldır. Həmçinin vergi ödəyicisi olaraq iddiaçıya məxsus vergi şəxsi hesab vərəqəsinə ödənilən məbləğin daxil edilməsi, artırılması, azaldılması səlahiyyətləri məhz cavabdehə aiddir. Lakin cavabdeh icarə haqqı ilə bağlı iddiaçının şəxsi vərəqinə əsassız daxil etdiyi məbləğin silinməsinə və ya müvafiq qaydada artıq hesablama kimi azaldılması ilə bağlı iddiaçının xahişinə baxmır və hərəkətsizlikdə davam edir. Bu baxımdan iddiaçı hüququnun müdafiəsi üçün yeganə yolu məhkəmədir. Lakin qərardadı qəbul edərkən, məhkəmə bunu nəzərə almamış, məbləğin tələb edilməsi ilə bağlı vəziyyəti düzgün şərh etməmişdir. Əslində məhkəmə nəzərə almalı idi ki, hesablanmış borc qismində şəxsi hesab vərəqəsində məbləğin qeyd edilməsi, həmin məbləğin ödənilməsinin tələb edilməsidir. Şəxsi hesab vərəqəsinə qeyd olunan hər bir məbləğin məcburi qaydada ödənilməsi vergi ödəyicisinin vəzifəsidir və ödənilmədiyi halda məsuliyyətə səbəb olur. Mübahisələndirilən şəxsi vərəqəyə qeyd olunan borc məbləğinin əssassız hesablanmasına gəlincə, qeyd olunamlıdır ki, Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 saylı xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən ünvan 1 ünvanda yerləşən 6017,90 kv.m torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bunun əsasında həmin ünvanda MMC-yə ayrılmış 6.017,9 kv.m. torpaq sahəsinin icarəsi ilə bağlı yuxarıda qeyd edilən 1406 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqavilədə illik icarə haqqı 23.263 manat 28 qəpik olmaqla, ödənişin xx.xx.2017-ci il tarixdən başlandığı razılaşdırılmış, müqavilənin müddəti 49 il müəyyən edilmişdir. Lakin bir müddət sonra həmin torpaq sahəsindan 1.003,1 kv.m. hissəsi X5 mülkiyyətinə verilmiş və mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə Dövlət Reyestrində qeydiyyata alınmışdır. Daha sonra X7 icarə müqaviləsində qeyd olunan 6.017,9 kv.m sahədən yerdə qalan 5.014,8 (6.017,9 - 1.003,1) kv.m. hissəsi də daxil olmaqla həmin ünvanda mövcud 6.664,7 kv.m. (0,66647 ha.) torpaq sahəsini özəlləşdirmişdir. Buna dair əldə etdiyi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Dövlət reyestrində qeyiyyata alınmış və bununla bağlı adına RX, №1491526 seriya nömrəli çıxarış verilmişdir. Həmin tarixdən də torpaq sahəsi qeyd olunan 5.014,8 kv.m. hissəsi mülkiyyətçiyə təhvil verilmiş və İcra Hakimiyyətinə məlumat, icarə müqaviləsinə xitam barədə bildirişi verilmişdir. Göründüyü kimi, Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsində dövlət fonduna məxsus olduğu qeyd edilmiş 6017,9 kv.m. torpaq sahəsinin 1.003,1 kv.m. hissəsində ümumiyyətlə, yerdə qalan 5.014,8 kv.m. hissəsinə isə mülkiyyətə verildiyindən xx.xx.2019-cu il tarixdən sonrakı müddətlərdə icarə haqqıhesablana bilməzdi. X12 Baş İdarəsinin iddiaçıya ünvanladığı xəbərdarlıq məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 131787,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borc mövcuddur, həmçinin xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 155050,74 manat qeyd edilmişdir. Bununla bağlı cavabdeh İdarənin bir neçə səlahiyyətli vəzifəli şəxsləri ilə məsələnin mübahisəyə çevrilmədən həll edilməsi və əsassız hesablanmış icarə haqqı borcunun silinməsinə dair xahiş edilmişdir. Lakin cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən, hüquqi şəxsin qanunda müəyyən olunan hüququ təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Qərardadın məzmunundan göründüyü kimi məhkəmə sorğusuna cavab olaraq cavabdeh Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcunun 155050,74 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilən və qərardadda qeyd olunan tərəflər arasında münasibətlərlə bağlı faktiki hallara nəzərən, məhkəmənin gəldiyi nəticə bir-birinə uyğun deyildir. İddiaçı ona əsassız olaraq hesablanmış155050,74 manat icarə haqqı borcunun silinməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyi halda, məhkəmə iddiaçının iddiaya hüquqi marağının olmaması səbəbindən iddianı mümkün saymamışdır. Bu aşkar şəkildə iddiaçının məhkəmə müdafiə hüququnun məhdudlaşdırılmasıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hüquqi dövlətdə inzibati məhkəmə icraatı inzibati hüquq sahəsində insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmənin, eləcə də hüququn aliliyinə və demokratik idarəçiliyə nail olmanın ən səmərəli mexanizmlərdən biri kimi qəbul edilir. Bununla da, hakimiyyət səlahiyyətlərinihəyata keçirən orqanların inzibatihüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarəti təmin edilmişolur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zərurihüquqiyardım göstərməsini tələb edi nla əlaqədar onlara zərurihüquqiyardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalıvə bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlə.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

12. Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinə qarşı yazılı etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətin müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 40. Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.4 Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir. 22.Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 23.İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

25. Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 say xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən ünvan 1 ünvanda yerləşən 6017,90 m2 torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

26. Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasını Qanununun 7-ci maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Yaranmış borcunuz dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar olmuşdur. Sizin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 131787,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcunuz mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Nəzərinizə çatdırırıq ki, torpaq icarə haqqı üzrə borcunuzu 5 gün müddətində (Təsnifat kodu 141720, X3, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi, hesablaşma hesabı: AZ 17CTRE********************, VÖEN **********) qeyd olunan bu hesaba ödənilməsi təmin edilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməmiş icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

27. Məhkəmə sorğusuna cavab olaraq, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli 1406 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 472 saylı xx.xx.2017-ci il tarxli sərəncamı, 13315 saylı, 0xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi, 129 ünvanında yerləşən 6017,9 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 155050,74 manat təşkil edir

28. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin birinci abzasına əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.

29. Həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

30. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək. 4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.27. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq.

32. Qanunvericiliyin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət cavabdeh tərəfindən həyata keçirilir.

33. Məhkəmə kollegiyası ilk öncə şəxsi hesab vərəqəsinin anlayışına aydınlıq gətirməyi zəruri sayır. Belə ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.

34. Kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmlişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Odur ki, bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir.

35. Yuxarıda da qeyd edildiyi kimi, şəxsi hesab vərəqəsi vergilər, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə vergi olmayan digər vəsaitlər üzrə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqədir ki, şəxsi hesab vərəqəsində əks olunmuş məbləğin silinməsi üçün həmin məbləğin vərəqəyə daxil edilməsinin əsasında duran halı (məsələn, hərəkət və ya inzibati akt) mübahisələndirmək lazımdır.

36. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin “hüquqi marağı” olmaması əsası ilə iddianı mümkünsüz hesab etməsi əsassızdır.

37. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

41. Əlavə olaraq Kollegiya qeyd edir ki, analoji mübahisələr üzrə Ali Məhkəmənin. 2- 1(102)-343/2025 saylı xx.xx.2025-ci il tarixli və 2-1(102)-12/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlarında işlərə mahiyyəti üzrə baxılmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar