Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-293/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh "Azərbaycan Respublikasının X4" publik hüquqi şəxsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası X4” publik hüquqi şəxsinə qarşı “xx.xx.2023- cü il tarixində X4 tərəfindən keçirilmiş test imtahanı nəticələrinin dəyişdirilməsi, Rəqəmsal məlumatların təhlili kateqoriyası A variantı üzrə test 9, B variantı üzrə test 15, Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə test 77, B variantı üzrə test 69-da səhvliyin müəyyən olunması və həmin testlərin namizədin xeyrinə hesab edilməsi, səhvlik müəyyən olunmuş testlərin namizədin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin, müsahibə mərhələsinə buraxılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4657/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində X4 tərəfindən keçirilmiş test imtahanı nəticələrinin ləğv edilməsi, mübahisəli test tapşırıqlarının səhv hesab edilməsi və həmin testlərin namizədin xeyrinə hesab edilməsi və vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixində X4 tərəfindən keçirilmiş test imtahanı nəticələrinin dəyişdirilməsi, Rəqəmsal məlumatların təhlili kateqoriyası A variantı üzrə test 9, B variantı üzrə test 15, Yeni tarix və dünyagörüşü kateqoriyası A variantı üzrə test 77, B variantı üzrə test 69-da səhvliyin müəyyən olunması və həmin testlərin namizədin xeyrinə hesab edilməsi, səhvlik müəyyən olunmuş testlərin namizədin xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizədlərin vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin, müsahibə mərhələsinə buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı test imtahanı mərhələsi keçirilmişdir. Test imtahanı mərhələsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası X4 tərəfindən aparılmışdır. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələblərə uyğun olaraq “iqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə imtahanda iştirak etmişdir. İmtahan Xətai rayonu 56 nömrəli tam orta məktəbin inzibati binasında keçirilmişdir. İddiaçı imtahanda “A” variantı üzrə təqdim edilən test kitabçasında 100 test tapşırığından 68-ni düzgün həll edərək test imtahanından müvəffəqiyyət əldə etməmişdir. Test imtahanı zamanı verilən test tapşırıqları arasında 9-cu və 77-ci sualda səhvlik aşkar etmiş, bu barədə dərhal nəzarətçini məlumatlandırmışdır. Nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra X3 müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı ilə yanaşı bir neçə namizəd də imtahan zamanı həmin testlərin səhv olması barədə nəzarətçiləri məlumatlandırmışdır. Hər bir namizədə eyni qaydada cavab verilmişdir. Rəqəmsal məlumatların təhlili kateqoriyası test 9-da (sual kitabçası DİM tərəfindən verilmədiyindən variantlarda texniki yalnışlıq ola bilər) sual qrafiklə təsdiq olunmuşdur. Sualda 2 səhvlik aşkar olunmuşdur. 1-ci səhvlik “və” bağlayıcısının düzgün işlədilməməsinin sualın iki mənada oxunmasına zəmin yaratması, 2-ci səhvlik isə sualda ağ və qara rənglə qeyd olunmalı qrafiki təsvirdə ağ rəngin əks olunmaması olmuşdur. Yeni tarix və dünyagörüşü kateqoriyası test 77-da “Nəsimi” və “Dədə Qorqud” filmlərinin ssenari müəllifi Anar Rzayevdir. Bir testdə iki düzgün variantın qeyd olunması isə qanunvericiliyin tələblərinə ziddir. İmtahandan sonra yazılı qaydada imtahanda istifadə etdiyi test kitabçalarının əldə olunmasına şərait yaradılmasını xahiş etsə də, həmin test tapşırıqları təqdim edilməmişdir. Testin nəticələri elan olunduqdan dərhal sonra iddiaçı X2 çağrı mərkəzi ilə əlaqə yaratmış və iddiaçının imtahan nəticəmin ləğv olunması və səhv test tapşırıqlarının namizəd kimi onun xeyrinə hesablanmasını xahiş etmişdir. X2 xx.xx.2023-cü il tarixli məktubunda müraciətə cavab olaraq bildirilmişdir ki, “Dövlət Vergi Xidmətinə işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnaməyə” uyğun olaraq keçirilmiş test imtahanının nəticləri ilə bağlı vətəndaşların müraciətinə baxılması üçün Mərkəztərəfindən Apellyasiya Komissiyası yradılmışdır. Apellyasiya Komissiyasına daxil olmuş müraciətiniz araşdırılmış və müraciətdə mübahisləndirilmiş taşırıqların müvafiq olaraq rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünya görüşü səviyyəsinə uyğun şəkildə tərtib edildiyi, tapşırığın məzmunun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə 0949/23 saylı sorğu göndərilmiş, 1K-13/518 saylı xx.xx.2023cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar Rzayev, “Nəsimi” bədii filminin ssenari müəllifi İsa Hüseynovdur. Sualda yalnız bədii film deyil, ümumilikdə, film nəzərdə tutulmuşdur. Rəqəmsal sualla bağlı bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən rəy əldə etmək mümkün olmamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli, 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təklifi əsasında Mərkəz tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. İddiaçı xx.xx.2023-cü il tarixində vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az nəticə - 68% (68 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir. İmtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, onların imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəz tərəfindən 2023-cü il 7 noyabr tarixində Apellyasiya komissiyası təşkil edilmiş və bununla da, namizədlərin imtahan nəticələrinə dair şikayətlə komissiyaya müraciət etmək imkanı yaradılmışdır. İddiaçı dövlət vergi orqanlarına işə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına, eyni zamanda Mərkəzə xx.xx.2023-cü il tarixində yazılı olaraq müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı suallar (9-cu və 77-ci test tapşırıqları) bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli 93-/2-İ-4569-42-889/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilmişdir. Ekspert qrupunun rəyinə əsasən, müvafiq test tapşırıqları rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edilmiş və tapşırıqların məzmunu imtahan üçün daha əvvəl elan edilmiş proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olaraq hazırlanmışdır. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 9 və 77 saylı test tapşırıqlarının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4657/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddiа tələbi təmin еdilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4657/2024 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsində iddia tələbi kifayət qədər araşdırılmamış, formal cümlələrlə qətanmənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddia təmin edilməmişdir. Birinci instasiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində mütəxəssis rəyinə əsaslanmışdır. Həmin mütəxəssis məhz cavabdeh “Azərbaycan Respublikası X4” publik hüquqi şəxsinin nümayəndəsidir və təbii ki, işdə maraqlı şəxsdir. İşdə tərəf olan cavabdeh “Azərbaycan Respublikası X4” publik hüquqi şəxsinin nümayəndəsinin mütəxəssis kimi qəbul edilməsi özü bütövlükdə qanunsuzdur. Həmin rəyə nəzər yetirilsə, formal, ümumi arqumentlərə söykənən müdafiə xarakterli rəy olması aşkara çıxar. Ona görə də cavabdeh “Azərbaycan Respublikası X4” publik hüquqi şəxsinin verdiyi rəy öz mülahizələrinə əsaslanmaqla, özünü müdafiə xarakterli rəydir. Əgər hakim obyektiv nəticəyə gəlmək istəsəydi, həmin iş üzrə ekspertiza təyin edərdi və ya maraqlı olmayan başqa mütəxəssis rəyinin alınması üçün müraciət edərdi. Göstərilən xüsusatları nəzərə alaraq, İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 4657/2024 saylı qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirmişdir ki, ilk növbədə aydınlıq gətirilməli olan məqamlardan biri sualların tərtibi ilə bağlıdır. İddiaçı test imtahanı zamanı verilən test tapşırıqları arasında 9-cu və 77-ci sualda səhv aşkar etmiş, bu barədə dərhal nəzarətçini məlumatlandırmışdır. Nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra iddiaçıya X3 müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı ilə yanaşı bir neçə namizəd də imtahan zamanı həmin testlərin səhv olması barədə nəzarətçiləri məlumatlandırmışdır. Hər bir namizədə eyni qaydada cavab verilmişdir. 9-cu sualda sual qrafiklə təsdiq olunmuşdur. Sualda 2 səhv aşkar olunmuşdur. 1-ci səhv “və” bağlayıcısının düzgün işlədilməməsinin sualın iki mənada oxunmasına zəmin yaratması, 2-ci səhv isə sualda ağ və qara rənglə qeyd olunmalı qrafiki təsvirdə ağ rəngin əks olunmaması olmuşdur. Yeni tarix və dünyagörüşü kateqoriyası test 77-da “Nəsimi” və “Dədə Qorqud” filmlərinin ssenari müəllifi Anar Rzayevdir. Bir testdə iki düzgün variantın qeyd olunması isə qanunvericiliyin tələblərinə ziddir. Hətta Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildrilmişdir ki, “Nəsimi” sənədli filminin və “Dədə Qorqud” bədii filminin ssenari müəllifi Anar Rzayev, “Nəsimi” bədii filminin ssenari müəllifi İsa Hüseynovdur. Sualda yalnız bədii film deyil, ümumilikdə film nəzərdə tutulmuşdur. Digər sualla bağlı isə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən rəy əldə etmək mümkün olmamışdır. Bakı İnzibati məhkəməsində iddia ərizəsi kifayət qədər araşdırılmamış, formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddia təmin edilməmişdir. Birinci instasiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində əsasən mütxəsis rəyinə əsaslanmışdır. Həmin mütəxəsis məhz cavabdehin nümayəndəsidir və təbii ki, işdə maraqlı şəxsdir. İşdə tərəf olan cavabdehin mütəxəsis kimi qəbul edilməsi özü qanunsuzdur. Həmin rəyə nəzər yetirilsə formal, ümumi arqumentlərə söykənən müdafiə xarakterli rəy olması aydın olur. Əgər hakim obyektiv nəticəyə gəlmək istəsəydi həmin iş üzrə ekspertiza təyin edərdi və ya maraqlı olmayan başqa mütəxəsis rəyinin alınması üçün müraciət edərdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, imtahanda keçid balı 70 idi. İki sual iddiaçının xeyrinə hesablandığı halda iddiaçı keçid balı yığmış olardı. Hal-hazırda ekspertizanın təyin edilməsini tələb etmir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirmişdir ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən, müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təklifi əsasında X4 tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən, test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanında ən azı 70 bal toplamış namizəd müsahibəyə buraxılır. İddiaçı sözügedən test imtahanında 68 bal topladığı üçün müvəffəqiyyət əldə etməmişdir. İddiaçı dövlət vergi orqanlarına işə qəbulla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin yazılı test imtahanının nəticəsindən narazı qaldığı üçün Apellyasiya Komissiyasına, eyni zamanda Mərkəzə yazılı olaraq müraciət etmiş və onun apellyasiya ərizəsində qeyd etdiyi nəticəsindən narazı qaldığı suallar bir daha Mərkəz tərəfindən araşdırılmışdır. Həmin suallar isə 9-cu və 77-ci suallardır. İddiaçının mübahisələndirdiyi sualların birində iddiaçının etirazı rəngin boz və ağ olması ilə bağlıdır. X5 Xidməti kimi bir dövlət qurumuna qəbul olmaq istəyən şəxs üçün hər hansı bir rəng çalarının 2 ton açıq olması anlaşılmayacaq bir məsələ deyil. “Və” bağlayıcısı məsələsinə gəldikdə isə həmin sualda “və” bağlayıcısının olub-olmaması sualın mahiyyətini dəyişdirdirmir, çünki sual riyazi sual idi. Digər sual isə Nəsimi filmi ilə bağlı məsələdir. Belə ki, sözügedən sualda variantlarda verilmiş bütün cavablar bədii filmlərdən ibarətdir. İddiaçı yazdığı cavab tamam başqadır, yəni, iddiaçının həmin sualın cavabı olaraq seçdiyi variant düz hesab etdiyi variantlardan heç birinə aid deyil, tam başqa filmi qeyd etmişdir. X2 məsələ ilə bağlı hər hansı bir marağının olmasından söhbət gedə bilməz. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, sözügedən imtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş, suallarda heç bir elmi və texniki qüsur aşkar edilməmiş, ona görə də suallardan imtahanda istifadə edilmişdir. Buna görə də iddiaçının mövqeyinin əksinə olaraq, 9 və 77 saylı test tapşırıqlarının şərtinin dəqiq, aydın olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Cavabdehin nümayəndəsi eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sual səhv olanda səhv sual imtahanda iştirak edən bütün şəxslərin xeyrinə hesablanır. Hazırkı işdə sualların səhv hesab edilməsi üçün bir əsas yoxdur. İddiaçı 77-ci suala cavab olaraq “Babək” filmini qeyd etmişdir. Yəni hal-hazırda düzgün hesab etdiyi cavablardan heç birini qeyd etməmişdir. Hazırkı imtahandan kəsilməsi iddiaçının gələcəkdə imtahanda iştirak etməsinə hər hansı məhdudiyyət yaratmır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirmişdir ki, sualların qüsurlu olma məsələsində əsas bir məqama aydınlıq gətirilməlidir - sualdaki kiçik qüsurlar sualın mahiyyətinin dəyişməsinə təsir edirmi, yoxsa yox. Hazırkı iş üzrə mübahisələndirilən sualda “və” bağlayıcısının işlədilib-işlədilməməsi sualın mahiyyətini dəyişmir. İddiaçının mübahisələndirdiyi “Nəsimi” filmi məsələsinə aydınlıq gətirmək üçün isə iddiaçıya kifayət qədər aydın ola biləcək bir formada rəy hazırlanıb təqdim edilmişdir. Dünyagörüşü suallarının cavablandılrılması üçün hər hansı konkret olan bir kitab və ya dərs vəsaiti nəzərdə tutulmayıb. Lakin buna baxmayaraq məsələ ilə bağlı bütün hallarda obyektiv və doğru mənbələrə istinad edilməlidir. Adicə internetdə “Nəsimi” filmini axtarışa verilən zaman 500000-dən çox nəticə çıxır – hamısı bədii filmə aid. “Nəsimi” sənədli filmi ilə bağlı isə axtarış nəticəsində yalnız bir mənbədə məlumat çıxır. İddiaçı namizəd kimi daşranışı da düzgün hesab ediə bilməz. Namizəd hesab edirsə ki, sualda yalnış cavab var, ya həmin cavablardan birini qeyd edir, ya da həmin sualı, ümumiyyətlə, cavablandırmır. İddiaçı isə tamam fəqli bir cavab olan - “Babək” filmini düzgün cavab variantı kimi qeyd etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqənin test imtahanı keçirilmiş və iddiaçı da həmin imtahanda iştirak etmişdir. İddiaçı A varianti üzrə 9 və 77-ci testin qüsulru tərtib edilməsi əsası ilə həmin sualların onun xeyirinə şərh olunmasını xahiş edir. Belə ki, iddiaçı 9-cu sualın qüsurlu tərtib edildiyini, 77-ci sualın isə iki düzgün cavabının olduğunu ifadə edir. Cavabdeh iddiaçının bu dəlillərinə qarşı həmin suallar üzrə rəyləri təqdim etmişdir. Həmin rəylərdə göstərilmişdir ki: “1. A variantı, 77 saylı test tapşırığı ilə bağlı 5 noyabr 2023-cü il tarixində vergi orqanlarına işə qəbul olunmaq üçün X4 (bundan sonra - Mərkəz) tərəfindən keçirilən test imtahanında Yeni tarix və ümumi dünyagörüşü blokunda yer alan A variantı 77 nömrəli test tapşırığı aşağıdakı məzmunda təqdim edilmişdir: 77. Yazıçı Anar göstərilən filmlərdən hansının ssenari müəllifi olmuşdur? A) “Koroğlu” B) “Dədə Qorqud” C) “Babək” D) “Nəsimi”. Qeyd olunan filmlərdən “Nəsimi”nin ssenari müəllifi İsa Hüseynov, “Dədə Qorqud”un ssenari müəllifi - Anar, “Babək”in ssenari müəllifi Ənvər Məmmədxanlı, “Koroğlu”nun ssenari müəllifi isə Sabit Rəhmandır. Beləliklə, tapşırığın doğru cavabı В bəndi - “Dədə Qorqud” filmidir. İmtahan başa çatandan sonra tapşırığa yanlış cavab vermiş və keçid balını toplamamış bir qrup namizəd 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifinin yazıçı Anar olduğunu qeyd edərək tapşırığın yanlış tərtib edildiyini iddia etmiş və imtahandan sonra Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. Bu iddianın həm məzmun, həm də test metodologiyası baxımından əsassız olduğu namizədlərə izah edilmişdir. ... Yuxarıda verilən test tapşırığında qeyd olunan filmlərin hər biri Azərbaycan xalqının tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərin həyatından bəhs etməklə Azərbaycanın kino tarixindəki ən məşhur filmlərdəndir. Bu filmləri Azərbaycanın tarixinə biganə olmayan hər bir şəxsin dəfələrlə izləmək və filmlərin ssenari müəllifinin kimliyi ilə tanış olmaq imkanı olmuşdur. Eyni zamanda, bu filmlərdən akademik nəşrlərin və mənbələrin (dərslik və ensiklopediyaların) mütləq əksəriyyətində “bədii” sözü işlədilmədən, sadəcə film olaraq bəhs edilir (məsələn, Azərbaycan Sovet Ensiklopediyası Vİİ cild. Bakı, 1983. səh. 231, Ali məktəblər üçün Vİİ cildlik Azərbaycan tarixi Vİİ cild. Bakı, 2007. səh. 185, Ümumtəhsil müəssisələrinin 9-cu sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2020. səh. 163, Ümumtəhsil müəssisələrinin 11-ci sinifləri üçün Azərbaycan tarixi, Bakı, 2019. səh. 163, Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilmiş və imtahana hazırlaşmaq üçün təqdim edilmiş yeganə vəsait olan Tarix vəsaiti, Bakı, 2023. səh. 361, Azərbaycan Kinematoqrafçılar İttifaqının internet saytında “Nəsimi” filmindən bəhs edən məqalə, link https://aki.az/nəsimi- filmi-bərpa-olunub/. Belə mənbələrin sayı yüzlərlədir. Yazıçı Anarın ssenari müəllifi olduğu qısametrajlı sənədli filmdən isə heç bir rəsmi mənbədə sadəcə film olaraq bəhs edilmir. Bu filmdən bəhs edən bütün rəsmi mənbələrdə filmin növü göstərilməklə “sənədli” ifadəsindən istifadə edilmişdir. İmtahanda təqdim edilən tapşırıqda isə “sənədli” ifadəsindən istifadə edilməmişdir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar, ilk növbədə dərsliklərə və akademik nəşrlərə əsaslanır. “Nəsimi” qısametrajlı sənədli filmi “Nəsimi” filmi ilə müqayisədə xeyli dərəcədə qeyripopulyar olsa da, bu ekran əsərlərinin hər ikisindən bəhs edən az sayda eyni mənbəyə də rast gəlmək mümkündür. Bu mənbələrdə belə, “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edildiyini açıq şəkildə görə bilərik. Məsələn, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 229 nömrəli tam orta məktəbdə Nəsimi yaradıcılığının təhlili ilə bağlı xəbərdə deyilir. ... “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirildi. Nəsimi haqqında sənədli filmlərdən nümunələr verildi.” Link https://bakimektebleri.edu.az/229/az/news/read/78414. Bundan başqa, İ.Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub ideya problemləri” adlı konfransın materiallarına müraciət edək (Bakı, 6-7 dekabr 2019). Burada doktorant Mikayılov Ülvi tərəfindən təqdim olunmuş məqalə belə adlanır: “Nəsimi düşüncələrinin ictimailəşməsində “Nəsimi” filminin və “Məhşər” romanının rolu”, səh. 225. Eyni konfransda dissertant Rüstəmova Aysel tərəfindən təqdim olunmuş digər məqalə isə belə adlanır: “Milli kino sənətində İmadəddin Nəsiminin həyat və yaradıcılığı. “Nəsimi” sənədli filminin motivləri əsasında”, səh. 235. ... Məlum olduğu kimi, ümumi dünyagörüşü də daxil olmaqla ictimai elmlər üzrə bilikləri yoxlayan test tapşırıqlarında yanlış cavabların doğru cavabdan uzaqlıq dərəcəsi eyni olmur. Belə ki, bu tapşırıqlarda yeganə birmənalı doğru cavab verilməklə bərabər, mütləq tapşırıq vasitəsilə yoxlanılan bilikləri tam mənimsəməmiş və ya qismən mənimsəmiş namizədləri də digər namizədlərdən ayırd edə bilən cavab variantlarına yer verilir. Buna görə də belə tapşırıqlara doğru cavab vermək üçün bütün cavab variantları diqqətlə oxunmalıdır. Yalnız yetərli məlumatlılıq səviyyəsinə malik namizədlər bu cavab variantları içərisindən yeganə doğru cavab variantını seçə bilərlər. Bu baxımdan təqdim olunmuş test tapşırığının yeganə birmənalı və doğru cavabı vardır. Çünki ölkəmizin kino tarixində yeganə “Dədə Qorqud” filmi var və onun da ssenari müəllifi Anardır. “Nəsimi” sənədli filmindən müqayisəyəgəlməz dərəcədə populyar olan və ssenari müəllifi İsa Hüseynov olan “Nəsimi” filmi haqqında məlumatlı hər hansı bir namizəd heç vaxt “Nəsimi” cavabını doğru cavab kimi götürə bilməz. “Nəsimi filmi” ifadəsinin elmi-metodiki baxımdan doğru bir ifadə olduğunu yuxarıda verilən nümunələr əsasında izah etmişik. Əgər namizəd “Nəsimi” filminin ssenari müəllifinin İsa Hüseynov, “Nəsimi” sənədli filminin ssenari müəllifinin Anar olduğunu bilsə belə, onda bu cavabın birmənalı doğru yox, qiymətləndirilməsi mümkünsüz cavab olduğunu müəyyən edə bilərdi. Qeyd etmək istərdik ki, bu suala “Babək” cavabını seçmiş namizəd verbal məlumatlarla bağlı test tapşırıqlarında verilən məlumatlar əsasında təklif edilən cavab variantlarının “doğru”, “yanlış”, “qiymətləndirilməsi mümkünsüz” cavablar ola biləcəyini, yəni test tapşırığının doğru cavabı ilə (doğru hesab edilməyən) qiymətləndirilməsi mümkün olmayan cavabının fərqli olmasını bilir. Bu faktlar göstərir ki, iddiaçı bu suala cavab vermək üçün lazım olan yetərli dünyagörüşü məlumatlarına malik olmamış, tamamilə yanlış seçdiyi “Babək” cavabına rəğmən, test tapşırığının iki doğru cavabının olması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.
2. A variantı, 9 saylı test tapşırığı ilə bağlı. Test tapşırığı aşağıdakı kimidir: Əhali sayının dəyişməsi yalnız təbii artımdan (doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqdən), daimi yaşamaq üçün gələnlərin və daimi yaşamaq üçün gedənlərin sayından asılıdır. 2016-2020-ci illər ərzində Yardımlı rayonu üzrə əhalinin sayını və təbii artımı (min nəfərlə) ilin sonuna göstərən diaqramdan istifadə etməklə tapşırığı yerinə yetirin.
2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur. Həmin ildə daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqini müəyyən edin. A) 39; B) 7; C) 42; D) 3. Test tapşırığının şərtindən görünür ki, diaqram 2017-2020-ci illər ərzində Yardımlı rayonu üzrə 2 göstəricini — əhalinin sayını və təbii artımını (min nəfərlə) göstərir. Diaqramda da sütunlar 2 cür rənglənmişdir və aydın görünür ki, boz rəngli sütunların ölçüləri qara rəngli sütunların ölçülərindən daha böyükdür. Əhali sayının təbii artımdan böyük olması başadüşülən və birmənalıdır. Buna görə də diaqramın aşağı hissəsində “əhalinin sayı”nın qarşısındakı şəffaf kvadratın rənginin müəyyənləşdirilməsi (tapşırığın bir hissəsi də elə budur) heç bir çətinlik yaratmır. Testin həlli aşağıdakı kimidir: (X ilinin sonunda Yardımlı rayonu üzrə əhalinin sayı)=((X-1) ilinin sonundakı say)+ (X ilindəki təbii artım)+(X ilində daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqi). (X ilində daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqi)=(X ilinin sonunda Yardımlı rayonu üzrə əhalinin sayı)-(((X-1) ilinin sonundakı say)+ (X ilindəki təbii artım)). 2017-ci ilin sonunda gələn və gedənlərin say fərqi 66100-(65200+983)=66100- 66183= - 83. 2018-ci ilin sonunda gələn və gedənlərin say fərqi 67000-(66100+942)=67000- 67042= - 42. 2019cu ilin sonunda gələn və gedənlərin say fərqi 68000-(67000+997)=68000- 67997= + 3. 2020-ci ilin sonunda gələn və gedənlərin say fərqi 68800- (68000+839)=68800-68839= - 39. Yalnız 2019-cu ildə daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər oradan eyni məqsədlə gedənlərdən 68000-67997= 3 nəfər çox olmuşdur. Doğru cavab D bəndidir. Test tapşırığındakı yeganə və kiçik qüsur tapşırığın sual hissəsində “2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur” əvəzinə “2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Yardımlı rayonuna gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olmuşdur” qeyd olunmasıdır. Bu həmin test tapşırığının namizəd tərəfindən başa düşülməsinə və yerinə yetirilməsinə mane ola bilməz, çünki şərt başadüşüləndir. Namizəd tərəfindən test tapşırığının səhv cavabının doğru cavab kimi seçilməsi də onun tapşırığı başa düşməsini göstərir. Namizədin sual kitabçasına baxış nəticəsində müəyyən olunmuşdur ki, “Rəqəmsal məlumatlarla işləmək” bacarığı üzrə təqdim olunan 10 tapşırıqdan heç birini doğru həll edə bilməmiş, cavabları təsadüfi olaraq seçmiş və nəticədə 10 sualdan 4 cavabı təsadüfən doğru, 6 cavabı səhv çıxmışdır. Ona görə də hesab edirik ki, namizədin tapşırığın şərtini başa düşməməsi haqqında iddiası əsassızdır, çünki cədvəl və diaqramlara aid 10 tapşırıqdan heç birini həll edə bilməmişdir, yalnız təsadüfi cavablar seçərək səhv cavaba görə cərimə olmamasından sui-istifadə etmişdir”. Birinci instansiyası məhkəməsi verilən sualları və onların açıqlaması ilə bağlı mütəxəssis rəyini nəzərdən keçirərək, dövlət orqanının bu qiymətləndirməsini qəbul edilən hesab etmişdir. Belə ki, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahanında verilən ümumi dünyagörüşü ilə bağlı suallar namizədin dünyagörüşü məlumatının ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə münasibətdə hansı ölçüdə olmasını müəyyən etmək məqsədilə verilir. Burada dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir. Bu zaman həmin sahə üzrə spesifik suallar deyil, mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ümumi xarakterli suallar tərtib edilir. İddiaçının mübahisələndirdiyi A variantı, 77-ci sualdan (B variantı, 69-cu sual) görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuşdur. İddiaçı Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğu iddia edir. Doğrudur, yazıçı Anarın “Dədə Qorqud” bədii filmi ilə yanaşı 1971-ci ildə çəkilmiş Nəsimidən bəhs edən qısametrajlı sənədli filmin də ssenari müəllifi olması mübahisəsizdir. Lakin bu hal mübahisəli sualın düzgün olmaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. Çünki sualda sənədli film deyil, məhz bədii filmdən bəhs olunması aşkardır. Belə ki, birincisi, sualda qeyd olunan digər cavabların hamısı bədii filmdir, bu isə sualı oxuyan şəxsdə, ondan sənədli deyil, məhz bədii filmin soruşulması fikirini yaradır İkincisi, sualda göstərilən bütün filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan, hamıya bəlli olan filmlərdir və əgər sənədli film olması xüsusi qeyd edilmirsə, həmin adlar (o cümlədən Nəsimi) çəkildikdə, bədii filmdən bəhs edilməsi hamıya bəlli olan hal olmaqla həyatın normal axarına uyğundur. Üçüncüsü, rəydə də göstərildiyi kimi, sualların hazırlanması üçün istifadə edilən mənbələrdə “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edilmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, həmin sual mədəniyyət sahəsi üzrə hər hansı bir vəzifəyə qulluğa qəbul üçün nəzərdə tutulan test imtahanında iştirak edən şəxsin ixtisası üzrə biliyinin yoxlanması məqsədilə deyil, dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün ümumi dünyagörüşünü ölçmək məqsədilə hazırlanmışdır. A variantı, 9-cu suala (B variantı, 15-ci sual) gəldikdə, iddiaçı həmin sualda “və” bağlayıcısının düzgün işlədilməməsi və ağ rəngli qrafikin olmamasına istinad edərək, sualın səhv olduğunu bildirmişdir. Birinci instansiyası məhkəməsi həmin sual ilə bağlı iddiaçının bu iradları ilə razılaşmış, lakin bununla yanaşı haqlı olaraq qeyd etmişdir ki, hər hansı bir sualın səhv, yaxud qeyri-düzgün tərtib edilməsi nəticəsinə gəlmək üçün ilk əvvəl yol verilən yanlışın sualın düzgün cavabının tapılmasına təsirini müəyyən etmək lazımdır. Belə ki, verilən sual “Rəqəmsal məlumatlarla işləmək” bacarığının müəyyən edilməsi məqsədilə tərtib edilmiş və tərtib edilən qrafikdə ağ qrafa əvəzinə boz qrafadan istifadə edilməsi həmin sualın cavabına hər hansı bir təsir əhəmiyyətinə malik deyildir. Çünki qrafikdə cəmi iki rəngdən istifadə edilmiş, rənglərdən biri açıq-aşkar qara rəng olmuş, belə olan halda digərinin ağ rəngi təmsil etməsi şübhə doğurmamışdır. Həmçinin sualda “və” bağlayıcısının düzgün işlədilməməsinin sualın cavablandırılmasına təsiri müəyyən edilmir və həmin sualla namizədən soruşulanın nədən ibarət olduğunu müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən, “ ... Azərbaycan Respublikasının X4 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qrupların tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. ... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir”. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət. Həmin Qanunun 1.1.2-ci maddəsinə müvafiq olaraq, dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə. Həmin Qanunun 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə əsasən, “ ... Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. ... Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında X4 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. .... Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. ... Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir. ... Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir. ... 3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır”. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən 9-cu sualda bəzi texniki və məzmun səhvlərinin yol verilməsi aşkar olunsa da, bu səhvlərin düzgün cavabın tapılmasına təsir etməsi iş materialları (*sualın mətni və düzgün cavabın tapılması alqoritmi) ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə, 77-ci sual üzrə iddiaçının hal-hazırda düzgün olmasını iddia etdiyi 2 cavabdan heç birini seçməyib (*və ya ümumiyyətlə sualı səhv hesab edərək, cavablandırılmaya da bilərdi), “Babək” filmini seçməsi həmin sualın cavabını faktiki olaraq bilməməsini və birinci instansiyası məhkəməsinin qərarının qanuni olması ilə bərabər ədalətli olmasını əsaslandırır. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulamağı vacib hesab edir ki, bu tip imtahanlar mütəmadi olaraq keçirilən imtahanlardır və iddiaçının hazırkı imtahanda uğur qazanmaması onun növbəti imtahanlarda iştirakını məhdudlaşdırmır, onun üçün digər namizədlərə münasibətdə əlverişsiz vəziyyət yaratmır. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi nöqteyi-nəzərdən yanaşdıqda, Bakı İnzibati Məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə və prinsiplərinə uyğun şəkildə qəbul edilmişdir. Qərar yalnız məhkəmə icraatında tədqiq olunmuş sübutlara əsaslanmış və daxili inam əsasında verilmişdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə ədalətli məhkəmə araşdırılması hüququ təmin edilmiş, tərəflərin arqumentləri tam şəkildə dinlənilmiş və qiymətləndirilmişdir. Məhkəmə ədalət prinsiplərinə riayət edərək, tərəflərin hüquqlarının realizə edilməsini təmin etmiş və düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində istinad edilən "ekspertizanın keçirilməməsi" məsələsinə gəldikdə, bu barədə iddiaçı tərəfindən əsaslandırılmış vəsatət nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkilindən ekspertizanın təyin edilməsinin zəruri olub-olmaması barədə soruşulduqda isə, ekspertizanın keçirilməsi ilə bağlı şifahi olsa belə tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası öz növbəsində birinci instansiyası məhkəməsinin iş materiallarında olan sənədlərlə kifayətlənməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4657/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4657/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov