Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2955/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “protokolun və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-9344/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq şöbəsinin müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunun və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Yeganə Əsədovaya, Sumqayıt Bələdiyyəsinə, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinə dair protokolun, şəhadətnamənin, icarə müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(060)-1648/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyatorlar apellyasiya şikayətlərində qeyd etmişlər ki, hazırkı işə mülki icraat qaydasında deyil, inzibati qaydada baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli, 2(105)-3089/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Əsadova Yeganə, Sumqayıt Bələdiyyəsi və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(060)-1648/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçının həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 20.02.2020-ci il tarixli, 2(102)-1108/2020 saylı qərarı ilə təmin edilməmişdir. Hər iki instansiya məhkəməsi işə baxarkən mübahisənin aidiyyətinin inzibati məhkəməyə aid olmasına münasibət bildirməmişlər və nəticədə onun konstitusyon hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 32.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati orqandır. Bu səbəbdən hesab edir ki, hazırkı mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9344/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırkı iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İddiaçı hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq şöbəsinin müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnaməni mübahisələndirməklə onların etibarsız hesab edilməsini xahiş edir. İş materiallarından görünür ki, İddiaçı digər iddiaçı X5 ilə birlikdə cavabdehlər X2, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş torpaq müsabiqəsinin qalibi elan edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018-ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin, Sumqayıt Bələdiyyəsi ilə X3 arasında 10 il müddətinə bağlanmış 8 nömrəli 08.02.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(060)-1648/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019cu il tarixli 2(105)-3089/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(060)-1648/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı və X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli 2(102)-1108/2020 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli 2(105)-3089/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçı hazırda həmin məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş “Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı 08.02.2018ci il tarixli iclas protokolunu və həmin protokol əsasında X2 verilmiş 08.02.2018-ci il tarixli AM seriyalı 004370 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddianı inzibati mühakimə icraatı qaydasında yenidən qaldıraraq, prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbinə məhkəmə qaydasında yenidən baxılmasına nail olmaq istəyir. Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9344/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2955/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2955/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver