Məhkəmə qərarları › İş №2-1(103)-2816/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2816/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2816/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı onun əvvəllər mövcud olmuş X2 Təşkili üzrə Dövlət Agentliyində X2 Təşkili və X1 Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. Son iş yeri Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyində X2 təşkili və X1 şöbəsində aparıcı məsləhətçi vəzifəsi olmuşdur. İddiaçı dövlət qulluqçusu kimi kifayət qədər iş satajına malikdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanın 6-cı bəndinə əsasən Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Həmin normaya əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən cənab Elçin Yusubovun 04 dekabr 2021-ci il tarixli, K-22 nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müvafiq işlə təmin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 28 dekabr 2021-ci il tarixli **********60 nömrəli məktubu ilə onun ərizəsinin təmin edilməməsi barədə məlumat verilmişdir. Həmin məktubda iddiaçının xx.xx.2021-ci il tarixdən iki il müddətinə cavadeh orqanda ehtiyat kadr kimi saxlanacağı bildirilmişdir. Ancaq cavabdeh orqan iddiaçını ilk növbədə dövlət qulluğuna götürülməli olmasına baxmayaraq, başqa şəxsləri iddiaçının son işlədiyi vəzifələrə uyğun işə qəbul etmişdir. Belə ki, iddiaçının ailə üzvləri məcburi köçkün statusuna malikdir. Həmçinin ehtiyat kadr olduğu üçün vakant vəzifələr ilk növbədə ona təklif olunmalıdır. Cavabdeh orqan vakant vəzifələri iddiaçıya təklif etməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ünvanlanaraq bildirmişdir ki, tərəflər arasında qeyd edilən mübahisə artıq həll edilmiş və qarşılıqlı razılıq əsasında iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətində dövlət qulluğu vəzifəsinə təyin edilmişdir (müvafiq əmr əlavə edilir), Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır, cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir, həmin maddənin 3-cü hissəsinə əsasən Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının tələbinin artıq təmin edildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Ərizəyə əlavə edilmiş K-315 nömrəli, 11 sentyabr 2023-cü il tarixli əmrdən də görünür ki, İddiaçı 11 sentyabr 2023-cü il tarixindən daimi dövlət qulluğuna qəbul edilmiş və Xidmətin Aparatının Əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ünvanlanaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar cavabdeh orqan tərəfindən icra edilmişdir, əlavə olaraq heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi- “iddiaçının aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar