Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2904/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(112)-5453/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: “İddiaçı Cavabdehnə qarşı vəzifə maaşının ödənilməsi və s qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 noyabr 2020-ci il tarixdən vergi mütəxəssisi vəzifəsinə təyin edilmiş, 10 may 2022-ci il tarixdə əmək şəraitinin dəyişdirilməsi adı ilə vəzifəsindən azad edilmişdir. İddiaçı qeyd edir ki, həmin tarixlərdə maaş almamışdır. Bununla bağlı müraciət etmiş, lakin əmək haqqısının ödənilməsi həyata keçirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(112)-5453/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cvaabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdehin 06 sentyabr 2018-ci il tarixli əmrindən görünür ki, onunla xidməti müqavilə bağlanılmış, əmək haqqının hər ay yığımının 24 faizi məbləğində olması müəyyən edilmişdir. Xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanılmış müqavilə xidməti müqavilə olmuş, 1 il müddətinə müqavilə bağlanılması, xitam verilmə barədə yazılı müraciət edilmədiyi təqdirdə isə həmin müddətə uzadılması tərəflərin iradə ifadəsi ilə müəyyən edilmişdir. Cavabdehin 02 noyabr 2020-ci il tarixli əmrindən görünür ki, iddiaçı 02 noyabr 2020-ci il tarixdən vergi mütəxəssisi vəzifəsinə təyin edilmiş, ay ərzində yığılmış verginin 25 faizi məbləğində əmək haqqı müəyyən edilmişdir. Əmək müqaviləsindən görünür ki, iddiaçı ilə 1 illik müddətə əmək müqaviləsi bağlanılmış, xitam verilmə barədə müraciətin olmayacağı təqdirdə müqavilə müddətinin uzadılması həmin müqavilədə də öz əksini tapmışdır. 04 aprel 2022-ci il tarixli əmrlə istehsalatda yaranmış zərurətlə əlaqədar olaraq əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 10 may 2022-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 79 saylı əmrlə vergi mütəxəssisi vəzifəsinə qəbul edilmiş, 10 may 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c hissəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. X2 iddiaçıya ünvanlanmış məktubundan görünür ki, əmək haqqının verilməməsi barədə müraciətləriniz əsasında vəzifəli şəxs barəsində son haqqhesabın gecikdirilməsi səbəbindən inzibati tənbeh tədbiri görülmüşdür. Fərdi əmək mübahisəsi ilə bağlı isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşin qeyd olunan faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, əmək, hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanı da mövcud deyil.İşin faktiki hallarından da göründüyü kimi cavabdeh inzibati orqan olsa da iddiaçı bələdiyyə qulluqçusu statusunda malik olan şəxs olmamış, müddətli əmək müqaviləsi bağlamaqla işçi qismində çıxış etmişdir ki, bu da onu inzibati orqan olan cavabdehə münasibətdə-yəni işəgötürənə münasibətdə bərabərtərəfli subyekt olmasına dəlalət edir. Qanunvericiliyin tələbindən də görünür ki, əmək haqqının ödənilməsi, ödənilməməsi, ondan məhrum etmə fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin həlli isə inzibati yox, mülki işlərə baxan rayon məhkəməsinin səlahiyyətində olan məsələdir. İddiaçının mülki işçi olmasına münasibətdə aparılmış araşdırma nəticəsində də müəyyən edildiyi kimi iddiaçı əmək müqaviləsi bağlanılmaqla müəyyən müddətə, stabil olmayan əmək haqqı ilə işə götürülmüşdür ki, əmək haqqının və işə qəbul əmrinin mahiyyətindən və məhkəmə araşdırmasından aydın olur ki, iddiaçı bələdiyyə qulluqçusu statusunda olmamışdır. Belə ki, “Bələdiyyə qulluğu haqqında” Qanunun: Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul Bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir. Müsabiqə komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirilir. Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir. Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir. Müsabiqə komissiyasının işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər. Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, bələdiyyə qulluğu daimi peşə fəaliyyətidir və vəzifəyə qəbul Qanunun 5- 1-ci maddəsinin tələbindən göründüyü kimi müsabiqə keçirilməklə həyata keçirilir. Həmin Qanunun digər maddələrindən müəyyən edilir ki, bələdiyyə qulluqçularına spesifik vəzifə, məhrumiyyətlər və qadağalar müəyyən edilmişdir ki, bu da həmin statusa malik şəxslərə münasibətdə bələdiyyə orqanını bərabərtərəfli subyekt yox, hakimiyyət səlahiyyətli subyekt edir. Lakin, hazırkı mübahisədə iddiaçı bələdiyyə qulluqçusu hesab edilmir, o daimi əsaslarla yox, müddətli əmək müqaviləsi ilə işəgötürülmüş əmək münasibətinin tərəfi olan işçidir, cavabdehlə bərabərhüquqlara malikdir. Beləliklə, fərdi əmək mübahisəsi ilə bağlı hüquq münasibəti isə iddiaçı və cavabdehin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər fərdi əmək mübahisəsi üzrə əmək qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq işçi və işəgötürən hesab edildiyindən, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr əmək qanunvericiliyi çərçivəsində realizə olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanı da mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(112)-5453/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2904/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2904/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver