Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2903/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “sığorta ödənişinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(112)-4836/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehna qarşı “sığorta ödənişinin təyin edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək işsizlikdən sığorta ödənişinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq sığorta ödənişinin təyin edilməsindən imtina edir. Halbuki, onun barəsində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Cavabdeh isə mərkəzləşdirilmiş elektron informasiya sistemində məcburi dövlət sosial sığorta haqqlarının ödənilməməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin sistem 2014-cü ilin ortalarında yaradılmışdır ki, 2014-cü ilə qədər olan məlumatların sistemdə öz əksini tapmaması normal haldır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, mərkəzləşdirilmiş elektron informasiya sistemində sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqqlarının tam ödənmədiyi üçün sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır Bakı İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(112)-4836/2023 saylı qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilərək, İddiaçı Nazım qızına işsizlikdən sığorta ödənişinin ödəndilməsi öhdəliyinin Cavabdehna həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu ******* nömrəli əmək kitabçasından da görünür ki, iddiaçının sonuncu iş yeri üzrə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin b) bəndinə əsasən xitam verilmişdir. Belə olduğu təqdirdə hazırki münasibətlərə tətbiq edilməli tənzimlənmə Qanunun 13.1.3cü maddəsində nəzərdə tutulur. Belə ki, Qanunun 13.1.3-cü maddəsinə əsasən əmək müqaviləsinə müddətin qurtarması əsası ilə, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam verilən və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüququ müəyyən edilir. Göründüyü kimi müddətli əmək müqaviləsi üzrə şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququnun yaranması üçün sığorta hadisəsi qismində sözügedən müddətli əmək müqaviləsinin müddətinin bitməsi qanunvericilik baxımından tanınmaqdadır. Qanunun 13.2.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişinin təyinatı aparılmaqdadır. Qeyd edilməlidir ki, şəxslərin müddətli əmək müqavilələrinin müddətin bitməsi əsası ilə xitam edilməsi özlüyündə həmin şəxslərə işsizlikdən sığorta ödənişi təyinatının aparılmasına imkan verməkdədir. Burada tələb olunan bir digər şərt isə şəxslərin qanunvericilikdə nəzərdə tutulan işsizlikdən sığorta stajına malik olmasıdır. Qanunun 2.0.11-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı dedikdə sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan bu Qanunun 11-ci maddəsində müəyyən olunan müddət başa düşülməkdədir. Qanunun 11-ci maddəsinə əsasən sığorta stajının müəyyən olunması zamanı nəzərə alınan müddətlər 2 kateqoriyaya bölünmüşdür: a) Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və b) bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət. Birinci instansiya məhkəməsinin iş üzrə 3 aprel 2023-cü il tarixli 2-1(112)-4836/2023 nömrəli qərarından isə müəyyən olunur ki, məhkəmə iddiaçının əmək müqaviləsinin xitam əsasını araşdırmadan Qanunun 13.2.2-ci maddəsinə istinad etmiş və beləliklə tətbiq ediləcək maddi hüquq normasının düzgün seçilməməsi nəticəsində əsassız qərarın qəbul edilməsinə şərait yaratmışdır. Belə ki, Qanunun 13.2.2-ci maddəsinə əsasən Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində ödəniş təyin edilir. Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan sığorta hadisələri isə müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olmayıb, uyğun olaraq dövlət orqanı və ya hüquqi şəxsin ləğvi və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisarı ilə əlaqədardır. Halbuki, iddiaçı sonuncu iş yeri üzrə nə dövlət orqanı və ya hüquqi şəxsin ləğvi, nə də işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisarı əsası ilə işdən çıxmışdır. İddiaçının əmək münasibətlərinə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verildiyi üçün məhkəmə tərəfindən tətbiq edilən maddi hüquq norması düzgün seçilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işsizlikdən sığorta ödənişin təyinatı zamanı sığorta stajına münasibətdə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajının olması zərurəti var. Burada 2.0.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları başa düşülür. İddiaçının ******* nömrəli əmək kitabçasının sadə təhlilindən müəyyən olunur ki, iddiaçı sonuncu iş yeri üzrə əmək münasibətlərinə xx.xx.2011-ci il tarixində daxil olmuş və xx.xx.2014-cü il tarixində həmin münasibətlərə xitam verilmişdir. Göründüyü kimi sığorta hadisəsinin baş verməsindən əvvəlki 36 təqvim ayı müddətində iddiaçı əmək münasibətlərində olmuşdur. Ancaq problemli məqam ondan ibarətdir ki, qeyd edilən 36 təqvim ayı ərzində iddiaçının müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajının olub-olmamasını müəyyən etmək mümkün deyil. Belə ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Məhkəmə tərəfindən münasibətlərə uyğun olmayan maddi hüquq norması tətbiq olunduğuna görə sığorta stajı ilə bağlı müvafiq araşdırma da aparılmamışdır. Qeyd edilməlidir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) iddiaçının əmək müqaviləsi bildirişi olmadığı üçün onun müvafiq maddi hüquq norması üzrə qanunvericilikdə nəzərdə tutulan sığorta stajının olub-olmamasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndinə əsasən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1- 1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Belə olduğu təqdirdə iddiaçının sığorta stajını müəyyən etmək mümkün olmamış və obyektiv olaraq qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçıya işsizlikdən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, tələb olunan 30 aylıq sığorta stajı ancaq müddətli əmək müqaviləsi üzrə nəzərə alınmaqdadır. Həmçinin, 14 mart 2022-ci il tarixdə Agentliyin 14 mart 2022-ci il tarixli **********2 nömrəli İdarə Heyətinin qərarına əsasən struktur dəyişikliyi həyata keçirilmiş və iqtisadi zonalara uyğun regional məşğulluq filialları və ixtisaslaşdırılmış mərkəzi filiallar yaradılmışdır. Struktur dəyişikliyindən sonra işsizlikdən sığorta ödənişini X1 və Təyinat filialı həyata keçirdiyindən Bakı Regional Məşğulluq filialı cavabdeh kimi göstərilə və üzərinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi qoyula bilməz. Belə ki, hazırda Bakı Regional Məşğulluq filialının büdcəsi olmadığına görə maliyyə xarakterli öhdəliyin müəyyən olunması nəticə etibarilə həmin məhkəmə qərarının icrasının mümkünsüzlüyü məsələsini ortaya çıxaracaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(112)-4836/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan məşğulluq haqqında arayışdan görünür ki, iddiaçı 21 yanvar 2022-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. Əmək kitabçasının surətindən görünür ki, 07 yanvar 2014-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsini 2-ci hissəsinin b bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İmtina məktublarından görünür ki, sonuncu iş yeri üzrə sığorta haqqlarının ödənilməsinə dair məlumatın aşkar edilməməsi səbəbindən sığorta ödənişinin təyin edilməsi həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin işəgötürənə ünvanladığı iddiaçı barəsində sığorta ödənişlərinin ödənilib-ödənilməməsi ilə qəbz və aidiyyəti digər sənədlərin təqdim edilməsinə dair sorğuya cavab məktubunda və ona əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdehin sığorta haqqlarınn ödənilməsi barədə informasiya sistemində qeyd etdiyi dövrlər üzrə işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin sığorta ödənişinin təyin edilməsindən imtina əsası sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqqlarının ödənilməməsi ilə bağlıdır. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh sığorta haqqlarının ödənilməsi anlayışı ilə, sığorta haqqlarının ödənilməsinin elekton informasiya sistemində qeyd edilməsi anlayışlarını eyniləşdirməklə iddiaçının sığorta ödənişini almaq hüququna müdaxilə etmişdir. Belə ki, iddiaçı sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə xitam əsasına uyğun olmaqla malik şəxsdir və işəgötürən tərəfindən sığorta ödənişləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Apelyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməməsindən, yəni həmin Qanunun 13.1.3-cü maddəsi tətbiq edilməli olduğu halda, 13.2.2-ci maddəsinin tətbiq edilməsindən, iddiaçının ən azı 30 ay sığorta stajının olubolmamasını müəyyən etməyin mümkün olmamasından və struktur dəyişikliyindən sonra işsizlikdən sığorta ödənişini X1 və Təyinat filialı həyata keçirdiyindən Bakı Regional Məşğulluq filialı cavabdeh olmamasından ibarətdir. Apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kolegiyası qeyd edir ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanunun 2.0-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması. 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti. Qanunun 3.1-ci maddəsinə görə sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Həmin Qaydaların 3.1-ci bəndinə görə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. Qaydaların 4.3-cü bəndinə görə sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni birinci instansiya məhkəməsinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməməsindən, həmin Qanunun 13.1.3-cü maddəsi tətbiq edilməli olduğu halda, 13.2.2-ci maddəsinin tətbiq edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin b) bəndinə əsasən işdən azad olunduğu üçün onun barəsində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsi tətbiq edilməlidir. Lakin bu hal özü-özlüyündə apelyasiya şikayətinin təmin edilib, iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən əvvəlki 36 təqvim ayı müddətində əmək münasibətlərində olmuşdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qeyd olunanlara əsasən apelyatorun apelyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin sığorta haqqları barədə məlumatın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq elektron informasiya sistemində yerləşdirilməməsi isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir. Adıçəkilən Əsasnamənin: 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq; 5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək; 5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək. Göründüyü kimi sistemin operatoru kimi məlumatın mərkəzləşdirilmiş elektron informasiya sistemində daxil etmək cavabdehin müvafiq funksiyalarını həyata keçirdiyi üst qurumun səlahiyyətləri daxilində olan məsələdir. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı işsizlikdən sığorta ödənişinin ödənilməsinin Cavabdehna həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2- 1(112)-4836/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(112)-4836/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2903/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2903/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver